Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin  Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun  7 fevral doğum günündə onun  haqqında yazılmış "Mübarizdən sonra" kitabının təqdimatını keçirib.

Rayondakı Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, yaradıcı ziyalılar, İctimai Birliklərin rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər.

Öncə öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman  çıxış edərək əfsanəvi qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun həyat və döyüş yolundan danışıb, onun kimi şərəfli tarix yazan igidlərimizin bu gün gənclərimizə örnək olduğunu xüsusi vurğulayıb.

Təqdimatı keçirilən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü  Müşfiq Muğanlı kitabın araya-ərsəyə gəlməsində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim  dayının göstərdiyi mənəvi dəstəyi və kitabın nəşr olunması üçün Heydər Əliyev Fondunun etdiyi maddi köməkliyi minnətdarlıq hissi ilə qeyd edib. Bildirib ki, qəhrəman şəhidimizə həsr olunmuş  "Mübarizdən sonra" kitabı respublikamızın bütün kitabxanalarına hədiyyə olaraq veriləcək.

"Əməkdar Mədəniyyət işçisi"  Cahangir Muradov, şəhid atası Mehman Əliyev, polkovnik-leytinant Zamin Həsənov, "Mübarizsevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, müharibə veteranı Qurban Əhmədov, "Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, həkim Mirhənifə Sultanov, şair İman Abdulla, MKS-nin şöbə müdiri Nüşabə Nərimanova və başqaları öz çıxışlarında kitabın müsbət məziyyətlərindən danışıblar və qeyd ediblər ki, belə kitabların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rolu vardır.

Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, şəhid ailələrinə həmişə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizə öz  minnətdarlığını bildirib.

 

2025-02-08 16:19:20
2631 baxış

Digər xəbərlər

lham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Axar.az xəbər verir ki, bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Hamısını oxu
Qərbi Azərbaycanın igid oğlu: Nəbi Nuriyev Balı oğlu

Elə anlar var ki, insanı sınağa çəkir, elə anlar da var ki, insan özü tarixə çevrilir. Nəbi Nuriyev Balı oğlu da elə bu tarixə çevrilən ömürlərdən biri idi. O, təkcə əsgər kimi yox, müəllim kimi, vətəndaş kimi, yurd həsrəti ilə yoğrulmuş bir xalqın siması kimi yaddaşlara həkk olunan bir şəxsiyyətdir. 1922-ci ildə Qərbi Azərbaycanın qədim, xatirələrlə dolu Örs kəndində dünyaya göz açmışdı. O kənd ki, onun hər daşında bir tarix, hər səsində bir nəğmə yaşayır. O torpaqlar təkcə bir coğrafi məkana deyil, minilliklərin daşıdığı türk ruhuna, Azərbaycan mədəniyyətinə şahidlik edən müqəddəs yurda çevrilmişdi. Ancaq bu torpaqlar eyni zamanda göz yaşı, sürgün, yurd nisgili ilə də yoğrulmuşdur. Nəbi müəllimin ömrü həmin ağrıların aynası idi. O, doğulduğu yurdun daşına, torpağına, havasına könül vermişdi. Amma tarix zalım olanda yurd da yarım qalır, yuxular da. O da minlərlə həmsoydaşı kimi köçkünlüyün acısını yaşadı. Doğma Örs kəndinə qayıtmaq ümidi ilə yaşasa da, bu arzu elə onunla birgə əbədiyyətə qarışdı. Amma Nəbi Nuriyev təkcə bir yurd həsrətlisi deyildi, o, həm də qəhrəman idi. 1940-cı ildə hərbi xidmətə çağrıldı. Böyük Vətən Müharibəsi başlayanda Vətənin səsinə ilk hay verənlərdən oldu. Səngərlərdə, cəbhə xəttində, qanın, barıtın, odun içində mərdliklə döyüşdü. 130-cu atıcı alayın tərkibində döyüşlərə qatıldı, bölmə komandiri rütbəsinə qədər yüksəldi. Təkcə Avropanın qanlı səhnələrində yox, uzaq Yaponiyada Vadlin şəhərinədək uzanan döyüş yolunda da qəhrəmanlıqlar göstərdi. Kvantun ordusunun təslim olmasında iştirak etdi.  Bu, bir ömrün yazdığı fəxarət səhifələrindən idi. Göstərdiyi igidliyə görə Nəbi müəllim bir çox orden və medallarla təltif olundu: II dərəcəli "Vətən Müharibəsi" ordeni, Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları, SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeni və ən nəhayət, Heydər Əliyevin sərəncamı ilə təqdim edilən “1941–1945-ci illər müharibəsi veteranı” nişanı. Bütün bu təltiflər onu yalnız əsgər kimi yox, həm də milli yaddaşda yaşayan bir obraz kimi yerini təsdiqlədi. Müharibə bitdi, mədəni mübarizə isə davam edirdi. Nəbi müəllim 1993-cü ilə qədər Azərbaycan ordusunda çalışdı. Bu illərdə o, yalnız silahla yox, ağlı, biliklə, təcrübə ilə, vətən sevgisi ilə mübarizə apardı. Müəllim oldu, tərbiyəçi oldu, yol göstərən oldu. Çünki o bilirdi: əsl qələbə yalnız cəbhədə deyil, həm də ruhda, şüurda, gənc nəsildə qazanılır. O, heç vaxt boyun əymədi. Nə sürgünə, nə ağrıya, nə zamanın sərt üzünə. Daxilində daşıdığı yurd həsrətini susaraq deyil, yaşayaraq göstərdi. Nəbi Nuriyev həyatı bir xalqın dərdini, ləyaqətini, inadını və dirənişini daşıyan ömür idi. Bu gün onu yalnız bir müharibə iştirakçısı kimi deyil, həm də bir yurdun, bir millətin vicdanı kimi xatırlayırıq . Qərbi Azərbaycanın yetirdiyi minlərlə igiddən biri olaraq Nəbi müəllim bizə göstərdi ki, yurd itə bilər, amma yurd sevgisi ölməz. Çünki o sevgi bir ömür boyu içimizdə yaşayan məşəldir. Və bu məşəli bizə Nəbi Nuriyev kimi igidlər verib.

Hamısını oxu
Ucar rayonunda 27 sentyabr Milli Anım Günü geniş şəkildə qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Ucar rayonunda da qeyd edilib. Ucar rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.   Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.   Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.   Daha sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.   Milli Anım Günü çərçivəsində Ucar rayonunda habelə agacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.   Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirik.  

Hamısını oxu
ABŞ iki pilotun xilası üçün niyə milyonlar xərclədiyini açıqladı: “Onlara söz vermişdik!”

Məlum olduğu ki, İran müharibəsinin gedişatında təyyarəsi vurulan və bu səbəbdən də katapult etmək məcburiyyətində qalan iki pilotun xilasına ABŞ yüzlərlə şəxsi heyət, bir neçə təyyarə və təxminən 300 milyon dollar vəsait xərcləyib.  Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bugenlərdə pilotların xilası üçün böyük pulların sərf edilməsi və ciddi risklərin hansı səbəbdən gözə alınması məlum olub. Nə qədər inanılmaz görünsə də, bu qədər bahalı və təhlükəli əməliyyat digər hərbçilərin dövlətə və orduya olan inamını qorumaq üçün gerçəkləşib: “Vurulan şəxsi heyətin xilas edilməsi sadəcə bir missiya deyil; bu, bir inancdır. Hərbi qulluqçular ilk gündən təlim keçirlər ki, əgər onlar təcrid olunmuş, yaralanmış və ya düşmən xətlərinin arxasında qalsalar, kimsə onların arxasınca gələcək. Bu inanc davranışı dəyişdirir. Bu, pilotların mübahisəli hava məkanına necə uçduğunu formalaşdırır. Bu, kiçik bölmələrin atəş altında necə fəaliyyət göstərməsinə təsir göstərir. Bu, tərəddüdün həyatlarına başa gələ biləcəyi anlarda verilən qərarlara təsir göstərir. Hərbi qulluqçular tərk edilməyəcəklərinə inandıqda, bu, etimadı gücləndirir, qərar qəbuletməni kəskinləşdirir və ən vacib olanda hərəkət etmək iradəsini gücləndirir”. Seymur ƏLİYEV  

Hamısını oxu