Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

“Hörmətli Fatma xanım,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

Hörmətli Fatma xanım,

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.

Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2022-ci il

 

2022-01-25 12:31:00
1411 baxış

Digər xəbərlər

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək. Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.   Müdafiə Nazirliyi bildirir ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.    

Hamısını oxu
İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

Hamısını oxu
Veteranlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq bir qrup veteran ulu öndərin məzarını ziyarət edib, dahi rəhbərin məzarı önünə gül dəstələri qoyub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun moderatorluğu altında baş tutan ziyarətdə Ulu öndər Heydər Əliyevin dönəmində çalışan 20-yə qədər sabiq məmur, elm və siyasət adamı, o cümlədən 20-yə qədər gənc nəslin nümayəndəsi – orta məktəb və universitet tələbələri, 44 günlük Vətən müharibəsinin gənc qaziləri də iştirak edib. Polkovnik Cəlil Xəlilov Ümummilli liderin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındaklı tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun yol açdığı uğurlu inkişafdan danışıb. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüş keçirilmişdir

25 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan  Respublikasındakı Səfirliyinin nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Respublika Veteranlar Təşkilatının dünyada sülhün təmin olunmasında fəaliyyəti, Rusiya Federasiyasının veteran təşkilatları və digər qurumları ilə əlaqələri haqqında qonaqlara məlumat verildi. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələrin möhkəmləndirilməsi və bundan sonrada əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edildi. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu