Digər xəbərlər
Cəlil Xəlilov: "Azərbaycanda hərbi kadrların hazırlanmasında türk zabitlərinin əməyi böyükdür" Azərbaycan Ordusunun daha da güclənməsi və modernləşməsi istiqamətində ciddi tədbirlər görülür. Türkiyə ordu modelinin Azərbaycan Silahlı Qüvvələri üçün nümunə götürüləcəyi bəllidir. Ordu quruculuğunda böyük təcrübəyə malik qardaş Türkiyənin hərbi-texniki sahədə uğurlarından geniş istifadə olunacaq. Türkiyə ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Xatırladaq ki, Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə təmas edib və açıq şəkildə vurğulayıb ki, “Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”. Dövlət başçısı bəyan edib ki, Türk ordusunun müasir modeli Azərbaycan üçün ən məqbul modeldir. Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da parlamentdə çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə böyük dəstək verdiyini açıqlayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ordusu çağdaş dünyanın ən müasir ordularından biridir və NATO hərbi-siyasi alyansında xüsusi çəkiyə malikdir. Polkovnik vurğulayıb ki, Türkiyə ordusu istər fiziki hazırlıq səviyyəsinə, istərsə də müasir hərbi texnikaları real hərbi əməliyyatlar zamanı uğurla tətbiq etməsinə görə dünyanın ən güclü orduları sırasında yer alır: “Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər böyükdür. Qardaş ölkənin hərbçiləri uzun illərdir terrorizmə qarşı ciddi mübarizə aparır. Bu mübarizənin coğrafiyası İraq, Suriya kimi dövlətləri də əhatə edir. Əminliklə demək olar ki, bu gün dünyada terrorizmə qarşı ən ciddi və ən səmərəli mübarizə aparan qardaş Türkiyədir. Türkiyə bununla sadəcə özünün və regionun deyil, bütün bəşəriyyətin təhlükəsizliyini təmin etməyə çalışır, ümumilikdə insanlığa böyük fayda verir. Bu baxımdan Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması təbii ki, son dərəcə faydalı olar”. C.Xəlilov əlavə edib ki, Azərbaycanda hərbi kadrların hazırlanmasında, onların müasir hərbi texnikanın sirlərinə yiyələnməsində türk zabitlərinin əməyi böyükdür: “Yadınızdadırsa, Müdafiə naziri Zakir Həsənov bir neçə ay bundan öncə televiziyaya müsahibəsində Türkiyənin 8 Noyabr zəfərinə verdiyi töhfəni özünəməxsus şəkildə izah etdi. Bildirdi ki, “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün imtahan idi və bu imtahanı Azərbaycan Ordusu verdi. Lakin Azərbaycan Ordusunu bu imtahana Türkiyə hazırlamışdı”. Bu ifadə Türkiyənin Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının yüksəlməsində nə dərəcədə mühüm rol oynadığını göstərir. Vətən müharibəsi də Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu. Azərbaycan bu müharibədə həm Türkiyə, həm də İsrail istehsalı olan dronlardan kütləvi istifadə etdi. Türkiyə də Suriyadakı hərbi əməliyyatlarda dronlardan kütləvi istifadə etmiş və terrorçuların hədəflərini yüksək dəqiqliklə məhv etmişdi. Türkiyənin dronlarla bağlı təcrübəsini öyrənən və bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən Azərbaycan da erməni faşizminə ağır zərbə vurdu, işğalçını darmadağın etdi. Azərbaycan Ordusunun türk hərb modelinə uyğunlaşdırılması gücünün daha da artması, peşəkarlığının yüksəlməsi, döyüş bacarığının bir qədər də təkmilləşməsinə səbəb olacaq. Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur”. Sherg.az
Hamısını oxu27 sentyabr –Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid məzarlarına gül dəstələri qoyan veteranlar vətənin azadlığı uğrunda mübarizədə həlak olan qəhrəmanların ruhuna dualar oxuyub, onların əziz xatirəsini ehtiram hissi ilə yad edib. Veteranlar və azyaşlı məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, vətənimizin bütövlüyü və təhlükəsizliyinə görə ilk növbədə şəhidlərimizə borclu olduğunu bildirib, onların gənc nəslə tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliğinin bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara hər zaman diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov buna görə Prezident İlham Əliyevə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.
Hamısını oxu
“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin diplomatik qüdrətinin təntənəsidir: “Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan 4 kəndin azad edilməsi faktı bir kəs daha sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də güclüdür və öz istəyini diktə edə bilir. Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə, xaricdəki erməni diapsoru Azərbaycanla Ermənistan arasında istənilən razılaşmaya qarşıdır. Onlar tarixi Azərbaycan torpaqlarının ölkəmizə qaytarılmasını düzgün hesab etmir, rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının mili maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur əldə edilə bilər”. Polkovnik qeyd edib ki, bu uğuru özünəməxsus edən mühüm nüasnlardan biri də məlum razılaşmanın heç bir vasitəçi olmadan əldə edilməsidir: “Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya və demarkasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan – Azərbaycan Ermənistan işçi qrupları arasındakı razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunu göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, vasitəçisiz danışıqların daha səmərəli olduğunu vurğulayıb”. Cəlil Xəlilov qeyd edib ki, bu kimi razılaşmalar Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilə sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırır: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin üstündən 4 il ötsə də, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Buna səbəb İrəvanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl etməməsi, bu öhdəliklərdən müxtəlif vasitələrlə yayınmasıdır. Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır. Əminəm ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, biz qısa zamanda iki dövlət arasında daha ciddi razılaşmalara şahid olacağıq”.
Hamısını oxu