Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Zəfərin Qəhrəmanı – İmran Əliyev

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlər boyu igid oğulların qanı, canı və Vətənə sonsuz sevgisi ilə yazılıb. Bu salnamənin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsidir. Bu müqəddəs savaşda Azərbaycan Ordusu öz qüdrətini, gücünü və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfərin arxasında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti dayanırdı.

Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması şəhidlərimizin bizə əmanətidir. Onlar təkcə tarix yazmadılar, onlar həm də xalqın ruhunu dirçəldən, 30 illik Qarabağ nisgilinə son qoyan müqəddəs bir yol açdılar. Şəhidlərimiz Azərbaycanın ən şanlı səhifəsinin müəllifləridir. Onların hər biri bir dastan, bir örnək, bir məktəbdir.

Belə qəhrəmanlardan biri də Əliyev İmran Əli oğludur. 7 aprel 1993-cü ildə Göyçay şəhərində dünyaya göz açan İmran Əliyev uşaqlıq və gənclik illərini Bakı şəhərində keçirmişdir. O, paytaxtda yerləşən 54 nömrəli məktəbdə təhsil almış, daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olaraq ali təhsilini başa vurmuşdur.

Vətənə xidmət amalını həyatının əsas məqsədinə çevirən İmran Əliyev Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmiş, sonra isə təlim-tədris mərkəzində kurs keçərək leytenant rütbəsi ilə Bərdə şəhərində yerləşən hərbi hissədə fəaliyyətə başlamışdır. 2020-ci ilin əvvəlindən etibarən xidmətini davam etdirən İmran, qısa zamanda özünü nizam-intizamlı, məsuliyyətli və cəsur zabit kimi göstərmişdir.

Daha sonra Tərtər istiqamətinə ezam olunan İmran Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdır. Suqovuşan uğrunda gedən ağır və şiddətli döyüşlərdə o, misilsiz igidlik nümayiş etdirmiş, son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Onun həyat yolu Vətənə bağlılığın, şərəfin, qeyrətin və sonsuz vətənpərvərliyin təcəssümüdür. İmran Əliyev sübut etdi ki, Azərbaycan oğulları yenilməzdir, qorxmazdır və Vətən uğrunda canlarını fəda etməyə hər zaman hazırdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun qəhrəmanlığına dövlət tərəfindən verilmiş yüksək qiymətin göstəriciləridir.

Bu gün İmran Əliyev təkcə doğmalarının deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Azərbaycan var olduqca onun adı da yaşayacaq, xatirəsi daim ehtiramla anılacaq. Çünki şəhidlər ölmür, onlar Vətənin yaddaşına çevrilir, xalqın ruhunda əbədi yaşayırlar.

Ruhun şad olsun, qəhrəman

 

      Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

2026-04-07 14:51:00
2543 baxış

Digər xəbərlər

Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
Bayrağımız - qürur mənbəyimiz

Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir Bakı, 9 noyabr, AZƏRTAC Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb. Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır. Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.

Hamısını oxu
“Gələcəyimizə çıraq ol” sosial layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 6 may 2023-cü il tarixində “Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirmişdir. Layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır. Layihə rəhbəri Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanovadır.  

Hamısını oxu
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu