Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəmkir, Qazax və Tovuz rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Veteran.gov.az xəbər verir ki, şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri,  təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni  həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala  malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib.

Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla  davam etdirilməsindən də bəhs edib.

O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.

Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında  canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq.

Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara  hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində  belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.

 

2022-06-23 21:38:00
1398 baxış

Digər xəbərlər

Vətənin müdafiəsinə töhfə verən hər kəs ölümsüzdür!

Azərbaycan Respublika Müharibə Əmək və Silahlı Qüvvələrinin Veteranları Təşkilatı Qələbənin 80 illiyi ərəfəsində keçmiş SSRİ şəhərlərinin müdafiəsində və yaşayış məntəqələrinin faşist işğalçılarından azad edilməsində qəhrəmanlıq göstərən həmvətənlərimizin xatirələrinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Qəhrəmanlar yaddaşımızda yaşayanda, adları mədəniyyətə, ölkənin salnaməsinə uyğun gələndə ölmürlər. Belə ki, Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Mirzə Cabiyevin və bir çox başqalarının şücaətləri yaxşı məlumdur və indi ağızdan-ağıza ötürülür. Bizim vəzifəmiz naməlum qəhrəmanların adlarını tapmaq, müasirlərinə bu qəhrəmanlar barədə məlumat verməkdir.  Respublika Veteranlar Təşkilatı bu ideyanın həyata keçirilməsini öz müqəddəs vəzifəsi hesab edirlər. İkinci Dünya müharibəsi bəşəriyyət tarixində dağıdıcı, bəlkə də ən dəhşətli müharibə idi. Orada 27 milyondan çox sovet vətəndaşı öldü. Dünyanın kütləvi faciələrlə üzləşməməsi üçün bəşəriyyəti faşizmdən xilas edən bu insanların qəhrəmanlığını xatırlamalıyıq. İkinci Dünya müharibəsi cəbhələrində 700 minə yaxın azərbaycanlı döyüşüb, onların yarısı döyüş meydanlarından qayıtmayıb. Müharibədə altı Azərbaycan diviziyası iştirak edib, onlardan beşinin tərkibinin 95% - i Azərbaycanın yerli sakinlərindən təşkil olunub. 416-cı Taqanroq diviziyası Berlinə qədər gedib.  77-ci diviziya Ukrayna, Kerç, Sevastopolun azad edilməsində iştirak edib. Azərbaycanlılar cəbhələrdə ləyaqətlə vuruşublar.Onlardan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 17 nəfər Şöhrət ordeninin tam kavalieri oldu. Bəzilərinin xatirəsi əbədiləşdirilib.  Məsələn, Volqoqradda, Belarusda Həzi Aslanovun abidələri ucaldılıb. Kalininqradda küçələrdən birinə Mirzə Cabiyevin adı verilib. Kişinyovada Moldova ərazisində müharibə zamanı qəhrəmancasına həlak olmuş 300-dən çox azərbaycanlının adları olan mərmər lövhə quraşdırılıb. Ancaq azərbaycanlıların bir çox qəhrəmanları haqqında məlumat yoxdur. İstərdim ki, Qələbənin 80 illiyi ərəfəsində onların adları aydınlaşdırılsın və əbədiləşdirilsin. Bu, faşizmlə mübarizə aparan insanların xatirəsinin bu gün də xatırlandığını sübut edəcəkdir. Qəhrəman cəsarəti, şücaəti ilə seçilən, tez-tez həyatının bahasına uğur qazanan bir insandır. Qəhrəman insan, yaxınlarının, qohumlarının, bütövlükdə ölkənin rifahı naminə özünü qorumağın təbii instinktini dəf etməyə imkan verən son dərəcə güclü bir iradəyə malikdir. Həqiqətən, bəşəriyyət üçün həyatın mənası varlığı sonsuzluğa qədər uzatmaqdırsa, bir insan üçün öz ömrünü mümkün qədər uzatmaqdır.  Qəhrəman bu barədə düşünmür. Nəsillərin yaddaşı sayəsində ölümsüzlüyə çatır. Xalq yaddaşı Qəhrəmanı gələcək nəsillərə, əbədiyyətə bağlayan körpü rolunu oynayır. Bu, qəhrəmanı uca Allahın ona verdiyi fərdi vaxtın gücündən azad edir. Beləliklə, Vətənin müdafiəsinə xüsusi töhfə verən insanlar ölməz olurlar. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, keçmiş SSRİ-nin şəhər, qəsəbə, kəndlərində Sovet İttifaqı Qəhrəmanı adını almış və ya Şöhrət ordeninin tam kavalieri olmuş azərbaycanlıların İkinci Dünya müharibəsi illərində müdafiə və azad edilməsində iştirak etdikləri ərazilərdə xatirələri əbədiləşdirilsin. Bu məqsədlə biz MDB Veteran Təşkilatına, Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi Komissiyasına, Azərbaycanın Birlik ölkələrindəki səfirliklərinə müraciətlər göndərdik. Eyni zamanda, Qələbənin yubiley ildönümü ilə əlaqədar veteranlar təşkilatımız bir sıra tədbirlər, o cümlədən Azərbaycanın faşizmin məğlubiyyətinə verdiyi töhfələrə həsr olunmuş beynəlxalq konfrans keçirməyi planlaşdırır. Onu da qeyd edim ki, qələbəyə Azərbaycan nefti həlledici töhfə verib. Bakı neftçiləri müharibə illərində gecə-gündüz çalışırdılar, cəbhəni fasiləsiz neftlə təmin edirdilər. Ordunun ehtiyacları üçün yanacaq və sürtkü yağlarının 85%-ni Azərbaycan təmin edib. Respublikada əfsanəvi "Katyuşa"da daxil olmaqla 123 növ silah istehsal edən bir sıra müdafiə müəssisələri yerləşdirildi. Respublika cəbhəni qida ilə də təmin edirdi. Azərbaycan alimləri ümumi işə fəal töhfə vermişlər. Xüsusilə, akademik Yusif Məmmədəliyev yüksək oktanlı aviasiya yanacağının, donmayan yağların istehsalını təklif etmiş və həyata keçirmişdir ki, bu da düşmənin aviasiyası üzərində keyfiyyət üstünlüyünü təmin etmişdir. Müharibə illərində Azərbaycanda 45 hospital fəaliyyət göstərib, 440 min cəbhəçini sağaldıb və xidmətə qaytarıblar. Bakıda üç xatirə məzarı var, burada Bakı şəhərindəki hospitallarda döyüş xəsarətlərindən ölən döyüşçülər istirahət edir. Bütün qəbirlər baxımlıdır. Hər il mayın 9-da memoriallarda təntənəli tədbirlər keçirilir. Ümumiyyətlə, Azərbaycanda 1941-1945-ci illər müharibəsinə həsr olunmuş xatirə məzarlarına və abidələrə böyük qayğı göstərilir. Belə abidələr ölkənin bütün rayonlarında ucaldılıb. Onlar yerli hakimiyyət orqanları, gənclər təşkilatlarının üzvləri və qazilər tərəfindən qorunur və abadlaşdırılır. Təəssüflər olsun ki, Azərbaycanda keçmiş cəbhəçilərin sayı azdır - cəmi 18 nəfər. Ənənəyə görə, hər il mayın 9-da müxtəlif ictimai təşkilatların nümayəndələri və könüllülər veteranları evdə ziyarət edəcək, təbrik edəcək, hədiyyələr təqdim edəcəklər. Dövlət səviyyəsində hər il 9 May ərəfəsində müharibə iştirakçılarının veteranlarına və dullarına, arxa işçilərə maddi yardım göstərilir.  Qeyd etmək istəyirəm ki, bu, təkcə İkinci Dünya müharibəsi veteranlarına deyil, Qarabağ müharibəsi veteranlarına da aiddir. Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
Azərbaycanla təhdid dili ilə danışmaq mənasızdır.

İran ölkəmizə qarşı təxribatlara son qoymalı, beynəlxalq hüquqa hörmət etməlidir. İranın davranışları iki ölkə arasındakı qonşuluq münasibətlərinə zidd olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. “Məlum olduğu kimi, bu ilin martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub ki, bu da Azərbaycana qarşı açıq təxribat, əzələ nümayişi deməkdir. Xatırladım ki, İran bundan əvvəl də ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb, qeyri-dost mövqe nümayiş etdirib. Lakin Azərbaycan, demək olar ki, hər dəfə İranın bu davranışına səbirlə yanaşıb, bütün bu təxribatlara özünəməxsus müdriklik və soyuqqanlılıqla cavab verib. Fəqət İranın 11 mart tarixli təxribatı rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik münasibətinə son qoymaq istəmədiyini göstərir. Bu isə Azərbaycanı cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur. İran anlamalıdır ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona təzyiq göstərməyə cəhd etmək mənasızdır. Bu günə qədər heç bir dövlət bu yolla nəyəsə nail ola, Azərbaycanın iradəsinə təsir göstərə bilməyib. İran da bu dövlətlərin arasında istisna təşkil etmir. Azərbaycanın hər cür təzyiq və təxribata lazımınca cavab verəcək gücü var və 44 günlük Vətən müharibəsi bunun ən bariz isbatıdır”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Cəlil Xəlilov: Böyük uğurlardan yeni hədəflərə doğru...

Bir neçə gündən sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun 65 yaşı tamam olur. Cəlil Xəlilov sözün həqiqi mənasında dolğun və şərəfli ömür yaşayıb. Ömrün müdriklik çağında – 65 yaşından geriyə baxanda onun qürur duymağa haqqı çatdığının təsdiqi olacaq çox faktlar, layiqincə yaşanmış, Vətəninə, doğma xalqına xidmətdə keçmiş neçə illər var. Cəlil müəllimlə bu söhbətimizdə onunla birlikdə həmin illərə ötəri də olsa nəzər saldıq, bu gün də uğurla yazılan bir zabit, vətəndaş həyatının səhifələrini vərəqlədik.  - Cəlil müəllim, 65 yaş insan ömrünün müdriklik çağı hesab edilir. Bu yaşın sanbalı, məsuliyyəti, xüsusi maraq doğurması həm də sanki insanın qeyri-ixtiyari özünə hesabat verməsi ilə izah edilir. Bu mənada geriyə baxanda Siz daha çox yaşadığınız zəngin və mənalı ömrünüzün hansı dövrlərini, məqamlarını xüsusi qeyd edərdiniz.  - Ömrün bütün dövrləri gözəldir və insan həyatında onların hər birinin öz yeri, çəkisi var. Orta məktəb, ali təhsil illəri, hərbi xidmətdə keçən dövr, nəhayət Respublika Veteran Təşkilatında fəaliyyət... Bu dövrlərin hər birinin mənim ömrümdə öz yeri olub, mənim üçün onların hər biri əzizdir. Hələ orta məktəb illərindən hərb sənətinə böyük marağım olub. Tarix dərslərində atalarımızın, babalarımızın düşmənə qarşı necə böyük cəsarət və qəhrəmanlıqla döyüşdüyünü sevə-sevə öyrənir, milli tariximizdən, hərb tariximizdən ixtixar hissi duyurdum. Həmin döyüş səhnələri barədə yazılan tarixi əsərləri, eləcə də qəhrəmanlıq dastanlarımızı oxuduqca, özümü o döyüşlərin ən qızğın yerində hiss edirdim. Gəncliyin verdiyi böyük həvəs və enerji ilə hərbin sirlərini öyrənməyə can atır, hərbdən, müharibələrdən bəhs edən çoxlu kitablar mütaliə edirdim. Məhz bu həvəs və istək məni hərb peşəsinə gətirib çıxardı. Uşaqlıq arzularım, gənclik xəyallarım reallaşdı. Əslində, Respublika Veteranlar Təşkilatında fəaliyyətim də məhz məsləkimlə bağlıdır. Özümü veteranların içərisində daha gümrah, daha rahat və mübariz hiss edirəm. Bura mənim üçün hər mənada doğmadır və hər zaman da belə qalacaq. - Azərbaycan Sərhəd Qoşunlarının yarandığı ilk illər son dərəcə çətin,  mürəkkəb və məsuliyyətli bir dövrə təsadüf etmişdi. Tale elə gətirmişdi ki, Siz də bu qoşunların təşkili prosesində fəal iştirak edən azsaylı milli sərhədçi kadr zabitlərinin sırasında idiniz. O dövrün ən yaddaqalan və bugünədək çoxlarına məlum olmayan hadisələrini yada salanda yadınıza ilk düşən məqamlar hansılar olur?  - Azərbaycanın Sərhəd Qoşunlarının yaranması prosesi, həqiqətən də, çox çətin və olduqca gərgin dövrə təsadüf etmişdi. Sərhəd Qoşunlarının yaranması, habelə sərhədlərimizin etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı ortada bir çox ciddi çətinliklər mövcud idi. Bu çətinliklərin sırasına milli hərbi kadrların  azlığı, lazımı texniki avadanlığın, maddi-texniki bazanın olmaması, sərhədlərin müstəqil qorunması ilə bağlı təcrübənin azlığı idi. Təbii, bura ölkədəki ümumi ictimai-siyasi vəziyyətin qeyri-stabil olması, dövlətimizin kənar güclərin ciddi təzyiqlərinə məruz qalması kimi problemlər də dolayısı ilə öz mənfi təsirini göstərirdi. Həmin proseslərlə bağlı yaddaqalan, ağırılı və sevincli xatirələrim çoxdur. Bunların hamısını danışmaq çox vaxt alar. Sadəcə, bir faktı deyim ki, o vaxt dağlıq və yüksək dağlıq relyefə malik əraizlərimizin sərhədlərini qorumaq üçün müxtəlif üsullardan istifadə edirdik. Bu üsullardan biri müxtəlif tikanlı kol və bitkilərlə təbii maneələrin yaradılması idi. Həmin vaxt maddi-texniki bazamız zəif olduğu üçün bir çox hallarda sərhəd xəttində dəmir-beton konstruksiyadan ibarət fiziki maneələr yaratmağa imkanımız olmurdu. Bu, böyük maliyyə vəsaiti, çoxlu işçi qüvvəsi tələb edirdi. Buna görə də əksər hallarda böyürtkən kollarından təbii sipər çəkir, həmin ərazini qaçaqmalçılar, sərhəd pozucuları üçün keçilməz etməyə çalışırdıq. Kadr azlığı, şəxsi heyətədki çatışmazlıqlar bizi mülki insanlarla daha geniş əmədkaşlğa sövq edirdi. Biz çox tez-tez sərhədyanı ərazilərdə yaşayan insanlarla görüşür, onları ayıq-sayıq olmağa, gördükləri yad, şübhəli adamlarla bağlı dərhal sərhədçiləri, hüquq-mühafizə orqanlarıın əməkdaşlarını məlumatlandırmağı tövsiyə edirdik. Bir çox sərhəd pozucusu məhz vətəndaşların sayıqlığı nəticəsində ifşa olunmuş, məsuliyyətə cəlb edilmişdir. Sərhədçilərimiz həmin illərdə ağır şərtlər altıdna belə öz missiyalarını ləyaqətlə yerinə yetirmiş, sərhədlərimizin təhlükəsizliyini təmin etmişdilər.  - 1993-cü ilin iyun-avqust ayları Azərbaycan Respublikasının ikinci müstəqillik tarixinin siyasi mənada ən qaynar ayları sayıla bilər. Bu qaynarlıq yalnız Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü, cəbhə xəttində yaşanan gərginliklə deyil, həm də ölkənin cənubunda yaşanan və gənc respublikanın taleyini ciddi zərbə altında qoyan digər bir separatşılıq hərəkətləri ilə bağlı idi. Həmin hadisələr vaxtı Siz Lənkəran Sərhəd Dəstəsində qərargah rəisi işləyirdiniz və vəzifə borcunuz, tutduğunuz post Sizi də bu qaynar hadisələrin içərisinə atmışdı.  - Əvvala onu deyim ki, o dövrdə, yəni iyun ayının 15-də Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasaydı, Azərbaycan dövləti Gəncədə və ölkənin cənubunda baş verən hadisələr nəticəsində süqut edəcək, vətəndaş müharibəsinin başlanması səbəbilə ölkəmiz parçalanacaqdı. Məhz Heydər Əliyevin atdığı qətiyyətli addımlar Azərbaycanı bu məşum taledən xilas etdi. 30 il sonra o hadisələri daha dərindən təhlil edəndə bu qənaətin nə qədər doğru olduğuna bir daha əmin olursan. Belə bir zamanda – 1993-cü ildə Azərbaycanın cənub bölgəsində bir qrup separatçı fəallaşaraq ətraflarına silahlı dəstələr yığıb, özbaşınalıqla məşğul olurdu. Həmin vaxt mən Lənkəranda sərhəd dəstəsinin qərargah rəisi idim və faktiki olaraq sərhəd dəstəsinin rəisi vəzifəsini icra edirdim. O vaxt sərhəd dəstəsi cənubdakı separatçı qüvvələrə qarşı yeganə əsas müqavimət mərkəzi idi. Mən Heydər Əliyevi mütəmadi surətdə bölgədəki vəziyyətlə bağlı məlumatlandırır, öz fəaliyyətimi onun tövsiyələri və göstərişləri əsasında qururdum. Bir dəfə Heydər Əliyev mənə zəng edərək əslən Lənkərandan olan, vaxtı ilə bu şəhərdə yüksək vəzifələr tutan, xalq arasında böyük nüfuza sahib olan bəzi adamlardan söhbət açdı və məndən “Bu adamları tapıb mənimlə əlaqələndirmək üçün sənə nə qədər vaxt lazımdır?, - deyə soruşduqda cavabında dedim ki, cəmi bir saat içində həmin adamları tapa bilərəm. Bir saatdan sonra Heydər Əliyev həmin şəxslərə telefon əlaqəsi yaradaraq təlimatlar verdi, onları əhali arasında təbliğat işini genişləndirməyi, insanları separatizmə qarşı mübarizəyə səfərbər etməyi tapşırdı. Həmin vaxt separatçılara qarşı mübarizədə böyük fəallıq göstərən Dilrubə Camalovanın təhlükəsizliyinin təmin edilməsi, onun qorunması da diqqət mərkəzində saxlanılırdı. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan xalqı heç vaxt separatizmə dəstək verməyib, əksinə, bu cür hallara qarşı çıxıb. Sadəcə, həmin vaxt baş verən hadisələrin mahiyyətini anlamayan bəzi gənclər müxtəlif vədlərə inanaraq separatçı fəalların ətrafında cəmləşmişdilər ki, onların böyük əksəriyyəti sonradan əsl həqiqəti anladılar və Heydər Əliyevə inanaraq separatist əməllərdən əl çəkdilər. Ümumiyyətlə, xalq Heydər Əliyevə bütün qəlbi ilə inanırdı və Ulu öndər hər zaman xalqın bu inamını doğruldurdu. Növbəti zənglərin birində Ulu öndər ölkəmizin cənubunda yaranan gərgin vəziyyət haqqındakı söhbət əsnasında mənim mövcud situasiya ilə bağlı nə düşündüyümü soruşdu. Bildirdim ki, separatçıların ətrafında birləşən gənclərlə, xüsusilə də onların valideynləri, doğmaları ilə təbliğat işini genişləndirməliyik. Əgər biz bu işi yüksək səviyyədə qura bilsək, o zaman gənclər səhv yolda olduqlarını anlayaraq geri dönərlər. Bu təklif Heydər Əliyevin çox xoşuna gəldi. Məhz onun göstərişi ilə biz, habelə Bakıdan Lənkərana ezam edilən nümayəndə heyəti həmin gənclərin doğmaları ilə geniş maarifləndirmə işi apardıq. Nəticədə, bir neçə gündən sonra həmin gənclərin böyük hissəsi silahı yerə qoyaraq doğmalarının yanına qayıtdı. Separatçılar qısa zamanda neytrallaşdırıldı. Onların nəzarətindəki silah-sursat, hərbi texnika müvafiq dövlət orqanlarına qaytarıldı. Ulu öndərin böyük qətiyyəti sayəsində ölkəmizdə qardaş qırğının qarşısı alındı. Çox xoşbəxtəm ki, bu hadisələrin qarşısının alınmasında, Azərbaycanın real parçalanmaq təhlükəsindən qurtulmasında mənim də kiçik də olsa iştirakım olub. - Gələn il Sizin çox mühüm bir sahədə, Respublika Veteran Təşkilatında fəaliyyətə başlamağınızın 10 ili tamam olacaq. Bu illərdə ən çox nələr yadınızda qalıb?  - Bu illər ərzində ən çox yaddaqalan qəhbrəmanlarımızın təbliği, onların xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində atılan çoxsaylı addımlar, həyata keçirilən saysız-hesabsız layihələrdir. Respublika Veteranlar Təşkilatı dünyanın bir çox ölkələrində veteranlar təşkilatı ilə geniş əlaqələrə malikdir və bu ölkələrdə milli dövlətçilik siyasəti baxımından mühüm tədbirlər həyata keçirib. Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşən, itkin düşən soydaşlarımızn aqibətinə aydınlıq gətirib. Təşkilatımız onların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsinə nail olub. Təşkilatımız qatıldığı beynəlxalq tədbirlər, konfranslar vasitəsi ilə də milli maraqlarımızı beynəlxalq arenada uğurlu müdafiə edib. Bu tədbirlər zamanı emrəni yalanları, ölkəmizə qarşı dezinformasiya siyasəti ifşa edilib. Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara mütəmadi müraciətlər göndərilib, bəyanatlar verilib. Xaricdəki soydaşlarımızın da fəal iştirakı ilə Respublika Veteranlar Təşkilatı milli maraqlarımızın müdafiəsi sahəsində sistemli mübarizə ortaya qoyub və bu mübarizə bu gün də davam etməkdədir. - İkinci Qarabağ savaşında Respublika Veteran Təşkilatının gördüyü işlər dövlət rəhbərliyi səviyyəsində yüksək qiymətini aldı. 44 günlük müharibədə veteranlar bir an belə durmadılar, cəbhə xəttində, döyüş zonalarında, arxa cəbhədə fəallıq göstərdilər. Bu insanlar üçün “hər şey cəbhə, hər şey Qələbə üçün” şüarı o günlərdə daha ürəkdən və ucadan  səslənirdi. Bilirəm ki, deməyə sözünüz çoxdur.  - 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, “milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, böyükdür, yenilməzdir”. Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib. Müharibə dönəmində veteranlarımızla birlikdə cəbhə xəttinə ardıcıl səfərlər təşkil edir, əsgər və zabitlərimizlə görüşür, onları qələbəyə ruhlandıran çıxışlar edirdik. Bu səfərlər zamanı ordumuza ərzaq, geyim, tibbi ləvazimatlar da çatdırır, vətəndaş cəmiyyəti olaraq erməni faşizminə qarşı aparılan mübarizəyə töhfə verməyə çalışırdıq. Bütün gücümüz, enerjimiz, fəaliyyətimiz böyük qələbəni yaxınlaşdırmağa xidmət edirdi və biz xalq olaraq Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, səriştəsi sayəsində buna nail olduq.   - Respublika Veteran Təşkilatı bu gün də gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl iş aparır. Təşkilat gənclərin milli, hər an Vətəni, xalqı qorumağa hazır olmaq ruhunda böyüməsi üçün səylərini əsirgəmir. Bu həm də Ermənistanın sülh müqaviləsi imzalamaqdan hər vasitə ilə yayınması, sərhədlərimizdə müntəzəm surətdə təxribatlar törətməsi ilə bağlıdır. - Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə, torpağa, bayrağa bağlılığının artırılması təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətənimizi təhdid edən təhlükələrin mövcudluğu, erməni təxribatları və sair kimi amillər bu fəaliyyəti ikiqat zəruri edir. Biz həm də gənclər arasında geniş maarifləndirmə işi aparır, onların hüquqi, sosial və sair problemlərinin həllinə dəstəkçi olmağa, həmin şəxsləri müvafiq dövlət qurumları ilə əlaqələndirməyə çalışırıq. Vətəndaşların dövlətlə, onun aidiyyati qurumları ilə əlaqələndirilməsi problemlərin qarşılıqlı anlaşma əsasında həlli, vətəndaş hüquqlarının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi baxımından olduqca önəmldir. Bu, həm də anti-milli qüvvələrin dövlətimizlə bağlı çirkin məqsədlərinin qarşısını almaq baxımından vacibdir. Bildiyiniz kimi, bəzi qüvvələr var ki, onlar xalqla-dövlət, vətəndaşla-hökumət arasında süni gərginlik yaratmağa, bu gərginlik fonunda öz məkrli niyyətlərinə nail olmağa çalışır. Bunun üçün isə onlar çox vaxt gənclərdən, eləcə də veteranlardan istifadə etməyə səy göstərirlər. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı paytaxt və bölgələrdə keçridiyi çoxsaylı görüşlərdə, konfrans və forumlarda geniş maarifləndirmə işləri həyata keçirir. Bildiririk ki, hər bir vətəndaş onda narazılıq doğuran məsələ ilə bağlı əlaqədar dövlət qurumuna müraciət etməli, problemin hüquqi müstəvidə həllinə nail olmalıdır. Bu baxımdan onlar bizim Təşkilatımız vasitəsi ilə də öz səslərini istənilən dövlət qurumuna çatdıra bilərlər. Biz bugünə qədər olduğu kimi, bundan sonra da veteranlarımıza bu və digər məsələlərdə dəstək olmağa, onlara əlimizdən gələn köməkliyi göstərməyə hazırıq. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, sərhədlərimizin etibarlı şəkildə müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir və biz gündəlik fəaliyyətimizdə bunu nəzərə alırıq. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları fəal olmalı, bu istiqamətdəki səylərini ardıcıl şəkildə gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, veteranlar və veteran təşkilatları müzəffər Ali Baş Komandanın siyasətini daim dəstəkləməli, gənclərlə fəal iş aparmalı, onları doğru yola yönəltməlidirlər. Biz 8 Noyabr Zəfərinin nəticələrini, o cümlədən ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları və düşmən qüvvələrin öz məkrli niyyətlərindən hələ də əl çəkməmələri bunu tələb edir. Biz sülh istəyirik, ancaq bunun əksinə də hər an hazır olmalıyıq. - Siz həm də elmi və pedoqoji fəaliyyətlə məşğul olursunuz. Bu barədə danışında ali məktəblərimizdə milli təhlükəsizlik strategiyasınn peşəkar tədrisi üçün hazırladığınız monoqrafiya və digər elmi əsərləriniz yada düşür. Elmi işləriniz necə, davam etdirməyə vaxt tapırsınızmı?  - Elmi-pedaqoji fəaliyyət mənim həyatımın ayrılmaz hissəsidir. Mən uzun müddətdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “fəxri professor” kimi bu təhsil müəssisəsində dərs deyirəm. Mənim “Milli təhlükəsizliki strategiyası” kitabım, eləcə də 50-dən çox elmi əsərim təhsil müəssisələrində elmi ədəbiyyat kimi istifadə olunur. Hazırda yeni elmi araşdırmalar üzərində çalışıram və yəqin ki, yaxın gələcəkdə bu araşdırmaların nəticəsi haqqında ictimaiyyət də məlumatlı olacaq. Vaxt məsələsinə gəlincə, vaxt hər zaman məhduddur və zaman qıtlığı özünü daim hiss etdirir. Ancaq bununla belə biz ictima-siyasi fəaliyyətlə yanaşı, elmi fəaliyyətə də vaxt tapmalıyıq. Çünki bu, ictimai əhəmiyyətli fəaliyyət növü olmaqla yanaşı, həm də mənəvi tələbatdır və bu tələbat hökmən ödənməlidir. - Cəlil müəllim, əksər insanlar övladlarının onların yolunu davam etdirməsini, nəsillər arasında bağların həm də bununla möhkəmlənməsini istəyirlər. Sizdə necə, övladlarınızdan yolunuzu davam etdirəni varmı? - Bildiyiniz kimi, mən uzun illər Sərhəd Qoşunlarında, daha sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişəm. Mənim üçün qürurvericidir ki, övladlarımdan biri bu gün mənim yolumu davam etdirir. Tale elə gətirib ki, o da mənim kimi öncə Sərhəd Qoşunlarında xidmət edib. Bu gün isə təhlükəsizlik orqanlarında vətənə xidmət etməkdədir. Övladımın mənim yolumu davam etdirməsi məni sevindirir, məndə iftixar hissi oyadır. Çünki mən bu yolun nə qədər çətin, eyni zamanda, şərəfli olduğunu bilirəm. Və onu da bilirəm ki, xalqa, dövlətə xidmət yolu olan bu yol müqəddəsdir və onu gedən insanı hökmən işığa çıxarır.  - Bilirəm ki, elə məsələlər var ki, bu barədə danışmaq, fikirlərinizi bölüşmək istəyirsiniz. Müsahibədə toxuna bilmədiyimiz belə məsələlərdən hansı barədə söz demək istərdiniz? - Əslində, danışmaq istədiyim məsələlər çoxdur. Amma mən sadəcə, bir məqamı vurğulamaqla söhbətimizi yekunlaşdırmaq istərdim. Biz hər zaman hər bir addımımızı milli dövlətçilik mənafeyimizi, ümumxalq maraqlarını nəzərə alaraq atmışıq. Milli maraqlarımızın müdafiəsi bizim fəaliyyətimizin nüvəsini təşkil edir. Bu fəaliyyət xalqımız, dövlətimiz tərəfindən daim rəğbətlə qarşılanıb. Prezidentimizin 44 günlük Vətən müharibəsində təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən təşkilatımızın gördüyü bunca işlərə qara yaxmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən məkirli şəxslər də meydana çıxır. Şəxsi ambisiyalardan, fərdi maraqlardan çıxış edən bu şəxslər milli maraqlar zəminində həyata keçirilən işlərə kölgə salmağa cəhd edir. Mən buradan həmin şəxslərə müraciət edərək onları ədalətə, obyektivliyə, milli maraqlarımızın, dövlətimizin mənafeyinin müdafiəsinə səsləyirəm. Çünki xalqın, Vətənin taleyüklü məsələlərinin həll edildiyi hazırkı həssas vəziyyətdə biz hamılıqca şəxsi ambisiyalarıızı bir kənara qoyub xalqa, qətiyyətlə Vətənə  xidmət yolunu tutmalıyıq. Yeganə məqsədimiz bu olmalıdır. Eləcə də, Vətənimizin keşiyində dayanmaq, xalqımıza, Prezidentimizə sədaqətli olmaq bizim bir vətəndaş kimi vicdan borcumuzdur. Heç bir maraq, heç bir ambisiya bu borcdan daha önəmli, daha vacib ola bilməz! Gələcək uğurlarımıza gedən yol birliyimizdən gedir və biz nəyin bahasına olursa-olsun bu birliyi qorumalıyıq.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib.  Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Nəbi Nuriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu