Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol”  mövzusunda regional konfrans keçirib.

Ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov   konfrans iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var.

Regional konfransda çıxış edən digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı  bəhs ediblər.

Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub.

Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

2025-10-17 17:47:12
2852 baxış

Digər xəbərlər

“Xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır”

Cəlil Xəlilov: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir”   Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzili Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub.   Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu hadisənin regional əhəmiyyətə malik olduğunu bildirib:   “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər şeydən öncə Azərbyacanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının açılışı sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadi həyatın canlanmasına öz müsbət təsirini göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaqdır.   Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimində iştirak etdi,  bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq münasibəti ilə bağlı ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri sözügedən rayonun, ümumilikdə işğaldan azad edilən torpaqlarımızın iqtisadi önəmindən, regional əhəmiyyətindən xəbər verir.   Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda da birinci özəl investisiya layihəsinin əsasını qoydular. Azərbaycan və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən torpaqlar qısa zamanda öz iqtsiadi inkişaf tempinə görə bütün regionda liderliyə yüksələcək, Azərbaycanın ümumi inkişafına böyük təkan verəcəkdir.   Bu gün ictimaiyyətin işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə münasibəti, media və sosial mediada yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır. Bizim üçün qürurvericidir ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək, bu dirçəliş insanlarımızın sosial rifahının daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir”.  

Hamısını oxu
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Azərbaycan xalqının  Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışı, faktiki olaraq Azərbaycanın müstəqilliyini, onun dövlətçiliyini xilas etdi”. Bu sözləri Moderator.az-a açıqlamasında Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, məhz Heydər Əliyevin dərin dühası, böyk siyasi səriştəsi, sonsuz cəsarət və qətiyyəti Azərbaycan xalqını və dövlətini böyük bəlalardan xilas etdi: “Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyin son dərəcə kövrək olduğu, ciddi təhdid və təhlkələrlə üzləşdiyi məlumdur. Bir tərəfdən erməni işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti, digər tərəfdən daxili qarşıdurmalardan əziyyət çəkir, öz müstəqilliyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün daxili birliyi təmin edə, vahid nizami ordu formalaşdıra, iqtisadi inkişafı təmin edə bilmirdi. Məhz belə bir vaxtda – 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev Ali Sovetin sədri seçildi və bu reallıq faktiki olaraq bütöv bir dövlətin gələcəyini xilas etdi. İlk növbədə daxili birlik və həmrəyliyi təmin etmək üçün ciddi addımlar atan Heydər Əliyev, ölkə daxilindəki ziddiyyətləri aradan qaldırdı. Qanunsuz silahlı birləşmələri ləğv edərək vahid, nizami ordu formalaşdıran Heydər Əliyev, bütün qüvvələri erməni faşizminə qarşı mübarizəyə cəlb edə bildi. Nəticədə, Ermənənistan 1994-cü ildə atəşkəs sazişini imzalamağa məcbur oldu. Hərbi əməliyyatların dayandırılması Azərbaycana ordu quruculuğu, eləcə də iqtisadi yüksəliş, sosial tərəqqi istiqamətində daha miqyaslı addımlar atmağa imkan verdi. 1994-cü ilin 20 sentyabrında “Əsrin   müqaviləsi”nin imzalanması Azərbaycan neftinin dünya bazatına çıxarılmasını təmin etməklə yanaşı, ölkəmizin siyasi müstəqilliyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Daxili sabitliyin təmini, milli həmrəyliyin bərpası, dövlətin iqtisadi tərəqqisinin diqqət mərkəzində saxlanılması, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması müstəqil Azərbaycanın sürətli inkişafını təmin etdi. Bu gün Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Və əminəm ki, torpaqlarımızın azadlığına yol açan bu siyasi kurs bundan sonra da Azərbaycan xalqına çoxsaylı uğurlar və müvəffəqiyyətlər qazandıracaq, respublikamızın günü-gündən daha da çiçəklənməsini təmin edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı birdəfəlik yardım alacaq

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir. APA xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb. Bildirilib ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.   Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Hamısını oxu
TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.         

Hamısını oxu