Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhəri Binəqədi rayon  83 nömrəli və Səbayıl rayon 189 nömrəli orta məktəblərdə 2018-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Səbayıl rayon 189 nömrəli məktəbin direktoru Ceyran Quliyeva və Binəqədi rayon 83 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov, İkinci Dünya müharibəsi veteranları Ulduz Kəngərli, İsmayıl Fərəcov, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Təşkilatın əməkdaşları ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Telman Babayev, Nəbi Hacıyev, İsmayıl İsmayılov, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, Binəqədi və Səbayıl rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirlərdə həmçinin hər iki təhsil ocağının şagird və müəllim kollektivi, veteranlar Təhsil Nazirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmişdir. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə qoşulması və ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir.  Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından 189 və 83 nömrəli məktəblərin direktorlarına, pedoqoji kollektivlərinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. Daha sonra II Dünya müharibəsi veteranı Aleksandr Qritiçenko, məktəbin direktoru Ceyran Quliyeva, Respublika Veteranlar Təşkilatının əməkdaşları, məktəbin müəllimləri çıxış etmişlər. Çıxış edən natiqlər Beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar.  Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Ceyran Quliyeva, Nəbi Mahmudov, RVT-nin nümayəndələri, II Dünya müharibəsi veteranları Ulduz Kəngərli və Aleksandr Qritçenko, məktəblilər Əzim Niyazov, Nəzrin Mehdizadə, Fidan Mahmudlu və başqaları ingilis və rus dillərində çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.

2018-09-21 00:00:00
3973 baxış

Digər xəbərlər

Zəfərin Sədaları Altında: Tarixin, Qəhrəmanlığın və Suverenliyin Diyarında – Naxçıvan

Zamanın tozlu səhifələrini vərəqlədikcə bəzi torpaqların adları tarixə qızıl hərflərlə yazılır. Elə bir diyar var ki, onun hər daşı bir qəhrəmanlıq dastanı, hər nəfəsi bir mübarizə nəğməsidir bu diyar Naxçıvandır. Naxçıvan Azərbaycanın canlı tarix salnaməsi, ulu keçmişinin aynası, qəhrəmanlıq və müdriklik məkanıdır. Əsrlərin sınağından çıxmış bu qədim torpaq həm tarixi kökləri, həm də müasir inkişafı ilə Azərbaycanın milli kimliyində mühüm yer tutur. “Nuh peyğəmbərin məskəni”, “Əcəmi yurdu”, “Heydər Əliyev diyarı” kimi ifadələr onun çoxşaxəli və zəngin simasını əks etdirir. Nuhun türbəsi məhz burada yerləşir. Şəhərin adı bəzi mənbələrdə “Nuhun açdığı yer” kimi də izah olunur. Tarixi faktlar göstərir ki, bu torpaqlarda insan məskənləri hələ Paleolit dövrünə  təqribən 100 min il əvvələ gedib çıxır. Eneolit və Tunc dövrlərində burada formalaşan mədəniyyət və ictimai həyatın izləri Kəngərli, Ordubad, Şahbuz, Culfa və Babək kimi bölgələrdə bu gün də yaşadılır. Naxçıvan həm də Azərbaycan memarlığının beşiyi sayılır. XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun və Yusif ibn Küseyir türbələri təkcə Azərbaycanın deyil, bütün İslam aləminin memarlıq incilərindəndir. Bu abidələr Naxçıvanın tarixi, estetik və mənəvi dəyərinin canlı sübutudur. Naxçıvan əsrlər boyu yadelli hücumlara qarşı sipər olmuş, igid oğul və qızları ilə vətənin keşiyində dayanmışdırlar. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti və ölkədəki xaos zamanı Naxçıvan blokada şəraitində milli dirənişin və dövlətçiliyin rəmzinə çevrildi. Bu çətin dövrdə Naxçıvanı sabitlik adasına çevirən şəxsiyyət isə Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyev ilk olaraq doğma Naxçıvana gəldi. O zaman ölkənin böyük hissəsində anarxiya hökm sürsə də, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası özünü qorudu və Azərbaycanın müstəqillik yolunda möhkəm dayağına çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisinin binasında qaldırıldı. Bu, Azərbaycanın müstəqillik yolunda atdığı ən cəsur addımlardan biri idi. Bu gün Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafının öncül nümunəsinə çevrilib. Bölgədə həyata keçirilən infrastruktur, səhiyyə, təhsil və sənaye layihələri Naxçıvanın potensialını tam şəkildə ortaya qoyur. Bu inkişafın və milli birliyin bariz nümunəsi isə 2025-ci il mayın 19-da Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan “8 Noyabr Zəfəri – suverenliyimizin qarantıdır” adlı konfransda bir daha özünü göstərdi. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən bu möhtəşəm tədbir yalnız rəsmi bir toplantı deyil, həm də tarixə, milli ruh və ideologiyaya dərin ehtiramın ifadəsi idi. Konfrans Naxçıvanın təkcə strateji deyil, həm də mənəvi və ideoloji baxımdan Azərbaycanın dayaq nöqtələrindən biri olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündəki sayğı duruşu ilə başlanan bu gündə tarix və milli ruh bir yerdəydi. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər etmişdi. Tarixi abidələrə edilən səfərlər, igidlərin xatirəsinə göstərilən ehtiram, xalqla dövlətin bir-birinə sıx bağlı olduğunun canlı ifadəsi idi. Bu konfrans bir daha sübut etdi ki, 8 Noyabr  Zəfərin, suverenliyin və milli iradənin bayramıdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin sözləri ilə desək, bu Zəfər regionun geosiyasi mənzərəsini dəyişdirən, yeni dövrün qapılarını aralayan bir tarixdir. Polkovnik Cəlil Xəlilovun çıxışında bir məqam xüsusi ilə yadda qaldı: “8 Noyabr Zəfəri Cənubi Qafqazda köhnə və zərərli status-kvonu dağıtdı, yeni reallıqlar yaratdı.” Bəli, bu reallıqlar təkcə hərbi üstünlük deyil, həm də tarixi ədalətin bərpası, milli mənəviyyatın, xalqın qürurunun özünə dönüşüdür. Ən başlıcası isə xalqın öz torpağına sahib çıxması, milli ruhun və suverenliyin təntənəsidir. Bu ruhun təməli hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. O, Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və qarışıq dövrlərdə xalqın iradəsini, dövlətin dayaqlarını bərpa etdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək milyonların içində sönməkdə olan inam çırağını yenidən alovlandırdı. Heydər Əliyev təkcə dövlət qurucusu yox, həm də bu xalqın milli ideologiyasını formalaşdıran tarixi şəxsiyyət idi. Onun həyata keçirdiyi ordu quruculuğu islahatları, vətənpərvərlik ruhunun təməlinə çevrildi. Bu möhkəm təməlin üzərində yüksələn Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən şanlı səhifəsini 2020-ci ildə yazdı. 44 gün ərzində xalq bir yumruq kimi birləşdi, ordu əfsanəvi zəfərlərə imza atdı, Prezident Müzəffər Ali Baş Komandan kimi xalqı və ordunu bir hədəf ətrafında topladı. Bu, xalqın yaddaşında onillərlə daşıdığı ədalət arzusunun gerçəyə çevrilməsi idi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Bu Zəfər Heydər Əliyevin müstəqillik mirasını qoruyub inkişaf etdirən İlham Əliyev liderliyində Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək gücünə sahib olduğunu sübut etdi. Tarix yazıldı və bu tarixdə Naxçıvanın, onun qəhrəman insanlarının, igid oğul və qızlarının da silinməz izləri var. Bu zəfər yalnız silah gücü ilə deyil, həmçinin mənəvi güc, liderlik və xalqın birliyi ilə əldə olunmuşdu. Məhz bu ruh sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, sabahına isə əmin şəkildə və əzəmətlə addımlayır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və 44 günlük Vətən müharibəsi qazisi Təbriz Zeynalov, müharibə qazisi Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi və mənəvi önəmini vurğuladılar. Onların fikirləri bir nöqtədə qovuşurdu: bu Zəfər təkcə bugünün yox, həm də gələcəyin təminatıdır. Çünki bu Zəfər suverenliyimizin qarantına çevrilmişdir.  Çıxışçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkərək dövlətimizin yenidənqurma işlərindəki iradəsini və davamlı inkişaf strategiyasını alqışladılar. İnamla bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə yeni və daha böyük uğurlara imza atacaqdır. Naxçıvan bu Zəfərin ruhunu yaşadan, onu gələcək nəsillərə daşıyan müqəddəs bir məkandır. Bura qəhrəmanların, alimlərin, şəhidlərin və vətən sevdalılarının yurdudur. Səfər çərçivəsində polkovnik Cəlil Xəlilovun akademik Yusif Məmmədəliyevin ev muzeyinə etdiyi ziyarət isə xüsusi rəmzi məna daşıyırdı. Sonda belə bir nəticəyə gəlmək olur Zəfərlər təkcə silahla qazanılmır.Ən böyük zəfərlər ürəklərdə, ruhlarda, ideallarda qazanılır. O zəfərlər ki, səngərdə döyüşçü ilə, laborotoriyada alimlə, məktəbdə müəllimlə, ailədə ana ilə qazanılır. Bu zəfərləri yaşadan, qoruyan və gələcəyə daşıyan isə məhz Naxçıvan kimi ruhu bütöv, mənəviyyatı zəngin yurdlardır.Azərbaycanın qəhrəmanlıq xəritəsində daim parlayan bir ulduz  tükənməz güc, sarsılmaz iradə, qürur mənbəyi olan Naxçıvan! Bu görüşlər, bu addımlar, bu ziyarətlər bir başlanğıcdır.Tarixə, elmə, qəhrəmanlığa atılan bu addımlar bundan sonra da davam edəcək. Hər səfər, hər görüş bu torpağın ruhuna bir salam, gələcək nəsillərə isə bir ismarıcdır: Naxçıvan var olduqca, Azərbaycan bütöv olacaq. Bu vəhdət, bu ruh bizim sonsuz zəfərimizdir. Nadir  İsmayılov

Hamısını oxu
“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir” Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib: “İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib. Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”. Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib: “Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını  əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır. İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Uğradığı ağır məğlubiyyətə baxmayaraq, Ermənistan sülhə hazır deyil”

Nəsib Məhəməliyev: “Erməni cəmiyyətin böyük bir hissəsi və diaspora yeni müharibə, revanş çağırışları səsləndirir”   21 sentyabr tarixi - Beynəlxalq Sülh Günü dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da müxtəlif tədbirlərlə qeyd olundu.   Maraqlıdır, Vətən müharibəsində Azərbaycan tərəfindən ağır məğlubiyyətə uğradılmasına baxmayaraq, hələ də 10 noyabr razılaşmasının şərtlərinə əməl etmək istəməyən, vaxtaşırı təxribatlara əl atan Ermənistanı bu gün də beynəlxalq sülh üçün əsas təhdid mənbəyi hesab etmək olarmı?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev qeyd edib ki, rəsmi İrəvanın atdğı addımlar Ermənistanın hələ də sülhə hazır olmadığını göstərir:   “Beynəlxalq Sülh Günü münasibətilə xalqımızı və bütün sülhpərvər insanları təbrik edirəm və sülh, əmin-amanlıq arzulayıram.   Vətən müharibəsindən ötən müddət bir daha göstərdi ki, ağır məğlubiyyətə uğramağına baxmayaraq, Ermənistan sülhə hazır deyil. Bunu sübut edən əsas faktlar odur ki, özünün imzaladığı 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmaların bəndləri tam şəkildə icra olunmamış, böyük sülh sazişi bağlanmamışdır. Cəmiyyətin böyük bir hissəsi və diaspora yeni müharibə, revanş çağırışları səsləndirir. Demək olar ki, əsas məsələdən yayınmaq üçün hər gün müxtəlif təxribatlar törədirlər. Öz siyasətlərini ənənəvi türkəfobiya, islamofobiya ideyaları üzərində qurmuş və regionda maraqları olan bəzi dövlətlərin vasitəsilə münaqişəni yenidən alovlandırmağa cəhd edilir.   Təbii, bütün bunlar beynəlxalq sülh üçün real təhdidlərdir və beynəlxalq birlik özündə güc tapmalı, beynəlxalq hüququn normaları bərqərar olunmalıdır. İkili standartlardan, son zamanlar bəzi böyük dövlətlərin tətbiq etdiyi terrora dəstək siyasətindən əl çəkilməlidir. Terror, terrordur. Bu məsələlərdə özümün və yaxud özgəsinin terrorçusu anlayışı yol verilməzdir. Belə olduqda, beynəlxalq təhlükəsizlik sisteminə, sülhə təhdidlər yaranır. Nəticə isə, milyonlarla insanın faciəsinə səbəb olur”.   Seymur ƏLİYEV  

Hamısını oxu
"Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dilimizin təbliği ilə bağlı atdığı addımlar təqdirəlayiqdir"

“Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir və Türkiyədə də belə təbliğ ediləcəyinə inanıram” “Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir” Nizami Cəfərov: “Türk xalqları və türk dilləri arasında normal inteqrasiya yalnız bu şəkildə mümkündür” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Azərbaycan dilinin qardaş Türkiyədə təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Bu, olduqca əhəmiyyətli bir yenilikdir. Türkiyədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti haqqındakı təsəvvürlər səthidir. Bəzən hətta belə düşünürlər ki, Azərbaycan dili Türkiyə türkcəsinin bir şivəsidir. Onlarda belə bir təsəvvür ona görə yaranır ki, Türkiyənin şərq hissəsində orta əsrlərdən azərbaycanlılar yaşayıb. Həmin azərbaycanlıların danışığı Türkiyə türkcəsinin dialekti kimi təqdim olunub. Buna görə bəzən Azərbaycan ədəbi dilini də dialekt hesab edirlər. Bu təsəvvür aradan qalxmalıdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan dili ədəbi dildir, Azərbaycan dili dövlət dilidir. Türkiyədəki həmin dialekt də Türkiyə türkcəsinin yox, Azərbaycan dilinin dialektidir. Azərbaycan dilinin tarixi miqyası da dərk edilməlidir. Bizim dilimiz Dədə Qorquddan başlayaraq gələn, Nəsiminin, Füzulinin təcrübəsindən keçən, Koroğlu dastanının, Milla Pənah Vaqifin dilidir. Bu dil həm də Miurzə Fətəli Axundzadənin, Sabirin, Cəlil Məmmədquluzadənin dilidir. Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir. Bu dil məhz bu şəkildə Türkiyədə təbliğ olunmalıdır. Mən inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzi hörmətli Samir müəllimin rəhbərliyi altında dilimizi məhz bu şəkildə də təbliğ edəcək, tanıdacaq. Türkiyədə Azərbaycan dilinin təbliği, tanıdılması istiqamətində atılan bu addımın çox böyük faydası olacaq. Bəzən biz tük xalqları, türk dilləri arasında inteqrasiyanı onların mərkəzləşməsi kimi başa düşürük. Amma nəzər almalıyıq ki, türk xalqları və türk dilləri arasında normal inteqrasiya o zaman olacaq ki, bu xalqların və dillərin müstəqilliyini qəbul edək.  Əlaqələrimiz müstəqillik səviyyəsində olmalıdır. Dillərin və ya xalqların bir-brinə qarışması, bir-birinin içində itməsi inteqrasiya deyil. Belə şey olmur. Biz bütün türk dillərini differensial şəkildə fərqli xüsusiyyətləri ilə bütün digər türk xalqları arasında təbliğ etməlidir. Bunun ən gözəl nümunəsi Azərbaycanla Türkiyə arasında olan münasibətdir”. Seymur ƏLİYEV

Hamısını oxu