Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bütün zamanların ən böyük ideya nəhəngi: Heydər Əliyev - Tərəqqi və məğlubedilməzlik simvolu!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğu, dövlətimizin  tarixin ən ağır sınaqlarından məhz Heydər Əliyevin uzaqgörənliyi və siyasi səriştəsi nəticəsində üzüağ, alnıaçıq çıxdığı heç kimə sirr deyil. Gücünü xalqından, xalqın ona olan sevgisindən alan Heydər Əliyev bütün həyatını xalqa xidmətə həsr etmiş, öz şəxsi səadətini belə xalqın xoşbəxtliyində axtarmışdır.

Bəs Heydər Əliyevi yeni yaranan, hələ möhkəmlənməyən, torpaqlarının bir hissəsi işğal edilən, daxili hərbi-siyasi və iqtisadi təbəddülatlar içərisində çırpınan Azərbaycanın xilasını necə, hansı ideyalar əsasında həyata keçirmişdi? Bunca mürəkkəblik və çıxılmazlıq içərisində onu ruhdan düşməyə, təslim olmağa qoymayan nə idi?

Bu və bu kimi suallara aydınlıq gətirmək üçün Heydər Əliyevin sahib olduğu ideyalara, bu ölümsüz ideyaların özündə ehtiva etdiyi böyük dəyərlərə, nəhayətsiz gücə nəzər salmağa ehtiyac var.

Mənəvi dəyərlər və azərbaycançılıq ideyası Heydər Əliyevin əsas mübarizə silahı kimi...

Heydər Əliyevin yeni dövlətçilik irsi baxımından atdığı ən mühüm addımlardan biri xalqımızın minillik dəyərlərinin təbliği və inkişafı istiqamətində ciddi addımlar atması, xalqın mənəvi birliyini, onun milli-tarixi ruhunun oyanışını təmin etməsi idi. Ulu öndər hesab edirdi ki, milli-mənəvi dəyərlərə bağlılıq tarix qarşısında ağır imtahan verən Azərbaycan xalqının həmrəyliyini artıracaq, xalqımızın və dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmasına, öz haqqı və hüququ uğrunda daha əzmlə mübarizə aparmasına, bütün müstəvilərdə qələbə qazanmasına kömək edəcək. Ümumiyyətlə, Heydər Əliyev xalqın milli kimliyini qorumağı  xalqın öz varlığını qoruması üçün başlıca şərt hesab edirdi və düşünürdü ki, bu kimliyi yalnız mənəvi dəyərlərə sadiqlik sərgiləmək, gənc nəsli bu dəyərlər əsasında tərbiyə etməklə qorumaq mümkündür.

Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliği və inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təbliğinə xüsusi önəm verdiyi belə ideyalardan biri də azərbaycançılıq ideyası olmuşdur. Azərbaycançılıq ideyasının özünəməxsusluğu onun sadəcə milli yaddaşı oyatması, xalqın öz milli kimliyini bütün əzəməti ilə dərk etməsi deyil, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı vahid məqsəd – Azərbaycan Respublikasının maraqlarının qorunmasına səfərbər etməsi idi. Heydər Əliyev hesab edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ana vətənə - Azərbaycana bağlı olmalı, onun müstəqilliyinin möhkəmlənməsi, tərəqqəsi üçün əlindən gələni əsirgəməməlidir. Heydər Əliyev müstəqilliyi xalqımızın ən böyük uğuru hesab edirdi və düşünürdü ki, hər bir azərbaycanlı bu uğurun qorunması və inkişafına çalışmalıdır. Ulu öndər deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”.

Heydər Əliyevin “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı da Ulu öndərin dövlətimiz, onun müstəqilliyi və bu müstəqilliyin qorunması istiqamətində hər bir azərbaycanlının hansı miqyasda mübarizə aparması gərəkdiyini əks etdirir.

Milli ruhun dirilişi: Heydər Əliyev milli azadlığa gedən yolu bunda görürdü

Ümummilli lider Heydər Əliyev hər zaman xalqın öz milli-tarixi ruhuna qayıdışına cəhd edir, milli ruhun canlanmasını azadlıq və dövlətçiliyimizin qorunması üçün zəruri hesab edirdi. Heydər Əliyev hesab edirdi ki, bir xalqın öz azadlığını təmin etməsi yalnız o zaman mümkündür ki, xalq milli dirçəlişə nail ola bilsin: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, mili ruhun canlanması lazımdır”.

Heydər Əliyevin fikrincə, milli ruhun dirçəlişi üçün xalq öz keçmişini, tarixini, əcdadlarının apardığı mübarizəni, onların sahib olduğu dəyərləri yaxşı bilməli, bunu öz canına, qanına hopdurmalıdır. Məhz bu səbədən də Heydər Əliyev milli tarixin obyektiv şəkildə gənc nəslə öyrədilməsini vacib hesab edir, bunu milli dirçəliş və özünəqayıdşın əsas şərti hesab edirdi. Ümummilli liderin qənaətincə, məhz tarix xalqı öz kökünə bağlayır, onu öz milli axarından, milli kimliyindən kənara çıxmağa qoymur, xalqı yad dəyərlərin təsiri altına düşməkdən, başqalarının əlində alət olmaqdan xilas edir. Ulu öndərin fikrincə, tarixinə bələd olan, ona sahib çıxan hər bir xalq daim öz kökünə, kimliyinə, mədəniyyətinə, adət-ənənəsinə bağlı olur, keçmişindən  güc alaraq gələcəyə doğru əzmlə addımlayır: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”.

Xatırladaq ki, məhz Heydər Əliyevin bilavasitə qayğısı sayəsində müstəqillik dönəmində Azərbaycan tarixinin dərin və hərtərəfli tədqiqinə start verilmiş, milli tariximizin öyrənilməsi və təbliği prosesi geniş vüsət almışdır. Heydər Əliyevin vəfatından sonra eyni siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş, nəticədə vətəninə, xalqına, bayrağına bağlı olan, onun azadlığı və müstəqilliyi uğrunda öz canını sevə-sevə qurban verən nəsillər yetişmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, bu müharibədə üç min hərbçimizin şəhid olması gerçəyi deyilənlərin ən böyük isbatıdır.

Möcüzə yaratmağın sirri: Güclü iqtisadiyyat və çoxşaxəli beynəlxalq əməkdaşlıq!

Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından atdığı mühüm addımlardan biri də, güclü iqtisadiyyatın formalaşdırılması istiqamətində qəti və mütəmadi addımların atılması oldu. Yenicə müstəqillik qazanan, torpaqlarının 20%-i ermənilər tərəfindən işğal edilən, iqtisadi-siyasi və hərbi baxımdan ciddi təbəddülatlar yaşayan, müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün kövrək səylərini davam etdirən Azərbaycanda iqtisadi vəziyyət də kifayət qədər ağır idi. Heydər Əliyev bir tərəfdən ölkədaxili vəziyyəti həssaslıqla izləyir, digər tərəfdən xarici təzyiqlərin qarşısını almağa, eyni zamanda dağılan iqtisadiyyatı bərpa etməyə, onu yeni, modern tələblər üzərində yenidən formalaşdırmağa çalışırdı. Ulu öndər yaxşı dərk edirdi ki, güclü dövlətin təməli güclü iqtisadiyyatdır. Dövlətin bütün digər istiqamətlərdə uğur qazanmasının əsas yolu güclü iqtisadiyyatdan keçir. Heydər Əliyev bu barədə deyirdi: “Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün  əsas şərt onun iqtisadiyyatıdır”. Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da Heydər Əliyevin güclü iqtisadiyyata verdiyi önəmi göstərir.

1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev hər şeydən öncə Azərbaycanın iqtisadi baxımdan müstəqilliyinə nail olmaq, onu güclü iqtisadiyyata malik dövlətə çevirmək üçün sistemli addımlar atmış, tarixi nailiyyətlərə nail olmuşdur. Bu nailiyyətlərdən ən mühümü isə heç şübhəsiz 1994-cü ilin 20 sentyabr tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilənin imzalanması oldu. “Əsrin müqaviləsi” kimi xarakterizə edilən bu mübarizə Azərbaycan neftinin dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı, habelə, bu nefrin dünya bazarına çıxmasını təmin etdi. “Əsrin müqasviləsi” çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı ölkəmizə ümumi dəyəri milyardlarla dollar məbləğində investisiya qoymuş, respublikamızın iqtisadi simasını tamamilə dəyişmişdir.

Bu müqavilə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə geniş əməkdaşlığı üçün də əlverişli şərait yaratmışdır. Bu isə sadəcə iqtisadiyyatımızın inkişafı baxımından deyil, həm də dövlətimizin tanınması, onun beynəlxalq aləmə inteqrasiyanı baxımından olduqca vacib idi.

Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətimizə bütün digər sahələrdə, eləcə də hərbi-siyasi müstəvidə  güclənmək, özünü inkişaf etdirmək imkanı qazandırdı ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi, xalqın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından olduqca vacib idi. Xatırladaq ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulan tərəqqi modelinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir.

Demokratik dövlət, vətənpərvər gənclik, həqiqi müstəqillik...

Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından mühüm önəm kəsb edən ideyalarından biri də demokratiya və həqiqi müstəqillik ideyası idi. Demokratiyanı sərhədsiz azadlıq, məsuliyyətsizlik, xaos və qeyri-müəyyənlik hesab edən bəzilərindən fərqli olaraq, Ulu öndər demokratiyanı qanuna, başqalarının hüquqlarına və azadlığına hörmət kimi xarakterizə edirdi: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokraiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”.

Heydər Əliyev demokratiyanı yüksək mədəniyyət nümunəsi, dövlət və vətəndaşın bir-birinə qarşılıqlı hörməti kimi xarakterizə edirdi. Ulu öndərin firkincə, demokratiyanı itaətsizlik kimi təqdim etmək yanlışdır və bu cür təqdimat daxili sabitlik, vətəndşların rahatlığı və təhlükəsizliyi üçün təhdid yaradır.

Heydər Əliyev yeni Azərbaycan dövlətinin həqiqi müstəqilliyinə ciddi önəm verir, onun müstəqil xarici siyasət yürütməsi üçün əsl iradə və prinsipiallıq sərgiləyirdi. Təsadüfi deyil ki, Ulu öndər bəzən Ermənistanın Azərbaycana təcavüzü qarşısında susqunluq sərgiləyən Rusiya, ABŞ kimi dünyanın qabaqcıl dövlətlərinə belə açıq iradını bildirir, onları ədalətli olmağa, ikili standartlardan uzaq durmağa səsləyirdi.

Ümummilli lider Azərbaycanın müstəqilliyini qorumaq, onu inkişaf etdirmək üçün dövlətinə, bayrağına, tarixinə, ana dilinə, mədəniyyətinə bağlı vətənpərvər gənclik yetişdirməyi zəruri hesab edir, mütəmadi şəkildə bunun əhəmiyyətindən bəhs edir, vətən sevgisindən məhrum şəxsləri mənəvi baxımdan şikəst insanlar kimi xarakterizə edirdi.

Göründüyü kimi, yeni Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev öz fəaliyyəti ilə əsl vətənpərvərlik nümunəsi yaratmış, bütün zamanların ən böyük ideya nəhəngi olduğunu praktiki şəkildə isbatlamışdır. Illər, əsrlər keçsə də tərəqqi və məğlubedilməzlik simvolu olan Heydər Əliyevin parlaq ideyaları yaşayacaq, Azərbaycan xalqının gələcəyinə şəfəq saçacaqdır.

Seymur ƏLİYEV

 

2022-10-04 10:52:00
947 baxış

Digər xəbərlər

“Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmi təqdim olunub

2025-ci il iyunun 25-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə “Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmin təqdimatı keçirilib. Filmin təqdimatında göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, həmçinin çəkilişlər zamanı yaradılan əlverişli şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova və onun əməkdaşlarına təşəkkür bildirilir Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun çıxışı ilə açıldı. O, bu kimi layihələrin mədəni irsin təbliğindəki əhəmiyyətini vurğuladı və filmin ərsəyə gəlməsində əməyi olan “Sağlamlığın Qorunması” İctimai Birliyinə və yaradıcı heyətə təşəkkürünü bildirdi. Daha sonra “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Yazgül Abdıyeva xüsusi olaraq vurğuladı ki, təqdim olunan film vasitəsilə Gədəbəy rayonunun zəngin mədəni və tarixi irsinin daha geniş auditoriyaya tanıdılması, eyni zamanda bu irsin gələcək nəsillərə ötürülməsi başlıca məqsədlərdəndir. Onun sözlərinə görə, bu cür təşəbbüslər həm milli kimliyin qorunması baxımından mühüm rol oynayır, həm də regionun turizm potensialının artırılmasına töhfə verir. Tədbirin əsas hissəsində Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmi təqdim olundu. "Qaladan Qala" – “Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi Azərbaycanın qədim tarixinin izlərini özündə yaşadan Gədəbəy rayonunun zəngin mədəni irsini, arxeoloji və memarlıq abidələrini, folklor və etnoqrafik xüsusiyyətlərini tamaşaçılara təqdim edir. Film, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəydə yerləşən qala qalıqları, qədim körpülər, yaşayış məntəqələri, türbələr və daş abidələr vasitəsilə bölgənin tarixi yaddaşını canlandırır. Eyni zamanda ekran əsəri yalnız daş abidələrlə kifayətlənmir – aşıq sənəti, dastan və nağıl ənənəsi, bölgədə yaşayan Malakan icmasının gündəlik həyatı və qəhrəmanlıq tarixi də filmin əsas mövzularındandır. Kamera qarşısında canlanan bu irs, sadəcə keçmişə bir nəzər deyil, həm də gələcəyə tutulan güzgüdür. Film, qədim oğuz türklərinin bölgədə qoyduğu izləri, sıldırım qayalar üzərində ucalan qalaların monumental gözəlliyini və bu irsin qorunmasının vacibliyini dolğun şəkildə əks etdirir. Sənədli film vasitəsilə tamaşaçılar təkcə daşlar və divarlar arasında səyahət etmir, həm də bir xalqın ruhuna, yaddaşına və milli kimliyinə doğru mənəvi bir yolçuluğa çıxırlar. Layihə mədəni irsin qorunması və bu irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm bir sənədli töhfə hesab olunur. Filmin nümayişindən sonra Media Təhlil Mərkəzinin audiovizual layihələr üzrə eksperti, telejurnalist Səidə İbrahimli çıxış edərək sənədli filmin çəkiliş prosesi və maraqlı məqamları barədə danışdı. O qeyd etdi ki, belə filmlər vasitəsilə bölgələrin mədəni və tarixi potensialı daha geniş auditoriyaya çatdırılır. N.Tusi adına klinikanın direktoru Afət Məhəmmədli sağlamlıqla mədəni irs arasında əlaqədən bəhs etdi. O vurğuladı ki, cəmiyyətin sağlam inkişafı yalnız fiziki deyil, mənəvi sağlamlıqla da sıx bağlıdır və bu baxımdan mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Şair-publisist Etibar Nadiroğlu bölgəyə dair ədəbi-bədii duyğularını bölüşdü. O, Gədəbəyin təbiətindən, tarixindən və insanlarının ruhundan ilham alan poetik təəssüratlarını dinləyicilərlə paylaşdı. AMEA-nın əməkdaşı, tarix elmləri doktoru İlham Həsənov Gədəbəyin tarixi abidələrinin elmi dəyərləndirilməsinə toxundu. O qeyd etdi ki, bölgədəki abidələr Azərbaycanın qədim dövlətçilik ənənələrinin sübutu kimi mühüm tədqiqat obyektləridir. “İntellektual Hüquq Mərkəzi”nin direktoru, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, AYB üzvü, prezident təqaüdçüsü İlqar Türkoğlu isə çıxışında türk dünyasının ortaq irsində Gədəbəyin rolunu vurğuladı. Onun fikrincə, belə layihələr türk xalqları arasında tarixi bağların möhkəmlənməsinə töhfə verir. AMEA Folklor İnstitutunun dosenti, t.ü.f.d. Aynur İbrahimova “Gədəbəy folklor mühiti: etnoqrafik zənginlik və milli düşüncə” mövzusunda çıxış edərək bölgənin elmi-folklor yaddaşını təqdim etdi. O bildirdi ki, Gədəbəyin şifahi ənənələri və etnoqrafik materialları Azərbaycan mədəni irsinin mühüm hissəsidir. Prezident mükafatçısı, şair-publisist Aybəniz Qafarlı Gədəbəyin ədəbi-mədəni mühitinə dair fikirlərini bölüşdü. O vurğuladı ki, bu torpaq təkcə təbiəti ilə deyil, yetirdiyi sənətkar və ziyalılarla da zəngindir. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar isə gənclərin yaradıcılığı və mədəni irsin təbliği istiqamətindəki təşəbbüslərin önəmini qeyd etdi. O bildirdi ki, yeni nəsillərin bu irsə sahiblənməsi milli kimliyimizin gələcəyi üçün mühüm şərtdir. Çıxışlarda Gədəbəyin zəngin tarixi, mədəni və mənəvi irsi, bu irsin nəsillərarası ötürülməsi, sənədli filmin rolu və yaradıcı gənclərin dəstəklənməsi vurğulandı. Tədbirin bədii hissəsində qum rəssamı Lalə Hüseynzadənin və rəssam-ifaçı Emin Saqinin rəsmləri nümayiş olundu. Həmçinin Emin Saqi tərəfindən “Gədəbəy Tarixi” mahnısı səsləndirildi. Y.Abdıyeva, eyni zamanda, film çəkilişləri zamanı yaradılan şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinə təşəkkürünü ifadə edib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq Orxan Mürsəlova təşəkkürnamə təqdim edib. Tədbirdə Gədəbəy sakinləri, icra nümayəndələri və müxtəlif peşə sahibləri ilə yanaşı, Bakıdan və Rusiyadan da qonaqlar iştirak ediblər. Qeyd edək ki, çəkilişlər “AS Production” tərəfindən həyata keçirilib.  

Hamısını oxu
DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

“03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilmişdir. Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılmışdır.Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılmışdır”. Bu sözlər Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında yer alıb. Məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasının vətəndaşları – C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 03 dekabr 2025-ci il tarixində saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər etmişlər. Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə – hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Göründüyü kimi, DTX növbəti dəfə sadə vətəndaşların mənzil arzusuna qəsd edən şəbəkəni müəyyən edərək həm qanunun, həm də ədalətin tələbini yerinə yetirib. Xatırladaq ki, DTX əvvəlki illərdə də dəfələrlə oxşar qanun pozuntularının qarşısını peşəkarlıqla almış, kiber cinayətkarlara qarşı uğurlu əməliyaytalr təşkil etmişdi. Lakin MİDA-nın keçirdiyi son satışlar və bu satışlar zamanı da kiber cinayətkarların sistemə müdaxilə cəhdləri məlum problemin həllinə daha fundamental yanaşmağı zəruri edir. Hər şeydən öncə qeyd edək ki, məlum müdaxilələr onu deməyə əsas verir ki, MİDA-nın sistemi kiber hücumlara qarşı kifayət qədər dayanıqlı deyil və məhz bu səbəbdən də dövlətin təhlükəsizliyi ilə bağlı üzərinə böyük məsuliyyət götürən DTX hər dəfə bu problemə də müdaxilə etmək məcburiyyətində qalır. Halbuki, məlum problemin həli istiqmətində daha fundamental və birdəfəlik addımlar atmaq olar. Bu addımlardan biri kimi, MİDA-nın mənzil satışı ilə bağlı daha təkmil sistem yaratmaq, yaxud sistemin müdafiəsini tamamilə DTX-ya həvalə etmək olar. DTX-nın maddi-texniki bazası, eləcə də kadr ehtiyatı bu problemi birdəfəlik ortadan qaldırmağa, satışın şəffaflığı ilə bağlı vətəndaşların narahatlığına son qoymağa imkan verir. Həm dövlətin maraqları, həm də vətəndaş məmnunluğunun təmini baxımından bu, ən optimal variantlardan biridir. Şübhəsiz, problemin həlli ilə bağlı digər variantlar da təqdim edilə bilər. Önəmli olan dövlətin bu nəcib layihəsinə kölgə düşməsinin qarşısını almaq, ədalət və qanunun şərtini yerinə yetirməkdir. Seymur ƏLİYEV

Hamısını oxu
“Qənirə Paşayevanın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”

“Millət vəkili Qənirə Paşayevanın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.  Bunu Veteran.gov.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirb. Cəlil Xəlilov qeyd edib ki, Qənirə Paşayevanın vəfatından milyonlarla insanın duyduğu kədər, ona olan sevginin təzahürüdür: “Qənirə Paşayeva xalqımız və dövlətimiz qarşısında mühüm xidmətləri olan, bütün cəmiyyətin sevgisini qazanan bir insan idi. O, hər zaman dövlətimizin mənafeyinin keşiyində dayanmış, sözü, qələmi ilə xalqımıza sevə-sevə xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Qənirə Paşayevanın beynəlxalq media orqanlarına verdiyi açıqlamalar erməni faşizminin ifşasında mühüm rol oynamış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə böyük töhfə vermişdir. Qənirə Paşayeva bütün Azərbaycan xalqının, eləcə də veteranların dostu idi və o, biz veteranlar tərəfindən bundan sonra da daim məhəbbət və ehtiramla xatırlanacaq”.  

Hamısını oxu
Enaxan Siddiqova

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VII yazı 1954-cü ildə Özbəkistanın Fərqanə vilayətində anadan olub. Fərqanə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. “Qaragöz durnalar”, “Sümənbər nəsim”, “Könül üfüqləri”, “Eşq ifari” adlı şeir, “Sirli gecə fəryadı” adlı nəsr və bir sıra ədəbi-publisistik kitabları çap olunub. “Dostluq” və “El-yurd hörməti” ordenləri ilə təltif olunub. 2023-cü ildə vəfat edib.   Sevilmək üçün...   Biz sevilmək üçün gəldik dünyaya, Eşq odun olum mən ocaqlarına.   Bizi yaratmışdır qadir Allahım, Eşqin uca dari, sırtmaqlarına.   Bu dünya tuzakdır, fəryad gərək deyil, Düşmüşük yalnız eşq tuzaqlarına.   Eşq məgər cəhənnəm olsa, çağır ki, Cənnət qalıb girəcəyəm cəhənnəmlərinə.   Eşq deyə qiyamətə qədər gedəcəyik, Günahımız eşq deyə soraqlarına.   Eşqimiz ilahi, qurbanlıq aslı, Canımız tikilmiş bayraqlarına.   Bizi eşq mülkünə məhkum etsin Allah, Sürgün etsin sonsuz azablarına.   Anagül, tökülsək bir damla kimi, Əzəl sərkatibin mürəkkəblərinə.   Son gün   Ömür bircə dəfə verilmiş fürsət: Nanə kimi bitmək, çiçəkləmək azad. Gedərsən arxanca tökülsün ehsan, Arxandan bir dəfə ah çəksin günəş.   Ömür bircə dəfə verilmiş fürsət: Qərd deyil, ürəyim ol bir böyük dərd. Arxanca ah çəksin, ağlasın səma, Arxandan baş vursun qalan həmin bəxt.   Ömür bircə dəfə verilmiş fürsət: Parça-parça edib ürəyi yandırmaq. Başından qurbətlər ərisin, dövran, Ləkələrini gizlət o gün, ey mahtab.   Ömür bircə dəfə verilmiş fürsət: Bu dünya üstündən qəhqəhə vur, gül. Bir nəfəslik sussun axı bu cahan, Arxandan əzilib ağlasın bir gül.   Son günün ardından ən son fürsət: Saçını tozdursun, ah vurub getsin. Haqqın dərgahında o günü arman, Qəmlər tabutunu götürüb getsin.   O gün... o gün çox pıçıldayır, Səssizlik darına asılmış dilin. Şeirlərini oxuyub gözü yaşlanır, Cəsədin üstündə əyilir elin...   Ömür yalnız dəfə verilmiş fürsət...   Ömür təqvimindən bahar, payız keçdi...   Ömrüm təqvimindən altmış bahar, Altmış payız keçdi qırılan yarpaqtək. Həyat arxasından qaçıb, atılıb Mən nəyə vuruldum, nə sözü deyim?!   Kor sərnişin kimi mən bu yollarda Bəxti səhvə saldım, qəlbi itirdim. Tapmışam, ama heç yadımda deyil, İsti günlərdə elə soyuqlandım.   Bəzən düşünmədən mişarla yıxdım, Ürəyim böyüdən mavi ağacı. Bəlkə də oxuya bilmədən keçdim, Alnıma Allah bitmiş dəstxətti.   Ömrüm təqvimindən bahar, payız keçdi, Qış gəldi qəlibimə, qarlar da yağdı. Başımda hər zaman fırlanıb uçan, Səsi gelən o qara qarğalardı.   Ürəyim unudur, geri dönərsəm, Ah desəm, illərim tökülür tut kimi. Xalqım xatırlayırmı bir misramı? Sanki hamısı unudulub.   Amma həvəsim yox şairliyə heç, Haqqın dərgahında mən də sərnişin. Tale mənimlədir, Allah güc verər, Axı qaranlıq deyil, elçisiyəm işığın.   Bilirəm, qarşında çoxdur vəzifəm, Qəlbim gül açdıran yaradan haqqı. Yaxşı, dualar et, alnımdan da öp, Borcum kəsəbilsəm, ey ana xalqım!   * * * Xorlanmaq, təhqirə alışmış ürək, Gəlir elə Ümid, Erk və Hürriyyət! Ölməyəcəksənmi axı sevincdən. Qorxundan adını unutmuş Yarpaq kimi titrəyən, ürəyim, Mən sənə bir sütün qoymalıyam – Böyük bir sütun: Qürurdan – Namusdan – İmandan demək. Ta hər zaman yeddi bükülüb əyilmə deyə.   Özbək dilindən uyğunlaşdıran: Rəhmət BABACAN

Hamısını oxu