Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.  

Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.

 

Allah rəhmət eləsin!”.

2024-09-14 10:59:42
3531 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

Bakı, 20 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

Hamısını oxu
Heydər Əliyev: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyası

Müstəqil Azərbaycan dövlətinin həyatında bir çox ilklər, o cümlədən, tariximizdə ilk dəfə olaraq Milli Təhlükəsizlik konsepsiyasının təşəkkülü və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarix elmi bir mənalı şəkildə təsdiq edir ki, mövcud olan bir çox siyasi təsisatlar və  institutlar kimi, “milli təhlükəsizlik” anlayışı da cəmiyyətin və dövlətin mövcudluğu üçün son dərəcə vacib və önəmli hesab olunur. Bu baxəmdan tarix elmi sübut edir ki, “milli təhlükəsizlik” anlayışı ilk dəfə  1904-cü ildə ABŞ prezidenti Teador Ruzvelt tərəfindən “Panama kanalı” ilə bağlı konqresə ünvanlanmış məktubunda işlədilmişdir. Həmin vaxtdanda da  “təhlükəsizlik” anlayışı amerikalı politoloqların və dünya siyasətçilərinin ən çox müraciət etdiyi istilahlardan(terminlərdən) biri olmaqla, “milli mənafe” nəzəriyyəsinin ən mühim tərkib hissələrindən biri kimi şərh edilmişdir. Amerikalı sosioloqu U.Lipriman isə  “milli təhlükəsizlik” anlayışını, hər bir müstəqil dövlətin, beynəlxalq münasibətlərdə öz movcudluğunu qoruyub saxlamağın bütöv bir sistemi olduğunu əsaslandırmışdır.  SSRİ-də isə “milli təhlükəsizlik” problemi əsasən 1990-ci ilin əvvəllərindən dövriyəyə buraxılmış, SSRİ Ali Sovetinin Müdafiə və Milli Təhlükəsizlik Komitələrinin sənədlərində istifadə edilmişdir. Həmin vaxtdan da, siyasi elmin mühim kateqoriyalarından biri olaraq “təhlükəsizlik” problemi bilavasitə millətlə və dövlətlə əlaqələndirilmiş, sabit sosial-siyasi, iqtisadi, mədəni və digər vacib məsələləri, o cümlədən, dövlətin ən vacib atributlarından hesab olunan, onun mövcudluğu problemi ilə vəhdətdə öyrənilmişdir. Milli təhlükəsizlik, əslində siyasi baxımdan və təcrübədə dövlətin alternativi kimi qəbul edilir, milləti( dövləti) bütöv sistem kimi təcəssüm etdirir.  Başqa sözlə, milli təhlükəsizlik konkret tarixi şəraitdə milli mənafelərin reallaşmasını təmin edən ictimai münasibətlər, ictimai şüur, cəmiyyət institutlarını,  onların  mükəmməl fəaliyyətini və mövcud olmaq vəziyyətini ifadə etmişdir. Bu da özlüyündə şəxsiyyəti, cəmiyyəti və dövləti , onların təhlükəsizliyini təmin edən vəziyyəti ifadə edir. Millət üçün həll edici mərhələlərdə milli təhlükəsizlik cəmiyyətin, cəmiyyət üzvlərinin və dövlətin təhlükəsizliyini ifa edən vəziyyəti ehtiva edir. Buna görə də,  demokratik cəmiyyətlərdə şəxsiyyətin azadlığı və təhlükəsizliyi önə çəkilərək son dərəcə vacib hesab edilir. Başqa sözlə,  demokratik cəmiyyətlərdə millətin, dövlətin , cəmiyyətin və hakimiyyətin təhlükəsizliyi özünə məqsəd deyil, şəxsiyyətin  və dövlətin azadlığına və təhlükəsizliyinə  təminat funksiyasını ifadə edir.  Buna görə də siyasi elm “milli təhlükəsizlik” termininə izah verərək onu şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin məcmusu kimi şərh edir. Dövlət təhlükəsizliyinə cəmiyyətdə siyasi qüvvələrin və ictimai qurupların fəaliyyətinin idarə olunması, bu məqsədlə səmərəli mexanizmlərin işlənib hazırlanması, onun mövcudluğu, cəmiyyətin təhlkükəsizliyi, ictimai institutların normaların, əhalinin bütün qruplarının hüquqlarının və azadlıqlarının təmin olunması vəziyyəti, şəxsiyyətin təhlükəsizliyi isə ictimai insitutların və təşkilatların  fəaliyyətinin reallaşdırılması vasitəsi kimi qəbul edilir. Bu mühim vəzifə dövlət həyatında son dərəcə əhəmiyyətli rol oynamaqla, mahiyyət etibarı ilə milli təhlükəsizlik cəmiyyətdə müxtəlif sahələr və struktur ünsürləri arasında siyasi, iqtisadi, ekoloji,hərbi ,ideoloji  və digər kimponentləri əhatə edir.  Təsadüfi deyil ki,  ideya müəllifi Heydər Əliyev olan “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu, milli təhlükəsizlik dedikdə- insan- onun hüquq və azadlıqları, cəmiyyət-onun maddi və mənəvi dəyərlər sistemi, dövlət-onun müstəqilliyi, suverenliyi, konstitutsiya quruluşu və ərazi bütövlüyü kimi obyektləri əhatə etdiyi vurğulanmışdır. Bu gün müstəqil Azərbaycan Respublikasının  yaradılmasının və inkişafının əsas memarı olan Heydər Əliyev, ölkəmizdə bir çox ilklərə imza atmış görkəmli şəxsiyyət olaraq, “milli təhlükəsizlik” konsepsiyasının da yaradılmasının, bü günkü yüksək inkişafının yaradıcısı və qurucusudur. O, 1944-cü ilinin may ayından SSRİ Dövlət Təhlükəsizlik orqanlarında işə qəbul edilərək, şərəfli bir  ömür yolu keçmiş,   ömrünün sonuna qədər, bu orqanlarla bu və ya digər şəkildə sıx bağlı olmuşdur. Sovet dövründə təhlükəsizlik orqanlarında, əsasən, milli kadrlara müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-nin Nazirlər Soveti yanında  Dövlət Təhlükəsizlik Komtisənin əks-kəşfiyyat xidmətinə ilk rəhbərlik edən milli kadr  olmuşdur. Burada onun müstəsna xidmətlərini, fenomen istedadını, yüksək təşkilatçılıq qabiliyyətini xüsusi olaraq, qeyd etmək vacibdir. Onun ömür yolu birmənalı şəkildə təsdiq edir ki,Heydər Əliyevin  təkrarsız istedadı və dərin məsuliyyət hissi, ağır və məsul xidmət sahəsi hesab olunan təhlükəsizlik orqanlarında onun daimi yüksəlişinə səbəb olmuşdur.  SSRİ-də, ölkənin ictimai-siyasi həyatında son dərəcə əhəmiyyətli rol oynayan Dövlət Təhlükəsizlik Komitəsində, milli kadrlara etibar edilməsi təcrübəsinə, bəlkədə, ilk dəfə Azərbaycanda rast gəlmək olar. Beləki, Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin  sədr müavini, bundan 3 il sonra isə -1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi,  məsul vəzifəyə  irəli çəkilən ilk Azərbaycanlı olmuş və ona general-mayor ali rütbəsi verilmişdir. Burada iştirak edən mütəxəsisslərin hər biri, etiraf edərlər ki, bir qayda olaraq, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, habelə, onun müttəfiq Respublikalarda fəaliyyət göstərən qurumları zaman-zaman  yalnız daxili təlimatlar, məxfi əmrlər əsasında  fəaliyyət göstərmişdir.  Bu da  heç gizli deyil ki, sovet dövründə  təhlükəsizlik orqanlarında, bu və ya digər qanunların pozulmasına, represiyaların ildən ilə daha da sərtləşməsinə münbit şərait yaratmışdır. Apardığımız təhlillər göstərir ki, Heydər Əliyev yeganə şəxsiyyətlərdən idi ki, o,  hələ sovet dövründə represiyaları kəskin tənqid etmiş, SSRİ Ali Sovetinin  “ 20-30-cu illər represiya qurbanlarına bəraət verilməsi haqqında”  tarixi Fərmanın qəbul edilməsinin faəl təşəbbüsçülərindən biri olmuşdur. Bu mərhələdə “Üçlük”, “Beşlik”, “Yeddilik”, “Xüsusi müşavirələr”, “Hərbi tribunallar”, başqa sözlə, siyasi idarələrin kollegiyaları tərəfindən, SSRİ üzrə, ümumilikdə  3.778.234 nəfər əsassız represiyalara məruz qalmışdır ki, onlarında 79.852 nəfəri, həmin dövrdə  cəmi 3 milyona yaxın əhalisi olan Azərbaycan SSR-nin payına düşmüşdür.  Bunlarında  5.152 nəfəri günahsız olmalarına baxmayaraq, güllələnmiş, qalanları isə Sibirə sürgün edilmişdir. Heydər Əliyevin xalqın təkidli tələbi ilə  ikinci dəfə hakimiyyətə qayıdışı, milli tariximizdə qızıl hərflərlə yazılmış məqamlarla zəngindir. Beləki onun  15 mart 1996-ci  il tarixdə “Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” Fərmanı mühim tarixi əhəmiyyət kəsb etmişdir. Bu Fərmanın və Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında Respublika Prokurorluğu tərəfindən 14.444 cinayət işi arxivlərdən götürülərək diqqətlə öyrənilmiş, nəticədə 25.524 nəfər şəxsə-siyasi represiya qurbanlarına bəraət verilmiş, onların təmiz adları bərpa edilmişdir. Ulu Öndər çıxışlarında dəfələrlə keçmişi xatır­layaraq, azərbaycanlıların başına gətirilən mü­sibət­lərdə, faciələrdə, siyasi repres­siyalarda erməni qriqor­yanların, markar­yanların, to­purad­ze­lərin, Nə­ri­man Nərimanova qarşı aparılan fitnəkar­lıqlarda Mir­zoyanın, Mikoyanın, Sarkisin və baş­qa­la­rının fəal təşkilatçılıq əməllərinin   ürək ağrısı ilə qeyd edirdi... O, göstərirdi ki,  repressiyaların tüğyan et­diyi illərdə Azərbaycanın 52 rayonundan 31-nin təhlükəsizlik orqanlarının  (NKVD-nin) sədrləri erməni millətindən olan şəxslər idi. Bu funksiyaları Astarada Arake­lovun, Astarxan­bazarda(hazırki Cəlilabad), Ça­mar­di­yanın, Zəngilanda Zərgər­ya­nın, Samuxda Petrosyanın, Ma­sallıda Avanesovun, Lənkə­ran­da Mov­ses­yanın, Naxçıvanda Akopyanın, Ağacan­yanın, Ako­po­vun, Sey­da­no­vun, Zəkiya­nın, Parseqovun, İones­yanın, Şxan­yanın və başqalarının  bilavasitə rəbərliyi ilə icra edilirdi. Ulu Öndər bu faktları sadalamaqla keçmiş Dağlıq Qarabağın erməni faşistləri tərəfindən işğal altından azad olunmasını vacib sayır və  bunu ölkənin  milli təhlükəsizliyinin təmin olunmasının ən vacib atributlarından biri hesab edirdi. Ulu Öndərin layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti, cənab İlham Əliyev onun vəsiyyətini şərəf borcu kimi qəbul edərək, bütün ölkə əhalisini bir yumruq kimi ilk dəfə olaraq, birləşdirmiş və 44 gün müddətində, Vətən torpaqlarını yağı düşməndən qəhrəmanlıqla azad etməyə nail ola bilmişdi.  Tariximizin qızıl hərflərlə yazılmış, bu şanlı  səhifəsi Şuşada, dünya azaqrbaycanlılarının beşinci qurultayı ilə özünün ən təntənəli və ən yadda qalan tarixi tədbirin keçirilməsi ilə  yaddaşlara əbədi həkk olunmuşdur.  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu günlər daha çox xatırlanır. Müstəqilliyimizin bərpası 18 oktyabr 1991-ci ildə  baş tutsa da, onun əsası Naxçıvanda məhz Heydər Əliyevin Ali Məclisə sədr seçilməsi ilə başlanmış və Bakıda başa çatdırılmışdır. Naxçıvanda keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, o cümlədən, Sərhəd Xidmətinin təxribatçı, pozucu fəaliyyətinin qarşısını qətiyyətlə  almaq üçün  o  , Naxçıvan Ali Məclisinin sədri olaraq,  Muxtar Respublikada ilk dəfə olaraq Təhlükəsizlik Xidmətini ləğv etmişdir.  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra-1991-ci ildən başlayaraq, milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin hədləri və onun real olaraq həyata keçirilməsi gündəlikdə duran ən vacib məsələlərdən birinə çevrildi. Ulu Öndərin Bakıya qayıdışı,  bu vacib problemin uğurlu həllini təmin etmiş oldu. Heydər Əliyev ölkəmizdə milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin, vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin müəyyən edilməsini, bu sahədə qanunvericilik aktlarının hazırlanmasını və qəbul edilməsini, təşkilatı strukturların təşəkkülü və inkişafı üçün vacib olan əsas məsələləri öz nəzarəti altında həll etdi.   Bu barədə təhlükəsizlik orqanlarının yubileylərində, iclaslarında, toplantılarında Heydər Əliyevin proqram əhəmiyyətli ideyalarının və onun əsas istiqamətlərinin icrasının reallaşdırılması onun vaxtsız vəfatı üzündən tam mümkün olmasa da , lakin, onun layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti , cənab İlham Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirildi.  Beləki, 27 mart 2004-cü il tarixli Fərmanla  “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamə, 29 iyun 2004 tarixli qanunla  “Milli Təhlükəsizlik haqqında”, habelə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edildi. 23 may 2007-ci il tarixdə isə 2198№-li Sərəncamla “Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik Konsepsiyası” hazırlanıb, təsdiq olundu.   Bundan başqa,  8 iyun 2010-cu ildə “Azərbaycan Respublikasının Hərbi doktrinası” təsdiq edildi.  Dünya təcrübəsi  diqqətlə nəzərə alınaraq, sonralar  Milli Təhlükəszilik və Xarici Kəşfiyyat Xidmətlərinin fəaliyyəti, strukturu, maddi texniki imkanları, kadr potensialı köklü surətdə təkmilləşdirildi.  Dünya azərbaycanlılarının beşinci- Şuşa qurultayında, eləcə də, ADA universitetində keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Proqram əhəmiyyətli məruzələrində milli dövlət quruculuğunun, o cümlədən, milli təhlükəsizlik probleminin uğurlu həllinin əsas konturlarını müəyyən etmişdir. Bu baxımdan ölkənin yeni “Milli Təhlükəsizlik Konsepsiya”sının layihəsinin hazırlanması və təsdiq edilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bu sahədə mütəxəssis- tədqiqatçı kimi, bu gün  qeyd etməyi xüsusi ilə vacib bilirəmki, akademik Urxan Ələkbərovun bilavasitə rəhbərliyi ilə alimlərimiz bu konsepsiyanın layihəsinin hazırlanmasına öz töhvələrini verməkdə fəallıq göstərməlidirlər.  Azərbaycan RespublikasınınPrezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi elmlər  üzrə fəlsəfə doktoru,  dosent, Respublika Veteranları Təşkilatının sədri  polkovnik  Cəlil Xəlilov    

Hamısını oxu
“Valideynlər pandemiyanın bitmədiyini nəzərə almalı, məsuliyyətlə davranmalıdır”

Tamam Cəfərova: “Sabahın mənzərəsi bu gün özümüzü necə aparacağımızdan asılıdır”   Son günlər ali təhsil müəssisələrinin fəaliyyətə başlaması universitetlər qarşısında ciddi sıxlığın yaranması ilə müşahidə edilməkdədir. Buna səbəb isə COVİD-19 pasportunun yoxlanılması prosesinin bəlli bir zaman alması, nəticədə universitet qarşısında sıxlığın artmasıdır.   Bəs problemdən çıxış yolu nədədir? Koronavirus təhlükəsinin davam etdiyi bir zamanda ortaya çıxan bu sıxlığı necə ortadan qaldırmaq olar?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova mövcud situasiyada hər bir vətəndaşın məsuliyyətlə davranmasının zəruri olduğunu bildirib:   “Universitetlər qarşısında son günlər yaranan sıxlığın əsas səbəbi ali məktəbə bu il qəbul olunan və birinci kursda təhsil alacaq tələbələrin bir çoxunun universitetlərə valideynləri, yaxud yaxın qohumlarının müşayiəti ilə gəlməsidir. Halbuki, valideynlər də anlamalıdır ki, pandemiya bitməyib, koronovirus təhlükəsi davam edir.  Buna görə də hansısa tələbəni müşayiət etməklə universitet qarşısında sıxlıq yaratmaq olmaz. Bu, elə valdieynlərin özü üçün də təhlükəlidir. Ümumiyyətlə, pandemiyanın davam etdiyi müddət ərzində hər kəs maksimum diqqətli olmalı, sosial məsafə amilinə ciddi əməl etməlidir. Unutmaq olmaz ki, sabahın mənzərəsi bu gün bizim özümüzü necə aparacağımızdan asılıdır”.   Millət vəkili qeyd edib ki, universitetlər qarşısında sıxlığı azaltmağın daha bir yolu daha çevik yoxlanış sisteminin tətbiqi ola bilər:   “Hər gün universitetlərə minlərlə tələbə və müəllim üz tutur ki, onların hamısının qısa zaman kəsimində yoxlanması praktiki olaraq mümkün deyil. Sıxlığı yaradan amillərdən biri də məhz bununla bağlıdır. Buna görə də COVİD-19 pasportunun yoxlanılmasında daha çevik mexanizmlərin tətbiqi sıxlığı azaltmaq yolunda mühüm addım ola bilər. Bunun üçün isə ali təhsil müəssisələri lazımi texniki avadanlıqlarla təmin edilməli, yoxlamaların daha mobil və sürətli şəkildə təşkili təmin olunmaldır. Hansı ki, bu məsələdə əlaqədar dövlət qurumlarının təhsil müəssisələrinə texniki dəstək verməsi, onları gərəkli avadanlıqlarla təmin etməsi vacibdir. Hesab edirəm ki, bu və bu kimi amilləri nəzərə almaqla sıxlığın qarşısını almaq mümkündür”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Lətif Şüküroğlu - 60

Lətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.       ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim.       Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana  xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!  Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.

Hamısını oxu