Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”

“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılan bu məsələ bir çox aspektdən mühüm önəm kəsb edir:

“Dünən Mili Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olduqca böyük əhəmiyyətə malikdir. Müzakirə edilən dəyişikliklər uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların yad təsirlərin altına düşməsinin əngəllənməsi, milli ruhda- vətənpərvərlik ruhunda yetişdirilməsi üçün daha optimal informasiya mühitinin formalaşdırılması baxımından olduqca vacibdir.

Sözügedən qanun uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhdidlərindən - dezinformasiya, zorakılıq, eləcə də aqressiv məzmun, manipulyativ təsir və s.-dən qorunmasında mühüm rol oynayacaq, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına bilavasitə təsir göstərəcək. Yəni qanun dəyişikliklərində əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşması, onların təhlükəsizliyinin daha etibarlı şəkildə təşkilidir. Yəni söhbət 16 yaşa qədər olan uşaqlara internet qadağasının tətbiqindən deyil, onların təhlükəsizliyinin təminindən, bu prosesə valideynlərin və dövlətin nəzarətinin artırılmasından gedir”.

Polkovnik qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı məlum qanun dəyişikliyi beynəlxalq təcrübə də özünü doğruldub:

“Dünya təcrübəsinə, eləcə də beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki,16 yaşına qədər uşaqlarla bağlı oxşar müddəalar qabaqcıl dövlətlərin təcrübəsində də mövcuddur. Həmin ökələrdə 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilmir. Buna səbəb həmin yaş həddinə qədər olan uşaqların daha tez təsir altına düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda müzakirə edilən qanun dəyişikliyi də sosial platformalarda qeydiyyatın 16 yaşından başlanmasını nəzərdə tutur. Hansı ki, bu yenilik ilk növbədə uşaqların özünün həyat və sağlamlığının qorunması baxımından son dərəcə zəruridir.

Bir məqamı da vurğulamaq lazımdır ki, uşaq və yeniyetmələrlə bağlı qanun dəyişikliyinin tətbiqi gələcəkdə gənc nəslin milli dəyərərə bağlı ruhda tərbiyəsinə də müsbət təsir göstərəcək. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev yeniyetmə və gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərlərinə bağlı şəkildə tərbiyəsinə böyük önəm verib, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə mühüm önəm kəsb etdiyini bildirib.

Bu baxımdan, hesab edirəm ki, məlum qanun dəyişikliyinin qəbulu milli təhlükəsizliyimizin daha dolğun təminatı, uşaq və gənclərimizin ruhi-mənəvi sağlamlığının qorunması, uşaqların internet resurslarından istifadəsinə valideynlərin nəzarətinin artırılması baxımından olduqca zəruridir. İnanıram ki, biz yaxın gələcəkdə bu dəyişikliyin qəbuluna şahid olacaq, bununla da uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhlükəsindən qorunması baxımından ciddi yeniliyə imza atacağıq.

Mən bu zəruri, həyati dəyişikliyi gündəmə gətirdiyinə görə başda Mili Məclisin sədri hörmətli Sahibə Qafarova olmaqla, bütün millət vəkillərimizə, xüsusilə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram.

Onu da vurğulayıram ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də uşaq və yeniyetmələrin daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyəti, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsi, milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması üçün əlimizdən gələni əsirgəməyəcək, bu istiqamətdə təbliğati işlər, maarifləndirici tədbirlər həyata keçirməkdə davam edəcəyik”.

Seymur ƏLİYEV

 

2026-06-09 15:23:00
1306 baxış

Digər xəbərlər

İlham Əliyev atası kimi dahidir - Slutski

Azərbaycan Prezidenti İlham Əliyev böyük atası, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin gördüyü işləri müvəffəqiyyətlə davam etdirir. Axar.az xəbər verir ki, bunu Report-a Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib. “İlham Əliyevin payına düşən ən ağır məsələnin məhz Qarabağ münaqişəsi olduğunu bilirik. O, müasir siyasətlə, ölkə iqtisadiyyatının dirçəlməsilə bağlı bir sıra çox çətin məsələnin öhdəsindən uğurla gələ bilib. İlham Əliyev sayəsində müasir Azərbaycan yanacaq sarıdan, enerji sarıdan müstəqil dövlətə, post-Sovet məkanının ən firavan ölkələrindən birinə çevrildi. İlham Əliyev həmçinin Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu və s. kimi bir sıra nüfuzlu tədbirlərin təşəbbüskarı və əlaqələndiricisidir”, - deyən rusiyalı deputat bütün bu fəaliyyətə Qarabağ probleminin kölgə saldığını qeyd edib: “30 ilə yaxındır davam edən bu vəziyyət görülən işlərə kölgə salırdı. İlham Əliyev bu qanlı münaqişəni xələflərinə də miras qoyub gedə bilməyəcəyini dərk edirdi. Bu məsələni həll etməli idi və daim də bu barədə danışırdı. Belə də oldu”. “Qarabağ münaqişəsi həll olundu, bütün dünya azərbaycanlıları üçün, bütün dünyada Cənubi Qafqazda baş verənləri izləyən hər kəs üçün tarixi haqq-ədalət bərpa edildi. Bu, müdriklik nümunəsidir, mərdlik nümunəsidir, insanlara qayğı nümunəsidir. Məhz bu məramı Rusiya və Azərbaycan prezidentləri rəhbər tutublar. Qarabağ münaqişəsinin həllindən sonra İlham Əliyev SSRİ-nin də, Azərbaycanın da tarixinə adı qızıl hərflərlə həkk olunmuş atası Heydər Əliyevlə yanaşı, dahi hesab edilməlidir”, - deyə rusiyalı deputat fikrini tamamlayıb.

Hamısını oxu
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.  

Hamısını oxu
Millət vəkili Qənirə Paşayeva və “Nərgiz” klini­kasının baş həkimi Məlahət Qəhrəmanova şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin Sədri, “Nərgiz” klini­kasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 sentyabr – Şəhidləri Anma Günündə Tovuz rayonunun Əlibəyli kən­dində olub, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid kiçik çavuş Anar Hüseyn oğlu Hüseynovun ailəsini ziyarət edib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailənin qayğıları ilə maraqlanıb, “şəhid övladınızın əziz ruhu qarşısında ehtiramla baş əyirik” deyib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, Anar kimi oğulların canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar, Anar Hüseynovun haqqında da yazının olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib.   Anar Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz–28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.   Kiçik çavuş Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub.   Şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub. Ruhu şad olsun!  

Hamısını oxu
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.  

Hamısını oxu