Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər

Martın 13-də keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxundu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha göstərmiş oldu.

Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayrıldı. O, Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğuladı. COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması (100 milyarddan 300 milyard dollara qədər) qərarı mühüm uğur kimi dəyərləndirildi. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar açır və yaşıl enerji istehsalında ciddi irəliləyişə zəmin yaradır.

Eyni zamanda, ölkə rəhbəri Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verdiyini qeyd edərək, ölkənin həm neft-qaz, həm də bərpaolunan enerji resurslarına əsaslanan modelə keçdiyini bildirdi. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Cənab Prszidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.

Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.

Forumda qlobal informasiya müharibəsi və Azərbaycana qarşı kampaniya da diqqətçəkici məqamlardan idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və xüsusilə Qərb mediasının COP29 öncəsi ölkəyə qarşı kampaniya apardığını vurğuladı. Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığı qeyd olundu.

Bu, ilk dəfə deyil ki, Qərb media qurumları və bəzi siyasi dairələr Azərbaycanın milli maraqlarına qarşı kampaniya aparırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruması və böyük dövlətlərin təzyiqlərinə boyun əyməməsidir. Dövlət başçısı bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi fonunda xarici təzyiqlərin artdığını qeyd etdi.

Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğuladı. Bununla yanaşı, sülh prosesinə dair Azərbaycanın irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etdi.

Sülh prosesi çərçivəsində əsas məqam Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Müzəffər Ali Baş Komandan açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın bu iddialardan imtina etməsini tələb edir. Əks halda, sülh prosesinin davamlı olması sual altına düşə bilər.

Bundan əlavə, Prezident Ermənistanın yeni silahlanma siyasətinin və xarici aktorlar tərəfindən hərbi dəstək almasının yeni müharibəyə hazırlıq əlaməti ola biləcəyini bildirdi. Bu, Cənubi Qafqazda sabitliyin pozulması üçün ciddi təhlükə yarada bilər.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində mühüm mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, yaşıl enerji strategiyası və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.

Bununla yanaşı, dövlət başçısının Qərb mediası və bəzi xarici dairələr tərəfindən aparılan kampaniyaya cavabı, Azərbaycanın informasiya müharibəsinə qarşı mübarizə apardığını göstərir. Ermənistanla sülh prosesində isə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir kompromisə getmədən qorunacaq.

Bütün bu amillər Azərbaycanın qlobal siyasətdə daha fəal rol oynamağa davam edəcəyini və regionda lider mövqeyini daha da möhkəmləndirəcəyini göstərir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı


2025-03-14 20:32:39
2717 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: “Avrasiya Əməkdaşlıq Fondunun fəaliyyətinin dayandırılmasının vaxtı çatıb”

“Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi xalqımızın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir və məkrli məqsədlərə hesablanıb”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, “no war”çu axtarışına çıxan Avrasiya Əməkdaşlıq Fondu, bu kimi layihələrlə Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salmağa çalışır: “Fondun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi vasitəsilə yürütdüyü siyasət gənclərimiz və gələcəyimizlə bağlı ciddi təhdidlər ehtiva edir. “No war”çu gənclər axtarışına çıxan, müti, mübarizə əzmindən, milli şüurdan məhrum gənclər yetişdirməyə çalışan Avrasiya Əməkdaşlıq Fondu gənclərimizlə xalqımızın mənəvi dəyərləri arasında sədd çəkməyə çalışır. Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, ölkəmizdə qeyri-ənənəvi dəyərlərin təbliğini həyata keçirməyə çalışan bu Fond Ermənistanda tamam fərqli ideyaları təbliğ edir. Erməni revanşizmini dəstəkləyən Fond Ermənistanda həyata keçirdiyi layihələrdə “no war”çu axtarmır, hər hansı təslimiyyət və imtinadan söhbət açmır. Açıq-aşkar görünür ki, Fondun məqsədi Azərbaycanı Ermənistan qarşısında mənəvi-psixoloji baxımdan zəif salmaqdır. Çünki hər kəsə, eləcə də Ermənistan və onun havadarlarına da məlumdur ki, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında əldə etdiyi tarixi qələbənin avanqardı gənclər, onların yüksək mənəvi dəyərlərlə silahlanması olub. Bu gün Avrasiya Əməkdaşlıq Fondu müxtəlif layihələr və adlar altında təxribatla məşğuldur. Onun tabe olduğu Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibinə baxdıqda hər şey məlum olur. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor Hrach Topalyan-dır. Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət edənləri, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq istəyənləri bu xəyanətkar yoldan çəkinməyə dəvət edirik. Hesab edirəm ki, Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda fəaliyyətinin dayandırılmasının vaxtı çatıb. Xəyanət yuvasına çevrilən bu təşkilata sıralarımızda yer olmamalıdır, orada əli bu işlərə bulaşanların fəaliyyəti ciddi təştif olunmalıdır”.

Hamısını oxu
“2024-cü il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyatında yeni bir dönəmin başlanğıcı olacaq”

Cəlil Xəlilov: “Aprel-may aylarında Bakıda beynəlxalq konfrans keçirməyi planlaşdırırıq” “Cari ildə işğaldan azad edilən rayonlarımızda Təşkilatımızın yerli qurumları yaradılacaq”   Çoxsaylı və bir-birindən önəmli uğurlarla yadda qalan ötən il yeni qədəm qoyan 2024-cü ildə yeni nailiyyətlər üçün ciddi zəmin formalaşdırmaqdadır. Bütün sahələrdə olduğu kimi milli veteran hərəkatı və təşkilatlarının fəalityyətində də önəmli yeniliklərin olacağı istisna deyil. Bu baxımdan Moderator.az olaraq  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla müsahibəmizdə Təşkilatın yeni illə bağlı fəaliyyət planını müzakirə etməyə çalışdıq:   -Cəlil müəllim, öncə 2024-cü illə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyət planı haqqında məlumat almaq istərdik. 2024-cü ildə görmək istədiyiniz işlər, həytata keçirmək istədiyiniz tədbirlər hansılardır?   - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkəmizin veteran təşkilatları arasında xüsusi yeri və çəkisi olan Təşkilatdır və hər zaman özünəməxsusluğu, genişmiqyaslı fəaliyyəti ilə diqqət çəkib. Bu baxımdan 2024-cü ildə də Təşkilatımız bir sıra mühüm tədbirlər, həyata keçirmək niyyətindədir. 2023-cü ilin sonunda Təşkilatımızın bununla bağlı fəaliyyət planı təsdiqlənib və biz bununla bağlı yerlərdəki təşkilatlarımızı da yazılı şəkildə məlumatlandırmışıq.   Öncə qeyd edim ki, 2022-ci ildən etibarən həyata keçirməyə başladığımız “Nəsillərin görüşü” adlı tədbirlər sislsiləsini cari ildə də davam etdirmək niyyətindəyik. Buna səbəb məlum görüş-layihənin həm tarix, həm gələcək, həm də milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq ənənələrimizin təbliği baxımından son dərəcə aktual olması ilə bağlıdır. Biz bu görüşlərdə yaşlı veteranlarla gənclər, eləcə də gənc veteranlar arasında geniş və bribaşa ünsiyyəti təmin edir, keçmişlə bugün arasındakı mənəvi bağları gücləndirir, gələcək üçün etibarlı sədd, möhkəm körpü inşa edirik. Öz ata və babalarının qəhrəmanlığına şahid olan, bu qəhrəmanlığı onların bilavasitə öz dilindən eşidən gənclər yaxın tarixi keçmişi daha dərindən mənimsəyir, bunu ruhən və qəlbən mənimsəyirlər. Belə olan halda onlar başa düşürlər ki, əcdadlarının qoyub getdiyi qəhrəmanlıq irsini davam etdirmək onların mənəvi borcudur və onlar da bu borcun öhdəsindən layiqincə gəlməklə bunu gələcək nəsillərə ötürməlidirlər. Bu baxımdan 2024-cü ildə həm Bakıda, həm də regionlarda “Nəsillərin görüşü” silsiləsindən çoxsaylı tədbirlər həyata keçirmək niyyətindəyik.   - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq arenada da geniş əlaqələrə malik olması ilə diqqət çəkir. Bu mənada cari ildə beynəlxalq əməkdaşlığın daha da inkişafı istiqamətində hansısa addımlar atılacaqmı?   -Şübhəsiz!   Beynəlxalq əlaqələrin genişlənməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün olduqca mühüm əhəmiyyətə malikdir və bunu zəruri edən bir sıra səbəblər var.   Hər şeydən öncə qeyd edək ki, bu gün dövlətimizin mövcud reallıqları bizm hər birimizdən ayıq-sayıq olmağı, milli maraqlarımızın keşiyində qətiyyətlə dayanmağı, anti-Azərbaycan qüvvələrinin informasiya məkanında ölkəmizlə bağlı səsləndirdiyi yalan və böhtanlara qarşı sistemli mübarizə aparmağı tələb edir. Bu baxımdan beynəlxalq əlaqələrin genişlənməsi, dostlarımızın sırasının genişləndirilməsi günün tələbidir və bu məsələdə Təşkilatımızın da üzərinə böyük məsuliyyət düşür.   Xatırladım ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq əməkdaşlıq sahəsində geniş əlaqələrə malikdir və bu əməkdaşlığın cari ildə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə 2024-cü ilin aprel-may aylarında ölkəmizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda dünynın müxtəlif ölkələrindən veteranlar təşkilatının nümayəndələri, əcnəbi qonaqlar iştirak edəcək, beynəlxalq veteranlar hərəkatının mövcud durumu, gələcəyi, eləcə də Azərbaycan veteranlar hərəkatının dünya veteranlar hərəkatına daha dərindən inteqrasiyası müzakirə ediləcək.   -Ölkəmizdə belə bir konfransın təşkili daha hansı perspektivlər vəd edir?   -Ölkəmizdə məlum konfransın təşkili dünya ictimaiyyətinin post-müharibə dönəmindən sonra ölkəmizdə və regionda yaranan yeni reallıqlarla tanış etməyə, onlara ölkəmizin uğurları, haqlı, ədalətli mövqeyi haqqında ətraflı məlumat verməyə kömək edəcək. Ölkəmizə gələn əcnəbi qonaqlar səfər çərçivəsində respublikamızdakı yenilikləri, inkişaf və tərəqqini bilavasitə müşahidə edə biləcək, Azərbaycandan zəngin təəssüratlarla ayrılacaqlar.   Bir sözlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə keçiriləcək bu konfrans ölkəmizin bu günü və gələcyinə beynəlxalq aləmdə yeni bir baxışın formalaşmasına, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və xalqımızın əldə etdiyi tarixi nailiyyətləri dünya veteran hərəkatı çərçivəsində təbliğ etməyə imkan verəcək.   -Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı cari ildə daha hansı yeniliklərə imza atmaq niyyətindədir?   -Bu il Təşkilatımızın görəcəyi işlərdən biri də işğaldan azad olunmuş rayonlarımızda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli qurumlarının yaradılması, bu ərazilərdə məskunlaşan veteranlarımızın ictimai-siyasi proseslərə daha aktiv şəkildə cəlb olunmasını təmin etməkdir.   Bundan başqa, dövlət başçısı 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib ki, bu çərçivədə də bir sıra ciddi tədbirlər həyata keçirmək niyyətindəyik. Hansı ki, bu tədbirlərin hər biri haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək, medianın, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin prosesdə iştirakı təmin olunacaq.   Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təşkil etmək, Vətən Müharibəsi iştirakçıları ilə  şəhər və rayon veteran təşkilatlarında görüşlər keçirmək, MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması işlərinin davam etdirilməsi də 2024-cü il üzrə  Təşkilatımızın həyata keçirəcəyi fəaliyyət sahəsinə daxildir.   Bundan başqa, həm İkinc Dünya müharibəsində, həm də Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində, eləcə də lokal döyüşlər və antiterror tədbirlərində həlak olan qəhrəmanlarımızın gənc nəslə tanıdılması, onların xatirələrinin əbədləşdirilməsi də cari ildə Təşkilatımızın üçün prioritet istiqamətlərdən biri olacaq. Bu fəaliyyətə həm də orta və ali məktəblərdə gənclərlə görüşlərin keçirilməsi, veteranlarla gənclər arasında sıx təmasların təmin olunması, Vətən müharibəsi qaziləri ilə gənclər arasında görüşlərin keçirilməsi daxildir.   -2024-cü ilin ən mühüm olaylarından biri də cari ilin 7 fevral tarixində baş tutacaq prezident seçkiləridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu seçkilərlə bağlı ictimai-siyasi müstəvidə hansısa aktivlik sərgiləyəcəkmi?   - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında aktiv rol oynayıb, dövlət siyasətinin dəstəklənməsi, anti-milli qüvvələrin ifşa edilməsi, gənc nəslin milli dəyərlər əsasında yetişdirilməsi və s. istiqamətində mühüm işlər görüb. Bu baxımdan cari ilin prezident seçkilərində də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi aktivlik sərgiləyəcək, seçkilərdə fəallığın, şəffaflığın təmin olunmasına töhfə verməyə çalışacaq.   Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 27 dekabr 2023-cü il tarixindəki ümumi yığıncağında Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul edib. Həmin bəyanatda dövlət başçısının siyasətinin veteranlar tərəfindən dəstəkləndiyi qeyd olunur. Vurğulanır ki, veteranlar bu siyasətin qarşıdakı illərdə də davam etməsini arzulayır, bunu ümumxalq maraqları, milli maraqlar baxımından vacib hesab edir.   Təbii ki, Təşkilatımızın belə bir bəyanat qəbul etməsi heç də səbəbsiz deyil. Bu gün hər bir veteran yaxşı dərk edir ki, öləmizin bugünkü uğurları - ərazi bütövlüyümüzün və suverenliyimizin təmini, dövlətimizin regional gücə çevrilməsi, hərbi və iqtisadi qüdrətinin zirvəsində qərar tutması məhz Prezident İlham Əliyevin fədakarlığı və zəkası sayəsində mümkün olub. Məhz onun liderliyi 30 illik erməni işğalının sonlanmasında, milli qürurumuzun bərpasında, regiondakı tatus-kvonun ölkəmizin xeyrinə birmənalı şəkildə dəyişməsində həlledici rol oynayıb. Bu baxımdan veteranlarımız Müzəffər Ali Baş Komandanın dəstəklənməsini vicdan və vətədnaşlıq borcu hesab edərək belə bir bəyanat qəbul ediblər və bu bəyanatdan irəli gələn hər bir vəzifəni şərəflə icra edəcəklər.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar Prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək. İnanıram ki, veteranlarımız onlara göstərilən bu etimadı da yüksək səviyyədə doğruldacaq, bu missiyanın öhdəsindən bacarıqla gələcəklər.   Seymur ƏLİYEV

Hamısını oxu
Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
“2025-ci il Konstitusiya və Suverenlik İli!”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "2025-ci il Konstitusiya və suverenlik ili" mövzusunda tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi və severenliyi uğrunda canlarını  qurban vermiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2025-ci ilin Konstitusiya və suverenlik ili elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimiz məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndikdən sonra  1995-ci il noyabrın 12-də  Ulu Öndərin  rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyət daşıyır.   Sarsılmaz birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bu gün hamımızın  vətəndaşlıq borcumuzdur.  Tədbirdə şəhid atası Habil Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, ictimai fəal Əsəd Abbasov, şair İman Abdulla, Vətən müharibəsi iştirakçısı Nofəl Tağıyev, veteran müəllim Cankişi Seyfullayev, şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı və başqaları çıxış edərək möhtərəm prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini yüksək qiymətləndirdilər və dünyaya günəş kimi doğan Azərbaycanımızla qürur duyduqlarını xüsusi vurğuladılar. Bir daha əmin olduqlarını bildirdilər ki, müstəüilliyimiz daimidir, əbədidir və dönməzdir.

Hamısını oxu