Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam.

Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik.

İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı.

Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik.

Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

x x x

Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm.

Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür.

Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib.

x x x

Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər.

Dövlət başçıları əlavə tapşırıqlar verdilər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

2023-08-22 22:38:27
4029 baxış

Digər xəbərlər

“Veteran” yoxsa, “qazi”

Həyat inkişaf edir, hadisə və proseslər tez-tez dəyişir. Həyatımıza daxil olan bu və ya digər proseslər hər halda yeni və müasir yanaşmalar tələb edir. COVİD-19 virusunun həyat tərzimizi, dünya görüşümüzü və baxışlarımızı sürətlə dəyişən və bizi yeni qaydalar əsasında yaşamağa məcbur edən mühüm proses kimi dəyərləndirilə bilər. Yalnız təsəvvürlərdə və xəyallarda dolaşan, bəzən ağıla sığan və ya sığmayan məsələlər artıq günümüzün reallıqlarına çevirilmişdir. Sovet İttifaqının dağılması, müstəqil dövlətimizin yaranması, ərazilərimizin düşmən xalq tərəfindən işğal olunması, otuz ildən çox işğal altında saxlanması, artıq tarixi reallıqlardır. 27 sentyabrda ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin tarixi çağırışı da heç vaxt görmədiyimiz, eşitmədiyimiz lakin ömür boyu yaddan çıxmayan tarixi reallıqdır.   Son illər bizim istəyimizdən asılı olmayaraq həyatımızda və həyat tərzimizdə baş verən dəyişikliklər mühüm ifadə vasitəsi olan dilimizdə də istər-istəməz müəyyən dəyişikliklərə rəvac vermişdir. Biz bu dəyişiklikləri kor-korana qəbul etməliyikmi, yaxud baş verənlərə yaradıcılıqla yanaşmalı, təhlillər aparmalı, ən məqbul variantı seçib qəbul etməli, daha məqbul istiqamətə üstünlük verməliyik. Biz azərbaycanlıyıq, bizim öz milli- mənəvi və elmi dəyərlərimiz, dilimiz vardır, biz onu sevməli və qorumalıyıq. Bu baxımdan son illər tez-tez istifadə edilən “qazi” istilahına hazırda aydınlıq gətirilməsinə zərurət yaranmışdır. Heç şübhəsiz bu sözə əvvəllər ədəbi dilimizdə nadir hallarda rast gəlmək olardı, son illər isə mənasına, məzmununa, ifadə yükünə əhəmiyyət verilmədən bu sözdən geniş istifadə etməkdə haqlıyıqmı? Bəziləri haqsız, əsassız olaraq özlərinə “qazi” deməklə qürur duyurlar, özlərini az qala “qəhrəman” hesab edirlər. Çalışaq məsələyə ümumi axın konteksində yox, ədalətli və obyektiv aydınlıq gətirək.   Azərbaycan dilinin izahlı lüğətinə görə ərəb mənşəlli “qazi”  sözü müsəlmanlarda dini məhkəmə işlərinə baxan rühaniyə, şəriət hakiminə deyilir. (Azərbaycan dilinin izahlı Lüğəti 4 cilddə! 3-cü cild Bakı-2006 səh 88). Başqa bir mənbədə isə din yolunda düşmənə qarşı müharibə edərək qalib gələn şəxslərə “qazi”, bu yolu həyat tərzi, bir peşə kimi ifadə etmək üçün isə “qazilik” istilahı işlədilmişdir. Şəhid olanlara “qazi” deyərdilər. “Tarix Terminləri lüğəti”nə görə, müsəlmanların kafirlərə qarşı apardıqları müqəddəs müharibələrin-qəzavatların iştirakçılarına “qazi” deyilməsi qəbul edilmişdir. Bəzi ölkələrdə sərhədləri mühafizə edən və ya xalq üsyanlarının yatırılmasınada iştirak edənlərə də “qazi” deyilir. “Məktəblinin alınma sözlər lüğəti”nə görə isə, dini müharibədə döyüşən, cihad edən, qalib gələn şəxslərə “qazi”  deyilir. Bəzi müsəlman ölkələrində hərbi sərkərdələrə də “qazi”  deyə müraciət edirlər. Türkiyə Cumhuriyyətində isə bizim işlətdiyimiz mənada müharibə veteranları “qazi” adlandırırlar. Zənnimcə müstəqillik illərindən sonra dilimizdə istifadə edilən “qazi” sözü, hər şeydən əvvəl dilimizə Türkiyə Cumhuriyyətinin hərbi terminlər lüğətindən götürülməklə istifadə edilir. Halbuki, son dövrlərə qədər baş verən müharibələrdə döyüş zamanı yaralanan şəxslərə tarixən “müharibə veteranı” deyə müraciət edilirdi. Məsələn: 1941-1945-ci illər müharibəsinin iştirakçılarına bir qayda olaraq “müharibə veteranı” kimi müraciət edilir.(bax “Veteranlar haqqında Qanun”) Tanınmış ərəbşünas alim Nəriman Qasımoğlu məsələyə aydınlıq gətirərək yazır ki, “şəhid” sözünün dini məzmunu olsa da, “qazi” sözünün heç bir dini məzmunu yoxdur. Çünki ərəb dilində “qəz” sözü, “işğal edən şəxs”, “işğalçı” mənasını ifadə edir. “Uduzan ordunun yaralanan əsgərinə də “qazi” demək olarmı? sualını cavablandıran alim bildirir ki, ancaq qələbə halında, hansısa torpağı gedib tutduğun zaman, sən “qazi” ola bilərsən. “Sözün məna tutumunda, informativ yükündə “işğal edən”, "tutan” sözü vardır. Təəssüf ki,  bizim dilçilər, əsassız olaraq ərəb dilində olan bəzi sözlərin əsl mənasından kənarlaşmalara yol verirlər və sözün məna yükünü nəzrə almırlar. “Şəhid” sözünün dini mənasına da toxunan Nəriman Qasımoğlu bildirir ki, sözün mənası “şahidlik” etmək", ilahinin qüdrətinə şahidlik etmək, onun dəyərlərinə, varlığına, təkliyinə, dəlillərinə və s. şahidlik etmək mənasını ifadə edir. Tək Vətən yolunda yox, elə alim də öləndə də, ona “şəhid oldu” deyirlər. Peyğəmbərin kəlamlarından birində də var ki, qiyamətdə alimin qanı şəhidin qanından üstündür. Təkcə döyüş səhnəsində yox,  öz şərəfini, evini qoruyan şəxs də həlak olduqda, əslində o, “şəhid” hesab olunmalıdır. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə, yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən, ölən şəxsə “şəhid” deyilir. Yüksək amal, əqidə, məslək yolunda canını fəda etmək, həlak olmaq, ölmək, nəticə etibarilə “şəhid olmaq” mənasını verir. (Azərbaycan dilinin izahlı Lüğəti 4 cilddə! 3-cü cild Bakı-2006 səh 204). Bu söz elə indi də eyni mənanı ifadə edir və heç bir mübahisə yaratmır. “Qazi” kəlməsinin kökü isə yuxarıda qeyd edildiyi kimi müsəlmanlıqla bağlıdır. Düşmən təcavüzünün qarşısının alınmasında iştirak edən döyüşçülərin Vətən qarşısında müstəsna xidmətləri nəzərə alınaraq, “şəhidlik zirvəsinə ucalmaq” kimi ifadələr işlədilir. Əslində isə, dilimizdə “qazi” sözü, əvəllər “veteran” sözü kimi işlədilmişdir. Bu söz beynəlxalq səviyyədə qəbul olunmuş və qədim tarixi kökə malik olan hərbi termin olmaqla, dünyanın onlarla ölkəsində bir termin olaraq qəbul edilir, belə vəziyyətdə onun “qazi” sözü ilə əvəz edilməsinə heç bir zərurət yoxdur. Tarixə müraciət edək: “Veteran” sözü öz etimaloji mənbəyini Qədim Romanın hərb tarixindən götürsə də, o artıq beynəlxalq səviyyəli termin olaraq çox sayılı dövlətlətlərdə eyni ilə işlədilir. Bu milli səviyyədə də özünə vətəndaşlıq qazanmışdır. “Qocaman əsgər”, “təcrübəli döyüşçü”, “ağsaqqal”, “yaşlı hərbiçi” və s. bu kimi mənaları ifadə edən “veteranus” sözü, latın dilində “qoca” mənasını ifadə edir. Dünyanı fəth edən Qədim Romanın müharibə tarixində, hərbi xidmətini başa vurmuş döyüşçülərə “veteran” adı verilməklə, bu söz həmdə böyük səfərbəredici mahiyyət daşıyırdı. Hələ Yuli Sezarın “Dəmir döyüşçülər” adlandırdığı “veteranlar legionları”, xüsusi hərbi bacarığı və şücaəti ilə fərqlənən peşəkar hərbiçilərə latın dilində “veteranus” deyilirdi. Belə şəxslər İtaliyada, Qədim Romada köləlikdən azad edilir və onlara vətəndaşlıq hüququ verilirdi. Təsadüfi deyil ki, Roma İmperatorluğu, dünya tarixində ilk dəfə olaraq, belə şəxslərin sosial təminatının ən yüksək formada həll edilməsi ilə tarixə düşmüşdür. Orduda döyüşmək və qalibiyyəti təmin etmək- Böyük Roma İmperatorluğu vətəndaşlarının, Vətən qarşısında dayanan ən mühüm və şərəfli vəzifəsi hesab olunurdu. Bütün İmperiyanın tarixi mövcudluğu dövründə daim fəaliyyətdə olan “Roma veteranları”- nəhəng dövlətin monolit birliyinin məhək daşı hesab olunurdu. Məhz bunun nəticəsində də hələ e.ə 1-2 ci əsrlərdə Roma Respublikasında peşəkar ordu və peşəkar donanmanın yaradılması, onun tarixi qələbələrinin əsasında dayanırdı. “Veteran” adlandırılan təcrübəli əsgərlər və onların ailə üzvləri, İmperiya qanunları əsasında bütün vergilərdən və öhdəliklərdən azad olunur, onlara vətəndaşlıq statusu verilir və onlar öz valideynlərinin əmlaklarına varislik hüququ əldə edirdilər. Hətta veteran övladları atalarının daşıdığı statusdan bəhrələnərək, yeni Roma ordusunun əsas heyətini təşkil edirdi. Qay Yuli Sezar e.ə 45-44 cü illərdə yüz minə qədər veteranı İtaliyada və onun ən yaxşı koloniyalarında yerləşdirməklə ölkədə həm də “veteran” adını şöhrətləndirmiş oldu. Onların çoxu öz dövrü üçün ən qiymətli nemət hesab edilən- mülk torpaqlarla mükafatlandırıldılar. Belə əsaslarla formalaşdırılan Roma ordusu, dünyanın ən döyüşkən və qalib ordusu kimi tarixə düşmüşdür. Beləliklə “veteran” sözü uzun tarixi bir dövr ərzində “fədəkar döyüşçü” mənasını ifadə etməklə, dünyanın müxtəlif dövlətlərində və xalqlarının dilində tətbiq olunmuş və bu gün də edilməkdədir.   Qeyd edilməsi zəruridir ki, ölkəmizdə “Veteran hərəkatı” daim diqqətdə saxlanılmış və zaman-zaman təkamül prosesi keçmişdir. 3 iyun 1956-cı ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi böyük rəşadətlər və igidliklər göstərərək, nəinki SSRİ-ni, habelə bütün Avropanı faşizm bəlasından xilas etmiş müharibə veteranlarını bir təşkilatda birləşdirmək təşəbbüsü ilə 29 sentyabr 1956-cı ildə “Sovet Müharibə Veteranları Komitəsi”ni təsis etdi. Sonradan digər veteranların da (əmək veteranı və s.) həmin təşkilatda birləşməsi təmin edildi və müttəfiq respublikalarda da onun nümayəndəlikləri təsis olundu. Bir maraqlı faktı da diqqətə çatdırmağı vacib hesab edirəm ki, indi bir çox ölkələrdə veteranların sosial problemlərinin həllində ciddi narahatçılıqlar olsa da, müharibədən sonrakı illərdə SSRİ büdcəsinin hər il 35%-ə qədəri, ümumilikdə ölkənin sosial və mədəniyyət sahəsindəki problemlərinin, o cümlədən veteranların problemlərinin həllinə sərf edilirdi. Buna görədə illər keçdikcə “Veteran hərəkatı” daha böyük vüsət aldı, genişləndi və yeni-yeni səhifələrlə zənginləşdi. Xüsusilə faşizm üzərində qələbənin 20-illik yubileyinin keçirilməsi və veteranlara göstərilən diqqət daha da inkişaf etdirildi. Gənclər bütün İttifaq miqyasında tarixi yürüyüşlər keçirir və ölkənin inkişafında fəallıq göstərirdilər. Bu yürüşlər içərisində “Brest qalasına tarixi yürüş” xüsusilə qeyd edilməlidir. Tarixçilər qeyd edirlər ki, “Brestin məhşur meydanında, bütün ölkə veteranları adından, qalanın tarixi müdafiəçiləri, yürüş iştirakçıları olan gənclərə, simvolik olaraq qəhrəman qalanın açarını təqdim etdilər. “Brest qalasının mövcud olduğu bütün tarixi dövr ərzində, ilk dəfə olaraq onun müdafiəçiləri, bu əfsanəvi darvazanın açarını gənclərə etibar etdilər”. Çox maraqlıdır ki, qəhrəman “Brest” qalasının tarixi açarını” SSRİ gənclərinin nümayəndəsi, gənc toxucu Valentina Kondratiyevaya Azərbaycan məktəblisi İlham Əliyev (hazırki Prezidentimiz) təqdim etdi. Fikrimcə bu gün ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan veteranlarına göstərdiyi xüsusi qayğı və diqqət də məhz həmin dövrdən başlanmışdır. İttifaq miqyasında geniş vüsət almış “Veteran hərəkatı” 21 mart 1987-ci ildə Azərbaycan Respublikasında Veteranlar Təşkilatının birinci qurultayında, yeni bir təşkilatın-veteranlar təşkilatının təsis edilməsi ilə nəticələndi.   Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, bütün ölkədə olduğu kimi, Veteran hərəkatının da yeni inkişaf mərhələsinə keçidinə səbəb oldu. Veteranlara lazımi şərait yaradıldı. Ən böyük və yadda qalan hadisə isə 28 iyun 1994-cü ildə ölkə tarixində ilk dəfə olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi oldu. Həmin Qanun Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmş və onun tərəfindən də Milli Məclisə təqdim edilmişdi. Əlbəttə layihə yekdilliklə qəbul edildi. Bu Qanunda veteranlara dair dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, müharibə veteranlarının, Silahlı Qüvvələr veteranlarının, Əmək veteranlarının statusu, onların pensiya təminatı, istehsal fəaliyyəti, mənzil-məişət şəraiti, dərman və müalicə vasitələri ilə təminatı, onlar üçün nəzərdə tutulan əlavə güzəştlər, veteranların sosial və tibbi müdafiəsi, digər zəruri və vacib məsələlər, ilk dəfə olaraq hüquqi baxımdan mükəmməl tənzim edilirdi. Qanunun 21-ci maddəsində göstərilirdi ki, veteranların sosial müdafiəsi tədbirlərini, müvafiq icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Veteranların Respublika Təşkilatı isə dövlət büdcəsi hesabına ayırmalarla maliyyələşirdi.     Beləliklə də fikirimi yekunlaşdıraraq, tarixi reallıqlara söykənərək və minlərlə veteranın yekdil fikirini, rəyini bir daha ifadə edərək Vətən uğrunda fədakarlıqla döyüşən əsgərlərin, zabitlərin, döyüşçülərin, birmənalı olaraq, yenə də “veteran” adlanması tamamilə düzgün və əsaslıdır. Bu sözün “qazi” və ya hər hansı başqa bir sözlə ifadə edilməsinə heç bir zərurət, əsas və məntiq yoxdur.   Bəhram Zahidov Hüquq elmləri doktoru, professor, müharibə və əmək veteranı

Hamısını oxu
Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.  Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib. Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icra başçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi, ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası, eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxardı. Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi veteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosial problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv iştirakının təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır. Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər – “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk edilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlər sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək,  öyrəniləcək və təbliğ olunacaq”. Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhs edib: “44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərinin əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milli özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərlə özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz. Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru olmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə və təhülkəsizliyinə verdiyi önəmi göstərir. Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü, eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi bəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimi dəyərləndirilməlidir.   İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra da Prezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davam edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin formalaşdıracaq”. Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərə Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıblar. Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib. Seymur ƏLİYEV

Hamısını oxu
“Hərbi Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verir”

Məşhur Məmmədov: “COP29 ərəfəsində bu cür tədbirlərin keçirilməsi xüsusilə əhəmiyyətlidir” Hərbi Prokurorluğun Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsində mühüm rol oynadığı şübhəsizdir. Bununla yanaşı, prokurorluq əməkdaşları Silahlı Qvvələrin şəxsi heyətinin Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanması, onların dövlətimizin müasir çağırış və  prioritetləri haqqında ətraflı məlumatlanması istiqamətində də ardıcıl iş aparmaqdadır. Bu baxımdan Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər mühüm əhəmiyyətə malikdir. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Hərbi Prokurorluğun həyata keçirdiyi bu tədbirlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verdiyini bildirib: “Təbii ki, Hərbi Prokurorluq tərəfindən Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Silahlı Qüvvələrdə tədbirlərin keçirilməsi mühüm önəm kəsb edir. Bu, hər şeydən öncə gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı təlqin edən Heydər Əliyev ideyalarına daha dərindən yiyələnməsi, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından vacibdir. Bu, həm də gənc hərbçilərimizə şanlı tariximizin təbliği, öyrədilməsi deməkdir. Keçirilən tədbirlər eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”ni əhatə edir ki, bu da sadəcə dövlətimizin deyil, bütövlükdə planetimizin bugünü və gələcəyi baxımından son dərəcə önəmlidir. Təbiətin qorunması, ekoloji mühitin yaxşılaşması bu gün hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. Onu da unutmaq olmaz ki, yaxın günlərdə ölkəmizdə COP 29 sammiti gerçəkəşəcək. 200-ə yaxın dövlətin iştirak edəcəyi sammit iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunacaq. Hansı ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində atılan addımlar, həm də COP29 sammitinin mahiyyəti ilə uzlaşmaqdadır. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlər qarşıdakı sammit ərəfəsində ikiqat əhəmiyyət kəsb edir. Bu cür tədbirlər yeni ekoloji düşüncə tərzinin formalaşması, insanların təbiətə daha duyarlı münasibətinin təmin olunması və s. baxımından faydalıdır. Mən həm Hərbi Prokurorluğa, həm də Silahlı Qvvələrimizə uğurlar arzulayır, onlara öz şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Şəmistan Əlizamanlını 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir

Respublika  Veteranlar Təşkilatı Şəmistan Əlizamanlının Azərbaycan xalqı və mədəniyyəti qarşısında, eləcə də gənclərlə vətənpərvərlik işinin həyata keçirilməsindəki böyük xidmətlərini nəzərə alaraq Təşkilatın təsis etdiyi “General Səməd bəy Mehmandarov” yubiley medalı və “Diplom”u  ilə yubliyarı təbrik etmişdir. Mükafatları  yubiley mərasimində Təşkilatın Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov təqdim etmişdir. Şəmistan Əlizamanlıya yeni-yeni yaradıcılıq uğurları, cansağlığı və uzun ömür arzulayırıq.

Hamısını oxu