Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gədəbəy və Ağstafa rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının Milli Qurtuluş Gününə həsr edilmiş tədbirləri keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son birillik fəaliyyətləri ilə bağlı hesabat konfransları keçirilir.

Milli Qurtuluş Gününə həsr edilmiş növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 14-də  Gədəbəy və Ağstafa rayonlarında təşkil olunub. Bu toplantılarda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları,  şəhid ailələrinin üzvləri, qazilər, rayon idarə və təşkilatlarının rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Konfranslarda müqəddəs torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra çıxış edən hər iki rayonun İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. 1993-cü ilin iyun ayında  ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının əhəmiyyətindən, ölkəmizin parçalanma və vətəndaş müharibəsi  təhlükəsindən xilas edilməsindən, bütün sahələrdə aparılan mühüm  islahatlardan bəhs edən natiqlər Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf prosesindən danışıblar. Öz çıxışlarında ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı önəmli fəaliyyətlərinin, gənclərlə apardıqları maarifləndirici tədbirlərin əhəmiyyətini  vurğulayan Natiq Nağıyev və Seymur Orucov onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin son birillik hesabat dövrü ərzində yerli təşkliatlarda aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib. Koronovirus pandemiyasına qarşı apardıqları təbliğat işlərindən, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan, gənclərə milli vətənpərvəlik ruhunun aşılanmasından, xüsusilə  narkomaniyaya, erkən nikahlara, son dövrdə artmaqda olan boşanmalara qarşı həyata keçirdikləri maarifləndirici tədbirlərdən söz açıblar. Xalqımızın qurtuluşu missiyasını həyata keçirən ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən bəhs ediblər. Gələcəkdə, koronovirus pandemiyasının zəiflədiyi bir dövrdə daha səmərəli və aktiv şəkildə fəaliyyət  göstərəcəklərini bildiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, hər bir kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib.  Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirməsindən söz açan natiq məhv olmaq təhlükəsi qarşısında qalan ölkəmizin bütün problemlərinin  Ulu Öndərin titanik fəaliyyəti sayəsində aradan qaldırılmasından,  Azərbaycanının taleyini dəyişən bu önəmli tarixin – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bayram müəllim ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş əzəli, əbədi torpaqlarımızda geniş vüsətlə aparılan abadlıq-quruculuq işlərindən, bir sözlə, qurtuluşdan tərəqqiyə böyük addımlarla irəliləyən ölkəmizin uğurlarından ətraflı bəhs edib. 

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında respublika ağsaqqallarının əhəmiyyətli rolundan danışan Bayram Yusifov onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğulayıb. Qeyd edib ki, ağsaqqalın hər bir sözü, davranışı onun fəaliyyətidir və ağsaqqal nəsihəti, məsləhəti xalqımız üçün həmişə böyük dəyər kəsb edib. “Dahiləri kənarda axtarmamlıyıq” deyən natiq Azərbaycan, Türk millətinin böyük millət olduğunu, güclü tarixi şəxsiyyətlər yetişdirdiyini tədbir iştirakçılarına xatırladıb. O, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini də yada salaraq bu gün Ümummilli Liderin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin respublikamızı regionun lider, dünyanın tanınan və qəbul edilən ölkəsinə çevirdiyini qürurla vurğulayıb və əlavə edib ki, bu gün biz böyük fəxrlə deyə bilərik: “Var millətimin imzası imzalar içində...”

Rayon təşkilatlarının fəaliyyətlərini təqdirəlayiq hesab edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov onlara gələcək işlərində uğurlar arzulayıb və qeyd edib ki, əgər ağsaqqal yerindədirsə, hər şey öz qaydasında olacaqdır. Allah heç bir ailəni, eli, obanı, cəmiyyəti ağsaqqalsız etməsin.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər və digər natiqlər öz çıxışlarında qeyd ediblər ki, xalq arasında ağsaqqalların hər zaman böyük hörməti və nüfuzu olubdur. Ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğı və diqqətin bütün təzahürləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində özünü aydın şəkildə göstərir. Habelə vurğulanıb ki, ölkəmizin hər bir regionunda olduğu kimi  Gədəbəy və Ağstafa rayonlarında da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün  tədbirlərdə ağsaqqallar yaxından iştirak edərək, öz zəngin təcrübələrini və biliklərini əsirgəmirlər.

Səmimi şəraitdə keçən hər iki konfransda ağsaqqalların və rayon sakinlərinin müxtəlif məsələlərə dair bəzi təklif və iradları da dinlənilib və bu məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən  lazımi tədbirlərin görüləcəyi qeyd olunub. Sonda yerli təşkilatlara yeni üzvlüyə qəbul edilən şəxslərə vəsiqələr, daha aktiv fəaliyyətləri ilə fərqlənən ağsaqqallara isə Fəxri fərmanlar təqdim edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov səfər çərçivəsində yerli təşkilatların iş otaqları, yaradılan şəraitləri və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq öz məsləhət və tövsiyələrini verib. Tədbir iştirakçıları, həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun Gədəbəyin  mərkəzində ucaldılan tunc abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsini ehtiamla yad ediblər. Qeyd edək ki, Məzahir Rüstəmovun atası, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, professor İzzət Rüstəmov hazırda Xətai Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir.

 

2022-06-15 19:47:00
1280 baxış

Digər xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir    

Hamısını oxu
Tarix yazan və adını tarixə əbədi yazdıran xalq

Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda, azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə müzəffər xalq kimi yazdırırlar. Qürurverici haldır ki, XXI əsrdə döyüş meydanında işğalçını cəzalandıraraq torpaqlarını 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən xilas edən Azərbaycan xalqı də tarix yazıb və öz adını tarixə silinməz izlərlə - əbədi yazdırıb.   Hər anı və məqamı qəhrəmanlıq dastanı olan şanlı Zəfər yürüşü   27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu, eyni zamanda, xalqımızın milli qürurunun, milli ləyaqətinin bərpası oldu. Azərbaycan dövləti, eyni zamanda, “münaqişənin hərbi həlli yoxdur” deyən dairələrin, ikili standartlara əsaslanan, qərəzli mövqe ortaya qoyanların, ermənipərəst dairələrin siyasətini iflasa uğratdı. Dəfələrlə “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”,- deyə qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin dəmir məntiqi, xalqımızın həmrəyliyinin, dövlətimizin isə qüdrətinin ifadəsi olan “Dəmir yumruq” öz sözünü dedi – Azərbaycan uzun illər BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasına öz gücü ilə nail oldu. Ölkəmiz bütün dünyaya haqlının güclü olduğunu, xalq-lider birliyinin ədalətin bərpasına və təntənəsinə gec-tez müvəffəq olacağını sübut etdi.     Yeni nailiyyətlərə və zəfərlərə doğru…   Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu, xalqımızın həmrəyliyinin ifadəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Vətən övladlarına ali ehtiramın bariz nümunəsi - əyani ifadəsidir. Vətən yolunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəmanlarımızla qürur duyuruq.   Əminliklə söyləmək olar ki, dövlətimizin gücü – qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu – sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq, yeni zirvələr fəth edəcəyik. Azərbaycan xalqı bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.   Yaşasın güclü Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Heydər Əliyevin  anadan olmasının 100-cü ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı  qaydalar üzrə qəbul ediləcək: İsiqamətlər: Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur. Müsabiqənin şərtləri: • Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilər • Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər • Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır • Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan  rəsmlər qiymətləndirilməyəcək • Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur • Rəsmin ölçüsü maksimum 50x50 sm olmalıdır • Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir. Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir: 1) Ad, soyad, ata adı 2) Əlaqə nömrəsi 3) Təvəllüdü 4) Təhsil aldığı müəssisənin adı (Əgər varsa) Qeyd 3: Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə materialların qəbulu 20 fevral 2023-cü il tarixdən 20 aprel 2023-cü il saat 17:00-dək müddəti əhatə edir. Mükafat: I yer - 1000 AZN II yer - 800 AZN III yer - 600 AZN Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat Əlaqə vasitələri: Tel: 012-436-98-33 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29 Əlaqədar şəxsin nömrəsi : 055-475-87-09

Hamısını oxu
Böyük Vətən müharibəsi veteranları cəbhə bölgəsində olublar

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup Böyük Vətən müharibəsi veteranı cəbhə bölgələrinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib və işğal edilmiş torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi naminə onlara uğurlar arzulayıb. Veteranlar hərbi hissə komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Onlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu, şəhid və qəhrəmanları haqqında ətraflı məlumat verilib. Xalqımızın ümummilli lideri, müasir, mütəşəkkil ordumuzun baş memarı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin müşayiəti ilə veteranlar Beyləqan rayonunun Birinci Şahsevən kəndinə gedərək Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edib, 90 yaşlı bacısı ilə görüşüb və onun qəhrəman qardaşı haqqında xatirələrini dinləyiblər. Döyüşçülərlə ilk görüş aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən Lələtəpə zirvəsində reallaşıb. Zabit Rəşad Piriyev dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirən aprel döyüşləri və onun qəhrəmanları haqqında danışıb. Şəhidlərin xatirəsi yad edilib. Bir neçə gün əvvəl irimiqyaslı təlimlər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu zirvəyə gəlişi, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırması, döyüşçüləri mübarizəyə səsləyən qətiyyətli çıxışı və düşmənə tutarlı mesajları bir daha xatırlanıb. Döyüşlərdə göstərdiyi şəxsi şücaətə görə hələ aprel ayında Prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, bir neçə gün öncə isə Prezidentin şəxsi hədiyyəsi ilə mükafatlandırılan əsgər İmran Remixanov hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirib. Qeyd edib ki, yaşları 90-ı çoxdan ötmüş veteranları azad etdikləri strateji yüksəkliklərdə görməkdən böyük qürur duyur və aprel döyüşlərindəki Qələbəni hər an təzələməyə qadirdirlər. Veteranlar təşkilatının sədr müavini polkovnik C.Xəlilov hər bir Azərbaycan vətəndaşının, eləcə də hər bir veteranın ordumuzun uğur və nailiyyətlərindən fərəhləndiyini, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olduqlarını diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyinə veteranlara göstərilən diqqət və qayğıya, bu kimi tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə respublika veteranlar ordusunun minnətdarlığını bildirib. Xalqımız üçün, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bəşər üçün ən böyük fəlakət sayılan faşizm taunu ilə üz-üzə dayanıb mübarizə apararaq ölümün caynağından qurtulmuş veteranların keçdikləri şanlı döyüş yolundan söhbət açılıb. 97 yaşlı müharibə veteranı Bəkir Məmmədov, Berlinədək döyüş yolu keçmiş bombardmançı təyyarəçi Daməd Vəliyev çıxış edərək ön səngərdə Azərbaycan əsgəri ilə bir yerdə olduqlarını, Lələtəpə zirvəsinə qalxdıqlarını, həyatlarının ən xoş anı hesab edib və tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yolumuzu gözləyən yurd yerlərimizdə qalib Azərbaycan əsgəri ilə görüşəcəklərinə əminliklərini bildiriblər. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib. Çay süfrəsi arxasında səmimi söhbət həm əsgərlərdə, həm də qonaqlarda xoş duyğular oyadıb. Xatirələr veteranları gənclik illərinə qaytarıb, əsgərlərimiz isə babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər. Cəbrayıl, Füzuli, Xocavənd, Ağcabədi, Beyləqan rayonları istiqamətində Vətən, xalq və dövlət qarşısında əsgəri borclarını layiqincə yerinə yetirən Vətən müdafiəçiləri ilə biri-birindən maraqlı görüşlər keçirilib. Veteranlar əsgərlərlə bir yerdə nahar edib, eyni yataqxanada gecələyib, onların təlimlərini izləyib, silah və hərbi texnikalarla tanış olub və cəbhə bölgəsindən xoş təəssüratlarla ayrılıblar.  

Hamısını oxu