Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Elçin Rzayev 100 yaşlı qəhrəman veteranı təbrik edib

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri, YAP İmişli rayon təşkilatının əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Böyük Vətən müharibəsinin iştirakçısı, rayonun Qaralar kəndindən olan Nuriyev Nəbi Balı oğlunun 100 yaşı tamam olması münasibətilə evində görüşüb.

Veteran.gov.az bu barədə İmişli Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüş zamanı icra başçısı və digər iştirakçılar Nəbi kişini doğum günü münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıblar. 100 yaşlı veteran görüşdə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gələn qonaqlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra Nəbi kişi 100 illik yubileyi münasibətilə RİH başçısı tərəfindən Fəxri Fərmanla təltif edib.

Xatırladaq ki, Nəbi kişi 1942-ci il fevral ayının 28-də cəbhəyə yollanıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçən Nəbi Nuriyev elin, obanın igid oğullarından biri kimi tanınıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində də o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. O, burada da qəhrəmanlığını və cəsurluğunu göstərib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib. Nəbi Nuriyevin təltifləri sırasındakıbir sənədi əvvəlkilərindən daha dəyərli yadigar kimi əzizləyir. Bu, ümummilli lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamdır. Həmin Sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub.

Görüşün sonunda 100 yaşlı veteranımız bir daha təbrik edilib, ona möhkəm cansağlığı arzulanılıb və xatirə şəkilləri çəkilib.

 

2022-07-01 18:50:00
1592 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Zəfərin Qəhrəmanı – İmran Əliyev

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlər boyu igid oğulların qanı, canı və Vətənə sonsuz sevgisi ilə yazılıb. Bu salnamənin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsidir. Bu müqəddəs savaşda Azərbaycan Ordusu öz qüdrətini, gücünü və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfərin arxasında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti dayanırdı. Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması şəhidlərimizin bizə əmanətidir. Onlar təkcə tarix yazmadılar, onlar həm də xalqın ruhunu dirçəldən, 30 illik Qarabağ nisgilinə son qoyan müqəddəs bir yol açdılar. Şəhidlərimiz Azərbaycanın ən şanlı səhifəsinin müəllifləridir. Onların hər biri bir dastan, bir örnək, bir məktəbdir. Belə qəhrəmanlardan biri də Əliyev İmran Əli oğludur. 7 aprel 1993-cü ildə Göyçay şəhərində dünyaya göz açan İmran Əliyev uşaqlıq və gənclik illərini Bakı şəhərində keçirmişdir. O, paytaxtda yerləşən 54 nömrəli məktəbdə təhsil almış, daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olaraq ali təhsilini başa vurmuşdur. Vətənə xidmət amalını həyatının əsas məqsədinə çevirən İmran Əliyev Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmiş, sonra isə təlim-tədris mərkəzində kurs keçərək leytenant rütbəsi ilə Bərdə şəhərində yerləşən hərbi hissədə fəaliyyətə başlamışdır. 2020-ci ilin əvvəlindən etibarən xidmətini davam etdirən İmran, qısa zamanda özünü nizam-intizamlı, məsuliyyətli və cəsur zabit kimi göstərmişdir. Daha sonra Tərtər istiqamətinə ezam olunan İmran Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdır. Suqovuşan uğrunda gedən ağır və şiddətli döyüşlərdə o, misilsiz igidlik nümayiş etdirmiş, son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun həyat yolu Vətənə bağlılığın, şərəfin, qeyrətin və sonsuz vətənpərvərliyin təcəssümüdür. İmran Əliyev sübut etdi ki, Azərbaycan oğulları yenilməzdir, qorxmazdır və Vətən uğrunda canlarını fəda etməyə hər zaman hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun qəhrəmanlığına dövlət tərəfindən verilmiş yüksək qiymətin göstəriciləridir. Bu gün İmran Əliyev təkcə doğmalarının deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Azərbaycan var olduqca onun adı da yaşayacaq, xatirəsi daim ehtiramla anılacaq. Çünki şəhidlər ölmür, onlar Vətənin yaddaşına çevrilir, xalqın ruhunda əbədi yaşayırlar. Ruhun şad olsun, qəhrəman         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfərdə iştirak edən diplomatların sayı da səfərin miqyas və əhəmiyyətindən xəbər verir: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici   siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri olduqca mühüm hadisədir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir ki, bu da onun miqyas və əhəmiyyətindən xəbər verir. Səfər zamanı diplomatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti ilə tanış olacaqlar. Əcnəbi dipomatlar Azərbaycanın post-müharibə dönəmində hər iki müstəvidə gördüyü nəhəng işlər, apardığı bərpa və yenidənqurma prosesinə şahidlik edəcək, bununla bağlı məlumat və təəssüratlarını daha da zənginləşdirəcəklər”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu cür səfərlər Azərbayacn xalqının qurmaq, yaratmaq əzminin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən torpaqların dirçəldilməsi prosesinə başladı. Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında həyata keçirilən bu proses qısa zaman ərzində silsilə uğurlarla nəticələndi. Bütün infrastrukturun yenidən qurulması, dağıdılan, yaşayış üçün tamamilə yararasız hala salınan yüzlərlə yaşayış məntəqəsinin yerində müasir, beynəlxalq tələblərə cavab verən modern kənd və şəhərlrin salınması, bu prosesdə ən son texnoloji yenilikləriin tətbiqi bütün dünyada böyük heyranlıqla qarşılandı. Qürurvericidir ki, 6 il bundan öncə başlayan abadlıq-quruculuq prosesi bu gün də eyni templə davam etməkdə, yeni uğurlar və nailiyyətlərlə nəticələnməkdədir. Hazırda işğaldan azad edilən torpaqlarda kənd təsərrüfatı və sənayenin inkişafı ilə bağlı həyata keçirilən layihələr, bu prosesdə beynəlxalq şirkətlərin yaxından iştirakı görülən işlərin əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunan torpaqlarımızın gələcəyinə olan inamı əks etdirir. İşğaldan azad edilən torpaqlara səfər edən əcnəbi diplomatlar səfər əsnasında bütün bu uğurları bilavasitə şahid olacaqlar ki, bu da onların mənsub olduğu dövlətlərin müasir Azərbaycan həqiqətləri ilə yaxından tanış olması baxımından son dərəcə önəmlidir. Mən hörmətli Hikmət müəllim başda olmaqla səfərdə iştirak edən bütün diplomatlara uğurlar arzulayır, müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
İlhamə Abdullayeva buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, Təhsil İdarəsinin müdiri Sumqayıt şəhəri 37 nömrəli məktəbin buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdləri ilə görüş keçirib Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavini Aynur Rüstəmova və Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüşdə iştirak ediblər. Məktəbin tədris mühiti ilə tanışlıq aparılıb, X siniflərdə dərs prosesi izlənilib. Dərslərin təşkili, müəllim-şagird münasibətləri, tətbiq olunan müasir təlim metodları və şagirdlərin fəallığı yerində müşahidə edilib. Daha sonra XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə buraxılış siniflərinin əsas hədəfləri, imtahanlara hazırlıq səviyyəsi, gələcək təhsil planları və motivasiya məsələləri müzakirə olunub, şagirdlərə müvafiq tövsiyələr verilib. Qeyd edək ki, buraxılış imtahanlarında iştirak edən 96 şagirdin nəticələri yüksək olub. Şagirdlərin 44%-i 200 və daha yüksək bal toplayıb, 45%-i isə 150–200 bal aralığında nəticə göstərib, 100 baldan aşağı nəticə isə ümumiyyətlə qeydə alınmayıb. Maksimum nəticə 292 bal, minimum nəticə isə 121 bal olub. Eyni zamanda, şagirdlərin 89%-i 50%-dən yuxarı nəticə əldə edib. Fənlər üzrə göstəricilər də müsbət dinamikanı əks etdirir: tədris dili üzrə 74, riyaziyyat üzrə 52, xarici dil üzrə isə 71 orta nəticə qeydə alınıb. Xüsusilə qeyd olunmalıdır ki, IX siniflə müqayisədə orta balda 29 ballıq artım müşahidə olunub və şagirdlərin 52%-i nəticələrində irəliləyiş göstərib. Bu statistik göstəricilər “Tam orta məktəb” layihəsinin məktəbdə uğurla tətbiq olunduğunu, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdiyini və tədris prosesinin keyfiyyətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu aydın şəkildə nümayiş etdirir. İdarə müdiri məktəbin pedaqoji kollektivi ilə də görüş keçirib. Görüş zamanı tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, tam orta təhsil layihəsinin effektiv tətbiqi və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.    

Hamısını oxu
“ASAN müraciət” informasiya sistemi yaradılacaq

Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sistemi yaradılması ilə bağlı sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncamda deyilir: 1. İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılsın. 2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi: 3.1. “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqini formalaşdırsın; 3.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının “ASAN müraciət” informasiya sisteminə çıxışını təmin etsin. 4. Dövlət orqanları (qurumları) “ASAN müraciət” informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin etsinlər. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 5.2. “ASAN müraciət” informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün; 5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Hamısını oxu