Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gözdən Əlillər Cəmiyyətinin sədri: Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb

Bakı, 7 fevral, AZƏRTAC

Zaman günləri, həftələri, ayları, illəri qova-qova aparır və biz bəxtimizə düşən zaman kəsiyi içərisində müxtəlif hadisələrin şahidi oluruq. Əlbəttə ki, həmin hadisələrin içərisində xoş olanı, yadda qalanı, xatırlananı da var, xoş olmayanı da. Son illər bəxtimizə düşən zamanın içərisində elə xoş və unudulmaz hadisələr olub ki, onların işığı bütün ömrü işıqlandırmağa bəs edər.

Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bu sözləri paytaxtdakı 19 saylı Nərimanov seçki dairəsinin 36-cı məntəqəsində növbədənkənar prezident seçkilərində səs verərkən AZƏRTAC-a deyib.

Son illər baş verən belə xoş hadisələrdən biri şübhəsiz ki, 2020-ci ilin 4, 17, 20, 25 oktyabrı və ən nəhayət 8 noyabrdır, - deyə cəmiyyətin sədri fikrini davam etdirib: “Həmin günlərdə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın erməni hərbi birləşmələrindən azad edilməsini bütün varlığımdan keçən bir sevinc hissi ilə yaşamışam. Buraya həmin il noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də Laçının müharibəsiz və bir güllə atılmadan boşaldılmasını da əlavə etsəm, qəlbində yurd sevgisi, vətən yanğısı olan hər kəs məni yaxşı başa düşər. Ötən il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Qarabağdan separatçı qüvvələrin təmizlənməsi də son illər yaşadığım ən unudulmaz və xoş hadisələrdən olub. Həmin günlərin hər biri Azərbaycan tarixində çox mühüm və əlamətdar hadisədir.

Bu mənada bu gün keçirilən və ölkəmizin gələcək həyatında taleyüklü hadisə olan prezident seçkilərini də heç də az əhəmiyyətli məsələ hesab etmirəm. Bu gün xalqımız müstəqillik tarixində ilk dəfədir ki, bütün ölkə miqyasında və bütün ərazisində bu mühüm siyasi kampaniyada iştirak edir. Budəfəki seçkinin ən böyük və önəmli faktoru elə budur. Xalqımız bütün ölkə miqyasında öz sabahına və gələcəyinə səs verir. Mən də öz konstitusion hüququmdan istifadə edərək məntəqəyə gəlmişəm. Burada görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb”.

S. Abdullaevin verdiyi məlumata görə, ölkə üzrə 50 minə yaxın gözdən əlil şəxs var. 2003-cü ildən etibarən postsovet məkanında ilkin olaraq Azərbaycanda gözdən əlillər digər şəxslərlə yanaşı xüsusi trafaretlərlə gizli səs verə bilirlər. Bu il Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən görmə məhdudiyyəti olanlar üçün Brayl trafaretləri çap olunub. Həmin trafaretlər Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki dairələri üzrə paylanılıb. Görmə məhdudiyyəti olanlar paytaxtın Nərimanov rayonu ərazisində daha sıx məskunlaşdırqlarına görə 19 saylı Nərimanov seçki dairəsinin 36 və 37 saylı məntəqələrdə onların rahat səs vermələri üçün hər cür şərait yaradılıb. Hər iki məntəqə veb-kameralarla təmin edilib.

“Səsvermə demokratik və şəffaf şəraitdə keçirilir. Hər kəs də layiqli hesab etdiyi namizədə səsə verir. Ümid etməyə dəyər ki, bugünkü seçkilər və onun ədalətli nəticəsi xalqımızın gələcək inkişafında çox böyük rol oynayacaq”, - deyə sədr fikrini yekunlaşdırıb.

2024-02-07 13:23:11
3672 baxış

Digər xəbərlər

Bir vətən sevdalısının tale yolu- Teyyub Eyyub oğlu Rəhimov

Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə tarixində elə insanlar var ki, onların həyatı bütöv bir vətən sevgisinin, milli ruhun və fədakarlığın simvoluna çevrilib. Belə insanlardan biri də ömrünü xalqına, dövlətinə və torpağına həsr etmiş vətənpərvər döyüşçü Teyyub Eyyub oğlu Rəhimov idi. Teyyub Rəhimov 1 iyun 1951-ci ildə Xızı rayonunda dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illəri Giləzi kəndində keçmiş, orta məktəbi də burada bitirmişdi. Hələ gənc yaşlarından Vətənə bağlılığı, mübariz ruhu və haqq uğrunda qətiyyəti ilə seçilirdi. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra ailə qurmuş, üç qız və bir oğul atası olmuşdu. Lakin onun həyat yolu yalnız ailə qayğıları ilə məhdudlaşmadı. Azərbaycanın taleyi təhlükə qarşısında qalanda o, bir vətəndaş kimi susmağı özünə rəva bilmədi. 1988-ci ildən başlayaraq Azərbaycan xalqının azadlıq hərəkatına qoşulan Teyyub Rəhimov həmin dövrün ən fəal iştirakçılarından biri kimi tanındı. Meydanlarda səslənən azadlıq çağırışları, xalqın istiqlal arzusu onun həyatının əsas amalına çevrildi. O, milli azadlıq ideyalarının yorulmaz təbliğatçısı idi. Azərbaycan ziyalılarının Moskvanın məşhur Lefortovo həbsxanasında saxlanılmasına etiraz olaraq 1990-cı ilin iyun ayında 17 gün həmin həbsxananın qarşısında aclıq aksiyası keçirməsi onun necə iradəli və qorxmaz insan olduğunu bir daha sübut edirdi. Hətta həmin hadisə Moskvanın “Kommersant” qəzetində də işıqlandırılmışdı. Bu etiraz aksiyası nəticəsində Azərbaycan diasporası məsələyə müdaxilə etmiş, həbs olunan ziyalıların azad olunmasına nail olunmuşdu. Teyyub Rəhimov yalnız sözlə deyil, əməli ilə də Vətənə xidmət etməyi seçmişdi. 1991-ci ildə Azərbaycanın Milli Ordusunun yaradılması barədə qərar qəbul ediləndə ilk könüllülərdən biri olaraq Milli Ordu sıralarına yazıldı. Şıxovda yaradılmış ilk batalyonun tərkibində Qarabağın müdafiəsinə yollandı. Şuşanın Kərkicahan qəsəbəsi uğrunda gedən ağır və qeyri-bərabər döyüşlərdə böyük qəhrəmanlıq göstərdi. 1991-ci ilin dekabrında erməni silahlı birləşmələri və rus ordusunun 366-cı alayına qarşı aparılan döyüşlər zamanı Teyyub Rəhimov ağır yaralandı. Döyüş yoldaşları onu ölümün caynağından çıxararaq Bakıya çatdırdılar. Lakin aldığı ağır qəlpə yaraları nəticəsində hər iki gözünü itirdi. Buna baxmayaraq, o heç vaxt ruhdan düşmədi. Çünki onun qəlbində Vətən sevgisi gözlərindən daha güclü idi. Onun müalicəsi Bakıda, Moskvada və Ankarada davam etdirildi. Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri Turqut Özal və Süleyman Dəmirəl onun taleyinə xüsusi həssaslıq göstərərək Teyyub Rəhimovun Ankara Qazi Universitetində müalicə almasına şərait yaratdılar. Sonralar Süleyman Dəmirəlin şəxsi qonağı olması da onun şəxsiyyətinə və qəhrəmanlığına verilən böyük dəyərin göstəricisi idi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun sağlamlığını tam bərpa etmək mümkün olmadı. Bir gözünə süni göz yerləşdirilsə də, beynində qalan qəlpənin ağır fəsadları illər sonra öz sözünü dedi. Teyyub Rəhimovun ən böyük arzusu Azərbaycanın işğal altındakı torpaqlarını azad görmək idi. O, daim inanırdı ki, Azərbaycan Ordusu bir gün Qarabağı düşməndən təmizləyəcək. Təəssüf ki, o müqəddəs günü görə bilmədi. 23 avqust 1997-ci ildə beynindəki qəlpənin yaratdığı ağır fəsad nəticəsində dünyasını dəyişdi. Lakin illər sonra onun arzusu gerçəyə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Qarabağ azad edildi. Bu gün hər bir azərbaycanlı inanır ki, Teyyub Rəhimov kimi qəhrəmanların ruhu həmin zəfər xəbəri ilə şad oldu. Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Azərbaycan veteranları onun ailə üzvlərinin təşəbbüsü ilə keçirilən anım mərasimlərində döyüş yoldaşları onun qəhrəmanlığından, mərdliyindən və vətənpərvərliyindən böyük qürurla danışırlar. Döyüş dostlarının xatirələrində Teyyub Rəhimov qorxmaz, sadiq və hər zaman öndə gedən bir vətən oğlu kimi yaşayır. Onun ailəsi də bu müqəddəs yolu davam etdirir. Qızı İlahə Rəhimli atasının vətənpərvərlik ruhunu yaşadan, qazilərə və şəhid ailələrinə daim dəstək olan xeyriyyəçi bir xanım kimi tanınır. O, atasının ağrılarını və Vətən uğrunda itkilərin nə demək olduğunu ürəkdən hiss edir. Buna görə də qazilərin və şəhid ailələrinin yanında olmağı özünə mənəvi borc sayır. Teyyub Rəhimovun həyatı bir insan ömrünün Vətən sevgisi ilə necə ucaldığının canlı nümunəsidir. O, gözlərini itirsə də, Vətənə olan inamını heç vaxt itirmədi. Çünki onun baxışları artıq yalnız gözləri ilə deyil, ürəyi ilə görürdü. Ruhu şad, məkanı cənnət olsun! Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır! Rasim Mirzəyev

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib

Mart ayının 6 –da Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası açıq elan edən Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov 2019-cu ildə görülən işlər və qarşıda duran məsələləri müzakirə edib, Təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. T.Ağahüseynov bu il cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi haqqında imzaladığı sərəncamlardan danışıb. Bu qanun layihələrində veteranların nəzərə alınmasını onların hər zaman dövlətin diqqət və qayğı ilə əhatə olunduğunu bir daha sübutu olduğunu vurğulayıb. Məruzə ilə çıxış edən Respublika Veteranlar Təşkilatın sədr müavini Cəlil Xəlilov 2019-cu ilin ilk iki ayı ərzində təşkilatın  həyata keçirdiyi tədbirlər, görüşlər haqqında məlumat verdi. Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin daha da gücləndirilməsinin zəruriliyini, vətənpərvərlik sahəsində xüsusi proqramların hazırlanması, ali təhsil müəssisələrində gənclərlə görüşlərin keçirilməsi, veteranların sülhün, dövlətçiliyin təbliğində aktiv iştirakının təmin edilməsi və bu kimi məsələri diqqətə çatdırdı. Həmçinin 9 May Qələbə Gününə hazırlıq, Qələbənin 75 illik yubileyinə dair tədbirlər planının layihəsinin hazırlanması və digər gündəlikdə duran məsələlər ətrafında danışdı. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı fəaliyyətində dövlət siyasətini təbliğ etdiyini və təşkilatın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdilər. Sonda ehtiyatda olan polkovnik Nadir İsmayılovun Təşkilatın Rəyasət heyətinə üzvlüyü səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Hamısını oxu
“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”

ABŞ-da 2017-ci ildə yaradılan “Hamı veteranlar üçün” təşkilatı son bir ildə fəaliyyətini  genişləndirməklə xalq arasında böyük sevgi və populyarlıq qazanıb. Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təşkilatı insanlara sevdirən əsas amil onun diş problemi yaşayan veteranlara pulsuz və keyfiyyətli xidmət göstərməsidir. Bir qrup diş həkimini özündə birləşdirən təşkilatın qurucusu həkim Tereza Çenq bildirib ki, onun belə bir təşkilat təsis etməsinə səbəb, bir çox veteranın pulsuzluq səbəbi ilə dişlərinə lazımınca qulluq göstərə bilməməsidir. İmplant və digər əməliyyatların bahalığı səbəbi ilə veteranların bir çoxunun sağlam dişlərə sahib olmadığını, bu səbəbdən də gülərkən belə utandıqlarını vurğulayan Tereza Çenq, onların təbəssümə layiq olduqlarını bildirib.   Qeyd edək ki, təşkilata müraciət edən veteranlar onun xidmətlərindən yararlanmaq üçün veteran statusuna malik olduqlarını, həmçinin, maddi vəziyyətlərinin həqiqətən də qeyri-qənaətbəxş olduqlarını sübut etməlidir.   Hazırda bütün ölkə üzrə  654 diş həkimin “Hamı veteranlar üçün” təşkilatında könüllü şəkildə çalışdığı bildirilir.   Seymur ƏLİYEV

Hamısını oxu
Heydər Əliyev və Atatürkün xatirəsi adlarını daşıyan zirvələrdə anılıb

Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.   Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqa­zın Baş­dağ silsilə­si­nin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zir­və­si"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar. İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.  

Hamısını oxu