Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Cavid Qurbanova başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığı mətnində deyilir:

 

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatından kədərləndiyini bildirir, dərin hüzünlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

 

Məlumat üçün qeyd edək ki, 88 yaşında vəfat edən şair Qənbər Şəmşiroğlu Aşıq Şəmşirin oğludur.

 

Xatırladaq ki, Qənbər Şəmşiroğlu16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.

1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə Ali Partiya məktəbini bitirib.

 

1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.

 

Qənbər müəllim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirib.  Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edib, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olub. O, qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin  sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edib.

 

Aşıq Şəmşir ailəsinin hər bir üzvü  hər zaman Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edib.

 

Qənbər Qurbanovun sədrlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edib. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”,  “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla  layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.

 

Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir.  Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir.

 

Allah rəhmət eləsin!

 

 

 

 

2021-12-30 13:40:00
1224 baxış

Digər xəbərlər

Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH əməkdaşları, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Abşeron RİH aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək bildiriblər ki, Azərbaycan qadını hər zaman ailə dəyərlərini hər şeydən üstün tutub və ailələrin qorunması, dağılmaması istiqamətində, sözün həqiqi mənasında, fədakarlıq göstəriblər. Lakin son zamanlar qloballaşan dünyada gənc ailələrin dağılması, boşanma hallarının sayının artması baş verir. Bu tendensiyanın ölkəmizdə də müşahidə olunduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dövlət bu kimi məsələləri diqqətdə saxlayır və gənc ailələrin dağılmaması, ailə institutlarının qorunması istiqamətində müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gənc ailələrə tövsiyələr” adlı kitabçanın hazırlandığı bildirilərək vurğulanıb ki, kitabçada milli-mənəvi dəyərlərimizə diqqət yetirilib, ailədaxili konfliktlərdən qaçma yolları və ailə bağlarının möhkəmləndirilməsi istiqamətində tövsiyələr yer alıb. Sonda tədbir iştirakçılarına sözügedən kitabça paylanılıb, müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb.  

Hamısını oxu
Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova onları qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, bu zəfərin tarixi önəminə diqqət çəkib. Təşkilat sədri qeyd edib ki, bu zəfər Azərbaycan ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərdi.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini qeyd edib ki, bu zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyətini dünyaya nümayiş etdirdi.   Daha sonra çıxış edən veteranlar Vətən müharibəsində əldə edilən qələbənin önəmindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər.   Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.  

Hamısını oxu
TƏBİB şəhidlə bağlı məlumat yaydı

Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər  barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu. "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri  Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Hamısını oxu