Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı: “7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral tarixli prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bu barədə saytımıza Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov məlumat verib. Bəyanatda deyilir:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yüzlərlə nümayəndəsi respublika ərazisində seçki müşahidəçiliyi aparıb, seçki prosesini yaxından izləyib. Bütün məntəqələrdə nümayəndələrimizə seçki müşahidəçiliyi üçün tam şərait yaradılıb. Seçkilər azad, ədalətli və şəffaf keçib. Xırda texniki qüsurlar istisna olmaqla, seçkinin ümumi nəticəsinə təsir göstərə biləcək heç bir pozuntu halı qeydə alınmayıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində keçib. Seçicilər heç bir kənar təsir və müdaxilə olmadan istədikləri namizədə səs verib, seçki hüquqlarından sərbəst istifadə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, 7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq seçkilərin nəticəsinin xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirik”.

2024-02-07 20:01:37
3282 baxış

Digər xəbərlər

İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.   Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Hamısını oxu
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

15 yanvar 2025-ci il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.  Dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır. İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir. Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley”  komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır. Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir. Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir. Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.  Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu
Şuşa – hər daşında bir tarix yatan müqəddəs şəhər

Novruzda Cıdır düzündə 3 tonqal qalayaq! Hər bir xalqın ən gözəl bayramları onun milli kimliyi və cəng, hərb meydanında qazandığı qələbələrlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının Novruz bayramı kimi, Vətən Müharibəsində qazandığı qələbə ilə tariximizə yazılan Zəfər Günü də bizim qürur duyacaq, fəxrlə nümayiş etdirəcək və coşqu ilə qeyd edəcək bayramlarımızdandır.  Qalib, müharibədən üzü ağ çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, onu salamlayıb, qoxusunu-ətrini ciyərlərimizə doğru var gücümüzlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən də sanki başqa bir şadlıq, başqa bir sevinclə qarşılayır öz oğlunu, öz sahibini.  Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orda doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə ona aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyi, onun tarix qoxuyan hər daşına əlləri ilə toxunmağı, Cıdır düzünün yamyaşıl çəmənliyində ayaqyalın gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağında ovcuna doldurduğun suyundan içməyə, tarix yağan əyri-üyrü küçələrini gəzməyə hər bir Azərbaycanlı balası tələsir, istəyir və buna can atır. Bu baxımdan mənim də belə bir arzumun getdikcə alovlanması başa düşüləndir. 2022-ci il girər-girməz bu istəyimin reallaşması üçün addımlar atmağa başladım. Şuşaya səfərlər təşkil edən yetkililərə hətta “feysbuk” (facebook.com) sosial şəbəkəsi vasitəsi ilə səslənməkdən, belə bir arzumu açıq-aşkar ifadə etməkdən belə çəkinmədim.  Və çox keçmədi ki, ağlım kəsəndən özünü mənə sevdirən, valeh edən Şuşaya  edəcək səfərim reallaşdı. Sevincimin həddi-hüdudu yox idi. Biləndə ki yanvarın 8-i Şuşaya gedəcəm, şadlığımdan səhərə qədər yata bilmədim. Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram–aram çəkilirdi. Bulud çəkildikcə dağların başı görünürdü. Qəribədir, adama elə gəlir ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını yığışdırırdı.Bizi müqəddəs şəhərin qayaları qarşıladı. Daşaltıdan buludlara doğru ucalan sıldırım qayalar məğrur, müzəffər igidin şişirtmiş olduğu sinəsini xatırladırdı. Necə də şişirtməsin sinəsini, necə də qürurlanmasın?! Tam da haqqı var. Çünki təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçdi. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları insan ağlına, insan fantaziyasına qalib gələrək yüngül silahlarla, yəni sadəcə bıçaq və tapancalarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarmışdılar. Düşmən gözləmədiyi yerdən, gözləmədiyi anda qorxmaz igidlərimizi görəndə təəccübünü və çaşqınlığını gizlədə bilməmişdi. Yüngül silahlarla düşmənin arxasına keçən, əlbəyaxa döyüşüb onun silahını ələ keçirən igidlərimiz öz döyüş əzmi, döyüş ruhu ilə qarşı tərəfi tamamilə - həm ruhən, həm də fiziki olaraq məhv etməyi bacarmışdı. Bunu da yalnız və yalnız içində vətən həsrəti olan qəhrəmanlar edə bilərdi. Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzünün güldüyü görünürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinin getdiyi hiss olunurdu. Yuxarı Gövhər Ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə vətənizimizin keşiyinə qalxmış bütün igid oğullarımız üçün dualar oxuyuruq. Şuşa, ümumilikdə Qarabağ azərbaycanlılar üçün ona görə müqəddəs torpağa çevrildi ki, onu qorumaq üçün biz minlərlə şəhid verdik. İgidlərimiz, qəhrəmanlarımız öz şirin canlarını vətəninə fəda edərək ölkəmizin bütövlüyünü qorudular. Qoy allah da şəhidlərin, qazilərin, ümumilikdə qəhrəmanlarımızın övladlarına, ailə üzvlərində bu torpaqlarda gözəl günlər keçirməyi nəsib etdin. AMİN.Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burda bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır. Şəhərə birinci gəlişimi nəzərə alib onunla duz-çörək kəsirik. Buradan birbaşa Bülbülün ev muzeyinə gedirik. Həyətə daxil olan kimi Bülbülün I Qarabağ müharibəsi zamanı Ermənilər tərəfindən üz-ağız nahiyyəsini dağıdılan və Vətən Müharibəsindən sonra yeni qoyulan heykəlləri ilə qarşılaşırıq. Hər iki heykəl yan-yana dayanmışdı. Biri ermənilərin barbarlığını, ikincisi isə Azərbaycanlıların dönməzliyini, vətənindən vaz keçməzliyini simvolizə edirdi. Hər kəsə gün kimi aydındır ki, Şuşa özünün avazı, səsi, xanəndələri ilə tanınıb. Ermənilər Bülbülün heykəlinin ağız nahiyyəsini dağıtmaqla sanki Azərbaycan xalqının səsini boğmaq istəmişlər. İkinci heykəli onun yanında ucaltmaqla bacarmayacaqlarına işarə edildiyi hiss olunur. Qoy düşmənlərimiz, eləcə də hər kəs bilsin. BACARMAYACAQSINIZ!!! Bu xalqı kimsə susdura bilməyəcək. Xalqımızın uca səsi bundan sonra da daimi olaraq Şuşa səmasına bərqərar olacaq. Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Məqbərəyə çatanda ümummilli lider Heydər Əliyev tərəfindən bu abidənin açılışı zamanı yağan qarı xatırlayıram. İstər istəməz adamın gözü qar axtarır. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir. Daha sonra Cıdır düzünə qalxırıq. O məşhur düzə. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə. Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən vətən qoxusu 30 illik həsrəti sona çatdırır. Barmaqlarını cütləşdirib, əlini alnına söykəyib üzü aşağı tərəf, xanın kəndinə - Xankəndinə doğru boylanırsan. Baxdıqca ürəyində arzular, demək istədiyin sözlər yaranır. Arzum budur bu Novruzda Cıdır düzündə 3 tonqal qalansın. Tüstü dumanı havaya qalxdıqca ətrafa qələbə müjdəsini bir daha çatdırsın. Qoy düşmən görsün ki, Oğuz elinin ocağı gur yanır. Səninlə Novruzda görüşənədək, əziz və müqəddəs şəhər. Seymur Qasımbəyli 

Hamısını oxu
“15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”

Cəlil Xəlilov: “Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi” “15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir”.  Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz 1993-cü ilin 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi dövlətimizi və xalqımıza xilas etdi: “15 iyun tarixinin dövlətimizin, xalqımızın taleyi və tarixi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün 1993-cü ilin ortalarında mövcud olan ictimai-siyasi və hərbi vəziyyətə nəzər salmaq kifayətdir. Söhbət elə bir tarixdən gedir ki, həmin ərəfədə Azərbaycanın tarixi torpaqlarının bəlli bir qismi erməni fşaistləri tərəfindən zəbt edilmişdi. Nizami ordunun və vahid hərbi komandanlığın olmaması erməni işğalının qarşısını almağa imkan vermirdi. Bundan başqa, ölkə daxilində ictimai-siyasi vəziyyət də son dərəcə ağır idi. Hakimiyyət daxilində mövcud olan ciddi qarşıdurma, xalqın siyasi hakimiyyətə inamının itirməsi, cəmiyyətin vətəndaş müharibəsi həddinə gəlib çıxması, sosial-iqtisadi durumun hədsiz pisləşməsi və s. vəziyyəti ümidsiz edirdi. Daxili sabitliyin olmaması düşmən qüvvələrin ölkə daxilində çoxsaylı təxribatlar həyata keçirməsinə əlverişli zəmin yaradır, ölkədəki gərginliyi bir qədər də artırırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyev ilk öncə daxili sabitliyin bərpa edilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi, ölkə daxilində xaos və qarşıdurmanın aradn qaldırılması istiqamətində sistemli addımlar atmağa başladı. Vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Hakimiyyətə peşəkar kadrlkar gətirildi. Ölkə daxilində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr ləğv edildi. Vahid, nizami ordu yaradıldı. Ordunun gücləndirilməsinə, onun peşəkar kadrlarla təmin edilməsinə xüsusi diqqət yetirildi. Nəticədə, erməni işğalının qarşısı müvəffəqiyyətlə alındı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması Azərbaycana öz qüvvələrini yenidən səfərbər etməyə, iqtisadiyyatını gücləndirməyə, daha güclü ordu formalaşdırmağa imkan verdi. Bütün bunlar isə Heydər Əliyev tərəfindən – onun bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirildi”. Polkovnik qeyd etdi ki, 1993-cü ilin 15 iyun hadisəsi Azərbaycan xalqının necə böyük tarixi şəxsiyyətlər yetişdirdiyi də bir daha göstərdi: “1993-cü ilin 15 iyun hadisəsi sübut etdi ki, Azərbaycan xalqı həlledici məqamlarda öz böyük şəxsiyyətləri hesabına çətin vəziyyətlərdən üzüağ çıxmağı bacarır. Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi. Xalqımız sübut etdi ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dahi şəxsiyyətlərdən, böyük sərkərdələrdən xali deyil. Xalqımız sübut etdi ki, heç bir qüvvə onu məhv etməyə, tarixdən silməyə qadir deyil. Xalqımız sübut etdi ki,  heç kimə onun müstəqilliyi, suverenliyi, taleyi üzərində qərar verməyə imkan verməyəcək. 1993-cü ilin 15 iyun hadisəsi və ondan sonrakı proseslər mahiyyət etibarı ilə Azərbayacn dövlətinin və xalqının tarixində yeni bir cığır açdı. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişafı 2020-ci ilin 8 Noyabr zəfərinin əldə edilməsi – erməni işğalındakı bütün torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Əminəm ki, əsrlər sonra da 15 iyun tarixi Milli Qurtuluş Günü olaraq qürur və iftixar hissi ilə qeyd ediləcək, Heydər Əliyevin ölümsüz xatirəsi xalqımızın qəlbində sonsuza kimi yaşayacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu