Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik: Müdafiə sənayesi sahəsində birgə istehsal Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirəcək

Bakı, 21 fevral, Təhminə Verdiyeva, AZƏRTAC

Prezident İlham Əliyev Türkiyəyə səfəri zamanı iki dövlət arasında bir sıra məsələlərlə yanaşı, müdafiə sənayesi sahəsində birgə hərbi istehsalın da diqqət mərkəzində olduğunu bildirib. Bu, onun göstəricisidir ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq mühüm önəm kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov söyləyib.

C.Xəlilov bildirib ki, Prezident İlham Əliyev qardaş Türkiyəyə səfəri zamanı iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı fikirlər səsləndirdi, bununla bağlı konkret planlara malik olduqlarını vurğuladı: “Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə hərbi istehsalla bağlı atacağı addımlar iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da güclənməsinə, mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu, həm Azərbaycana, həm də Türkiyəyə imkan verəcək ki, öz müdafiə sənayesini yerli istehsal hesabına daha da gücləndirsin, ordularını daha keyfiyyətli silahlarla, hərbi texnikalarla təmin etsin”.

Polkovnik qeyd edib ki, birgə hərbi istehsal həm Azərbaycanın, həm də Türkiyənin xaricdən silah idxalını da əhəmiyyətli dərəcədə azaldacaq: “Müdafiə sənayesi sahəsində ortaq istehsalın ən mühüm üstünlüklərindən biri də, bunun Azərbaycan və Türkiyənin xarici idxaldan asılılığını azaldacağı ilə bağlıdır. Bu isə müasir dövrümüzdə çox mühüm, hətta həyati bir məsələdir. Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək, dünyanın qabaqcıl silah ixracatçılarından asılılığını azaldacaq və ya bu asılılığa son qoyacaq”.

“Bu gün Azərbaycan və Türkiyədə silah istehsalı sürətlə inkişaf etməkdədir. Hazırda hər iki türk dövləti öz daxili tələbatının önəmli bir hissəsini yerli istehsal hesabına təmin etməklə yanaşı, digər ölkələrə də çox sayda silah-sursat, hərbi texnika satır. Birgə hərbi istehsalın reallaşması ilə Azərbaycan və Türkiyənin hərbi ixrac imkanları da artacaq ki, bu da yeni maliyyə mənbəyi olmaqla yanaşı, həm də hər iki dövlətin dünyadakı nüfuzuna müsbət təsir göstərəcək”, - deyə Cəlil Xəlilov əlavə edib.

2024-02-21 14:48:53
4077 baxış

Digər xəbərlər

Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatlar və imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.Bu səfər və əldə olunan razılaşmalar təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir.Strateji tərəfdaşlığın formalaşması siyasi iradə və qarşılıqlı etimada əsaslanır.Prezident İlham Əliyev bəyanatında Tramp–Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibəti xüsusi vurğulayaraq, bu siyasətin ölkələrimiz arasında etimada əsaslanan tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd etdi.Altı ay ərzində aparılan intensiv danışıqların nəticəsi olaraq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan və ABŞ arasında uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını təsdiqləyir. Xüsusilə Prezident İlham Əliyevin Prezident Donald Trampla Vaşinqtonda keçirdiyi tarixi görüşdən sonra yaradılmış işçi qrupunun fəaliyyəti bu prosesin sistemli şəkildə aparıldığını göstərir.Bu sənəd dövlətlərarası münasibətlərin hüquqi, siyasi və institusional əsaslarını daha da möhkəmləndirir.Sülh gündəliyi və regional sabitlik ölkəmiz üçün hər zaman prioritet olub. Burda ABŞ-ın mühüm rolunu da vurğulamaq yerinə düşər.Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesi oldu. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar, Ağ Evdə paraflanmış sülh sənədi və Birgə Bəyannamə regionda yeni reallıqlar yaradıb.Altı aydır davam edən sülh şəraiti göstərir ki, Azərbaycan konstruktiv mövqeyi və prinsipial siyasəti ilə regionda sabitliyin əsas təminatçısıdır. Bu prosesdə ABŞ-ın göstərdiyi dəstək beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.Sülhün möhkəmlənməsi həm iqtisadi inkişaf, həm nəqliyyat əlaqələri, həm də humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi regionun nəqliyyat və logistika xəritəsini köklü şəkildə dəyişəcək strateji layihədir.Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirir, Azərbaycan və Ermənistan üzərindən Asiya ilə Avropanı əlaqələndirir, Orta Dəhlizin imkanlarını genişləndirir, beynəlxalq ticarətin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradır.Azərbaycanın Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırması, neft məhsullarının tədarükünə başlaması sülhün praktik nəticələrinin bariz nümunəsidir.TRIPP layihəsi regionda əməkdaşlıq mədəniyyətinin formalaşmasına və qarşılıqlı asılılığın artmasına xidmət edir.Enerji təhlükəsizliyi də gprüşdə danışıqların əsasını təşkil etdi. Çünki bu sahədə Azərbaycanın strateji rolu əvəzsizdir.Azərbaycan bu gün Avropanın və regionun enerji təhlükəsizliyində əsas aktorlardan biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz 16 dövlətin enerji təhlükəsizliyini təmin edir ki, onların əksəriyyəti NATO üzvü və ABŞ-ın müttəfiqləridir.Cənub Qaz Dəhlizi, “Əsrin müqaviləsi” kimi layihələr Azərbaycan–ABŞ əməkdaşlığının uğurlu nümunələridir. Xartiyada enerji sahəsində marşrutların şaxələndirilməsi, interkonnektor layihələri, elektrik enerjisi əməkdaşlığı, mülki nüvə sahəsində əməkdaşlıq kimi istiqamətlərin yer alması tərəfdaşlığın dərinləşdirildiyini göstərir. Bu, Azərbaycanın qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirir.Rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıq Xartiyanın mühüm istiqamətlərindən biri və rəqəmsal infrastruktur sahəsidir. Bu, Azərbaycanın innovasiyaya əsaslanan iqtisadi modelə keçid strategiyasının mühüm tərkib hissəsidir.Sənəddə nəzərdə tutulan AI data mərkəzlərinin yaradılması, texnologiyaların ötürülməsi, startapların dəstəklənməsi, R&D mexanizmlərinin qurulması kiber təhlükəsizlik sahəsində əməkdaşlığa tövhə verəcək.Amerikanın aparıcı texnoloji şirkətləri ilə qurulan tərəfdaşlıq Azərbaycanın regional texnoloji mərkəzə çevrilməsi perspektivini gücləndirir.Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi tanınır. Ölkəmizin sülhməramlı missiyalarda iştirakı, terrorla mübarizədə fəal rolu ABŞ tərəfindən yüksək qiymətləndirilir.Xartiyada aşağıdakı istiqamətlərini xüsusi vurğulamaq yerinə düşər. Müdafiə sənayesi əməkdaşlığı, hərbi texnika və məhsulların satışı, antiterror fəaliyyəti,kibertəhlükəsizlik, kritik infrastrukturun mühafizəsi əsas istiqamətlər oldu.Bundan əlavə, humanitar minatəmizləmə sahəsində ABŞ-ın maliyyə və texniki dəstəyi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayacaq.İnstitusional mexanizmlər və davamlı əməkdaşlıq Xartiya çərçivəsində yaradılacaq işçi qrupları və illik görüş mexanizmləri tərəfdaşlığın formal sənədlə məhdudlaşmadığını, real layihələrlə möhkəmləndiriləcəyini göstərir.Üç ay ərzində hazırlanacaq yol xəritələri əməkdaşlığın konkret nəticələr verməsinə zəmin yaradacaq.Bu yanaşma Azərbaycan diplomatiyasının praqmatik və nəticəyönümlü xarakterini bir daha sübut edir.ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin səfəri, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və Prezident İlham Əliyevin verdiyi bəyanatlar göstərir ki, Azərbaycan beynəlxalq arenada etibarlı, güclü və söz sahibi olan dövlətdir.Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təhlükəsizliyi möhkəmlənir, iqtisadi imkanlar genişlənir, regional liderlik mövqeyi güclənir, Azərbaycan qlobal proseslərin fəal iştirakçısına çevrilir.Bu strateji tərəfdaşlıq modeli Azərbaycanın milli maraqlarına tam cavab verir və uzunmüddətli inkişaf strategiyasının mühüm sütunlarından biri kimi çıxış edir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat səfri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Slovakiya səfirliyinin hərbi atteşesi polkovnik Juraj Beskid, İkinci Dünya müharibəsində iştirak edən bəzi azərbaycanlılar və onların ailə üzvləri, yaxın qohumları iştirak edib. Görüş zamanı Azərbaycan və Slovakiya xalqlarının faşizmə qarşı apardıqları birgə mübarizədən, bu mübarizənin ümumbəşəri əhəmiyyətindən bəhs edilib. Həmçinin, İkinci Dünya müharibəsində Slovakiyada faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların məzarlarının tapılması, onlar haqqında məlumatların əldə edilməsi və həmin döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki ölkənin müharibə veteranları təşkilatları arasında ikitərəfli münasibətlərin yaradılması, qarşılıqlı səfərlərin təşkili müzakirə edilib. Tədbirin sonunda Slovakiya səfirliyinin müşaviri bəzi veteranları və onların yaxınlarını təltif edib. Xatırladaq ki, Azərbaycanla Slovakiya arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlıq veteran təşkilatları arasında əlaqələrin genişlənməsini zəruru edir. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir

İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunun da müxtəlif səbəbləri var.  Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi, müasir Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur.  Sirr deyil ki, son 3 ildə dünyada baş verən epidemoloji , ekoloji və siyasi kataklizmlərlə əlaqədar yaranan yeni iqtisadi vəziyyət dünya əhalisini ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu təhlükə elə bir səviyyəyə çatıb ki, problem yalnız aşağı və orta gəlirli ölkələri yox, həm də yüksək gəlirli, böyük iqtisadiyyata sahib ölkələri də qorxudur.  Ötən dövrdə dünya iqtisadiyyatdan asılı olan ərzaq böhranı təhlükəsi ilə ilk dəfə COVİD-19 pandemiyasının yaranmasından sonra üzləşdi. Xüsusi karantin rejiminin tətbiq edilməsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının azalmasına səbəb oldu. Bu vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək pandemiyanın dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğunu və potensial ərzaq böhranı təhdidini yaratdığını bəyan etdilər. Həqiqətən də 2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu və bu, ən yoxsul ailələrin ciddi şəkildə təsirləndiyi qida çatışmazlığı və qeyri-adekvat ərzaq təminatı problemlərini yaratdı. 2021-ci ildə xüsusi karantin rejimi yumşaldılsa da dünya ekoloji kataklizmlə üzləşdi. Quraqlığın geniş yayılması, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir etdi. İqlim dəyişiklikləri və quraqlıq nəticəsində ekoloji mühit kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmadı, ərzaq istehsalı tələbatı qarşıla bilmədi. Qlobal səviyyədə istehsalın azalması təklifi daraltdı və qiymət artımları üçün əlavə imkanlar yaratdı.İqtisadiyyatın böhranı üçün yeni problemi Rusiya-Ukrayna müharibəsi üzə çıxartdı.  Müharibə səbəbindən fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40 % bahalaşıb. Hazırki qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Siyasi və hərbi böhran ərzaqla yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarük zəncirini pozub. BMT rəhbəri xəbərdarlıq edib ki, bu vəziyyət  bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir. İqtisadiyyat həm də ölkələrdə əhalin rifah halının göstəricisidir. Əgər ölkə iqtisadi cəhətdən problem yaşamırsa, əhalinin maddi vəziyyəti də yaxşı olur, dünyada gedən proseslərlə bağlı yaranan qiymət artımı əhalinin rifah halınin mənfiyə doğru dəyişməsinə təsirsiz ötüşür. Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Düzdür, son bir ildə ərzaq qiymətlərində illik müqayisədə 17,5 faiz artım faktı var ki, bunun da hansı səbəblərdən baş verdiyi qeyd edildi. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də  Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Bu tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.  Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq.İkinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.Qiymət siyasəti ilə bağlı iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi.  Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılması məqsədilə martın 29-da Nazirlər Kabinetində müşavirə keçirildi. Müşavirədə 18 mart tarixli qərardan irəli gələn tapşırıqlar,  əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Bütün sadaladıqlarım bir daha cənab Prezident İlham Əliyevin yuxarıda adıçəkilən çıxışında iqtisadiyyatımız barədə söylədiklərini bir daha təsdiqləyir: "Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir".   Məşhur Məmmədov Millət vəkili

Hamısını oxu
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb

Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik. Keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: dünyada bütün türk aləmini məhv etmək. Onlar bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur. Bunu AZƏRTAC-a müsahibəsində polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib. Qeyd edək ki, bu məsələ oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında da qaldırılıb. Dövlət başçısı öz çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi. C.Xəlilov deyib ki, uzaq 1878-ci ildə İsveçrədə “Qnçaq” adlı erməni millətçi təşkilatı yaradılıb. Bu partiyanın proqramında yazılmışdı: “Bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək”. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” adlı daha bir millətçi erməni təşkilatı yaradıldı. Hər iki təşkilat həmin vaxt “böyük dövlətlər” tərəfindən dəstəklənirdi. Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər. C.Xəlilov əlavə edib: “Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə “ermənilərin müstəsnalığı” ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır”. Onun sözlərinə görə, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi. Polkovnik qeyd edib: “Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik”. Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər. Bu cinayətlərin fonunda ermənilərin dünya ictimaiyyəti qarşısında əzabkeş, qədim nəcib xalqın nümayəndələri kimi dayanması da paradoksaldır. Öz diasporunun usanmaz informasiya fəaliyyəti nəticəsində Avropa, həm də Rusiyada ermənilər mələk, türklər və azərbaycanlılar isə qatil şəkilində təqdim olunublar. Erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər. Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib. C.Xəlilov vurğulayıb ki, bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: “Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb”.

Hamısını oxu