Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev: Ömrünü xalqın rifahına həsr edən lider!

Azərbaycan xalqının sosial rifahının yüksəlməsi, onun yaşam səviyyəsinin davamlı olaraq  yaxşılaşması hər zaman Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində  - mürəkkəb hərbi-siyasi vəziyyətdə hakimiyyətə gələn Heydər Əliyev, ölkənin düşdüyü ağır duruma rəğmən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində silsilə addımlar atır, bu yöndə mühüm qərarlar qəbul edirdi. Ulu öndər hesab edirdi ki, müharibə və iqtisadi böhran şəraitində belə xalqın sosial rifahının diqqət mərkəzində saxlanılması vacibdir və bu, çoxsaylı problemlər fonunda prioritet məsələlərdən biri olmalıdır. Bu baxımdan Heydər Əliyevin səyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyada əhalinin sosial rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması öz əksini tapır.

Sosial rifah amilinin konstitusiyada yer alması, dövlətin əsas məqsədlərindən biri elan edilməsi Heydər Əliyevin xalqa, onun layiqli yaşamına verdiyi yüksək diqqətin göstəricisidir.

Ulu öndərin sosial siyasəti rəqəmlərin dili ilə...

1993-cü ildən - hakimiyyətə gəldiyi ilk gündən xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atan Heydər Əliyev, zaman-zaman bu yöndə böyük uğurlar əldə etmiş, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmuşdur. Təkcə bir faktı qeyd edək ki, 1993-2003-cü illər ərzində Heydər Əliyev qayğısı sayəsində pensiya və müavinətlər 8 dəfə artmışdır ki, bu da əhalinin həssas təbəqəsinin sosial rifahının önəmli dərəcədə yaxşılaşmasına öz töhfəsini vermişdir.

Ulu öndər əmək haqlarının artırılması məsələsini də diqqət mərkəzində saxlayır, ölkənin iqtisadi imkanlarından istifadə edərək bu sahədə ciddi irəliləyişlərin təmininə nail olurdu. Statistika göstərir ki, Ulu öndər 1993-2003-cü illər ərzində orta aylıq əmək haqqının 6 dəfə artırılmasına nail olmuşdur ki, bu da o dövrün reallığı baxımından olduqca yüksək göstəricidir.

Onu da qeyd edək ki, Ulu öndər bütün bu uğurlara bir tərəfdən erməni işğalna qarşı mübarizə, digər tərəfdən iqtisadi böhran və siyasi təzyiqlərlə mübarizə fonunda nail olmuş, xalqın sosial rifahını yüksəltməklə yanaşı müasir ordu formalaşdırmaq, iqtisadiyyatı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək istiqamətində böyük işlər görmüşdür.

Ümummilli lider: “Bütün təbəqələrin həyat tərzini yaxşılaşdırmağa çalışmalıyıq”

Ulu öndər Heydər Əliyevin yürütdüyü sosial siyasətdə həssas kateqoriyadan olan şəxslərə daha çox diqqət yetirilsə də, Ümummilli lider bütövlükdə bütün xalqın sosial rifahını yüksəltməyə çalışır, bütün vətəndaşların həyat şəraitini yaxşılaşdırmağa səy göstərirdi. Təsadüfi deyil ki, 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı bu reallığa toxunan Heydər Əliyev demişdir: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”

Heydər Əliyevin məlum açıqlaması bir daha göstərir ki, onun sosial siyasətinin hədəfində ayrı-ayrı şəxslər deyil, bütöv xalq dayanırdı və o, xalqın sosial rifahını yaxşılaşdırmaq yolunda yorulmadan çalışırdı.

İlham Əliyev Ulu öndər irsinə, onun sosial siyasətinə sadiqdir

Sevindiricidir ki, Ulu öndərin sosial siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, bu istqiamətdə mühüm nailiyyətlərə nail olunmuşdur. Hakimiyyətə gəldiyi ilk gündən yoxsulluğa qarşı mübarizəyə mühüm diqqət verən dövlət başçsı hələ 2019-cu ildə Azərbaycanı dünyada yoxsulluğu 5%-ə endirən 29 dövlətdən biri etmişdir. 2003-2019-cu illər arasında pensiyalar 9, əmək haqları isə 7 dəfə artırılmışdır. Məcburi köçkünlər üçün aylıq müavinətlərin artırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar da Prezident İlham Əliyevin sosialyönümlü siyasətə böyük diqqət verdiyini göstərdi.

Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də həssas kateqoriyadan olan vətəndaşlara – şəhid ailəəlrinə, qazilərə, əlillərə, məcburi köçkünlərə xüsusi həssaslıqla

yanaşır, onlarla mütəmadi görüşlər keçirir, bu insanların sosial rifahının yaxşılaşması üçün dövlətin bütün imkanlarını maksimum səfərbər edir.

Prezident İlham Əliyev sonrakı dönəmdə də sosialyönümlü siayasət xəttini qoruyub saxlamış, vətəndaşların sosial rifahının yaxşılaşması üçün ciddi addımlar atmışdır. Qeyd edək ki, 2021, 2022 və 2023-cü illərin dövlət büdcəsində sosial xərclər 38,8%-dən 46%-ə qədər yüksədilmişdir. 2023-cü ilin dövlət büdcəsindən sosial xərclər üçün 15 milyard manatdan çox vəsait ayrılıb ki, bu da Azərbaycanın müstəqilik tarixində rekord göstəricidir.

44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının qayğısı sayəsində 124 min şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək paketi çərçivəsində 281 min xidmət göstərilib. Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə 13 460 mənzil və fərdi ev verilib ki, bu da dövlətin öz vətəndaşlarının mənzi-məişət şəraitinin yaxşılaşmasına necə böyük qiymət verdiyini göstərir. Xatırladım ki, Prezidentin tapşırığına uyğun olaraq cari ildə də ən az 1500 mənzil və fərdi evin sözügedən kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur.

Bütün bunlar onu göstərir ki, müasir Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndərin siyasətinə sadiqdir və bu siyasəti mütəmadi şəkildə inkişaf etdirir.

Səmyar Abdullayev

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri

 

2023-05-09 18:07:34
3232 baxış

Digər xəbərlər

Tarix yazan və adını tarixə əbədi yazdıran xalq

Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda, azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə müzəffər xalq kimi yazdırırlar. Qürurverici haldır ki, XXI əsrdə döyüş meydanında işğalçını cəzalandıraraq torpaqlarını 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən xilas edən Azərbaycan xalqı də tarix yazıb və öz adını tarixə silinməz izlərlə - əbədi yazdırıb.   Hər anı və məqamı qəhrəmanlıq dastanı olan şanlı Zəfər yürüşü   27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu, eyni zamanda, xalqımızın milli qürurunun, milli ləyaqətinin bərpası oldu. Azərbaycan dövləti, eyni zamanda, “münaqişənin hərbi həlli yoxdur” deyən dairələrin, ikili standartlara əsaslanan, qərəzli mövqe ortaya qoyanların, ermənipərəst dairələrin siyasətini iflasa uğratdı. Dəfələrlə “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”,- deyə qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin dəmir məntiqi, xalqımızın həmrəyliyinin, dövlətimizin isə qüdrətinin ifadəsi olan “Dəmir yumruq” öz sözünü dedi – Azərbaycan uzun illər BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasına öz gücü ilə nail oldu. Ölkəmiz bütün dünyaya haqlının güclü olduğunu, xalq-lider birliyinin ədalətin bərpasına və təntənəsinə gec-tez müvəffəq olacağını sübut etdi.     Yeni nailiyyətlərə və zəfərlərə doğru…   Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu, xalqımızın həmrəyliyinin ifadəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Vətən övladlarına ali ehtiramın bariz nümunəsi - əyani ifadəsidir. Vətən yolunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəmanlarımızla qürur duyuruq.   Əminliklə söyləmək olar ki, dövlətimizin gücü – qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu – sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq, yeni zirvələr fəth edəcəyik. Azərbaycan xalqı bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.   Yaşasın güclü Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib.  Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı

Bakı, 21 may, AZƏRTAC Ermənistanın otuz il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı. İşğal və terror siyasəti hərbi, siyasi, iqtisadi və digər müstəvilərdə ağır böhran yaşayan Ermənistanın indiki acınacaqlı durumuna səbəb olan əsas amillərdir. Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib. Polkovnik bildirib ki, işğal siyasəti nəinki Ermənistanın inkişafının qarşısını alıb, hətta onu illərlə geriyə salıb. Bu ölkə son 30 ildə həyata keçirdiyi işğalçılıq siyasətinin region üçün ağır fəsadlara səbəb olduğu, özündən sonra ciddi problemlər qoyduğu birmənalıdır. Lakin bu bir həqiqətdir ki, işğal və terrorçuluq siyasətinin ən acınacaqlı duruma saldığı ölkə elə Ermənistanın özüdür. Baxın, son otuz il ərzində işğal faktına, bir milyondan çox qaçqın və məcburi köçkün probleminə baxmayaraq, ölkəmiz bütün sahələrdə çox böyük inkişafa nail olub. İqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan çoxsaylı regional və qlobal layihələr həyata keçirib, bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilib. Ermənistan isə Qarabağdakı təbii sərvətlərimizi vəhşicəsinə istismar etməsinə baxmayaraq, ağır iqtisadi böhranla üzləşib. Kütləvi işsizlik, həyat səviyyəsinin sürətlə aşağı düşməsi, xarici borcun kəskin şəkildə artması, rüşvət və korrupsiyanın çiçəklənməsi, regional layihələrdən kənarda qalmaq Ermənistan üçün son otuz ildə xarakterik olan başlıca amillərdir. Bütün bu faktlar onu göstərir ki, bu ölkə işğalçılıq siyasəti həyata keçirməklə ən böyük ziyanı məhz özünə vurub. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan regionda yeni sülh və quruculuq mərhələsinin başlandığını elan etdi. Lakin görünən odur ki, Ermənistan hazırda Azərbaycanın əməkdaşlıq səylərini dəstəkləmək istəmir. Halbuki, Azərbaycanın əməkdaşlıq səylərini cavabsız qoymaq, torpaq iddialarını davam etdirmək, müxtəlif təxribatlara əl atmaq Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoya bilər. Çünki Azərbaycanın mövqeyi bəlli və birmənalıdır. Azərbaycan açıq şəkildə bəyan edib ki, o, hər cür terror və təxribatçılıq cəhdinə sərt reaksiya verəcək, bu kimi hallarda “Dəmir yumruq” özünü bütün əzəməti və sərtliyi ilə göstərəcək. “Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi onun məkrli niyyətindən xəbər verir. 2020-ci ilin 10 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq Ermənistan indiyədək minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Bu isə mülki şəxslər və hərbçilərimiz arasında tələfatlara səbəb olur. Bu, faktiki olaraq mina terrorunun davam etdirilməsi deməkdir. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın bu təxribatını davamlı şəkildə ifşa etməkdə və qınamaqdadır. Lakin beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri də bu məsələdə Ermənistana təzyiq göstərməli, minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir. Çünki Ermənistanın Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməməsi, bədxah əməllərini davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına mane ola, bölgədə yeni bir gərginliyin meydana gəlməsinə səbəb ola bilər. Bunun olmaması üçün Ermənistana dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərin göstərilməsi vacibdir”, - deyə Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.

Hamısını oxu
Bakıda “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

Hamısını oxu