Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.

 

 

 - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

 

 

 -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.

 

 

 -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?

 

 

 -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.

 

 

 -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?

 

 

 -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

2024-01-15 18:51:11
4018 baxış

Digər xəbərlər

Vətənin, dövlətçiliyin, təhlükəsizliyin keşiyində fədakar xidmət

Artıq 33 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları təqdirəlayiq inkişaf yolu keçərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanıb.  Ötən dövrdə Daxili Qoşunlar ölkə rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim dövlətin təhlükəsizliyinin qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Daxili Qoşunların fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, döyüş qabiliyyəti daha da gücləndirilib, mövcud infrastruktur yenilənib, müasir tipli silahlar, texnikalar alınıb, şəxsi heyətin xidmət və məişət şəraiti, habelə sosial rifahı daha da yaxşılaşdırılıb. Daxili Qoşunlar ötən müddətdə ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, ön cəbhədə düşmənə qarşı döyüş əməliyyatlarında da iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyaraq tarixləşib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə olaraq 1992-ci ilin mart ayının 12-də başlayıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onlardan 8 nəfəri bu fəxri adla ölümündən sonra təltif edilib. Kapitan Ənvər Arazov, baş leytenant  Elşad Yəhyayev, baş leytenant Mətləb Quliyev, baş leytenant Fəxrəddin Nəcəfov, baş leytenant Rövşən Abdullayev, çavuş İqor Makeyev, əsgər Səxavət Məhərrəmov və əsgər Ruslan Muradov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Müharibə sınaqlarından keçərək ağır yaralanmış və əlil olmuş Sahil Məmmədov isə bu gün istefada olan polis polkovnikidir. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər həlаk оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb. 2002-ci ildə Daxili Qoşunların emblemi və döyüş bayrağı haqqında əsasnamələr, habelə onların təsvirləri təsdiq olunub. Hərbi qulluqçularımız təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsinə hazırlaşıblar. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu - polkovnik Zəfər Yusibov, polkovnik Füzuli İmrəliyev, polkovnik-leytenant Nicad Bədəlov və mayor Şixamir Qaflanova (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və silahlanmış separatçılara ağır zərbələr vurulub. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində bölgədə erməni separatizminə son qoyulub. Antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər isə yaralanıb və xəsarət alıb.  Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər silahlı cinayətkarlara qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızda polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli müxtəlif xidməti-döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru 

Hamısını oxu
“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”

“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılan bu məsələ bir çox aspektdən mühüm önəm kəsb edir: “Dünən Mili Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olduqca böyük əhəmiyyətə malikdir. Müzakirə edilən dəyişikliklər uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların yad təsirlərin altına düşməsinin əngəllənməsi, milli ruhda- vətənpərvərlik ruhunda yetişdirilməsi üçün daha optimal informasiya mühitinin formalaşdırılması baxımından olduqca vacibdir. Sözügedən qanun uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhdidlərindən - dezinformasiya, zorakılıq, eləcə də aqressiv məzmun, manipulyativ təsir və s.-dən qorunmasında mühüm rol oynayacaq, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına bilavasitə təsir göstərəcək. Yəni qanun dəyişikliklərində əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşması, onların təhlükəsizliyinin daha etibarlı şəkildə təşkilidir. Yəni söhbət 16 yaşa qədər olan uşaqlara internet qadağasının tətbiqindən deyil, onların təhlükəsizliyinin təminindən, bu prosesə valideynlərin və dövlətin nəzarətinin artırılmasından gedir”. Polkovnik qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı məlum qanun dəyişikliyi beynəlxalq təcrübə də özünü doğruldub: “Dünya təcrübəsinə, eləcə də beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki,16 yaşına qədər uşaqlarla bağlı oxşar müddəalar qabaqcıl dövlətlərin təcrübəsində də mövcuddur. Həmin ökələrdə 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilmir. Buna səbəb həmin yaş həddinə qədər olan uşaqların daha tez təsir altına düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda müzakirə edilən qanun dəyişikliyi də sosial platformalarda qeydiyyatın 16 yaşından başlanmasını nəzərdə tutur. Hansı ki, bu yenilik ilk növbədə uşaqların özünün həyat və sağlamlığının qorunması baxımından son dərəcə zəruridir. Bir məqamı da vurğulamaq lazımdır ki, uşaq və yeniyetmələrlə bağlı qanun dəyişikliyinin tətbiqi gələcəkdə gənc nəslin milli dəyərərə bağlı ruhda tərbiyəsinə də müsbət təsir göstərəcək. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev yeniyetmə və gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərlərinə bağlı şəkildə tərbiyəsinə böyük önəm verib, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə mühüm önəm kəsb etdiyini bildirib. Bu baxımdan, hesab edirəm ki, məlum qanun dəyişikliyinin qəbulu milli təhlükəsizliyimizin daha dolğun təminatı, uşaq və gənclərimizin ruhi-mənəvi sağlamlığının qorunması, uşaqların internet resurslarından istifadəsinə valideynlərin nəzarətinin artırılması baxımından olduqca zəruridir. İnanıram ki, biz yaxın gələcəkdə bu dəyişikliyin qəbuluna şahid olacaq, bununla da uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhlükəsindən qorunması baxımından ciddi yeniliyə imza atacağıq. Mən bu zəruri, həyati dəyişikliyi gündəmə gətirdiyinə görə başda Mili Məclisin sədri hörmətli Sahibə Qafarova olmaqla, bütün millət vəkillərimizə, xüsusilə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram. Onu da vurğulayıram ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də uşaq və yeniyetmələrin daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyəti, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsi, milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması üçün əlimizdən gələni əsirgəməyəcək, bu istiqamətdə təbliğati işlər, maarifləndirici tədbirlər həyata keçirməkdə davam edəcəyik”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib

Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.

Hamısını oxu