Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib. 

Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri Fatma Səttarova Cəlil Xəlilovun çoxillik xidmətlərinə diqqət çəkib, onun bu gün də gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Fatma Səttarova polkovnik Cəlil Xəlilovu Fəxri Fərmanla təltif edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi, şair-publisist, əmkdar incəsənət xadimi, prezident təqaudçüsü   polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun keçdiyi xidməti yoldan ətraflı bəhs edib: “Ömrünün yarıdan çoxunu hərbi xidmətə həsr etmiş C.Xəlilov 1977-ci ildə keçmiş SSRİ-nin Vorkuta vilayətində müddətli həqiqi hərbi xidmətə başlamış, 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir Sərhəd Dəstəsində zastava rəisinin müavini kimi hərbi xidmətini davam etdirmişdir. 

C.Xəlilov 1982-2013-cü illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir. Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır.

Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi xidmət dövründə vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. 

2014-cü ildə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini seçilmişdir. Həmin gündən ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması işində yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulmasında böyük əməyi vardır. Təşkilatın sədr müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən MDB məkanında layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir.

C.Xəlilov 44 günlük Vətən müharibəsi dövründə də gənclərin vətənpərvərlik tərbiyəsi işində fəallıq göstərərək həm səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər və həm də döyüş əməliyyatlarında birbaşa iştirak edən şəxsi heyət qarşısında davamlı görüşlər keçirmişdir”.

Polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif edilməsi ilə bağlı əmri oxuyub.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Cəlil Xəlilova ünvanlanan təbrik məktubunu səsləndirib, nazirlik adından yubileyara hədiyyə təqdim edib. 

Tədbirdə çıxış edən “Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov Cəlil Xəlilovla bağlı xatirələrini dilə gətirib, yubileyara hədiyyələr təqdim edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Şaiq Məmmədov və

Seymur Şeydayev Xidmət rəisi Mürsəl İbrahimovun Cəlil Xəlilova təbrik məktubunu oxuyub, Xidmət adından verilən “Hərbi vətənpərvlik tərbiyəsindəki xidmətlərə görə”  medalını ona  təqdim ediblər.

Tədbridə çıxış edən Rəyasət Heyətinin üzvü İmran Əbilov, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev,

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı polkovnik Cəlil Xəlilova xoş arzularını bildiriblər.

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı polkovnik Samir Musayev Rusiya, Belarus, Moldova və digər ölkələrədn polkovnik Cəlil Xəlilova göndərilən təbrik məktubları haqqında məlumat verib.

Sonda çıxış edən Cəlil Xəlilov təbriklərə görə bütün iştirakçılara və müvafiq dövlət qurumlarına  öz təşəkkürünü bildirib, minnətdarlığını ifadə edib.

Seymur ƏLİYEV

2023-08-09 16:15:49
3264 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: “Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, bu istiqamətdə bütün zəruri tədbirlər böyük ustalıqla həyata keçirilir. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ölkəmizə qarşı xarici təhdidlərin artdığı bir zamanda dövlət təhlükəsizliyinin, milli təhlükəsizliyin yüksək səviyyədə qorunması həyati əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı təhdid və təxribatların artdığı heç kimə sirr deyil. Ermənistan və ona dəstək olan bəzi qüvvələr bu cür təxribatlar hesabına ölkəmizdə daxili sabitliyi pozmağa, postmüharibə dönəminin özü ilə gətirdiyi yeni reallıqlara kölgə salmağa çalışırlar. Son vaxtlar Ermənistanın və İranın ölkəmizə yönəlik təxribatları buna nümunədir. Lakin sevindiricidir ki, dövlətimizə və xalqımıza qarşı bütün bu təxribatların qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqda, uğurla ifşa edilməkdədir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlarla İran agentinin de-şifrə edilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir. Bu fakt sübut edir ki, ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa, onun təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar əldə etməyə çalışan qüvvələr ifşa olunmaqda, qanun qarşısında məsuliyyətə cəlb edilməkdədir. Bu kimi nümunələr hüquq-mühafizə orqanlarımızın dövlət təhlükəsizliyinin keşiyində son dərəcə ayıq-sayıq dayandığını sübut edir”. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanları haqqında səsləndirilən böhtanların sayının artmasının səbəblərini də şərh edərək deyib: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, bəzi qüvvələr dövlətimizi, onun təhlükəsizliyinin qarantı olan hüquq-mühafizə orqanlarını hədəf seçməkdə, onlar haqqında böhtan dolu məlumatlar səsləndirməkdədir. Məqsəd anti-Azərbaycan qüvvələri ifşa edən, onların ölkəmizlə bağlı təxribatçı planlarına mane olan güc strukturlarımızı gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu baxımdan böhtanların əsas hədəfinin Ermənistan və İran agentlərinin ardıcıl ifşasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti olması da təsadüfi deyil. Çünki bu qurum faktiki olaraq xarici ölkələrin agentura şəbəkəsini göz açmağa qoymur, onları elə ilk addımında ifşa edir. Buna görə də antimilli qüvvələr daha çox Dövlət Təhlükəsizliyi Xidmətini ləkələməyə cəhd edir. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı kimin kim olduğunu bilir. Azərbaycan xalqı yaxşı bilir ki, onun ən böyük düşməni öz dövlətinə, xalqına, ordusuna, güc qurumlarına ləkə vurmağa çalışanlardır. Onların hər biri gec-tez etdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər. Mən fürsətdən istifadə edib, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayıram! Əminəm ki, hər zaman olduğu kimi, bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti Prezidentimizin və xalqımızın ona olan etimadını doğruldacaq, gələcəkdə də ölkəmizdəki sabitliyin və əmin-amanlığın qarantı rolunda çıxış edəcək”.

Hamısını oxu
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib. Bu barədə   “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə şəhərində yekun konfrans, ictimai müzakirə keçirilib. Konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, məktəb direktorları, müəllimlər, tələbələr, ziyalı insanlar, təxminən 300 nəfərdən çox qonaq iştirak edib. Konfransımıza böyük dəstək verən, bu konfransın yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyən Prezident Administrasiyasına, Gəncə şəhər İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına sonsuz minnətdarlığımı bildirirəm. Fəaliyyətimizə yüksək dəyər bizə çalışmaq üçün stimul verir”.  

Hamısını oxu
İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Hamısını oxu
“Müdafiə” adı ilə silahlanma

Hamısını oxu