Digər xəbərlər
Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir. Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.
Hamısını oxu“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”. Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir : “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir. T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi. Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov və İdarə Heyətinin üzvləri Cəlilabad RİH Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə Astanlı kəndində yaşayan II Dünya Müharibəsi iştirakçısı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onun səhhəti və yaşayış şəraiti ilə maraqlanıblar. Odun, alovun içindən keçmiş, faşistlərə qarşı Mazdok ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanaraq təxris olunan keçmiş döyüşçüyə sağlam və ğümrah ömür arzulayıblar. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin təsisçi və baş redaktoru Ədalət Salman Cəlilabad torpağının şəhidləri haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabını II Dünya Müharibəsi iştirakçısı Əbiş Zamanova hədiyyə verib. Görüş iştirakçıları 100 yaşa qədəm qoymuş Əbiş əmi ilə xatirə şəkilləri çəkdiriblər. Onu da qeyd edək ki, Əbiş Zamanov bu gün Cəlilabad rayonunda sağ qalan yeganə II Dünya Müharibəsi iştirakçısıdır.
Hamısını oxu
Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir. Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir. Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”. Məşhur Məmmədov,Milli Məclisin deputatı
Hamısını oxu