Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.    Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

2020-08-09 00:00:00
3647 baxış

Digər xəbərlər

ASCO və MEDİA jurnalistlər üçün təlim keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.  Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təşkil olunan təlimdə 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalist iştirak edib. ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsindən ibarət olduğunu bildirib. O əlavə edib ki, belə təlimlər gələcəkdə silsilə şəkildə təşkil olunacaq.   Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, təmsil etdiyi qurum jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır. Bu məqsədlə müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur. Pərvanə İbrahimova ASCO ilə birgə keçirilən təlimin də bu baxımdan jurnalistlər üçün faydalı olacağına əminliyini ifadə edib Təlim çərçivəsində ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.    İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Yekunda  iştirakçıların təlimi necə mənimsədiyini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılıb. Təqdimatlara uyğun jurnalistlərə 20 sual verilib. “Azadmedia.az” saytından Elnurə Abuşova, “Manşet.az” saytından Gülçin Nağıyeva, “Calibr.az” saytından Timur Rzayev suallardan 18-nə düzgün cavab verməklə ən yüksək nəticə göstəriblər.   Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.

Hamısını oxu
İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər

Martın 13-də keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxundu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha göstərmiş oldu.Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir.Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayrıldı. O, Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğuladı. COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması (100 milyarddan 300 milyard dollara qədər) qərarı mühüm uğur kimi dəyərləndirildi. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar açır və yaşıl enerji istehsalında ciddi irəliləyişə zəmin yaradır.Eyni zamanda, ölkə rəhbəri Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verdiyini qeyd edərək, ölkənin həm neft-qaz, həm də bərpaolunan enerji resurslarına əsaslanan modelə keçdiyini bildirdi. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.Cənab Prszidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.Forumda qlobal informasiya müharibəsi və Azərbaycana qarşı kampaniya da diqqətçəkici məqamlardan idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və xüsusilə Qərb mediasının COP29 öncəsi ölkəyə qarşı kampaniya apardığını vurğuladı. Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığı qeyd olundu.Bu, ilk dəfə deyil ki, Qərb media qurumları və bəzi siyasi dairələr Azərbaycanın milli maraqlarına qarşı kampaniya aparırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruması və böyük dövlətlərin təzyiqlərinə boyun əyməməsidir. Dövlət başçısı bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi fonunda xarici təzyiqlərin artdığını qeyd etdi.Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğuladı. Bununla yanaşı, sülh prosesinə dair Azərbaycanın irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etdi.Sülh prosesi çərçivəsində əsas məqam Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Müzəffər Ali Baş Komandan açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın bu iddialardan imtina etməsini tələb edir. Əks halda, sülh prosesinin davamlı olması sual altına düşə bilər.Bundan əlavə, Prezident Ermənistanın yeni silahlanma siyasətinin və xarici aktorlar tərəfindən hərbi dəstək almasının yeni müharibəyə hazırlıq əlaməti ola biləcəyini bildirdi. Bu, Cənubi Qafqazda sabitliyin pozulması üçün ciddi təhlükə yarada bilər.Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində mühüm mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, yaşıl enerji strategiyası və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.Bununla yanaşı, dövlət başçısının Qərb mediası və bəzi xarici dairələr tərəfindən aparılan kampaniyaya cavabı, Azərbaycanın informasiya müharibəsinə qarşı mübarizə apardığını göstərir. Ermənistanla sülh prosesində isə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir kompromisə getmədən qorunacaq.Bütün bu amillər Azərbaycanın qlobal siyasətdə daha fəal rol oynamağa davam edəcəyini və regionda lider mövqeyini daha da möhkəmləndirəcəyini göstərir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Həsən Quliyev: Qələmini süngüyə çevirən jurnalist

“Əməklə ucalar insan” atalarımızın bizə miras qoyduğu bu dərin və hikmətli sözün altında insan həyatında ən böyük dəyərlərin yalnız fiziki və ya maddi mükafatlarla deyil, göstərdiyi zəhmət, fədakarlıq və əzmkarlıqlara dayandığı anlamı yatmaqdadır. Həsən Quliyev kimi şəxsiyyətlər də öz əməkləri ilə ucalmış, öz fədakarlığı və göstərdiyi xidmətlərlə cəmiyyətin yaddaşında silinməz izlər buraxmışdır. Onun müharibə dövründəki cəsarəti və müharibə sonrası jurnalistika sahəsindəki fəaliyyəti təkcə peşəkar işini deyil, həm də insanlığa verdiyi töhfəni nümayiş etdirmişdir. Həsən Quliyev bu yolla əməyi ilə böyük bir qiymət qazandı və əsl qəhrəman kimi tarixə adını yazmış oldu. “Sovet döyüşçüsü” qəzetinin redaktoru, podpolkovnik Həsən Quliyev sözün əsl mənasıda tarixi bir şəxsiyyətdir. O, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fədakarlıq və müharibə sonrası jurnalistika fəaliyyəti ilə yadda qalmışdır. Həsən Quliyev müharibənin dəhşətlərini və qəhrəmanlarını təbliğ edərək cəmiyyətin müharibə və qəhrəmanlıq haqqında məlumatlanmasını təmin etmişdir. Onun "Sovet döyüşçüsü" qəzetindəki redaktorluğu dövründə müharibə veteranlarının, döyüşçülərinin və qəhrəmanlarının fəaliyyətinin təbliği və onların mübarizələrinin əhəmiyyəti ön plana çıxarılmışdır. Həsən Quliyevin redaktorluğu ilə nəşr olunan yazılar həmçinin müharibə və döyüş sahəsindəki böyük fədakarlıqları, igidlikləri və vətənpərvərliyi vurğulayan əsərlər olmuşdur. Onun xidmətləri həmçinin müharibə xatirələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da çox qiymətlidir. Həsən Quliyev həmçinin "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru kimi də tanınıb. Bu qəzetdə sovet ordusunun döyüşçülərinin əzmkarlığını, qəhrəmanlıqlarını və fədakarlıqlarını işıqlandırmışdır. "Sovet Vətəni üçün" qəzetində nəşr olunan məqalələr, döyüş meydanlarında igidlik göstərən hərbçilərin və müharibə iştirakçılarının şücaətini təbliğ etməyə, cəmiyyətin və ordunun ruhunu yüksəltməyə xidmət etmişdir. O, cəmiyyətin hər bir fərdini bu qəhrəmanlıqlara dəyər verməyə dəvət etmişdir. Həsən Quliyev həm döyüşçülərin həyatları və mübarizələrini təbliğ edir, həm də müharibənin insanlara və ailələrə gətirdiyi faciələri diqqətə çatdırmışdır. Qəzet həm də ordunun döyüşçüləri ilə əlaqə qurmaq və onların motivasiyalarını gücləndirmək baxımından da mühüm rol oynamışdır. Həsən Quliyevin döyüşdəki fədakarlığı, həm də jurnalistika sahəsindəki xidmətləri, onun adını Azərbaycanın müharibə qəhrəmanları sırasında əbədi yazmışdır. Azərbaycanın dövlət xadimi, publisist kimi nüfuzu olan Həsən Quliyev 20 may 1904-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Şuşa Müəllimlər Seminariyasını bitirdikdən sonra Ağstafa şəhərində orta məktəb direktoru vəzifəsində çalışmışdır. Bunun ardınca Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1932-ci ildə Bakı şəhəri Elmi-Tədqiqat İnstitunun aspiranturasını və Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. Həmçinin Həsən Quliyev ali siyasi kursları bitirib hərbi təhsil almış, Azərbaycan SSR Maarifləndirmə üzrə Xalq Komissarlığının sistemində rəhbər vəzifələrində fəaliyyət göstərmişdir. O, Naxçıvan SSR Naxçıvan şəhərinin maarifləndirmə üzrə xalq komisarı, Azərbaycan SSR MXK Bakı şəhərinin orta və ibtidai məktəblərinin kadrların idarə olunması, Azərbaycan SSR MXK Siyasi maarifləndirmə idarəsini, Bakı şəhəri İcraçı Komitəsinin Siyasi Maarifləndirmə İdarələrinin rəisi olmuşdur. 1940-1941-ci illərdə Azərbaycan SSR ibtidai və orta məktəblərin mədəniyyət şöbəsinin rəhbərlik etmişdir. 1941-ci ildən Böyük Vətən Müharibəsinin iştirakçısı olan Həsən Quliyev Sevastopolda, Şimali Qafqazda, Ukraynada yerləşən ordularda partiya fəaliyyəti ilə məşğul olmuşdur. 233-cü atıcı diviziyasının (44-cü Ordu) "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru olmuş və Sevastopolda batalyon komissarı vəzifəsində işləmişdir. Aldığı güllə yarası nəticəsində ürək və ağ ciyərlərinin hər ikisi xəsarət almışdır və xəstəxanaya yerləşdirilmişdir. Buna baxmayaraq sağalandan sonra orduya qayıtmışdır. 1943–1944-cü illərdə 44-cü Ordunun 223-cü atıcı diviziyasının partiya komissiyasında işləmiş, əvvəlcə partiya komissiyasının üzvü, daha sonra 223-cü atıcı diviziyasının partiya bürosunda katib vəzifəsində çalışmışdır. 1943-cü ildə 3-cü Ukrayna cəbhəsində Azərbaycan dilində "Sovet döyüşçüsü" qəzetinin redaktoru təyin edilmişdir. 1943-cü ildə isə Həsən Quliyev Silahlı Qüvvələrinin Baş Siyasi İdarəsinin SSRİ xalqlarının dillərində Moskva şəhərində çap olunan qəzetlərin şöbə rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1947-ci ildə Sovet ordusundan tərxis olunana kimi çalışmışdır. Bu vəzifədə işləyərkən yeni qəzetlər təsis etmiş, o cümlədən Sovet Ordusunun İranda olduğu müddətdə SSRİ Silahlı Qüvvələrinin siyasi orqanlarına əsgərləri yetişdirməkdə kömək etmişdir. Bu iş Həsən Quliyevin "İkinci Dünya müharibəsi günlərində möhür", "Dostluq Cəbhəsi" və digər broşürlannda ümumiləşdirilmişdir. Bu tarixi xidmətlərinə görə o, siyasi şöbənin təlimatçısı, "siyasi rəhbər", "kapitan” hərbi "mayor” rütbəsindən "podpolkovnok” rütbəsinə yüksəlmişdir. Həsən Quliyev 1946-cı ildə "Qızıl Ordu" qəzetinin fəaliyyətini yoxlamaq üçün Almaniyaya ezam edilmişdir. Almaniyada müharibə sonrası vəziyyətin qiymətləndirilməsi və Sovet ordusunun hərbi əzmkarlığının dünya ictimaiyyətinə doğru təqdim edilməsi məqsədini qarşıya qoymuşdur. Bu ezamiyyət həmçinin onun peşəkar bacarıqlarının və müharibə illərindəki təcrübəsinin genişləndirilməsi, hərbi jurnalistika sahəsindəki nüfuzunun artırılması baxımından mühüm addım olmuşdur. Həsən Quliyevin Almaniyaya ezam olunması həm də onun Azərbaycan və Sovet İttifaqı tarixindəki xidmətlərinin təbliğinə, müharibənin nəticələri və Qələbənin əhəmiyyəti barədə geniş məlumatın yayılmasına böyük töhfə vermişdir. O, 1947-ci ildə Sovet Ordusundan tərxis edilmiş və Bakıya köçmüşdür. 1947-1952-ci illərdə Azərbaycan Ədliyyə Nazirliyinin kadrlar üzrə ədliyyə nazirinin müavini, 1952-ci ildə Birləşmiş Nəşriyyatın və "Azərbaycan KP MIC Aparatın Mətbəəsi"nin direktoru təyin olmuşdur. Birləşmiş Nəşriyyatda Həsən Quliyev 10 ildən artıq işləmişdir. O, respublika qəzetlərində və jurnalarında cəbhə nəşriyatının tarixi barəsində məqalələri ilə çıxış etmişdir. Azərbaycan gənclərinin bayramının keçirilməsində fəal iştirakına görə Həsən Quliyev Azərbaycan MK LGKB fəxri fərmanı ilə təltif olunmuşdur. 1955-ci ildə Şəhər şurasının deputatı, 1961-ci ilin Bakı seçki dairəsinə deputat seçilmişdir. 1963-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan cəbhə qəzetləri 1941–1945-ci illərdə" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Həsən  Quliyevin “Cəbhə dostluğu”, “Unudulmaz günlər”, “SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət”, “Ölməz qəhrəmanlar” kimi məhşur kitabları Böyük Vətən Müharibəsində həlak olanların qəhrəmanlıqları və onların həyat hekayələriylə bağlıdır. Bu əsərlər müharibə zamanı canlarını fəda edən, öz vətənini müdafiə edərək şəhid olan insanların igidliklərini və fədakarlıqlarını gələcək nəsillərə çatdırmaqda mühüm mənbələr kimi bu gün də maraqla oxunur. Həsən  Quliyev 1943-cü ildə "Qırmızı Ulduz" ordeni, 1946-cı ildə sinəsindən aldığı ağır yaraya görə SSRİ Müdafiə Nazirliyi tərəfindən I dərəcəli "Vətən Müharibəsi Orden"i ilə təltif olunmuşdu. 1943-cü ildə SSRİ Ali Şurasının Rəyasət Heyətinin fərmanı ilə komandanlığın tapşırıqlarını nümunəvi icrasına görə "Za oboronu Sevastopola", "Za oboronu Kavkaza", "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. 4 may 1956-ci ildə Azərbaycan Respublikası Ali Şurasının Rəyasət Heyəti tərəfindən "Bakı fəhləsi" qəzetinin birinci nömrəsinin nəşr olunmasından 50 il ötməsi ilə bağlı mətbəədəki uzunmüddətli və məhsuldar işinə görə Həsən Quliyev fəxri fərmanla  təltif olunmuşdur.  Azərbaycan SSR Nazirlər Şurasının 30 noyabr 1963-cü il qətnaməsinə əsasən Həsən Quliyev respublika səviyyəsində fərdi təqaüd təyin edilmişdir. 27 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən 1940-1945 illərdə Böyük Vətən Müharibəsi Qələbəsinin 60-cı ildönümü ilə əlaqədar olaraq Həsən Quliyev ölümündən sonra “İldönümü medalı” ilə təltif edilib. Bu mükafat onun müharibədə göstərdiyi igidlik və fədakarlığa, həmçinin Vətənə olan xidmətinə yüksək qiymət olaraq verilmişdir. Həsən Quliyev müharibə illərində Azərbaycan xalqının qəhrəmanlıq tarixində öz layiqli yerini tutmuş bir şəxsiyyətdir. Onun göstərdiyi döyüşlərdəki cəsarət və fədakarlığı xalqın vətənə bağlılıq hissinin artırılmasında mühüm rol oynamışdır. Həsən Quliyevin adı müharibə dövründəki fədakarlığı, cəsarəti və müharibə sonrası jurnalistikada göstərdiyi fəaliyyətlə Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır. Onun həm döyüşçü, həm də jurnalist kimi göstərdiyi xidmətlər gənc nəsillər üçün bir örnək olacaqdır. Həsən Quliyevin müharibə qəhrəmanlarının, döyüşçülərin və müharibə veteranlarının həyatını və mübarizələrini təbliğ etməsi gənclərə həm vətənpərvərlik, həm də insanlıq dəyərləri haqqında dərs verir. Faşizm üzərindəki qələbənin 80 illik yubileyinə hazırlaşdığımız bu günlərdə bir daha Həsən Quliyev kimi qələmini süngüyə çevirən tarixi şəxsiyyətlərin qəhrəman vətənpərvər insanların ruhunu ehtiramla anırıq. Gənc nəsil onun kimi şəxsiyyətlərdən ilham alaraq daha çox insanlıq və cəmiyyətə xidmət etmək yolunda irəliləyəcəkdir. Belə şəxsiyyətlərin xatirəsi zaman keçdikcə daha da dəyərli olur və gələcək nəsillərə unudulmaz irs olaraq qalır.  Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik    

Hamısını oxu