Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir:

“Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı qeyd etdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə, onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların baş verməsində maraqlıdırlar. Və nə qədər qəribə, məntiqə zidd olsa da, məhz bu ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər ki, bu da absurddur. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür.

Bütün bunlar onu deməyə əsas verir ki,  Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək.

Ermənistan isə anlamalıdır ki, onu sıçrayışla silahlandıran, onu yeni təxribatlara həvəsləndirən bu dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Necə ki, Prezidentimizin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində, həm də 2020-ci ilin antiterror tədbirlərində şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan qəti qələbələr hesabına ədaləti bərpa etdi və sübut etdi ki, hər şey məhz onun istədiyi kimi olacaq.

Bu səbəbdən də Ermənistan sözügedən dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.

 

2024-12-20 10:39:03
2422 baxış

Digər xəbərlər

Niyə Paşinyan yox, İlham Əliyev və niyə bu qədər mənəviyyatsızca? - TƏHLİL!

Məlum olduğu kimi, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfər əsnasında bir qrup radikalın təxribatı ilə üzləşib. Belə ki, Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında dövlət rəhbərliyinə qarşı qeyri-etik ifadələr səsləndirən təxribatçılar, qaydaları pozaraq mühafizə zonasına keçməyə cəhd göstəriblər. Lakin onların bu təxribatının qarşısı uğurla alınıb və etirazçılar ərazidən uzaqlaşdırılıb.  Paşinyan qarşısında susanlar İlham Əliyev qarşısında niyə quduza döndü? Vaşinqton təxribatı ilə bağlı maraqlı nüanslardan biri Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında susan radikalların İlham Əliyev qarşısında quduza dönməsi, bütün əxlaqi-mənəvi sərhədləri aşmasıdır. Halbuki, radikalların İlham Əliyevi deyil, Paşinyanı hədəf alması hardasa daha anlaşılan və başadüşülən ola bilərdi. Ən azından ona görə ki, 44 günlük müharibədə şəhər və kəndlərimiz məhz Paşinyan rejiminin göstərişi ilə atəşə tutulub, günahsız insanlar məhz onun başında durduğu dövlətin ordusu tərəfindən qətlə yetriliblər. Bu mənada Azərbaycanın sülh siyasətinə sadiq olmasına baxmayaraq, radikalların bir fərd kimi Paşinyana etiraz etməsi daha məntiqli sayılardı. Məsələn, etirazçılar Paşinyana sual verə bilərdilər ki, niyə Şuşa kimi tarixi-mədəni şəhəri müharibə zamanı “İsgəndər”lərin hədəfinə çevirib? Niyə 30 il ərzində işğaldakı torpaqlarımız viran qoyulub, məscidlərimiz dağıdılıb, sərvətlərimiz yağmalanıb? Niyə Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddialarının çıxarılmasını ləngidir və s. Lakin biz Vaşinqton səfərində bütün bunların heç birinə şahid olmadıq. Şahid olduğumuz yeganə şey təxribatçıların İlham Əliyevin qaldığı otelə quduzca hücum etməsi, dövlət rəhbərliyinin ünvanına mənəviyyatla bir araya sıxmayan ifadələr işlətməsi oldu. Bu faktın özü Vaşinqton təxribatçılarının əsl niyyətini, kimlərə xidmət etdiyini, hansı məqsədlər güddüyünü ortaya çıxarır. Təxribatın ardınca ermənilərin ANCA təşkilatının  və digər ermənipərəst dairələrin Azərbaycanın dövlət rəhbərliyinə yönəlik mənəviyyatsız hücumu  müdafiə etməsi radikalların hansı qüvvələrin dəyirmanına su tökdüyünü isbat edir. “Şuşa qatili”ni qoyub, “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir Şübhəsiz, Vaşinqtonda baş verənlərin mahiyyəti izahsız, arayışsız da xalqa məlumdur. Hər kəs yaxşı başa düşür ki, baş verənlər təpədən-dırnağa qədər anti-Azərbaycan mahiyyəti daşıyır və dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, ölkəmizi gözdən salmağa hesablanıb. Ümumiyyətlə, Sülh Şurasının ilk iclası kimi vacib bir tədbirdə iştirak etmək üçün Vaşinqtona yollanan Azərbaycan Prezidentinə hər kəsin gözü önündə bu cür mənəviyyatsız hücumun təşkili sadəcə qanuni deyil, həm də əxlaqi baxımdan qəbuledilməzdir. Azərbaycanın mədəni paytaxtı olan şəhəri “İsgəndər” raketlərinin hədəfinə çevirən “Şuşa qatili”ni qoyub “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir. Və səbəb nə olursa olsun, bu xəyanətə haqq vermək,bəraət qazandırmaq mümkünsüzdür. Seymur ƏLİYEV  

Hamısını oxu
Aprel zəfəri – gücün, iradənin və Ali Baş Komandan amilinin təntənəsi

Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi. Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi. Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur. Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi. Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı. Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi. Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı. Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir. Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi. Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi. Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı. Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir. Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır.   Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib!”

Cəlil Xəlilov: “General Əli Nağıyev Prezidentin etimadını doğruldaraq bu qurumu qısa zamanda layiq olduğu zirvəyə yüksəldə bilib” 8 noyabr Zəfər Günü ilə yanaşı, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Bü münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Vetaranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin Vətən müharibəsindəki roluna diqqət çəkib, general Əli Nağıyevin ad gününü təbrik edib: “8 noyabr Azərnbaycan xalqının Zəfər Günü, mənəvi diriliş günüdür. Düz iki il bundan öncə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edərək işğaldakı torpaqları yağı düşməndən azad edib. 30 illik işğal dönəmindən sonra ərazi bütövlüyümüz təmin olunub, Şuşada, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanıb. Bu müharibədə erməni işğalçılarına qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edib, qələbəmizin əldə edilməsində mühüm rol oynayıb. 8 noyabr həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Xatırladım ki, məhz general Əli Nağıyev Prezidentin etimadını doğruldaraq Dövlət Təhlükəsizliyi Xidmətini  qısa zamanda layiq olduğu zirvəyə yüksəldə, bu qurumun fəaliyyətində  ciddi keyfiyyət dəyişikliyinə nail ola bilib. Mən hörmətli Əli müəllimi həm Zəfər Günü və Dövlət Bayrağı Günü, həm də ad günü münasibəti ilə təbrik edir, ona, habelə onun rəhbərlik etdiyi quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimiz sürətlə inkişaf etməkdə davam edəcək, Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın və dövlətimizin əmin-amanlığının etibarlı təminatçısı kimi bütün məkirli qüvvələrə hər zaman olduğu kimi, bundan sonra da öz yerini göstərəcəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır. Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır. Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir. Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik. Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident. Prezident İlham Əliyev: Çox sağ olun. Əziz qardaşıma, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm

Hamısını oxu