Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı hərbi hissədə əsgərlərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad şöbəsi ilə birlikdə 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar  rayonunun Göytəpə ərazisində yerləşən N saylı hərbi hissədə tədbir keçirib.

Tədbirdə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, şəhid ataları Nazim Paşayev, Əsədxan Həşimov, "Gənc Qarabağ qaziləri" İctimai birliyinin sədri Vüsal Muradlı,  Vətən müharibəsi iştirakçıları Mirnatiq Cabbarlı, Taleh Ağazadə, Nicad Seyfullayev, Qurban Əhməd, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov və ictimai fəal Əsəd Abbasov çıxış edərək əsgər və zabitlərimizi Silahlı Qüvvələr günü münasibətilə təbrik etmiş və onlara Vətəni həmişə rəşadətlə qorumağı arzulamışlar. Onlar qeyd ediblər ki, qüdrətli ordumuz Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə Vətən müharibəsində tarix yazdı, əsarətdə olan torpaqlarımız işğaldan azad edildi. Bu gün üçrəngli bayrağımız Qarabağımızda əzəmətlə dalğalanır.

 Rayon Mədəniyyət Mərkəzinin müsiqi kollektivinin ifa etdiyi vətənpərvər ruhlu mahnı və rəqslər igid hərbçilərimizin  bayram ovqatını daha da yüksəldib.

Qeyd edək ki, tədbirin təşkilatçıları günün ikinci hissəsində Göytəpədə yerləşən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində də olublar. Orada da maraqlı çıxışlar ediblər,  rəngarəng konsert proqramı ilə əsgərlərimizi sevindiriblər.

 

2023-06-27 12:12:30
3500 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. "Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır. 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib. Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil. Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir. Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır. Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır. Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür. Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq. Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram. Bayramınız mübarək olsun!"  

Hamısını oxu
Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq edilməlidir

Xəbər verdiyimiz kimi, Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.   Xatırladaq ki, bu, erməni hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı ilk təxribatı deyil. Belə ki, işğalçı ordunun əsgərləri zaman-zaman həm Azərbaycan ordusunun hərbçilərinə, həm də təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfatla məşğul olan dinc, mülki sakinlərə atəş açaraq onların yaralanması, şəhid olmasına səbəb olub.   Son olayla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ermənistanın təxribatçı addımlarına qarşı beynəlxalq miqyasda ciddi addımlar atmağın vacibliyinə diqqət çəkdi:   “Erməni snayperinin açdığı atəş nəticəsində sərhədçi əsgərimiz şəhid olması xəbəri cəmiyyətimizdə böyük təsssüf və qəzəb hissi ilə qarşılanamqdadır. Məlum olduğu kimi, bu erməni ordusunun Azərbaycan hərbçilərinə və mülki sakinlərinə qarşı ilk təxribatı deyil. Bundan öncə də Ermənistan atəşkəs rejimini, eləcə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki vətəndaşlarımız və hərbçilərimizə atəş açmış, hətta azyaşlı uşaq və qocaların ölümünə səbəb olan ağır cinayətlərə yol vermişdir. Sərhədçi əsgərimizlə bağlı baş verən məlum olay düşmənin öz çirkin niyyətindən əl çəkmədiyini, ölkəmizə yönəlik təxribatçılıq fəaliyyətini israrla davam etdiyini göstərir. Lakin təəssüflər olsun ki, bu olaylara nə Minsk qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar adekvat münasibət göstərmir.   Hesab edirəm ki, beynəlxalq təşkilatlar, habelə dünyanın aprıcı gücləri baş verənlərə ciddi reaksiya verməli, işğalçı Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq etməlidir. Bir tərəfdən sülhdən danışan, digər tərəfdən hərbi təcavüz və təxribata yol verən Ermənistan etdiyi cinayətlər görə cavab verməli, sivil, demokratik dünyanın təpgi və təzyiqini öz üzərində hiss etməlidir.   Əsgərimizin şəhid olması faktı göstərir ki, siyasi riyakarlıq və hərbi təxribatla məşğul olan, terror və təcavüzü dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın Qarabağ probleminin danışıqlar yolu ilə həllində maraqlı olması ilə bağlı verdiyi bütün bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyil. Odur ki, beynəlxalq təşkilatlar, ATƏT, BMT Ermənistanın hərbi təxribatçılıq fəaliyyətinə cavab olaraq hərəkətə keçməli, işğalçı ölkəyə qarşı ciddi və çoxşaxəli sanksiyalar tətbiq etməklə növbəti təxribatların qarşısını almalıdır.   Ermənistan bilməlidir ki, Azərbaycan ordusu hər cür təhdid və təxribatı dəf etməyə, düşmənə layiqli cavab verməyə qadirdi və 2016-cı ilin aprel döyüşləri buna əyani misaldır. Düşmən anlamalıdır ki, əgər təxribatçılıq cəhdlərindən əl çəkməsə, Azərbaycan ordusu tərəfindən elə bir zərbə alacaq ki, aprel məğlubiyyəti Ermənistana bu zərbə ilə müqayisədə toy-bayram kimi görünəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Tovuz istiqamətində döyüşlər davam edir - Ordumuz şəhid verdi, düşmənin 20-dək hərbçisi məhv edildi

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

Hamısını oxu
Ekspert: Laçının azad olunması ərazi bütövlüyümüzün təmini edilməsi istiqamətində tarixi addımdır

Laçının azad olunması ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atılan tarixi addımdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Laçının erməni işğalından azad olması bəzi məqamları ilə böyük əhəmiyyətə malikdir. Laçın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra – həmin il dekabrın 1-də azad edilib. 44 günlük Vətən müharibəsində darmadağın olunan erməni faşizmi üç rayonu döyüşsüz azad etməyi öhdəsinə götürmüşdü ki, bunlardan da biri Laçın idi. Laçının bir güllə belə atılmadan düşmən tapdağından azad olunması heç şübhəsiz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik qələbəsi idi. Laçının azad olunması Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, siyasi-diplomatik müstəvidə də söz sahibi olduğunu əməli şəkildə sübut etdi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan regionun lider dövlətidir və bölgədəki hər dövlət, eləcə də Ermənistan onun iradəsi ilə razılaşmaq məcburiyyətindədir. Polkovnik Laçının hərbi əməliyyatlarsız azad edilməsinin Azərbaycana döyüş itkilərindən qaçmağa imkan verdiyini, bunun da dövlətimizin insan həyatına verdiyi önəminin göstəricisi olduğunu deyib: “Əgər Laçın da digər rayonlarımız kimi döyüşlə alınsaydı, o zaman şübhəsiz ki, düşmənlə yanaşı, biz də müəyyən itkilər verəcəkdik. Laçının dağlıq relyefini, düşmənin bu ərazidə 30 il ərzində formalaşdırdığı müdafiə sistemlərini, minalanmış ərazilərin hədsiz çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, bu itkilərdən yayınmaq mümkün olmayacaqdı. Bu baxımdan, Prezident İlham Əliyevin Laçını döyüşsüz azad etməsi heç bir itki vermədən bu ərazilərə nəzarəti təmin etməyimizə şərait yaratdı. Bu gün Laçında geniş quruculuq işləri həyata keçirilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insanlarımız doğma yurdlarına qayıdacaq və onlara bu böyük səadəti yaşadan hər kəsi – şəhidləri, qaziləri, Ali Baş Komandanımızı sonsuzadək əbədi minnətdarlıq hissi ilə xatırlayacaqlar”.  

Hamısını oxu