Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb

Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.

Azərtac xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər.

Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra nümayəndə heyətinin Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşü olub.

Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın müvafiq qurumlarının Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək.

Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir.

Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun qarşısında duran hədəflər və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. Diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir.

Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

 

2022-01-27 12:12:00
1160 baxış

Digər xəbərlər

Bu gün şəhid Axundov Mirzə Musa oğlunun doğum günüdür

Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam  rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda   yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb . Azərbaycan Ordusunun Hərbi Dəniz qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri   tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi   zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub, Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra”Vətən uğrunda “ medalı ilə təltif olunub. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı  ilə təltif edilib.  

Hamısını oxu
Türkiyəli hərbçilər Azərbaycana gəldi

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır. Bunu Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. “Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər. Onu da qeyd edim ki Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq ölkəmizdədir”, – deyə polkovnik V.Dərgahlı bildirib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovu təbrik edib

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovu 1-ci dərəcəli “Vətən xidmətə görə” ordeni ilə təltif edib. O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Şahin Bağırovu təltif və yubiley münasibətilə təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir: “Hörmətli Şahin müəllim. Sizi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız, eləcə də yubiley münasibətilə təbrik edir, sizə həyatınızın bütün sahələrində və xidməti fəaliyyətinizin uğurlar arzulayıram. Sizin respublikamızın gömrük işinin inkişafındakı xidmətləriniz inkaredilməzdir. Prezident İlham Əliyevin rəhbərliyi altında gömrük sistemimizin daha da şəffaflaşması, xidmət keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində sizin böyük əməyiniz mövcuddur. Dövlət başçısı cənab İlham Əliyevvin xidmətinizə verdiyi yüksək qiymət bu həqiqəti bir daha sübut edir. Hörmətli Şahin müəllim! İnanıram ki, bundan sonra da zəngin təcrübəniz və vətənə xidmət eşqinizlə respublikamızda gömrük işinin inkişafına yeni-yeni töhfələr verəcək, ölkəmizin çiçəklənməsi istiqamətində səylə çalışacaqsınız. Sizi bir daha 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız, eləcə də 60 illik yubileyiniz münasibətilə bütün veteranlar adından təbrik edir, yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunubBəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil."1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu