Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmi təqdim olunub

2025-ci il iyunun 25-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə “Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmin təqdimatı keçirilib.

Filmin təqdimatında göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, həmçinin çəkilişlər zamanı yaradılan əlverişli şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova və onun əməkdaşlarına təşəkkür bildirilir

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun çıxışı ilə açıldı. O, bu kimi layihələrin mədəni irsin təbliğindəki əhəmiyyətini vurğuladı və filmin ərsəyə gəlməsində əməyi olan “Sağlamlığın Qorunması” İctimai Birliyinə və yaradıcı heyətə təşəkkürünü bildirdi.

Daha sonra “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi.

Yazgül Abdıyeva xüsusi olaraq vurğuladı ki, təqdim olunan film vasitəsilə Gədəbəy rayonunun zəngin mədəni və tarixi irsinin daha geniş auditoriyaya tanıdılması, eyni zamanda bu irsin gələcək nəsillərə ötürülməsi başlıca məqsədlərdəndir. Onun sözlərinə görə, bu cür təşəbbüslər həm milli kimliyin qorunması baxımından mühüm rol oynayır, həm də regionun turizm potensialının artırılmasına töhfə verir.

Tədbirin əsas hissəsində Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmi təqdim olundu. "Qaladan Qala" – “Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi Azərbaycanın qədim tarixinin izlərini özündə yaşadan Gədəbəy rayonunun zəngin mədəni irsini, arxeoloji və memarlıq abidələrini, folklor və etnoqrafik xüsusiyyətlərini tamaşaçılara təqdim edir. Film, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəydə yerləşən qala qalıqları, qədim körpülər, yaşayış məntəqələri, türbələr və daş abidələr vasitəsilə bölgənin tarixi yaddaşını canlandırır. Eyni zamanda ekran əsəri yalnız daş abidələrlə kifayətlənmir – aşıq sənəti, dastan və nağıl ənənəsi, bölgədə yaşayan Malakan icmasının gündəlik həyatı və qəhrəmanlıq tarixi də filmin əsas mövzularındandır. Kamera qarşısında canlanan bu irs, sadəcə keçmişə bir nəzər deyil, həm də gələcəyə tutulan güzgüdür. Film, qədim oğuz türklərinin bölgədə qoyduğu izləri, sıldırım qayalar üzərində ucalan qalaların monumental gözəlliyini və bu irsin qorunmasının vacibliyini dolğun şəkildə əks etdirir. Sənədli film vasitəsilə tamaşaçılar təkcə daşlar və divarlar arasında səyahət etmir, həm də bir xalqın ruhuna, yaddaşına və milli kimliyinə doğru mənəvi bir yolçuluğa çıxırlar. Layihə mədəni irsin qorunması və bu irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm bir sənədli töhfə hesab olunur.

Filmin nümayişindən sonra Media Təhlil Mərkəzinin audiovizual layihələr üzrə eksperti, telejurnalist Səidə İbrahimli çıxış edərək sənədli filmin çəkiliş prosesi və maraqlı məqamları barədə danışdı. O qeyd etdi ki, belə filmlər vasitəsilə bölgələrin mədəni və tarixi potensialı daha geniş auditoriyaya çatdırılır. N.Tusi adına klinikanın direktoru Afət Məhəmmədli sağlamlıqla mədəni irs arasında əlaqədən bəhs etdi. O vurğuladı ki, cəmiyyətin sağlam inkişafı yalnız fiziki deyil, mənəvi sağlamlıqla da sıx bağlıdır və bu baxımdan mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Şair-publisist Etibar Nadiroğlu bölgəyə dair ədəbi-bədii duyğularını bölüşdü. O, Gədəbəyin təbiətindən, tarixindən və insanlarının ruhundan ilham alan poetik təəssüratlarını dinləyicilərlə paylaşdı. AMEA-nın əməkdaşı, tarix elmləri doktoru İlham Həsənov Gədəbəyin tarixi abidələrinin elmi dəyərləndirilməsinə toxundu. O qeyd etdi ki, bölgədəki abidələr Azərbaycanın qədim dövlətçilik ənənələrinin sübutu kimi mühüm tədqiqat obyektləridir.

“İntellektual Hüquq Mərkəzi”nin direktoru, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, AYB üzvü, prezident təqaüdçüsü İlqar Türkoğlu isə çıxışında türk dünyasının ortaq irsində Gədəbəyin rolunu vurğuladı. Onun fikrincə, belə layihələr türk xalqları arasında tarixi bağların möhkəmlənməsinə töhfə verir.

AMEA Folklor İnstitutunun dosenti, t.ü.f.d. Aynur İbrahimova “Gədəbəy folklor mühiti: etnoqrafik zənginlik və milli düşüncə” mövzusunda çıxış edərək bölgənin elmi-folklor yaddaşını təqdim etdi. O bildirdi ki, Gədəbəyin şifahi ənənələri və etnoqrafik materialları Azərbaycan mədəni irsinin mühüm hissəsidir.

Prezident mükafatçısı, şair-publisist Aybəniz Qafarlı Gədəbəyin ədəbi-mədəni mühitinə dair fikirlərini bölüşdü. O vurğuladı ki, bu torpaq təkcə təbiəti ilə deyil, yetirdiyi sənətkar və ziyalılarla da zəngindir. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar isə gənclərin yaradıcılığı və mədəni irsin təbliği istiqamətindəki təşəbbüslərin önəmini qeyd etdi. O bildirdi ki, yeni nəsillərin bu irsə sahiblənməsi milli kimliyimizin gələcəyi üçün mühüm şərtdir.

Çıxışlarda Gədəbəyin zəngin tarixi, mədəni və mənəvi irsi, bu irsin nəsillərarası ötürülməsi, sənədli filmin rolu və yaradıcı gənclərin dəstəklənməsi vurğulandı.

Tədbirin bədii hissəsində qum rəssamı Lalə Hüseynzadənin və rəssam-ifaçı Emin Saqinin rəsmləri nümayiş olundu. Həmçinin Emin Saqi tərəfindən “Gədəbəy Tarixi” mahnısı səsləndirildi.

Y.Abdıyeva, eyni zamanda, film çəkilişləri zamanı yaradılan şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinə təşəkkürünü ifadə edib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq Orxan Mürsəlova təşəkkürnamə təqdim edib.

Tədbirdə Gədəbəy sakinləri, icra nümayəndələri və müxtəlif peşə sahibləri ilə yanaşı, Bakıdan və Rusiyadan da qonaqlar iştirak ediblər.

Qeyd edək ki, çəkilişlər “AS Production” tərəfindən həyata keçirilib.

 

2025-06-26 19:28:52
2956 baxış

Digər xəbərlər

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

Hamısını oxu
“Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilib

Veteran.gov.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir. Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir.   Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.   Qaliblər pul mükafatı ilə mükafatlandırılacaqdır.    

Hamısını oxu
“Haqq səsimizin dünyaya çatdırılmasında QHT-lərin böyük rolu var”

Azər Badamov: “QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyinin möhkəmlənməsinə xidmət edir” Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev mətbuata açıqlamasında bildirib ki, bugünə qədər Şuşaya 800-ə qədər, bütövlükdə Qarabağa 1500 qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsinin səfəri təşkil olunub. Bu statistika Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni cinayətlərinin ifşasında QHT  təmsilçilərinin yaxından iştirak etdiyinin göstəricisi sayıla bilərmi? Ümumiyyətlə, ümummilli məsələlərdə dövlət qurumları ilə QHT-lər arasında bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov ölkəmizdəki QHT sektorunun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, erməni cinayətlərinin ifşa edilməsində, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq işləri haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oyandığını bildirib: “Dövlət QHT-lərin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır. QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da QHT-lərin rolu qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir. Görüş barədə redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən məlumat verilmişdir. Cari ilin 26 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə digər məsələlər ilə yanaşı, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri haqqında danışılmış və bildirilmişdir ki, bilavasitə ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən sözügedən tədbirin qlobal informasiya məkanında təbliğində siyasi partiyalar tərəfindən aktiv mövqeyin nümayişi təqdirəlayiq haldır. Görüş zamanı xüsusi olaraq vurğulanmışdır ki, partiyaların ölkənin siyasi həyatında aktiv iştirak etməsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin təzahürüdür. Bu mənada demokratik ənənələrin inkişafında ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqunun rolu əvəzolunmazdır. Formalaşan yeni siyasi konfiqurasiya çərçivəsində siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini vurğulayan Partiya sədri bildirmişdir ki, mövcud istiqamətdə atılan təşəbbüslər sayəsində partiyaların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir. A.Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyası tərəfindən həyata keçirilən cari layihələr və Partiyanın gələcək planları haqqında geniş məlumat vermişdir. Görüş əsnasında həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülmüş misilsiz layihələr barəsində söhbət aparılmışdır. Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu vurğulayan A.Bakuvi dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd etmişdir. Sonda Prezident Administrasiyasının rəsmisi Vəhdət Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulamışdır.  Vəhdət Partiyasının Mətbuat xidməti  

Hamısını oxu