Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.

 

31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.

 

“AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb.

Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.

 

Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.

 

2021-09-03 12:37:00
862 baxış

Digər xəbərlər

Veteranlar Ulu öndər Heydər Əliyev və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 9 may 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar. Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Polkovnik Ulu öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Veteranlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.

Hamısını oxu
Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri İkinci Dünya müharibəsi veteranı ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov və İdarə Heyətinin üzvləri Cəlilabad RİH Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə Astanlı kəndində yaşayan II Dünya Müharibəsi iştirakçısı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onun səhhəti və yaşayış şəraiti ilə maraqlanıblar. Odun, alovun içindən keçmiş, faşistlərə qarşı Mazdok ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanaraq təxris olunan keçmiş döyüşçüyə  sağlam və ğümrah ömür arzulayıblar. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin təsisçi və baş redaktoru  Ədalət Salman Cəlilabad torpağının şəhidləri  haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabını II Dünya Müharibəsi iştirakçısı Əbiş Zamanova hədiyyə verib. Görüş iştirakçıları 100 yaşa qədəm qoymuş Əbiş əmi ilə xatirə şəkilləri çəkdiriblər. Onu da qeyd edək ki, Əbiş Zamanov bu gün Cəlilabad rayonunda sağ qalan yeganə II Dünya Müharibəsi iştirakçısıdır.                        

Hamısını oxu
Kürdəmirdə şəhidin xatirəsi anılıb, adına tikilən bulağın açılışı olub

Kürdəmir rayonunun Sığırlı kəndində Vətən müharibəsi şəhidi Ziya Zabil oğlu Nurməmmədovun uyuduğu kənd qəbiristanlığındakı məzarı ehtiramla yad edilib, adına tikilən bulağın açılışı olub. Yaşasaydı bu gün Ziyanın 20 yaşı tamam olardı.   Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə iştirak edən rayon rəhbərləri, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov, kənd sakinləri, təhsil aldığı məktəbin müəllim və şagirdləri, yaxın dostları, ailə üzvləri kənd qəbiristanlığına gələrək şəhid Ziya Nurməmmədovun məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.   Sonra Sığırlı kəndinin girəcəyində, Bakı-Qazax magistral yolunun kənarında inşa olunan xatirə bulağının açılışı olub. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağali Kərimli, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və başqaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Ziya və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Vurğulanıb ki, otuz ildən bəri işğal altında olan torpaqlarımızın azad edilməsində şəhid olan vətən oğullarının xatirəsi hər birimiz üçün, eləcə də gələcək nəsillər üçün daim əziz olacaq.   Mərasimdə şəhid Ziya Nurməmmədovun qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. Qeyd olunub ki, o, 2001-ci ildə Sığırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. İki bacının bir qardaşı olan Ziya 3 ay idi ki, müddətli hərbi xidmətə çağrılmışdı. Vətən müharibəsi başlandı və o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatıldı, igidliklə vuruşdu. Təəssüf ki, oktyabrın 13-də şəhid oldu. Bu gün doğulub boya-başa çatdığı kənd qəbiristanlığında uyuyur. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Mərasimdə şəhidin atası Zabil Nurməmmədov oğluna, ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonra bulağın üstündəki örtük qaldırılıb, iştirakçılar şəhid Ziyanın xatirəsinə tikilən çeşmədən su içiblər. Sonda qonaqlar şəhidin ailəsində olub, qayğıları ilə maraqlanıblar.  

Hamısını oxu