Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

08 may 2017-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-mayor Dadaş Rzayev, general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq, veteranlara göstərilən dövlət qayğısından danışmış, onların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını,  problemlərinin vaxtında həll olunduğunu qeyd etmişdir. Cəlil Xəlilov ölkə rəhbərliyinin yüksək münasibətindən nümunə götürən müvafiq dövlət orqanlarının da veteranlara qayğıkeşliklə yanaşdıqlarını, alman faşizmi üzərində qələbənin 72-ci ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının məhz bunun əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən C.Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yadda qalan olur. Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. C.Xəlilov İkinci Dünya veteranlarının sayının günü-gündən azaldığını narahatlıqla bildirərək, onların xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmişdir. O, həmçinin, İkinci Dünya müharibəsi veteranlarının hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və Daməd Nəbiyev Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

2017-05-08 00:00:00
4086 baxış

Digər xəbərlər

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir. APA-nın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. May ayının 9-u ölkədə qeyri-iş günüdür. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq. Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.  

Hamısını oxu
AR Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Biz veteranlar Ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə veteranlara göstərilən yüksək qayğı və diqqəti bu gün də minnətdarlıq hissi ilə xatırlayırıq. Müstəqilliyimiz bərpasından sonra da öz humanist siyasətinə sadiq qalan Ulu öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri “Veteranlar haqqında” Qanun oldu. Həmin qanunla müstəqil Azərbaycanda veteranlara hərtərəfli qayğının hüquqi bazası yaradılmış, bu istiqamətdə dövlət siyasətinin əsası qoyulmuşdur.   Cənab Prezident! Ulu öndərin veteranlara göstərdiyi qayğı və diqqətin bu gün Sizin tərəfinizdən ardıcıllıqla davam etdirilməsi Vətən, xalq yolunda xidmətlər göstərmiş, yaşının ahıllıq dövrünə çatmış insanları qəlbən sevindirir, onların həyat eşqini artırır. Biz bunu Sizin bu gün 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barəsində imzaladığınız sərəncamda da görürük. Bu sərəncam  İkinci Dünya Müharibəsi iştirakçıları, eləcə də bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdalığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.              Dərin  hörmətlə,          Respublika  Veteranlar  Təşkilatı            Rəyasət  Heyəti  adından                                                                  eo general-mayor   Dadaş  Rzayev 

Hamısını oxu
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir. Biləsuvar rayonundan Teyyub Həsənov yazır: “Hörmətli cənab Prezident, hər zaman olduğu kimi, indiki çətin günlərdə də xalqımızın bütün təbəqələrinə, qocalara, gənclərə, xəstələrə, uşaqlara qayğınızla dəstəksiniz. COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı bürüyərək hər gün minlərlə can alır. Bunu ölkələrin gündəlik statistik göstəricilərindən də görürük. Amma Sizin düzgün siyasətiniz, görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu bəlanın qarşısı demək olar ki, alınıb. Bu qabaqlayıcı tədbirlər olmasaydı, nələr olacağını xəyalıma belə gətirmək istəmirəm. Hörmətli Prezident, vaxtında görülən tədbirlərə, ölkəmizi, xalqımızı qoruduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, bu bəla, qara bulud ölkəmizin üstündən tezliklə çəkiləcək. Sizin ölkəmiz üçün çəkdiyiniz əziyyəti, qayğınızı, dəstəyinizi görürük. Görməyənlər isə Vətən sevgisindən məhrumdur. Mən əliləm. Gənc valideyn olaraq iki oğul böyüdürəm və deyirəm, nə yaxşı ki, bu ölkədə doğulmuşuq, Azərbaycanın vətəndaşıyıq. Hörmətli cənab Prezident, biz Sizinlə, Azərbaycanımızla fəxr edirik. Mən ailəmiz adından Sizə ürəkdən təşəkkürümüzü çatdıraraq, karantin rejiminə riayət etdiyimizi bildirirəm. Hər zaman sağ olun, var olun!”. Kürdəmirdən Tofiq Əliyev, Bəbiş Mehdiyev, Şəmsəddin Cəfərov, Nicat İbrahimov və İlqar Həsənov rayonda məskunlaşan məcburi köçkünlər adından yazırlar: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlərə görə Kürdəmir rayonunda məskunlaşan məcburi köçkünlər adından Sizə təşəkkür edirik. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı, maddi və mənəvi dəstək heç zaman unudulmayacaq. İnşallah, Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik. Allah bu müqəddəs işinizdə Sizə yardımçı olsun!”. Bakı şəhərinin Xətai rayonunda yaşayan Qarabağ müharibəsi əlili Teymur Əliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi əlili, təqaüddə olan polis işçisi kimi Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Hər gün dünya xəbərlərini izlədikcə ölkəmizdə olan vəziyyətdən qürur hissi keçirirəm. Hörmətli Prezident, cənab Ali Baş Komandan, dünyaya meydan oxuyan ölkələrdə baş verən olayları, yüzlərlə, hətta minlərlə insan itkilərini gördükdə bu pandemiyanın necə qorxunc bəla olduğunu başa düşürük, lakin ölkəmizdə bunu hiss etmirik. Çünki Sizin kimi müdrik Prezidentimiz var. Azərbaycan xalqı bir daha Prezidentimizin yürütdüyü siyasətin doğruluğunu, vətəndaşların rifahının hər şeydən üstün tutulduğunu gördü. Buna görə də bütün xalq Sizin ətrafınızda sıx birləşərək deyir: “Cənab Prezident, biz Sizinləyik!”. Allah Sizi qorusun!”. Bakı şəhərinin Nərimanov rayonunun sakini Arif Əsgərov: “Hörmətli cənab Prezident, ölkəmizin bu çətin günlərində - koronavirus pandemiyası ilə mübarizədə Sizin göstərdiyiniz diqqət və qayğınızla xalqımıza dayaq olmağınız bizi qürurlandırır. Bizə - müharibə veteranlarına göstərdiyiniz diqqətə görə Əfqanıstan müharibəsi veteranları adından Sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaqdır”. Bakı şəhərinin Xətai rayonunda yaşayan məcburi köçkün Zəminə Cəfərova: “Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətinizin nəticəsində Azərbaycan cənnət diyara çevrilib. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusa qarşı mübarizədə dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, inşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcəkdir. Siz xalqın etimadını qazanmış bir Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm”.     ƏTRAFLI urekliolurekleal.az Şəki Dövlət Regional Kollecinin müəllimi Namiq Hacıyev: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin uzaqgörən və müdrik siyasətiniz, həyata keçirilən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi mərd oğlu, müdrik Prezidenti vardır. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”. Bakının Xətai rayonunda fəaliyyət göstərən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlər Sima Əhmədova, Kənan İsmayılov, Sərxan Behbudov və Nüşabə Bilalova təhsil ocağının kollektivi adından dövlətimizin başçısına yazırlar: “Möhtərəm cənab Prezident, cəmiyyət və dövlət olaraq ağır sınaqdan keçdiyimiz bir vaxtda hər bir vətəndaş Sizə ümid çırağı kimi baxır. Bu savaşdan birlikdə qalib çıxacağımıza zərrə qədər də şübhəmiz yoxdur. Çünki öz vətəndaşlarının hər cür təhlükədən etibarlı müdafiəsini təşkil edən, koronavirus pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər azaltmaq üçün ən səmərəli tədbirlər həyata keçirən qüdrətli dövlətimiz var. Milli həmrəylik məsələsində çoxminli müəllimlər ordusunun üzvləri olaraq biz də dövlətimizin, onun müdrik rəhbərinin yanındayıq. Azərbaycanda həm də milli təhlükəsizliyimizin qorunmasını özündə ehtiva edən bu mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasında oynadığı həlledici rol gözlərimizin önündədir. Cənab Prezident, ölkəmizin sabahı, gələcəyi olan uşaqlar, o cümlədən bizim məktəbin şagirdləri də dərslərini evdən onlayn şəkildə davam etdirir, videodərslərdə fəal iştirak etməklə bilik və bacarıqlarını möhkəmləndirirlər. Əmin olun ki, xalqımızı pandemiya bəlasından qorumaq üçün böyük əzm və fədakarlıqla gördüyünüz işlərdən düşən ümid işığını indidən görürük. Biz Sizinlə güclüyük!”. Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kəndlərinin sakinləri Səxavət Nuriyev, Müzəffər Feyzullayev və İsgəndər Babayev yazırlar: “Hörmətli cənab Prezident, bəşəriyyət koronavirus pandemiyası kimi çətin sınaqla üz-üzədir. Bəzi ölkələrdə əsl insanlıq faciələri yaşandı. Çox sevinirik ki, tərəfinizdən görülən tədbirlər nəticəsində biz belə halları kənardan seyr etdik. Sizə, həmçinin koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər kəsə, xüsusilə də həkimlərə dərin minnətdarlığımızı bildiririk. Məhz Sizin qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir”. Daşkəsən rayonundan Rövşən Həsənov, Mübariz Abbasov, İsmayıl Mürsəlov və Jalə Musayeva yazırlar: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri dəstəkləyirik. Bu tədbirlər sayəsində hazırda ölkəmizdə xəstəliyə yoluxma nisbətində müsbət dinamika müşahidə edilir, sağalanların sayı hər gün daha da artır. Ölüm sayı isə digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Bu xəbərlərin bizi necə sevindirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirik. Cənab Prezident, bu mübarizə hələ tam başa çatmayıb, amma artıq hər bir azərbaycanlı əmindir ki, Siz bütün vasitələrdə bu problemin öhdəsindən də gələcəksiniz. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!”. İmişli rayonunun sakini Rafiq Məhəddinov: “Möhtərəm cənab Prezident, Sizi salamlayır və dövlətimiz üçün bu çətin zamanda gecə-gündüz xalqımıza xidmət etməyinizi böyük fəxarət hissi ilə vurğulayaraq, Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıtmış yeni növ koronavirusdan ən az zərər görən ölkələr sırasındayıq. Bu, Sizin diqqətinizin, qayğınızın, qətiyyətli mövqeyinizin nəticəsidir. İnanırıq ki, karantin müddətində xalqımızın Sizin tövsiyə və tapşırıqlarınıza əməl etməsi dövlətimizi bu çətin zamanda daha da gücləndirərək, virusa qalib gəlməsinə kömək edəcək”. Ağdam rayonunun Zəngişalı kəndinin sakini Ramin Sadıqov: “Çox hörmətli cənab Prezident, Azərbaycanın xalqının rifahı, gözəl, firavan yaşaması üçün var gücünüzlə çalışdığınıza görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərində Sizin və Mehriban xanımın imzalarınız danılmazdır. Bununla yanaşı, vətəndaşlarımızın sağlam yaşamaları üçün ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə əlinizdən gələni əsirgəmir, virusa yoluxan xəstələr üçün yeni modul tipli xəstəxanalar tikdirərək, xalqımızın qayğısına qalırsınız. Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq. Uca Allah millətimizi, Sizi və Sizin ailəni qorusun!. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin ki, bizlərə Sizin kimi oğul bəxş edib. Görülən bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident. Sizə uzun ömür və cansağlığı arzu edirik”. Odlar Yurdu Universitetinin kollektivi və tələbələri adından Əhməd Vəliyev yazır: “Çox hörmətli cənab Prezident, bu gün dünyanı fəlakətin bürüdüyü bir zamanda ən nəhəng dövlətlərin və onların rəhbərlərinin xəstəlik qarşısında acizliyi hamımıza məlumdur. Siz isə belə bir bulanıq, təlatümlü dünyada dərin zəka, ağıl, düşüncə nümayiş etdirərək, xalqla bir olan dünyəvi Lider olduğunuzu bir daha sübut etdiniz. Belə ağır və məsuliyyətli günlərdə Siz hər bir vətəndaşımıza diqqət yetirirsiniz, yorulmadan onlarla daim bir yerdə olursunuz. Həmçinin Birinci vitse-prezidentimiz, çox əziz Mehriban xanımın bu çətin vaxtlarda insanlarımıza doğmalıqla, bir ana qayğısı ilə, humanistcəsinə müraciətləri soydaşlarımızda böyük mənəvi stimul və yüksək əhval-ruhiyyə yaradıb. Biz təhsil işçiləri olaraq Sizin atdığınız hər bir addımı təhlil edir, bu gün üçün müəyyənləşdirib uğurla tətbiq etdiyiniz idarəçilik modelinin alternativsiz olduğunu təsdiqləyir və çox yüksək qiymətləndiririk. Nəsirəddin Tusinin belə bir kəlamı var: “Hökmdar o zaman hökmdar olaraq qəbul edilir ki, ölkə xəstələndikdə onu müalicə etsin, sağlam olduqda isə onun sağlamlığının keşiyində dayansın”. Hörmətli cənab Prezident, bu ifadələrin fonunda Siz zirvədəsiniz və əvəzolunmaz Lidersiniz. Odlar Yurdu Universitetinin çoxsaylı kollektivi və tələbələri Sizinlə qürur duyaraq əmin olduqlarını bildirirlər ki, Siz dünya miqyasında alternativi olmayan bir lider kimi qələbə qazanacaqsınız. Tanrı köməyiniz olsun!”. Lənkəran rayonunun Boladi kəndindən Ramazan Quliyev: “Möhtərəm cənab Prezident, koronavirus təhlükəsi gözlənilmədən sərhədlərimizə dayandı. Siz bu fəlakət gətirən virusun qarşısını almaq üçün dərhal fəaliyyətə başladınız, onun ölkəmizdə yayılmaması üçün dövlət səviyyəsində qərarlar qəbul edildi, həyati əhəmiyyətli tədbirlər görüldü. Bu tədbirlərin nəticəsidir ki, dünyanı çökdürən pandemiyanın ölkəmizə təsiri güclü olmadı, müdrik qərarlarınız xalqımızı bu qorxunc bəladan qorudu. Xalqımız da Sizin ətrafınızda sıx birləşərək, bu xəstəliyə qarşı mübarizədə səfərbər oldu. İnşallah, zəhmətiniz bəhrə verəcək, rəhbərliyinizlə bu sınaqdan şərəflə çıxacağıq!”. Ağdam rayonundan məcburi köçkün, hazırda Ağsunun Xanbulaq kəndində yaşayan Teymur Əhmədov: “Möhtərəm cənab Prezident, bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, onu düşünən, onun qayğısına qalan Prezidenti var. Siz dünyanı bürüyən virusun ölkəmizdən tezliklə yox olması üçün əlinizdən gələni edirsiniz. İşləyən bütün şəxslərin maaşı vaxtında verilir və işləməyən şəxslərə də müavinətlər ayrılır. Mən gənc şair kimi Sizin sayənizdə heç nəyin qayğısını çəkmədən evdə yaradıcılıqla məşğul oluram. Bu ağır günlərdə mənə və bütün xalqımıza gözəl şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Allah Sizi var eləsin!. Ulu Tanrı Sizi və ailənizi qorusun!”. Göyçay rayonunun Alpout kəndinin ağsaqqalları adından yazan Qəhrəman İbrahimov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, bütün dünyanı öz əsarətinə almış koronavirus pandemiyası respublikamıza da təsirsiz ötüşmədi. Lakin vaxtında görülmüş tədbirlər sayəsində bu təsirlər başqa ölkələrə nisbətən o qədər də güclü olmadı. Sizin xalqımıza bağlılığınız imzaladığınız sərəncamlarla və verdiyiniz qərarlarla bir daha özünü doğrultdu. Belə çətin dövrdə yaşı 65-dən yuxarı vətəndaşlara yoluxmanın qarşısını almaq məqsədilə evdə sosial xidmətlərin göstərilməsi, əfv Sərəncamınız ilə 176 məhkumun öz ailələrinə qovuşması, həmçinin işsiz vətəndaşlara birdəfəlik ödənişlərin verilməsi Sizin humanistliyinizin və əvəzsiz himayənizin sübutlarıdır. Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə və Mehriban xanım Əliyevaya ailəm adından və Alpout kəndinin ağsaqqalları adından dərin minnətdarlığımı bildirirəm”

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib

Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir:   “Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizə müraciət etməyimizə səbəb Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir.   Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar.   1988-ci ildə həyata keçirilən sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı.   Acı da olsa həqiqətdir ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.   İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.       Hörmətli Baş direktor.   Təəssüf və narahatlıq hissi ilə qeyd edirik ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.   Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.   Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.     Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.    Hörmətli Baş direktor.   Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.     UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik.

Hamısını oxu