Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illik yubileyi Respublika Veteranlar Təşkilatında qeyd edilib

Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsinin 100 illik yubileyinin yaxın günlərdə dövlət səviyyəsində qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarmızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakı şəhərinin düşməndən azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi. Bildirilib ki, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib və Göyçaya yaxınlaşıblar. Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam edib. Müqavimətə baxmayaraq, Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri düşməni məğlub edib. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişib, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaradıb. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi olub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkilib. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edib. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsi üçün ardıcıl iş aparıblar. Peşəkar Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən çox əsgər və zabiti şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad edib. Bu tarixi günü qeyd etdiyimiz bir vaxtda hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir. Biz inanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan Ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və döyüş əzmini bir daha aydın göstərdi, işğalçıya Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirildi. Biz veteranlar erməni işğalı altındakı Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Prezident yanında Bilik Fondunun sektor müdiri Haci Nərimanoğlu və başqaları çıxış edərək Bakının düşmənlərdən azad olunması ilə bağlı 1918-ci ilin aprel-sentyabr aylarında Cümhuriyyət xadimlərinin fəaliyyətindən, Qafqaz İslam Ordusunun şücaətindən danışıblar. Qeyd ediblər ki, bu tarix Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və birliyin nümunəsidir. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının tariximizin geniş auditoriyaya, xüsusilə də gənclərə aydın çatdırılması və cəmiyyətdə təbliğ olunması baxımından əhəmiyyətindən söz açılıb. Çıxış edənlər Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildiriblər.

2018-09-12 00:00:00
3816 baxış

Digər xəbərlər

Veteranlarımız etibarlı sosial müdafiə ilə əhatə olunublar

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında müstəsna xidmətləri ilə seçilən Azərbaycan hazırda müharibənin iştirakçılarının etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət siyasəti yürüdür. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublikaya qayıdışından sonra İkinci Dünya müharibəsi iştirakçıları cəmiyyətimizin ən hörmətli insanları kimi dəyərləndirilib. 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, həmin müharibənin iştirakçılarının sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb. 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, 2003-cü ildən isə bu siyasət Ulu Öndərin layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yaxın bir neçə ildə İkinci Dünya müharibəsi iştirakçılarına qayğı daha da artırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezidentin çoxsaylı fərman və sərəncamları olub. Hər il 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamları imzalaması da həmin insanlara yüksək diqqət və qayğıdan xəbər verir. Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir. 2012-ci ildə iyulunda 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Sonrakı illərdə imzalanan Prezidentin fərman və Sərəncamları ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar verilib. Polkovnik Cəlil Xəlilov deyib ki, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artırılmaqdadır. Belə ki, Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür. Sərəncam 7600 nəfərə şamil olunub. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir. Qələbənin 75-ci ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirakçılarına 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Cəlil Xəlilov deyib ki, Azərbaycan dövlətinin hər zaman veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin qürur doğuran nəticəsidir. İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. Həmin vətəndaşların dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. Eyni zamanda, sosial xidmətlərə ehtiyac duyan İkinci Dünya müharibəsi iştirakçılarına sosial işçilər tərəfindən evlərində sosial xidmətlər göstərilir. “Həyata keçirilmiş sosial proqramlar Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verildiyini bir daha sübut edir. Ali Baş Komandanın bu istiqamətdə verdiyi fərman və sərəncamlar Azərbaycanın veteranlarına və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Qeyd olunanlar bu dövlət qayğısına layiqli cavab olaraq, İkinci Dünya müharibəsi iştirakçıları da respublikamızın inkişafı proseslərində, xüsusən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər. Müharibə veteranları ilə bağlı dövlətin sosial proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin yerinə yetirilməsində Respublika Veteranlar Təşkilatı yaxından iştirak edir. Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya Respublika Veteranlar Təşkilatının rəhbərliyi və veteranlarımız adından xüsusi minnətdarlığımızı bildiririk”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Hamısını oxu
Yolun davamı

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb

14 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb. Görüşdə veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb.  Təşkilat sədri qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin cəsarəti və peşəkarlığı, xalqımızın həmrəyliyi, Prezident İlham Əliyevin sərkərdəlik dühası ölkəmizi bu tarixi sınaqdan qalib çıxarıb, işğaldakı torpaqlar erməni faşistlərindən azad edilib. Veteranlara Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə təşəkkür edən polkovnik Cəlil Xəlilov, bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, hazırkı post-müharibə dövründə xalqımızın öz birliyini qoruyub saxlaması, dövlət başçısının hər bir çağırışını dəstəkləməsi gələcək uğurların əsas təminatçısı və qarantıdır. Görüşdən sonra veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə ətraflı tanış olub, Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev guşələrini ziyarət ediblər. Təşkilata üzv olan veteranlara üzvlük vəsiqələri təqdim edilib.  

Hamısını oxu