Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TƏBİB 1500 təcili yardım maşını alır, tibb sektoruna böyük kadr cəlb edilir - yeni savaş iddiaları...

Ekspertlər müharibənin olmayacağını deyir, amma təcili yardım maşınlarının yenilənməsini vacib sayırlar

“Paytaxt və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib. O bildirib ki, indiyə kimi tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib: “Bugünlərdə ölkə başçısına təqdim edilən ”Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq".

Bu açıqlamadan sonra sosial şəbəkələrdə “TƏBİB 1500-ə yaxın təcili yardım sifariş edib. Yenə böyük müharibə ehtimalı var” kimi iddialara da rast gəlinir. Bu iddiaları gücləndirən səbəblərdən biri də ölkənin səhiyyə sisteminə tibb personalı cəlb edilməsi ilə bağlı çoxsaylı elanlardır. Həmin elanlarda tibb bacıları və tibb qardaşları axtarıldığı bildirilir, bundan əlavə, yararlı könüllülər, vətəndaşlar işə dəvət olunur.

Üstəlik, iki il öncə bitmiş Vətən müharibəsindəki zəfərimizi sülh müqaviləsi vasitəsilə Ermənistana qəbul etdirməmizdə də ciddi problemlər yaşayırıq. Bu sahədə bütün proseslər və danışıqlar dalana dirənib. Çoxsaylı ekspertlər hərbi zəfərimizin siyasi fakta çevrilməsi üçün yenidən güc tətbiqini qaçılmaz sayırlar. Qarabağda cərəyan edən hadisələr də müharibə versiyasını və bu barədə iddiaları gücləndirir. Odur ki, hər kəs əlamət axtarır. TƏBİB rəhbərinin dedikləri isə savaş iddialarını gücləndirən detal kimi qəbul olunub.

Bəs əslində məsələnin mahiyyətində nə dayanır? Azərbaycan səhiyyə sisteminə milyonlarla yatırımı nə üçün qoyur? 

Ekspertlərdən biri ‘’Yeni Müsavat’’ın müxbirinə deyib ki, İkinci Qarabağ müharibəsi zamanı, habelə postmüharibə dövründə xeyli sayda təcili tibbi yardım maşınlarımız sıradan çıxıb, köhnəlib. Habelə, elə rayonlar var ki, orada çağırışa həkimlər hələ də 70-80-ci illərin istehsalı olan furqon QAZ-24-lə gedirlər. Fakt budur ki, TTY maşın parkı çox köhnə idi, yenilənməsi zəruri idi.

O zaman aydınlaşdırmağa çalışdıq -  bizi müharibəmi, yoxsa keyfiyyətli tibbi xidmətmi gözləyir? 1500 təcili tibbi yardım maşını nə üçün alınır?

Cəlil Xəlilov (polkovnik) — Vikipediya

 Cəlil Xəlilov

Ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini, dosent Cəlil Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələnin müharibə ilə heç bir əlaqəsi yoxdur: “Müharibə dövründə bütün hərbçilərimiz tam olaraq tibbi ləvazimatlarla, maşınlarla təmin olunmuşdu. Onların ehtiyat imkanları da genişdir. Sadəcə, insanların sağlamlığına TƏBİB tərəfindən diqqətin artması müşahidə olunur. Həm də avadanlıqlar müasirləşdirilir. O avtomobillərin çoxu köhnəlib, uzun müddət işlədilib, indi müasir avtomobillərin içərisində lazımi tibbi avadanlıqlar təchiz edilir. Bir çox hallarda tibb personalı tıxac səbəbindən xəstəxanaya yetişə bilmir. Yəni avtomobilin içərisində  onlara müəyyən yardımlar göstərilir ki, insan sağlamlığını qoruya bilsinlər. Hətta içərisində əməliyyat etmək imkanı olan avtomobillər də var.  Lazımdırsa, bu cür avtomobillər alınacaq.  Prezident son zamanlar səhiyyə sahəsinə xüsusi diqqət ayırır. Dövlət tərəfindən atılan bu addımlar olduqca təqdirəlayiqdir. Bunun da xeyrini xalq hiss edəcək. Fikrimcə, burada başqa məqsəd yoxdur”.

Ekspert yaxın gələcəkdə müharibənin olub-olmayacağı ilə bağlı deyilənlərə belə fikir bildirib: “Laçın dəhlizində Azərbaycan dövlət qurumları, DİN, DTX, Dövlət Nəzarət Məntəqəsi yaradılmalıdır. Laçın dəhlizində separatçıların, erməni qanunsuz hərbi birləşmələrinin fəaliyyətinə son qoyulmalıdır. Qeyri-qanuni olaraq Azərbaycan sərhədlərindən keçib terror aktları törətməyə cəhd edənlərin qarşısı alınmalıdır.

Azərbaycan Prezidenti bütün imkanlardan istifadə edir. Diplomatik imkanlardan, beynəlxalq təşkilatların gücündən istifadə edir, dünyanın aparıcı ölkələri ilə danışıqlar aparır, dövlət maraqlarını ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyırsa, təbii ki, bu məsələlər də həllini tapmalıdır. 30 il bütün beynəlxalq təşkilatlar arasında, xarici dövlətlər qarşısında təkliflər verdik. Birləşmiş Millətlər Təşkilatı qərarlar qəbul etsə də, yerinə yetirmədi. Amma Azərbaycan bunun öz yolunu tapdı. Buna görə BMT Azərbaycana təşəkkür etməlidir ki, onların qərarının icra mexanizmini biz tapdıq. Əgər təkliflər verilirsə, bunu icra etmirlərsə, yenə təxribatlar törədirlərsə, terror aktları törədirlərsə, cavabını Azərbaycan dövləti verəcək. Azərbaycanın buna imkanları var, Azərbaycan güclü orduya malikdir. İqtisadi imkanlara malikdir. Orada yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul edirsə, bizim pasportumuzu daşıyırsa, burada yaşamaq arzusu varsa, onlar üçün də qapı açıqdır. Amma dinc yaşasınlar, ərazi iddialarına düşməsinlər. Təbii ki, bunlar yerinə yetirilmədikdə Azərbaycan məcburdur hərbi gücü ilə bu məsələləri həll etsin. Hələ danışıqlar davam etdirilir. Xarici dövlətilər, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini müdafiə edirlər, təkliflər verirlər. Yəqin ki, bu, prosesə öz təsirini göstərəcək. Sülh şəraitində bu məsələlər həll olunacaq. Delimitasiya və demarkasiya məsələsi həll olunacaq. Dəhliz də açılacaq. Bu, beynəlxalq tələblərdir. Bu, təkcə Azərbaycanın tələbi deyil. Bu, beynəlxalq hüquq normalarıdır ki, qonşu dövlətləri də buna riayət etməlidir".

2022-12-22 13:43:00
827 baxış

Digər xəbərlər

İkinci Dünya Müharibəsinin Qəhrəmanı: Çərkəz Qurbanov

Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir və onların rəşadətli döyüş yolunu gələcək nəsillərə ötürür. Bu qəhrəmanlardan biri də Çərkəz Baxşəli oğlu Qurbanovdur. 1918-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Çərkəz Qurbanov, gənclik illərini vətənin müdafiəsinə həsr etmiş və Böyük Vətən müharibəsinin ən çətin döyüşlərində iştirak edərək şücaətini göstərmişdir. Onun adı cəsur kəşfiyyatçı olaraq yalnız Azərbaycanda deyil, həm də Ukrayna, Rusiya və digər ölkələrdə məşhurdur. Çərkəz Qurbanovun döyüş yoluna nəzər saldıqda, onun həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu önə çıxır.1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya müharibəsi başlandı. Müharibə təhlükəsi Vətənimizə getdikcə yaxınlaşırdı. Gənc Çərkəz Qurbanov 1939-cu ildə Finlandiya müharibəsində  və Qərbi Ukraynanın azad edilməsində igidliklə vuruşaraq əsgərlərə nümunə olmuşdu. 1940-cı ilin əvvəlində o, cəbhədə ağır yaralanaraq Ukraynanın Kamenets-Podolsk şəhərindəki hərbi xəstəxanaya gətirilir. Burada müalicə olunduqdan sonra doğma kəndinə məzuniyyətə qayıdır. Lakin məzuniyyəti uzun sürmür.Böyük Vətən müharibəsinin başlanması ilə Sovet İttifaqının  başı üstünü daha ağır təhlükə - Hitler Almaniyasının təcavüzü alır. Müharibənin ilk günlərində Çərkəz Qurbanov könüllü surətdə cəbhəyə yola düşür.1942-ci ilin avqustun 18-də faşistlər Şimali Qafqazda hücumu genişləndirərək  bir həftə sonra Mozdoku tuturlar. 223 saylı diviziyanın tərkibindəki 1037 – ci polkun kəşfiyyat dəstəsinin komandiri leytenant Çərkəz Qurbanov da faşistlərlə məhz burada – Mozdok ətrafında döyüşə girməli olur. Onun Böyük Vətən müharibəsində qəddar düşmənə qarşı əsas döyüş yolu da buradan başlanır. Döyüşdə göstərdiyi rəşadətə görə polkun ilk medalçısı kimi təltif olunur. Mozdokdan sonra düşmən öz qüvvələrini Georgiyevsk şəhərinə yönəldir. Çərkəz Qurbanov da burada igidlik göstərərək 17 nəfərlə 9 min hərbi əsiri xilas edir.  Bu şücaətə görə  Çərkəz Qurbanov şəhərin simvolik açarı, “Georgiyevsk-200 il” medalı ilə təltif olunur, Georgiyevsk şəhərindəki  Stepnaya küçəsinə Çərkəz Qurbanovun adı verilir. Həmçinin Mozdok şəhərindəki 4 saylı ingilis dili təmayüllü məktəb kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır. Müharibədən sonra Georgiyevsk şəhərinə qayıdan  kəşfiyyatçı  o günləri belə xatırlayırdı: “Müharibədən sonra mən Georgiyevsk şəhərinə gələndə yerli əhali məni tanıdı. Onlar mənə siz niyə qəhrəman ordeni ilə təltif olunmamısınız? sualını verdilər. “Mən öz vəzifəmi yerinə yetirmişəm, qəhrəmanlıq nişanına görə vuruşmamışam!” – deyə cavab verdim. Oradan qayıdıb gələndən sonra yerli əhali Sov.İKP MK –nın birinci katibi L.Brejnevə bir narazılıq məktubu göndərirlər. Məktubda deyilirdi: “ Nə səbəbə əsl qəhrəman  çəkdiyi əziyyətə görə qəhrəmanlıq nişanı ilə təltif olunmayıb?”L.Brejnev  bu məktubu Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Heydər Əliyevə göndərir. Heydər Əliyev təcili Bakıdan Georgiyevsk şəhərinə televiziya çəkilişi aparmaq üçün müxbirləri cəlb edir. Televiya əməkdaşları əsirlərin azad edilməsi faktına əsasən sənədli film hazırlayırlar.  Bu film ayrı-ayrı vaxtlarda nümayiş etdirilir.Digər istiqamətdə, Budapeşt-Vyana döyüşlərində də fəal iştirak edən Çərkəz Qurbanov qəhrəmanlığı ilə seçilir və öndə olur. Belə çətin döyüş və qəhrəmanlıq yolu Şimali Qafqaz, Moldoviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Yuqoslaviya, Berlinin azad edilməsində 1945-ci il may ayında müharibə Elbada başa çatana qədər “Qara bəbir” ləqəbli Çərkəz Qurbanov öz kəşfiyyatçı dəstəsi ilə həmişə döyüşün qızğın yerlərində olub qəhrəmanlıq nümayiş etdirir. Onun xidmət etdiyi  223-cü atıcı diviziyasına Belqrad diviziyası adı verilmiş, qulluq etdiyi 1037-ci polk “İvanov” ordeninə layiq görülmüş, polka Vyana şəhərinin adı verilmişdir. 1975-ci ildən  isə Ukrayna Respublikasının Çerkassı və Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk şəhərlərinin Fəxri vətəndaşıdır. Azərbaycanın cəsur kəşfiyyatçısı Çərkəz Qurbanovun bir çox orden və medallar, Baş komandanlıqdan təşəkkürlər almışdır.Çərkəz Qurbanov 1946-cı il aprelin 29-da ordu sıralarından tərxis olunur. Bakı, Sumqayıt şəhərlərinin  hüquq –mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. “Milis əlaçısı”  döş nişanı ilə mükafatlandırılmışdır. Polis mayoru  rütbəsinə qədər yüksələn Çərkəz Qurbanov Sumqayıt şəhər Polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş və təqaüdə çıxmışdır.  Qeyd edək ki, Çərkəz Qurbanov 18 il qəsəbə sovetinin deputatı olmuşdur. Göstərdiyi xidmətlərə görə H.Z.Tağıyev qəsəbəsindəki keçmiş Kurçatov küçəsi  cəsur kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır.Qürur hissi ilə deyə bilərik ki, Çərkəz  Baxşəli oğlu Qurbanov  İkinci dünya müharibəsi zamanı şərəfli döyüş yolu keçmişdir. Onun kimi qəhrəmanların döyüş yolu daima gənclərimizə örnəkdir.   Cəlil Xəlilov                   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.Məlumata görə, Baş prokuror Kamran Əliyev bildirib ki, aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident lham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib: “Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılıb. Habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib”.   “Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib”,-deyə K.Əliyev qeyd edib.

Hamısını oxu
Cəlil Xəlilov: “Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

“Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir.Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır.Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”.   “Ədəbiyyat və incəsənət” (13.08.2026)

Hamısını oxu
Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.   Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Hamısını oxu