Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib.

"Əziz həmvətənlər.

2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.

Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.

2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.

Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.

Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.

Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.

Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.

Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.

Bayramınız mübarək olsun!"

 

2025-01-01 06:50:16
3456 baxış

Digər xəbərlər

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində baş tutacaq yarışda 10-dan  çox ölkədən idmançıların iştirakı gözlənilir. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate yarışına hazırlıq işləri yüksək səviyyədə davam edir. Beynəlxalq turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə 30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.       Beynəlxalq karate turniri ilə bağlı fikirlərini bizimlə bölüşən Arpaçay İdman Birliyinin  birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, beynəlxalq karate yarışına hazırlıq işləri artıq başa çatmaq üzrədir: “3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 30 yanvar 2026-cı il tarixində saat 17:00-da Sərhədçi İdman Mərkəzində olacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”. Y.Hüseynovun sözlərinə görə, XI “ARPACHAY OPEN” karate turnirində 10-dan çox xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1000-ə yaxın idmançının iştirakı gözlənilir.

Hamısını oxu
27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa çatmışdır. Şəhid ruhlarına, şəhidlərin doğmalarına dərin ehtiram əlaməti olaraq dövlət başçısı hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Vurğulanıb ki, qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur. Diqqətə çatdırılıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən hərtərəfli himayə olunurlar. Vurğulanıb ki, torpaq uğrunda həyatından keçən şəhidlərimizin fədakarlığı daim xalqımızın yaddaşında yaşayacaqdır. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar, şəhid ailələrinə və qazilərə maddi köməklik göstərilmişdir.  

Hamısını oxu
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu
Daha 40 avtomobil müharibə əlillərinə təqdim edildi

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu