Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkaya ilə görüşüb. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva və “TRT Avaz” kanal koordinatör yardımşısı Yücel Kılıçkaya da iştirak edib.

Görüş zamanı Türk dünyasının ortaq kanalı kimi fəaliyyət göstərən “TRT Avaz” kanalın genel koordinatörü Sedat Sağırkaya Türkiyə ilə yanaşı digər Türk dövlətləri, o cümlədən Azərbaycanda da “TRT Avaz”-ın geniş yayıldığını, təhsil, mədəniyyət, incəsənət, elm, uşaq və ailə, tarix və coğrafiya, dil və düşüncə mövzulu verilişlər kanalın ümumi yayım məzmununu təşkil etdiyini qeyd edib. O, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib. Sedat Sağırkaya Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telakanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşüb. O, Türk dünyasına dair ortaq tarixi, sənədli layihələr üzərində iş getdiyini, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsini planlaşdırıldığını vurğulayıb. Diplomat Türk dünyasının ortaq kanalı olan “TRT Avaz”ın bir mədəniyyət kanalı olaraq Türk coğrafiyasına və dünyaya açılan pəncərə olduğunu qeyd edərək Azərbaycan-Türkiyə qardaşlığının, milli mədəniyyətimizin təbliğində mühüm əhəmliyyətə malik olduğunu söyləyib. 

Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib. O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədi ilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana-Ermənistan işğalından azad edilən bölgələrə Mediatura “TRT Avaz” kanalının jurnalistlərinin qatıla biləcəyini qeyd edib. Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub.

Sonda “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.

2024-04-26 10:11:25
3395 baxış

Digər xəbərlər

“Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”

Cəlil Xəlilov: “Heç kim ölkəmizi “abidə müharibəsi”ndə ittiham edə bilməz!” “Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun  Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyi şərh yanlış və qərəzlidir: “Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidə müharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət və ehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini ilə yanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bunun isbatıdır. Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilər tərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiri istiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davam etdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı, hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidə torpaqlarımız işğal altında olanda Rusiya sülhməramlıları tərəfindən  Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizin razılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizin suveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinki doğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanın guya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimi dəyərləndirilməsi yanlış və qərəzlidir”. Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanın maraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb: “Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq və mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, bu istiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilində nəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir. Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənət adamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki, bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinə olan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidə müharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndə ittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir. Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu gün ölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün “abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalı dönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə də İkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə də olsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübut edir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlı səsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsiz açıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdən başqa heç nəyə yaramır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Hərbi Prokurorluqda ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin yaradılmasında xidmətlərinə dair konfrans keçirilib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə aprelin 30-da Hərbi Prokurorluqda “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda elmi-praktiki konfrans keçirilib. Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən respublika hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, üzvü Bəhrəm Zahidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, sədr müavini Vahid Abudurəhmanov və Hərbi Prokurorluğun rəhbər vəzifəli işçiləri əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı Heydər Əliyev guşəsində Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı açan hərbi prokuror Xanlar Vəliyev ümummilli lider Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açıb. Xanlar Vəliyev Ulu Öndərin müəyyənləşdirdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunmuş mühüm nailiyyətləri diqqətə çatdırıb. Bildirilib ki, bir qərinədən də çox zaman kəsiyində ölkəmizə rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün ümumxalq sevgisi və əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından üzüağ çıxan xalqımız, əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünü təsdiq edib, müstəqil dövlətdə suveren yaşamağı və özünü idarə etmək haqqını qorumağı bacarıb. Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birinin də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğunun təşkil etdiyini vurğulayan Xanlar Vəliyev bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ulu Öndər ölkəmizdə SSRİ müdafiə sənayesinin 11 böyük zavodunun tikilməsini, həmin müəssisələrdə o dövrün ən müasir texnologiyaları tətbiq olunmaqla keyfiyyətli hərbi sənaye məhsulların istehsalını, milli hərbi kadrların hazırlanmasını və bu sahədə digər zəruri tədbirlərin görülməsini təmin etməklə, hələ müstəqilliyin bərpasından illər əvvəl ilkin milli hərbi bazanın ən yüksək səviyyədə təşkilinə nail olub. Qeyd edilib ki, müstəqilliyin ilk illərində ölkəmizin məruz qaldığı hərbi təcavüzün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin, habelə ölkə daxilində siyasi çəkişmələrin mövcud olduğu, vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə - 1993-cü ildə xalqın israrlı çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Əbədiyaşar lider dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas edərək Azərbaycanı keçmiş Sovet İttifaqından miras qalmış rejimdən çıxararaq güclü iqtisadiyyatı və Silahlı Qüvvələri olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq oldu. Azərbaycan xalqının ən parlaq şəxsiyyətlərinin fövqündə dayanan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasəti, mükəmməl rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti sayəsində respublikamızda reallaşdırılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən, ölkəmizin sürətlə və hərtərəfli inkişafından, dövlətimizin daha da qüdrətlənməsindən danışan Xanlar Vəliyev bildirib ki, Azərbaycan bu dövrdə misli görünməmiş uğurlar əldə edib, ölkənin müasirləşməsi istiqamətində mühüm layihələr icra olunub. Paytaxt Bakı ilə yanaşı, regionlar da sürətli inkişaf edib, insanların yaşayış və əmək şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla, dünya dövlətləri sırasında mövqeyini də gücləndirib. Ulu öndər Heydər Əliyevin mükəmməl ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilməsi nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah və digər hərbi texnika ilə zənginləşdirilib, şəxsi heyət dərin nəzəri biliklərə və peşəkar vərdişlərə malik hərbçilərlə komplektləşdirilib. İstənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırıldığını vurğulayan hərbi prokuror 2003-cü ildən bu günədək hərbi xərclərimizin 15 dəfə artmasından, Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavodun yaradılmasından, bu zavodlarda istehsal olunan 1200 adda hərbi təyinatlı məhsulların hesabına ordumuzun potensialının gücləndirilməsindən, eyni zamanda, hərbi məhsullarımızın digər ölkələrə ixrac olunmasından, bununla yanaşı, xarici ölkələrdən ən müasir hərbi texnika və silahlar alınaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da gücləndirilməsindən geniş söz açıb. Diqqətə çatdırılıb ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt zəfəri, eləcə də yüksək səviyyədə keçirilən möhtəşəm paradlar Silahlı Qüvvələrimizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. “Global Firepower” təşkilatının ölkələrin ordularının potensialı ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda ordumuzun 52-ci yeri tutması Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiqləyib. Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş zəruri tədbirlər sayəsində mümkün olub. Hazırda Silahlı Qüvvələrimizdə mövcud olan ciddi nizam-intizamdan, qanunçuluğun və hüquq qaydasının möhkəmlənməsindən, şəxsi heyətin peşəkar hazırlığından, yüksək döyüş ruhundan danışan Xanlar Vəliyev bildirib ki, orduda baş verən, o cümlədən hərbi xidmət əleyhinə cinayətlərin sayı Hərbi Prokurorluğun səmərəli fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə azalıb. Ötən il Hərbi Prokurorluq üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər illərlə müqayisəli təhlili göstərir ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 29 dəfə, fərarilik cinayətləri 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1000 dəfə azalıb. Tabeçilik qaydaları əleyhinə olan, eləcə də hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə iki dəfə az qeydə alınıb. Həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7 faiz az olub. Eləcə də 1998-ci illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 51,4 faiz, qeyri-hərbi cinayətlər 10,2 faiz, qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb. Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan danışan Xanlar Vəliyev bu nailiyyətlərin qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Hərbi Prokuror Mehriban xanımın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin hərtərəfli və sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılması istiqamətində zəngin və dəyərli fəaliyyətindən ətraflı söhbət açıb. Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, professorlar Cəlil Xəlilov və Bəhrəm Zahidov böyük şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı həyatından, ali idarəçilik təcrübəsindən, çoxşaxəli fəaliyyətindən, onun uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Konfransa yekun vuran Xanlar Vəliyev ötən il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə düzgün seçim etdiyini, bu müdrik seçimin Ümummilli Liderə və Prezident İlham Əliyevə xalqın sonsuz inam və sevgisindən irəli gələn zərurətdən doğduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, o cümlədən dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın daha da möhkəmləndirilməsində, qanunun aliliyinin təmin edilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan bu siyasəti daim dəstəkləyəcək.

Hamısını oxu
Laçına Böyük Qayıdış – Beş İlin Bəhrəsi

İllərdir köçkün həyatının keşməkeşini yaşayan, hər daşına nəfəsi hopmuş Laçını xatırlayan insanlar üçün 2020-ci ilin dekabrında bir möcüzə baş verdi, Laçın doğma sahibinə qovuşdu. O gündən bu yana beş il ötür. İndi Laçın azaddır. İndi Laçın öz övladlarını nur dolu sabahlarında bağrına basır. Bu torpağa yenidən ayaq basan hər kəs sanki bir nağıla düşür. Dağların əzəməti, bulaqların şəffaflığı, sıldırım qayaların üstündə süzülən qartallar sanki bu illər ərzində də vətənə sədaqətlə göz qoyublar, qoruyublar, yolumuzu gözləyiblər. İllər keçsə də, bəzi tarixlər var ki, xalqın yaddaşında əbədi iz buraxır. Elə 18 may da bu cür tarixlərdəndir. 1992-ci il mayın 18-də Laçın rayonu Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edildi. Nəticədə Laçının əhalisi etnik təmizləməyə məruz qalaraq 77 mindən artıq sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən Laçında dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və 2 avtonəqliyyat müəssisəsi, müxtəlif təyinatlı sənaye obyektləri talan və məhv edildi. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan vuruldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyalarına zidd şəkildə Laçının onlara dəhliz kimi verilməsini əsas gətirərək coğrafi adları dəyişdirmiş, təbii resursları talamış və əsasən Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqını bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırmışdır. Bu, rayonun demoqrafik tərkibinə kobud müdaxilə idi. Uzun illər acı, kədər və nisgillə xatırladığımız bu Vətən torpağı artıq beş ildir ki, sevincin, qürurun, zəfərin rəmzinə çevrilib.Bu gün biz Laçında azadlığın, qayıdışın, haqqın və ədalətin bərqərar olmasının beşinci ildönümünü qeyd edirik. Bu gün bir xalqın ləyaqətinin, əzminin və vətən sevgisinin zəfərlə təcəssüm etdiyi gündür. 1992-ci ilin 18 mayında işğal edilən Laçın 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli Birgə Bəyanatına əsasən dinc yolla Azərbaycana qaytarıldı. Laçının azad edilməsi şəhid verilmədən baş tutdu və Azərbaycan ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu. Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Laçının azad olunması əməliyyatlarında iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Laçın təkcə təbiəti ilə deyil, ruhu ilə də mübariz və məğrurdur. İndi Laçın yenidən qurulur. Elektrik stansiyaları, yollar, tunellər, körpülər inşa edilir. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizmin inkişafına böyük töhfə verəcəkdir. İşğaldan azad olunandan bəri Laçında 700-dən çox bina inşa edilib. Zabux kəndində 176 şagird yerlik orta məktəbin bərpası aparılır. Hotel və mehmanxana kompleksləri, mebel fabriki, aqro və sənaye parkları tikilir. Həkəri çayının sahilində bulvar salınır.  2023-cü il mayın 28-də - Müstəqillik Günündə laçınlıların doğma yurdlarına  Böyük Qayıdışı başlandı.Qısa müddətdə Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyev Laçına dəfələrlə səfər edib, yeni layihələrin təməlqoyma və açılışlarında iştirak edib 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycanın işğaldan azad olunmuş şəhərləri üçün rəsmi şəhər günləri təsis olunub. 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu beş ildə təkcə şəhər bərpa olunmadı, həm də minlərlə insanın ümidləri və arzuları çiçək açdı. Zabux, Sus, Güləbird və Qorçu kimi kəndlərə yeni nəfəs gəldi. Hər tikilən ev bir ailənin arzusu, hər çəkilən yol bir nəslin ümididir.  Bu gün Laçın torpağında addımlayan hər bir insan, xüsusilə də Vətən müharibəsi iştirakçıları və qazilər, həm qürur hissi, həm də minnətdarlıq duyur. Onlar deyirlər: “Əgər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü siyasi iradəsi və strateji qərarları olmasaydı, bu torpaqlara qayıtmaq bizim üçün ancaq bir xəyaldan ibarət olardı.” Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bu torpaqda əbədi yaşayır. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı nəticəsində bu gün Laçında həyat yenidən başlayıb. Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Onların şücaəti heç zaman unudulmayacaq! Müharibədə yaralanaraq sağlamlığını itirən, lakin ruhunu əyilməyə qoymayan qazilərimiz bu torpaqların əsl qəhrəmanlarıdır. Onlar vətən yolunda göstərdikləri igidliklə Azərbaycan xalqının qürur mənbəyinə çevriliblər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də fəxrlə bildirirlər ki, illər əvvəl sinələrini sipər etdikləri bu torpaq indi hər bir vətəndaş üçün firavan və təhlükəsiz həyat ünvanına çevrilib. Laçınlılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirirlər. Ali Baş Komandanın dediyi kimi: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”           Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad RİH və rayon Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə Natəvan Zahidqızının "Sonsuzadək yaşayanlar" kitabının təqdimatı keçirilib.  Cəlilabad  şəhər 9 saylı  tam orta məktəbin geniş akt zalında təşkil olunmuş tədbirdə şəhid valideynləri,  qazilər, Bakıdan gələn mətbuat nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov tədbiri giriş sözü ilə açdıqdan sonra Dövlət himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükula yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək təqdimatı keçirilən kitabda ayrı-ayrı rayonlardan olan 19 şəhidin şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verildiyini bildirib. O, bədii sözün gücü ilə şəhidlərin adlarını əbədiləşdirən və onları xalqa tanıdan belə kitabların böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.  Tədbirdə çıxış edən "Yurd" jurnalının redaktoru Zəhra Məmmədova, şəhid anası Natəvan Həbibi, şəhid atası Habil Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin ömür-gün yoldaşı Gülnarə Abdullayeva, Azərbaycan Jurnalistlər və Yazıçılar  Birliklərinin üzvləri Püstə Rəvan, Əli Yusif, Əfrahim Abbas,  Elmira Aslanxanlı,  Almaz Alıqızı, Bayram Tovuzlu, Ruhiyyə Abbaszadə, şəhid Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev və başqaları öz çıxışlarında Zəfər tarixi yazan qəhrəman oğullarımızın şücaətindən danışıblar, şəhidlərdən bəhs edən "Sonsuzadək yaşayanlar" kitabının müəllifi Natəvan Zahidqızına öz təşəkkürlərini bildiriblər. Onlar, həmçinin şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən  göstərilən diqqət və qayğını məmnunluq hissi ilə qeyd ediblər. Təqdimatı keçirilən kitabı qələmə alan, "Yurd" jurnalının əməkdaşı Natəvan Zahidqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib, şəhid ailələrinə kitablarını hədiyyə verib. Sonda xatirə şəkilləri çəkdirilib.

Hamısını oxu