Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”

Mahir Abbaszadə: “Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verəcəklər”

Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət ünvanlayıb. Şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etdiyi qeyd olunub, onların hər biri ilə bağlı inkaredilməz faktlar təqdim edilib.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, erməni faşizminin beynəlxalq hüquq müstəvisində məsuliyətə cəlb edilməsinin vacib olduğunu vurğulayıb:

“Erməni faşizmi 30 ildən çoxdur ki, Azərbaycan xalqının həm canına, həm də malına qəsd etməkdə, hətta təbiətə belə divan tutmaqdadır.

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə  ünvanlanan şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etməsi ilə bağlı təkzibedilməz faktlar təqdim edib. Ermənilər bu gün də “Qızılbulaq” və “Dəmirli” yataqlarının timsalında Azərbaycana məxsus təbii resursları qanunsuz olaraq istismar etməkdə, ekoloji terror həyata keçirməkdədir.  Odur ki, dövlətimiz mütəmadi şəkildə dünya ictimaiyyətini, eləcə də beynəlxalq məhkəmələri erməni vəhşilikləri haqqında məlumatlandırmaqda davam edir. Bu baxımdan 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın və ətraf ərazilərdə azərbaycanlıları məxsus evləri, yardımçı təsərrüfatları məhv etməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan müraciət mühüm önəm kəsb edir. Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın bu müraciətinə həssaslıqla yanaşacaq, ermənilərin törətdiyi çoxsaylı cinayətlərə ədalətli hüquqi qiymət verəcəkdir.

Istənilən halda, Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək. Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verməli olacaqlar. Buna kimsənin şübhəsiz olmasın!”.

Seymur ƏLİYEV

2022-12-21 08:48:00
931 baxış

Digər xəbərlər

“Polkovnik Abdullayev" kitabı geniş oxucu kütləsinə təqdim olunub

Yazıçı Azər Hacıbəyli Səlimovun imzası ilə "Polkovnik Abdullayev" kitabı geniş oxucu kütləsinə təqdim olunmuşdur. Kitabın baş redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilov, məsləhətçilər Elşad Həsənov, Nobel Muradxanov və Rasim Canməmmədovdur.   İxtisasca rus dili müəllimi olduğunu nəzərə alaraq rus dilində qələmə alınmış kitabda polkovnik Müslüm Abdullayevin maraqlı ömür yolu və xidməti həyatının yaddaqalan epizodları açıqlanır. Diqqətəlayiq məqamlardan biri də Müslüm Abdullayevin şəxsi arxivi və gündəliyindən nümunələrin kitabda yer almasıdır. Əsası Azər Hacıbəyli tərəfindən qoyulmuş "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan bu kitabda əsərin qəhrəmanının II Dünya müharibəsi zamanı atasını, sonra anasını itirməsi, uşaq evində böyüməsi, internatda təhsil alması, sonralar dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olunması, Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri, rəhbərin xeyir-duası ilə gənc yaşlarından məsul vəzifələrdə çalışması da əks olunmuşdur.   Qeyd edək ki, yazıçı Azər Hacıbəyli Səlimov "Qızıl qələm" media mükafatı laureatıdır,  vətənpərvərlik mövzusunda 20-dən artıq kitabın müəllifidir, "Alyans", "Qürur" və digər ictimai birliklərin fəxri üzvüdür, ehtiyatda olan polkovnik-leytenantdır. Ulu Öndər Heydər Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Yaxın vaxtlarda "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan daha iki kitabını oxuculara təqdim edəcəkdir.  

Hamısını oxu
“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Mü

Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. “26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilmişdir.  Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olmuşlar. Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışmışlar. Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilmiş və xatirə fotoşəkli çəkilmişdir.                  

Hamısını oxu
Nəsib Məhəməliyev: “Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır”

Veteran.gov.az xəbər verir ki, millət vəkili Nəsib Məhəməliyev Litvaya səfər edib, bir sıra görüşlər keçirib. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə ətraflı məlumat verib. Məlumatda deyilir: “Mayın 29-dan iyunun 2-dək hörmətli həmkarım Rasim Musabəyovla birlikdə Litva Respublikasında səfərdə olduq. Səfər çərçivəsində Litva seyminin iqtisadiyyat, energetika komitələrində, Azərbaycanla işçi qrupunun üzvləri, 1-ci və digər üç vitse-spikerlə, müxtəlif fraksiyaları təmsil edən deputatlarla görüşlər keçirdik. 28 May Müstəqillik Günü münasibətilə, ölkəmizin Litvadakı səfirliyinin təşkil etdiyi Bayram tədbirində iştirak etdik. Görüşlərin yüksək səviyyədə keçdiyini, qaldırılan məsələlərlə bağlı tərəflərin mövqeyinə açıq şəkildə aydınlıq gətirildiyini, əksər məsələlərdə baxışlarımızın üst-üstə düşdüyünü xüsusi olaraq vurğulamaq istərdim. Siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsində, Prezidentlər İlham Əliyevlə, Gitanas Nausedanın qarşılıqlı səfərləri, əldə olunmuş razılaşmaların, ölkələrimizin maraqlarına uyğun olduğu, xalqlarımızın bir-birinə yaxınlaşmasının əhəmiyyətinə toxunuldu. Dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının əhəmiyyəti danılmazdır və görüş ərəfəsində, ötən il Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Litvaya, Seymin vitse-spikerinin başçılığı ilə, nümayəndə heyətlərinin ölkəmizə səfəri xatırlandı. Xüsusilə, litvalı deputatların Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görmələri, ,,qədim,, ,,mədəni,, millətin apardığı təbliğatla tərs mütənasib olduğu qeyd olundu. Litvada kifayət qədər güclü, ifrat dərəcədə həyasız erməni diasporasının olmasına rəğmən, dostlarımızın sayının getdikcə artması, mövqeyimizi müdafiə etmələri təbii ki, bizi sevindirir. Təsəvvür edin; Litva vətəndaşı olan yazıçı soydaşımız ölkə başçısının sərəncamı ilə ordenlə təltif olunur. Diasporanın hay-küyü azmış kimi, Ermənistan səfiri bütün diplomatik normaları pozur və prezident administrasiyasına rəsmi etiraz məktubu göndərir. Təbii ki, administrasiya rəhbəri tərəfindən layiq olduğu cavabı alır. Nəzərinə çatdırılır ki, burnunu lazım olmayan yerlərə soxmasın və kimin mükafatlandırılması, yaxud digər məsələlərlə bağlı onun məsləhətlərinə qətiyyən ehtiyac yoxdur. Görüşlərdə, Ermənistanla münasibətlər, sülh müqaviləsinin imzalanmasına mane olan amillər, mina problemləri, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı infrastruktur layihələri, tikinti-quruculuq, bərpa işləri, “Böyük Qayıdış” planı barədə litvalı həmkarlarımız məlumatlandırıldı. GÜAM parlament assambleyasının işinin canlandırılması, Türkiyədə keçirilən seçkilər, Avropaya qaçqın köçünün qarşısının alınmasında, taxıl probleminin həllində Türkiyənin rolu, Ukrayna böhranı və bir çox regional məsələlərlə bağlı həmkarlarımızın sualları cavablandırıldı və maraqlandırılan məsələlərə münasibətimizi bildirdik. Avropa İttifaqında, Azərbaycan həqiqətlərinin, maraqlarının daha effektiv şəkildə təmin olunması üçün, Baltik Assambleyasının imkanlarından istifadə edilməsi təklif olundu. Rusiya-Ukrayna müharibəsi fonunda, Avropa İttifaqının enerji təhlükəsizliyində, Orta Xətt marşrutunun əsas bəndi kimi nəqliyyat-logistika sahəsində, Pandemiya ilə mübarizədə, Qoşulmama Hərəkatının sədri olaraq, qlobal və regional təhlükəsizliyin qorunub saxlanılmasında ölkəmizin oynadığı rol qeyd olundu. Azərbaycan enerji resurslarının Litvaya çatdırılması, nəqliyyat-logistika baxımından, texniki cəhətdən mürəkkəb olması faktdır. Lakin, Litvalılar, ÜmumAvropa məkanında enerji daşıyıcılarının qiymətinin sabit qalmasında ölkəmizin verdiyi töhfəni başa düşür və yüksək qiymətləndirirlər. Litva, beynəlxalq miqyasda Ukraynanın həm siyasi, həm də hərbi cəhətdən dəstəklənməsini sərt və ardıcıllıqla təşkil edən dövlətlərdən biridir. Paytaxt Vilnüs daxil, ölkənin bütün regionlarında, inzibati binalarda, küçələrdə, meydanlarda Ukrayna bayraqları görünür. Ukraynanın müdafiəsini özü üçün müqəddəs, şərəfli vəzifə hesab edən Litvalılar hər görüşdə, Prezident İlham Əliyevə göstərdiyi humanitar yardımlara ğörə təşəkkürlərini bildirirdilər. İqtisadi müzakirələrlə bağlı qeyd olundu ki, ölkələrimiz arasında illik ticarət dövriyyəsi 62 milyon ABŞ dolları təşkil edir. Müəyyən artımların olmasına rəğmən, göstərilən rəqəmlər, bəzi obyektiv səbəblər üzündən, real potensialı əks etdirmir. 2000-ci ildə Baltik Assambleyası tərəfindən irəli sürülmüş Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlasaydı, tam fərqli nəticələr ola bilərdi. Hindistan, Pakistan kimi Asiya ölkələrini Azərbaycan, İran vasitəsilə Baltikyanı respublikalarla, daha sonra isə, Şimali Avropa ilə birləşdirəcək dəhliz, dövlətlərarası ticarət dövriyyəsini dəfələrlə artıra bilərdi. Lakin, cənub qonşumuzun anlaşılmaz, məntiqsiz, destruktiv siyasəti nəticəsində Astara-Rəşt dəmir yolu xətti birləşdirilmədi. Baxmayaraq ki, həmin yolun tikintisi qısa zaman ərzində başa çatdırılmaı idi və maliyyə məsələlərini Azərbaycan öz üzərinə götürmüşdü. Litva biznesinin Azərbaycanda və yaxud əksinə, Azərbaycan sahibkarlarının Litvaya qarşılıqlı investisiya imkanları, iqtisadi perspektivlər müzakirə olundu. Litva rəqəmsal iqtisadiyyat, biotexnologiya, energetika, alternativ və bərpa olunan enerji, günəş panellərinin istehsalı, optika, müdafiə sənayesi, kənd təsərrüfatı və qida sənayesi, təhsil, səhiyyə sahəsində əhəmiyyətli inkişafa nail olmuşdur. Litva, ölkə daxilində yanacaq bazarının düzgün tənzimlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti,(SOKAR)-la əməkdaşlıqda, ətraf mühitin qorunması üçün ekoloji proqramların icrasında, kadr hazırlığında maraqlıdır. Regionlara səfər çərçivəsində Kaunas tibb universitetində maraqlı görüşümüz oldu. Kaunas universiteti dünya miqyasında tanınmış, yüksək reytinqli, Avropa İttifaqından tutmuş, İsrailə, Amerika qitəsinə qədər bir çox ölkələrdən tələbələrin oxuduğu təhsil ocağıdır. Təqdimatdan bəlli oldu ki, Universitetin beynəlxalq əlaqələri kifayət qədər genişdir və dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edilir. Təəccüblü olsa da, ən çox tələbə İsraildən, İsveçdən, Norveç, Danimarka kimi inkişaf etmiş ölkələrdən təhsil alanlardır. Universitetdə genetika, farmasevtika, nevrologiya, neyrocərrahiyyə və digər sahələr üzrə ciddi elmi tədqiqatlar aparılır. Ən maraqlısı isə, Universitetin nəzdində Veterinar akademiyasının yaradılması, onların birgə fəaliyyətlərinin təşkilidir. Ümumiyyətlə, Litvada təhsilin səviyyəsi yüksəkdir və 200-dən artıq azərbaycanlı gənc orada təhsil alır. Əsasən, müasir dünyanın ən aktual problemlərindən sayılan, kibertəhlükəsizlik üzrə təhsil alan gənclərlə, səfirliyimizin təşkil etdiyi tədbirdə görüşümüz oldu və razılıqlarını bildirdilər. Bir çoxları dövlət tərəfindən təqaüdlər alır. Kaunas Universitetinin rektoru akademik Benetis, ötən il Litva prezidentinin səfəri zamanı Azərbaycana gəlmişdi. Onunla Litvada və Azərbaycanda bir neçə görüşümüz olmuş və hər dəfə ölkəmizlə əməkdaşlıq etmək istədiyini bildirmişdi. Universitet kadr hazırlığı üçün Avropa İttifaqının təşkil etdiyi proqramlarda iştirak edir və maliyyə imkanlarından yararlanır. Bu məsələ, Litva seyminin vitse-spikeri Yonas Yarutisin hörmətli Sahibə xanım Qafarova ilə görüşündə də qaldırılmış və nəzarətə götürülmüşdür. Hesab edirəm ki, səhiyyə nazirliyimiz bu məsələni diqqətdə saxlamalıdır. Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır və Prezident İlham Əliyevin apardığı çox vektorlu siyasət nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Əməkdaşlığımız dövlətlərimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, dostlarımızın sayını artıracaqdır. Hər kəsə məlumdur ki, Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən, Ermənistanı yenidən təşkilatlandırmaqla müharibəyə sürükləyən bəzi dövlətlər, hələ də siyasətlərində dəyişiklik etmək istəmirlər. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatlarda dostlarımızın sayının çox olması, siyasi çəkilərinin ağırlığı ölkəmizə yönəlik neqativ güclərin neytrallaşdırılması, təhlükəsizlik sisteminin qurulması baxımından əhəmiyyət kəsb edir. Yekun olaraq, Litva və Azərbaycanın müxtəlif qurumları arasında vasitəçilik missiyasını yerinə yetirən və peşəkar diplomat olaraq ölkəmizi layiqincə təmsil edən fövqəladə və səlahiyyətli səfir Tamerlan Qarayevə, Seymin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla işçi qrupunun rəhbəri, əməkdaşlığımızı dostluğa çevirməyi bacaran Kazis Starkeviçə minnətdarlığımı bildirirəm”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhidlər “evə qayıdır”: 30 il sonra!

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və hazırda qalıqları tapılaraq şəxsiyyəti müəyyənləşdirilmiş - Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlunun nəşləri avqustun 21-də dəfn ediləcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mühüm işlər görülür, silsilə addımlar atılır. Məhz görülən bütün bu işlər sayəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti eyniləşdirilmişdir. Bu şəxslərdən 250 nəfərinin nəşi ailələrinə təhvil verilərək milli-dini ənənələrə və hərbi nizamnamənin tələblərinə uyğun şəkildə dəfn edilmişlər. 21 avqust tarixində daha 5 itkin-şəhid dəfn olunacaq ki, bu da 30 il həsrət içində yaşamış 5 ailənin gözünün yollardan yığılması, ruhunun rahatlıq tapması deməkdir. Bəli, Birinci Qarabağ müharibəsinin şəhidləri 30 illik fasilədən sonra “evə qayıdır”. Bu qayıdış 30 illik ayrılığa son qoymaqla yanaşı, yüzlərlə ailə üçün mənəvi təsəllidir. Bu qayıdış uzun illərdir ki, gözləri yolda, qulağı səsdə olan ailələrin daxili dincliyi, şəhidlərinizi ziyarət edəcək məzar yerinin olması deməkdir. Bu qayıdış Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin təntənəsidir. Çünki məhz bu zəfər erməni işğalındakı torpaqlarımıza azadlıq bəxş etməklə yanaşı, Birinci Qarabağ müharibəsinin yüzlərlə şəhidlərinin taleyinin müəyyən edilməsinə, onların milli adət-ənəyə uyğun şəkildə dəfninə imkan yaratdı. 8 Noyabr zəfəri məcburi köçkünlərimizin doğma evlərinə yolunu açmaqla yanaşı, şəhidlərin də öz doğma yurduna qayıdışını təmin etdi. İnanırıq ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti digər itkin-şəhidlərimizin taleyinin müəyyən edilməsini, nəşlərinin ailə üzvlərinin iştirakı ilə hörmət və ehtiramla dəfn olunmasını təmin edəcək, bununla da on illərdir davam edən intizar və əzaba son qoyulacaq. Seymur ƏLİYEV

Hamısını oxu