Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi

Bakı, 1 fevral, AZƏRTAC

2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, bu gün Azərbaycan gəncləri öz əxlaqına, mənəviyyatına, intellektual səviyyəsinə, vətən sevgisinə görə dünya gəncliyinə nümunə təşkil edir.

Bununla bağlı AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də, dövlətimizin başçısı İlham Əliyev də hər zaman Azərbaycan gəncliyinə, onun yaradıcı gücünə, qəhrəmanlıq potensialına inanıb, bunu çıxışlarında dönə-dönə vurğulayıblar. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin necə böyük iradə və əzmə, cəsarət və fədakarlığa malik olduğunu təsdiqlədi. Azərbaycan gəncliyi Vətən müharibəsindəki qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi.

Gənclərimizin mübarizə əzmini, vətənə sevgisi və bağlılığını alqışladığını vurğulayan polkovnik deyib: “Bu gün biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə geniş iş aparır, nəsillər arasında sağlam mənəvi bağlılığın formalaşmasına xüsusi diqqət yetiririk. Təşkilatımızın sıraları gənc veteranlar hesabına sürətlə genişlənməkdədir. Orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər keçirir, onların milli tariximizə, soykökümüzə, zəngin mənəvi dəyərlərimizə bağlı şəkildə inkişafına xüsusi diqqət göstəririk.

İnanıram ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar, əsl Vətən sevgisi nümayiş etdirən gənclərimiz bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, respublikamızın inkişafına, onun gücünün və nüfuzunun daha da yüksəlməsinə töhfəsini bundan sonra da verəcək”.

2023-02-01 11:22:00
1216 baxış

Digər xəbərlər

Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş konfrans keçirilib

Mart ayının 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Türk dünyası qovuşağında milli-mənəvi  və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda konfrans keçirilib.  “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın, DQİDK Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin Gəncədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, eləcə də Gəncədə təhsil alan və çalışan türkiyəli müəllim və tələbələr, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq”, – deyə rektor vurğulayıb. Natiq, həmçinin, əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də Şuranın Gəncə şəhər təşkilatının üzvləri milli-mənəvi, dini dəyərlərimizin qorunması və gənc nəslə aşılanması prosesində fəal iştirak edirlər. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bildirib. Bu sahədə aparılan  dövlət siyasətindən bəhs edib. Vurğulayıb ki, son günlərdə Gəncədə səfərdə olan Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın şəhərdə məscid və kilsənin mövcud vəziyyəti ilə yaxından tanış olması milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin bariz göstəricisidir. Tədbirdə çıxış edən DQİDK Gəncə-Daşkəsən regional bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da bu sahədə qarşıda duran vəzifələr barədə fikirlərini səsləndiriblər. Onlar, həmçinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır” mövzusunda çıxış edərək, iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın, eləcə də ortaq dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini  Bayram Yusifov konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, özünə doğma hesab etdiyi bütün gəncəliləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayaraq bildirib ki, xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlərimiz bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdir.  Azərbaycan Ağsaqqallar Şurasının əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri  xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir. Ağsaqqallarımız öz bilik və təcrübələrini əsirgəməyərək milli-mənəvi dəyərlərimizi qoruyur və gənc nəslə ötürürlər. Natiq, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyev də ağsaqqaların bu missiyasını yüksək dəyərləndirərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Lakin unutmayaq ki, milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən bir vəzifədir. Bayram Yusifov, həmçinin, Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qurumdakı əhəmiyyətli fəaliyyətindən ətraflı bəhs edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının işində yaxından iştirak etdiklərini vurğulayıb. ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev də çıxışlarında milli-mənəvi, dini dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd ediblər, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu bildiriblər. Konfransda iştirak edən şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova da mövzu ilə bağlı fikirlərini bölüşüb. Sonda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Hamısını oxu
72 gün sonra şəhid xəbəri gəldi

Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilmişdi.  Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq. Qeyd edək ki, Vəliyev Vüsal 1988-ci ildə Şərurun Dizə kəndində anadan olub. Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı. Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

Hamısını oxu
“Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu