Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir.

Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol...

26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir.

İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir.

Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur.

İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir.

İlk zabit rütbəsi və komandir kimi uğurları...

Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir.

O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir.

Polis zabiti Qarabağ müharibəsində...

Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir.

İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib.

Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək.

Seymur ƏLİYEV

 

2024-05-29 07:03:20
3352 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
Azərbaycan ziyalıları UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.    Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.  Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.  Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.  UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər:                                                                                   Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.  

Hamısını oxu
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib

Bakı, 7 mart, AZƏRTAC Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Hamısını oxu
Daşlar danışmır, tarix danışır...

Şuşanın qayaları abidədir, dəftərçə deyil... “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu sözləri təkcə bir şəhərə ünvanlanmış müraciət deyildi, bütöv bir xalqın otuz illik həsrətinin, minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin ifadəsi idi. Şuşa təkcə gözəl mənzərələri, dağ havası və qədim memarlığı ilə deyil, hər daşında, hər qayasında yaşanmış tarixin izləri ilə əzizdir. O qayalar sadəcə təbiət abidəsi deyil - Vətən müharibəsinin, otuz ilə yaxın işğal dövründə çəkilən həsrətin və nəhayət, azadlığın rəmzidir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin dediyi "Şuşa, sən azadsan!" sözləri hər bir azərbaycanlının yaddaşına həkk olunub. Şuşanın hər qayası, hər daşı bizim üçün müqəddəsdir - onlar sadəcə coğrafi məkan deyil, Zəfərin canlı şahidləridir. Təəssüf ki, son vaxtlar Şuşaya gələn bəzi ziyarətçilər bu tarixi məkanlara hörmətsizlik nümayiş etdirirlər, Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanda qayaların üzərinə öz adlarını, tarixləri, mənasız yazıları həkk edirlər. Bu, zahirən "xatirə qoymaq" kimi görünsə də, əslində tarixi abidəyə vurulan fiziki zərərdir, o yerdə canından keçmiş şəhidlərimizin və qan tökmüş qazilərimizin xatirəsinə qarşı mənəvi hörmətsizlikdir. Bu hörmətsizliyin kökündə çox vaxt gənc nəslin tarixi hadisələrə soyuq münasibəti durur. Vətənpərvərlik yalnız bayram günlərində deyilən şüarlarla deyil, gündəlik tərbiyə prosesində formalaşır. Məktəblərdə Vətən müharibəsi tarixinin, şəhidlərimizin həyat hekayələrinin daha dərindən tədris olunması, gənclərin azad edilmiş torpaqlara, Zəfər yerlərinə mütəşəkkil səfərlərlə aparılması, onlara bu torpağın, bu abidələrin nə qədər ağır bədəllə qorunub saxlanıldığını izah etmək - bunlar formal tədbir deyil, milli kimliyin qorunması üçün zəruri addımlardır. Bu problemi yalnız Şuşa qayaları ilə ifadə etmək düzgün olmazdı. Bütövlükdə azad edilmiş torpaqlarımızdakı tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, eləcə də əcdadlarımızın uyuduğu məzarlıqlar eyni hörmətsizlik təhlükəsi ilə üz-üzədir. Bu yerlərin hər biri xalqımızın kimliyinin, dini və mədəni köklərinin daşıyıcısıdır. Bir qəbir daşının, bir məscidin divarının korlanması yalnız fiziki zərər deyil - nəsillər arasındakı yaddaş körpüsünün dağıdılmasıdır. Ona görə də qorunma məsələsinə təkcə "Şuşa qayaları" kontekstində deyil, bütövlükdə tarixi-mədəni irsimizə, müqəddəs ziyarətgahlarımıza və əcdad qəbirlərinə hörmət məsələsi kimi yanaşılmalıdır. Bütün tarixi abidələrimizi, ziyarətgahlarımızı və əcdad məzarlarımızı gələcək nəsillərə saf, toxunulmamış şəkildə çatdırmaq hər birimizin milli borcudur. Təklif edərdim ki, - Şuşa və digər bölgələrə gələn ziyarətçilər üçün tarixi abidələrin, ziyarətgahların və məzarlıqların qorunması ilə bağlı maarifləndirici tədbirlər keçirilsin; - bu yerlərdə xəbərdarlıq lövhələri qoyulsun, zəruri hallarda nəzarət gücləndirilsin; - zərər vuranlar üçün qanunda nəzərdə tutulmuş məsuliyyət mexanizmi işə salınsın; - məktəb və universitetlərdə Zəfər tarixinin tədrisi gücləndirilsin, gənclər üçün mütəşəkkil səfərlər artırılsın. Şuşa bizim üçün sadəcə bir şəhər deyil - o, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri ilə bütün millətin ürəyinə həkk olunan Zəfərin rəmzidir. Bu gün Şuşa sadəcə azad deyil, o, həm də bizim üçün əbədi əzizdir, doğmadır. Ehtiyatda olan polkovnik Eldəniz Hüseynov

Hamısını oxu