Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Fəxrəddin Musayev: Zirvələrin Qartalı

Qəhrəmanlar unudulmur!
       Fəxrəddin Musayev: Zirvələrin Qartalı

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.  Xalqımız və dövlətimiz Vətən uğrunda Şəhid olan qəhrəmanlıqlarını hörmətlə xatırlayır,  etiramla anır. 
Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi “Azərbaycanın Milli Qəhrəmanı” baş leytenant Fəxrəddin Musa oğlu Musayevdi. Fəxrəddin Musayev 1957-ci il  iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdı. 1964-cü ildə məktəbə getmiş, 1974- cü ildə orta təhsilini başa vurmuşdu. Sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. 1975-ci ildə ordu sıralarına göndərilmişdi. Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçmişdi. 1979- cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1982-ci ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirərək, təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdi. Bakıya qayıdıb Zabrat-2 Aviasiya İdarəsində ixtisası üzrə işlə təmin edilmişdi. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnən Fəxrəddin Musayev işindən ayrılmadan Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakültəsinə daxil olmuşdu. 
Əgər I Qarabağ savaşı başlamasaydı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən torpaqlarımız işğala məruz qalmasaydı, milyondan çox insanımız qaçqın və məcburi köçkünə çevrilməsəydi Fəxrəddin Musayevin həyatı öz axarında davam edəcəkdi...
  Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yaraqlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli şəkildə həlak olur.  Şəhidlər Xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi Vətən torpağına qovuşur.  
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musa oğlu Musayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir. 
Şəhidlik zirvəsinə ucaldıqdan sonra Qusar rayonundakı mərkəzi küçələrdən biri  qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Ondan əmanət qalan tək və yeganə oğlu ata olub, baba olub, övladına atasının adını verib. Bununla kifayətlənməyib, şərəfli ömür yolunu ləyaqətlə davam etdirib. 

Cəlil Xəlilov                   
Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları  
Təşkilatının sədri, polkovnik

2024-12-09 17:44:57
3803 baxış

Digər xəbərlər

“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”

           Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının  maliyyə dəstəyi ilə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 08 noyabr 2016-cı il  tarixdə Respublika Veteranlar Təşkilatının akt zalında seminar–müşavirə keçirilmişdir. Tədbiri Respublika  Veteranlar Təşkilatinın  sədr müavini Cəlil Xəlilov giriş sözü ilə açaraq tədbir haqqında məlumat verib.          Tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Tədbirin  əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.          Tədbirin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Seminar-müşavirəyə Binəqədi, Xəzər, Xətai, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Abşeron, Sumqayıt, Qaradağ şəhər (rayon )  veteran təşkilatlarının   sədrləri  dəvət olunublar. Eyni zamanda seminar-müşavirədə  Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, fəal gənclər, veteranlar,  müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri, şəhid ailələri,  eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanı Rafıq Alıcanovun ailə üzvləri  iştirak ediblər. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq  səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhərmanlara həsr olunan film nümayiş etdirilib.

Hamısını oxu
Hikmət Hacıyev: Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: "Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür". PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: "Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun". Milli.Az  

Hamısını oxu
İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir.   Dövlət başçısının müraciəti canlı yayımlanır:

Hamısını oxu
Vətən müharibəsi şəhidi Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilmişdir.   Sentyabrın 14-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, İctimai Birliklərin rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.   Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən problemlər dinlənilir.   Mərasimdə Millət vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər qonaqlar çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq: “Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.   Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və RİHBA-nın məsul əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.   Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız İman və Bəhram Məmmədzadələrin şərəfli döyüş yollarından danışılaraq xatirələri anılıb.   Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.   İman Elman oğlu Məmmədzadə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub.   Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.   Qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub.   Azərbaycan Ordusunun əsgəri olan Bəhram Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.   Mənbə: http://xazar-ih.gov.az/news/1201.html?fbclid=IwAR1ii-kx_UNsWaCUHcwww7W7YdGbgbJEHj89Y3Lo93IB5RGOLrSiYS-SX60  

Hamısını oxu