Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"SOS" mühafizə xidməti Zəfər bayramını şəhid ailələri ilə birlikdə qeyd edib

Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər.

"AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir.

Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub.

Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.







 

 





 

2024-11-10 13:22:44
5199 baxış

Digər xəbərlər

Azərbaycan ziyalıları UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.    Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.  Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.  Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.  UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər:                                                                                   Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.  

Hamısını oxu
“Gənclərimiz veteranların döyüş təcrübəsini dərindən mənimsəməlidir”

Cəlil Xəlilov: “Bu, hər şeydən öncə erməni faşizminə qarşı mübarizə baxımından zəruridir”   Bu günlərdə faşizm üzərində qələbənin 74-cü ildönümü ölkəmizdə böyük tənətənə ilə qeyd olundu. Moderator.az olaraq bu tarixi gün, bununla bağlı keçirilən tədbirlər və s. kimi məsələlərlə bağlı fikirlərini öyrənmək üçün Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilova müraciət etdik.   -Cəlil müəllim, faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Sizcə bu tədbirlər yetərincə dolğun və əhatəli oldumu?   -Faşizm üzərində qələbənin 74 illiyi ilə bağlı tədbirlər ölkəmizin hər yerində yüksək səviyyədə təşkil edildi. Bu tədbirlərin keçirilməsinə ölkəmizin mənəvi haqqı var. Azərbaqycan 700 min nəfərlə bu döyüşlərdə iştirak edib. Onlar bu döyüşlərdə böyük şücaətlər göstəriblər. Minlərlə azərbaycanlı bu müharibədə ali təltiflərə, rütbələrə, orden və medallara layiq görülüb. 124 nəfər azərbaycanlı isə Sovet İtifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin müharibə zamanı neftə olan tələbatının 80%-ni Azərbaycan ödəyib. Ölkəmzdə 123 növdə sialh-sursat hazırlanıb. İnsanlarımız bütün qızıl-pul ehtiyatlarını cəbhə üçün göndərib. Ona görə də faşizm üzərində qələbənin ildönümünü qeyd etmək bizim haqqımızdır və bununla bağlı tədbirlərin təşkili yüksək səviyyədə həyata keçirilir.   -Azərbaycanlıların II Dünya Müharibəsindəki iştirakı ilə bağlı hələ də dəqiqləşdirlməsi, araşdırılması gərəkən məsələlər varmı?   -Təbii ki, dəqiqləşdirilməsi gərəkən faktlar, məsələlər var. Hansı ki, həmin şəxslərin nəvələri, nəticələri də bu faktların meydana çıxmasında maraqlıdırlar. Bu gün biz erməni faşizmi ilə üzbəüz dayanmışıq. Babaları alman faşizminə qarşı vuruşan insanların nəvələri bu gün erməni faşizminə qarşı mübarizə aparmaq zərurəti ilə üz-üzədirlər. Onlar erməni faşizminə qalib gəlməli, bayrağımızı Şuşada, Xankəndində dalğalandırmalıdırlar. Onların göstərdiyi qəhrəmanlıqları bu insanların nəvələri və nəticələri təkrarlamalıdır. Buna görə də bu tarixi faktların öyrənilməsi və təbliği davam etdirilməlidir.   -Azərbaycanlılar sadəcə Rusiya, Ukrayna, Belarus ərazilərində deyil, Avropanın bir çox ölkələrində də faşizmə qarşı mübarizədə iştirak edib. Sizcə həmin ölkələrdə bu ərazilərdə vuruşan azərbaycanlılarla bağlı müəyyən xatirə lövhələrinin, abidələrin ucaldılması istiqamətində işlər davam etdirilməlidirmi?   -Bu bir həqiqətdir ki, bizim divizilyalarımız müharibədə aktiv iştirsak edib. 416-cı Taqanroq diviziyası Berlinə kimi gedib çıxıb. Ulu öndərin köməyi ilə hələ sovetlər dönəmində Azərbaycan diviziyaları və hərbçilərinin göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi və təbliği ilə bağlı ciddi addımlar atılıb. Ümummilli lider Taqanroq diviziyasına məxsus abidənin açılışında şəxsən iştirak edib. Volqoqradda Həzi Aslanov adına parkın yaradılması da ümummilli liderin adı ilə bağlıdır. II Dünya Müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən hərbçilərimizin döyüşdükləri ölkələrdəki xatirələrinin əbədiləşdirilməsi bizim üçün vacibdir. Çünki bu gün də həmin torpaqlarda azərbaycanlılar yaşayır. Onlar fəxrlə deyirlər ki, bu torpaqların azad edilməsində azərbaycanlıların rolu var. Bizim atalarımız, babalarımız bu torpaqlar uğrunda döyüşüblər. Biz onların xidmətlərinin unudulmasına imkan verməməliyik.   -Faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlərdə ölkə başçısı da iştirak etdi. Sizcə bu iştirakın özü Ali Baş Komandanın veteranlara olan diqqət və qayğısının bariz nümunəsi hesab edilə bilərmi?   -Haqlısınız. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev hər il olduğu kimi bu il də veteranlarla görüşdü. Onların qayğıları, problemləri ilə maraqlandı. Həm ölkə başçısı, həm də I vitse-prezident Mehriban xanım Əliyeva veteranları Qələbə Günü münasibəti ilə təbrik etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyində, Müdafiə Nazirliyində, eləcə də məktəblərdə, yerli icra orqanlarında veteranlarla görüşlər oldu. Xalqlar Dostluğu parkında böyük tədbir keçirildi. Bu tədbirdə səfirlər, icra orqanlarının təmsilçiləri çıxış etdi. Respublika Veteranlar Təşkilaıtnın həyətində 120 nəfər veteran üçün süfrə açıldı. Hansı ki, bu süfrədə daha çox cəbhə üçün, ordu üçün xarakterik olan yeməklər yer alırdı. Biz istədik ki, onlar bununla öz cavanlıqlarını, müharibə dövrünü bir kəs daha yada salsınlar, özlərini mənəvi-psixoloji baxımdan həmin ortamda hiss etsinlər. Gənclər görsünlər ki, veteranlar müharibə vaxtı hansı yeməklərdən dadıblar, o dövrün yeməkləri, qabları necə olub və s. Müdafiə Naziliyinin orkestri bu tədbirdə iştirak etdi. Müharibə dövrünün mahnıları ifa olundu. Bu tədbirlər həm veteranlarımız, həm də gənclərimiz üçün maraqlı oldu. Veteranlarımız həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub. Bu isə dövlətimizin veteranlara olan münasibətinin bariz göstəricisidir.   -II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı araşdırmaların davam etdirilməsi, bu sahədə təbliğat işlərinin genişləndirilməsi hansı aspektlərdən faydalı və zəruridir?   -Bu, hər şeydən öncə tariximizi bilmək, öyrənmək baxımından vacibdir. Gənclərimiz bilməlidir ki, Azərbaycan bu müharibədə hansı fədakarlıqlar göstərib, qələbənin əldə edilməsinə hansı töhfələr verib. İkincisi, bu, bizə qarşıdakı mübarizəmiz üçün gərəklidir. Gənclərimiz babalarının yolunu getməlidirlər. Alman faşizminə qalib gələn babalarının yolunu davam etdirərək erməni faşizminə qalib gəlməlidirlər. Bu gün II Dünya Müharibəsində iştirak edən və həyatda olan 400-dən artıq veteranlarımız  var. Onlardan ən az yaşı olanının 95 yaşı var. Ona görə də biz çalışırıq ki, onların döyüş təcrübələrini gənclərə ötürək.   -Gələn il faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Gələn illə bağlı hansı planlarınız mövcuddur?   -Biz böyük bir muzeyin açılışını gözləyirik. Qələbənin 75 illiyinə həsr edilən, yeni fakt və məlumatların əks olunduğu kitabın çapını planlaşdırırıq. Digər kitabların, kinofilmlərin hazırlanması da nəzərdə tutulub. Hesab edirəm ki, faşizm üzərində qələbənin 75 illiyində maraqlı yeniliklərlə çıxış edəcəyik.   Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illiyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir  keçirilib. Cəlilabad rayon Veteranlar  Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində  rayon Veteranlar  Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib. Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib. Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.    

Hamısını oxu
“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.   Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi  yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.   Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.   Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.   Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.   Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450,  eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu