Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün faşizm üzərində Qələbədən 77 il ötür

Mayın 9-da faşizm üzərində Qələbənin 77 ili tamam olur.

Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib.

Azərtac xəbər verir ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib.

Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

Bundan başqa, xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.

Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır.

Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.

 

2022-05-09 10:58:00
758 baxış

Digər xəbərlər

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib..

Bakı, 25 oktyabr, AZƏRTAC Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.   Prezident İlham Əliyevin çıxışı -Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir. Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim. Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm. Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik. İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir. Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına! Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil. Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur. Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Hamısını oxu
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

Veteran.gov.az xəbər verir ki, 23 sentyabr tarixində dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub. Qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun Tərtər İcra Hakimiyyəti ilə birgə təsis etdiyi fəxri diplomu qonağa təqdim edib. R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.   Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.  

Hamısını oxu
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu