Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb

Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar.

Bəyanatda deyilir: “Biz, QHT nümayəndələri beynəlxalq təşkilatlara və UNESCO-ya bir neçə dəfə müraciət edərək Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib.

Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır.

Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı törədib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib. Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olmuş torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamentinin üzvləri bu durumlara səssiz qalır və əksinə, Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər.

Beynəlxalq təşkilatlara ünvanlanmış əvvəlki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, digər faktlarla yanaşı, vurğulanıb ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidləri kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o, tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox məzarlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Ümumilikdə Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, bütün insanlığa qarşı olan bir təhqirdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, on illərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.

Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.

Biz, Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik.

1. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2. İlqar Orucov - Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyi

3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu

4. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti

5. Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti

6. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

7. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı

8. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

9. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi

10. Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi

11. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi

12. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi

13. Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”

14. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi

15. Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi

16. Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi

17. Yusif Ağayev - “Dostluq" Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi

18. Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi

19. Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi

20. Telman İsa - "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi

21. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi

22. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

23. Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi

24. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi

25. Niyaməddin Orduxanlı - "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyi

26. Aqil Ələsgər - "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi

27. Ceyhun Musaoğlu - "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyi

28. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyi

29. Hafiz Səfixanov "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi

30. Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri" İctimai Birliyi

31. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi

32. Ziba Nəbiyeva - "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyi

33. Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyi

34. Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” İctimai Birliyi

35. Könül Ağayeva - Rəqəmsal İnkişaf İctimai Birliyi

36. Ramil Abbasov - "Spektr" Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi

37. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi

38. Elçin Mirzəbəyli "Bakı Natiqlik Məktəbi" İctimai Birliyi

39. Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

40. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

41. Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyi

42. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi

43. Elvin Talışınski - "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi

44. Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi

45. Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyi

46. Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyi

47. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi

48. Zülfiyyə Nuriyeva - "Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" İctimai Birliyi

49. Məleykə Əlizadə - "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi

50. Samirə Mustafayeva - "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

51. Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi

52. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi

53. Samir Mehdizadə - “Təhsil Şurası” İctimai Birliyi”.

 

2022-03-11 16:38:00
891 baxış

Digər xəbərlər

Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı azərbaycançılıq ideologiyasının təzahüri kimi...

Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının təməl sütunlarından biri də vətənpərvərlikdir. Vətəni sevmək, onun inkişafına, təhlükəsizliyinə və rifahına töhfə vermək, ümumxalq marağı naminə şəxsi maraqlarından imtina etmək bacarığı azərbaycançılıq ideologiyasının diktə etdiyi əsas prinsiplərdən birini təşkil edir. Heç şübhəsiz, vətənə xidmətin əsas göstəricilərindən biri də vətən uğrunda həlak olan şəhidlərin ailəsinə, müharibə əlilləri və qazilərə diqqət və qayğı göstərmək, onlarla həmrəylik sərgiləməkdir. Bu baxımdan ölkəmizdə istər qeyri-hökumət təşkilatları (QHT), istər dövlət qurumları, istərsə də vətəndaşlar arasında vəziyyət nəinki qənaətbəxş, hətta qürurvericidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından xalqa xidmətin özünəməxsus nümunəsi... QHT-lər arasında vətənpərvərlik təbliğatı, habelə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə olması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında özünü xüsusilə aydın şəkildə büruzə verir. Yarandığı gündən bugünə qədər şəhid ailələrinin, müharibə əlillərinin  və veteranların problemlərini diqqətdə saxlayan, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan, düşmənlə mübarizədə böyük şücaətlər göstərən qəhrəmanlarımızın təbliği istiqamətində mühüm layihələrə imza atan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, 44 günlük Vətən müharibəsində də aktivliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təşkilatın sədri Fatma Səttarovaya 100 illik yubileyi münasibəti ilə ünvanladığı 24 yanvar 2022-ci il tarixli məktubda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Vətən müharibəsi dönəmindəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir:   “...Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır. Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir”. (//president.az/az/articles/view/55295 ). Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov istər müharibədən öncə, istər müharibə, istərsə də post-müharibə dönəmində yerli və xarici mətbuatda çoxsaylı çıxışlar etmiş, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması, dünyanın erməni faşizminin vəhşiliklərindən xəbərdar olması, xalqımızın haqq işini dəstəkləməsi baxımından mühüm işlər görmüşdür. Xaricdəki soydaşlarımızın Azərbaycanın maraqları naminə səfərbər edilməsi, ölkəmizdəki xarici səfirliklərin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması, anti-milli və təxribatçı qüvvələrin qazilərdən şəxsi ambisiyaları naminə istifadə cəhdlərinin qarşısının alınması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilovun müsahibələri, apardığı təbliğati iş maarifləndirici faktor kimi böyük əhəmiyyət kəsb etmişdir. Şübhəsiz, ümumilikdə QHT sektorunun azərbaycançılıq ideologiyasının təbliği, milli maraqların müdafiəsindəki aktivliyində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyinin mühüm rol oynadığı birmənalıdır. Onu da qeyd edək ki, həm Vüsal Quliyev, həm də Aygün Əliyeva sadəcə paytaxt və ətraf rayonlarda deyil, ucqarlardakı QHT-lərin fəaliyyətinin stimullaşdırılması, onların səmərəli və optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də ardıcıl və koordinasiyalı fəaliyyət ortaya qoymaqda, respublikanın müxtəlif rayon və şəhərlərində QHT-lərin iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və qazilərə həsr edilən tədbirlər, forum və konfranslar keçirməkdədir. Hansı ki, bütün bu tədbirlər bölgələrdə insanların maariflənməsi, milli maraqlar ətrafında səfərbər edilməsi, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından son dərəcədə əhəmiyyətlidir. Dövlətin yerlərdəki təmsilçiləri: İcra hakimiyyətləri şəhid ailələri və qazilərin xidmətində... Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı Prezident İlham Əliyevin hər kəs, eləcə də icra hakimiyyətləri qarşısında qoyduğu ən ümdə vəzifələrdən biridir. Sevindiricidir ki, bu gün media və sosial mediada yer alan məlumatlar ölkəmzidəki icra hakimiyyətlərinin böyük əksəriyyətinin Prezidentin tapşırıqlarını vicdanla yerinə yetirdiyini, şəhid ailələrinin, qazilərin problemlərinə son dərəcədə həssaslıqla yanaşdığını göstərir. Bu baxımdan Şirvan Şəhər İcra Hakimiyyəti ilə Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Təkcə bir faktı qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təkca cari ilin iyun ayı ərzində 4 səyyar göğrüş keçirilmiş, bu görüşlərin hər birində vətəndaşların, xüsusilə də həssas kateqoriyaya aid olan şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin müraciətləri dinlənmiş, onların qaldırdığı məsələlərin həlli istqiamətində çevik addımlar atılmışdır. 1 iyun 2022-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə şəhid ailələri arasında ayrıca görüş keçirilmişdir. (//azertag.az/xeber/Sirvanda_sehid_aileleri_ile_gorus_teskil_olunub-2199908?fbclid=IwAR09RlS3QuWzabOEEdRIw23zlDPr5iuZEZ775cPrR-VIj6WOgiCOpprT8QI ). Görüşdə dövlətimizin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısı qeyd edilməklə yanaşı, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı da icra başçısı tərəfindən əlaqədar qurumların rəhbərlərinə göstərişlər verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən də şəhid ailələri, müharibə əlilləri və qazilərə mütəmadi surətdə qayğı göstərilməkdə, onların qaldırdığı hər bir məsələyə operativ reaksiya verilməkdədir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və digər səlahiyyətli şəxslər tərəfindən şəhid ailələri evlərindəcə ziyarət olunmaqdadır. Artıq bəlli bir müddətdir ki,  bu cür ziyarətlər ənənə halını alıb. Nümunə üçünq eyd edək ki, 25 iyul 2022-ci il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat  Ayaz oğlunun ailə üzvlərinə baş çəkmiş, şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Nicat Şükürlünün əziz xatirəsinə quraşdırılan barelyefi ehtiramla ziyarət etmişdilər. ( //sabail-ih.gov.az/az/news/nicat-sukurlunun-aile-uzvleri-ziyaret-olundu.html?fbclid=IwAR3-g7OE42JV4x81eWKL-TFZ7nd9WUy1aTkeEULYF_JkDHub4H3KJ9ekJ88) Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən Badamdar qəsəbəsində “Şəhidlər” abidə kompleksində yenidənqurma işlərinə start verilmiş, vətənpərvərlşik təbliğatının gücləndirilməsi istiqamətində çoxsaylı işlər görülmüşdür. Hər bir azərbaycanlının məsul olduğu vəzifə: Prezidentdən daha bir xatırlatma... Heç kimə sirr deyil ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı sadəcə QHT və dövlət qurumlarının deyil, kimliyindən, sosial statusundan və siyasi baxışından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu borcu layiqincə yerinə yetirməyə səy göstərməlidir. Təsadüfi deyil ki, bu həqiqət dövlət başçısı tərəfindən də zaman-zaman xatırlanmaqda, cəmiyyətin diqqətinə çatdırılmaqdadır. Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixində Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də bu gerçəyi bir daha yada salmış, şəhidlərə, qazilərə olan borcun tükənməz olduğunu vurğulamışdır: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. (//president.az/az/articles/view/56740 ). Göründüyü kimi, dövlət başçısı şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğını hər bir kəsin borcu hesab edir, onları bu kateqoriyadan olan vətəndaşlarımıza arxa olmağa səsləyir. Bu səsləniş onu göstərir ki, Azərbaycan dövlət və xalq olaraq ana ideologiyasına – azərbaycançılıq ideologiyasına sadiqdir və bu ideologiyanın təbliği və inkişafında qərarlıdır. Seymur ƏLİYEV Moderator.az Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği) hazırlanmışdır. 

Hamısını oxu
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər

Xankəndi, 7 fevral, AZƏRTAC Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Hamısını oxu
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilə yekun vurdu

Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış etmişdir. O cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə həyata keçirilən ölkə və beynəlxalq əhəmiyyətli tədbirləri sadalayaraq dövlətimiz üçün yaddaqalan il olduğunu vurğulamışdır. Qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm tədbirləri diqqətə çatdırmışdır. Daha sonra demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkmişdir. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışmışdır. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanmışdır. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılmışdır. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və  müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.   Müşavirəyə dəvət olunan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əməkdaşlara təqdim edilmişdir. O “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və Cəmiyyətin əhəmiyyətli işlər gördüyünü demişdir. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və fərqlənən əməkdaşlara təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim etmişdir. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilmişdir. Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanmışdır.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib.  İclası açıq elan edən Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov 2026-cı ildə görülməsi nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Daha sonra müzakirəyə çıxarılan iş planını iştirakçılara təqdim edilib, planla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib. Sonda Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla Təşkilatın 2026-cı il üçün iş planı təsdiq edilib.  

Hamısını oxu