Digər xəbərlər
2020-ci il 27 sentyabr Azərbaycan tarixinin ən önəmli, ən yaddaqalan günlərindən biridir. Belə ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə məhz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirldi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsıdi ilə anım günü sentyabrın 27-də keçirilir. Həmin Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Bu gün biz Azərbaycan xalqı olaraq şəhidlərimizi rəhmətlə anırıq! Allah şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi və ordumuzu qorusun! Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri
Hamısını oxu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib. Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini Fatma Səttarovanın dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirib. Gənclər günündə keçirilən görüşü “Nəsillərin görüşü” kimi dəyərləndirən Aygün Əliyeva 100 ilin adamının keçdiyi həyat yolunun və fəaliyyətinin gənclərə əsl nümunə və örnək olduğunu vurğulayıb. Fatma Səttarova Agentlikdə olmasından və bu görüşdən məmnun olduğunu bildirib. Səmimi şəraitdə keçirilən görüşdə Fatma Səttarova onun həyat fəaliyyətinə dövlət qayğısından, Prezident İlham Əliyevlə görüşündən bəhs edib. Sonra Agentliyin əməkdaşlarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olduğunu vurğulayıb. Natiq Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, 44 günlük Zəfər müharibəsinin 500 nəfər gənc veterenı artıq təşkilatın üzvü olduğundan, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb. Sonda 100 illik yubileyi münasibəti ilə Fatma Səttarovaya Agentlik tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
Hamısını oxu
Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır. 1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi. İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi. Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi. 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu. Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır: “Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…” Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi. Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir. O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Qəhrəmanlar unudulmur! Fəxrəddin Musayev: Zirvələrin Qartalı Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır. Xalqımız və dövlətimiz Vətən uğrunda Şəhid olan qəhrəmanlıqlarını hörmətlə xatırlayır, etiramla anır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi “Azərbaycanın Milli Qəhrəmanı” baş leytenant Fəxrəddin Musa oğlu Musayevdi. Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdı. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdu. Sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. 1975-ci ildə ordu sıralarına göndərilmişdi. Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçmişdi. 1979- cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1982-ci ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirərək, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdi. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində ixtisası üzrə işlə təmin edilmişdi. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnən Fəxrəddin Musayev işindən ayrılmadan Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdu. Əgər I Qarabağ savaşı başlamasaydı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən torpaqlarımız işğala məruz qalmasaydı, milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilməsəydi Fəxrəddin Musayevin həyatı öz axarında davam edəcəkdi... Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yaraqlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli şəkildə həlak olur. Şəhidlər Xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi Vətən torpağına qovuşur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musa oğlu Musayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ondan əmanət qalan tək və yeganə oğlu ata olub, baba olub, övladına atasının adını verib. Bununla kifayətlənməyib, şərəfli ömür yolunu ləyaqətlə davam etdirib. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu