Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2025-ci il

2025-01-07 19:13:05
3113 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə Respublika Veteranlar Təşkilatında görüş keçirilib

17 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə görüş keçirilib. Görüş əsnasında Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi. T.Ağahüseynov Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının, eləcə də, ordumuzun və digər dövlət orqanlarının yubileylərinin keçirilməsi, 9 May Qələbə günün qeyd edilməsi, bir sözlə tariximizin işıqlandırılmasında veteranların fəaliyyəti haqqında danışdı. O, Təşkilatın Beynəlxalq əməkdaşlığının da genişləndirdiyini, bu sahədə fəalliyətini artırdığını diqqətə çatdırdı. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov  nitqində Azərbaycan Respublikası Prezidentinin ölkə veteranlarını həmişə diqqət mərkəzində saxlamasından, onların problemlərinin birinci növbədə həll olunmasından danışmış, müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərancam və fərmanlar imzalandığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox qayğı və diqqətlə əhatə olunmuşlar və Ulu öndərin dediyi kimi veteranlara sözün həqiqi mənasında Azərbaycanın xəzinəsi kimi yanaşılır. C.Xəlilov veteranların maddi rifah halını yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin onları daim ruhlandırdığını, özlərini daim sırada hiss etdiklərini vurğulamışdır. Azərbaycan veteranlarının dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı dəstəklədiklərini və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişdir. Azərbaycanda müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı göstərildiyindən danışan Ərəstun Mehtiyev respublikada bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyətinin canlandığını şəxsən şahidi olduğunu bildirmişdir. O, xüsusilə 1994-cü ildən etibarən bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atıldığını, Ümummilli lider Heydər Əliyevin imzaladığı ilk Qanunlardan birinin məhz veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olduğunu qeyd etmişdir. Bunula da yüksək səviyyəyə qaldırılan veteranlara dövlət qayğısının hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Ə.Mehtiyev bu günkü təqdimatların da bu sahədə növbəti addımın sübutu olduğunu vurğulamışdır.  Daha sonra Təşkilatın fəaliyyətini yüksək qiymətləndirən Ərəstun Mehtiyev general –polkovnik Tofiq Ağahüseynova və sədr müvini Cəlil Xəlilova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim etmişdir.

Hamısını oxu
Əli Kərimli - Cəmil Həsənli cütlüyünün qələbəyə sevinməməsi özünü xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir

İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov qeyd edib ki, müharibədə böyük şücaət nəticəsində qazanılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir: "Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli - Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iştirak etdiyi küçə yürüşlərini öz gözləri ilə görən sözügedən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir. İkincisi, heç kimə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasında AXC-Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur". Ə.Əhmədov bildirib ki, dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi-müsavatçıların hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi: "Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC-Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir. Erməni təcavüzü ilə əlaqədar müharibə aparmağa məcbur olan ölkənin Prezidenti və Ali Baş Komandanı Əbülfəz Elçibəyin iyun ayının 18-də Bakını tərk edərək Ordubadın Kələki kəndinə qaçması, onun hökumət nümayəndələrinin isə vəzifələrini dondurmaqları barədə şübhəli bəyanatları dövlətin müdafiə qüdrətinə vurulan ən ağır zərbə idi. Onların bilərəkdən daxili siyasi böhranı dərinləşdirməyə yönəldilmiş hərəkətləri nəticəsində Dağlıq Qarabağ ətrafında rayonların işğal edilməsinə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb oldu. Buna görə də Azərbaycan tarixinin ən acı faciələrindən biri sayılan Qarabağın Ermənistan tərəfindən işğalının məsuliyyəti AXC-Müsavat üzərinə düşür. Bu məsuliyyətin adı ölkənin müdafiəsini təşkil edə bilməmək və daxili böhranı qəsdən ağırlaşdırmaqla düşmənin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmaqdır. Bir sözlə, milli xəyanətdir". Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında bacarıqsızlıqları və cinayət sayılacaq hərəkətləri ilə ciddi məsuliyyət yükü daşıyan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri olmuş Əli Kərimli və Cəmil Həsənlidən Vətən müharibəsinin parlaq nəticələrinə gözlənilən ən doğru reaksiya onların bağışlanmaz səhvinin və günahının nəticəsində işğal olunmuş Qarabağın azad edilməsinə hamıdan çox məmnun olmaq, qələbəmizin layiqli qiymətini vermək ola bilərdi: "Lakin cütlük gözlənilənin tam əksini nümayiş etdirərək adətlərinə uyğun hərəkətlərini davam etdirməyə üstünlük verirlər". Baş nazirin müavini qeyd edib ki, Əli Kərimli - Cəmil Həsənli cütlüyünün çox da uzaqda olmayan tarixi saxtalaşdırmaq, öz günahlarını bugünkü iqtidarın ayağına yazmaq cəhdləri heç kimə sirr deyil: "İndi isə onlar ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi təftiş etməklə onun tarixi əhəmiyyətini azaltmağa çalışırlar. 1993-cü ildə müharibə edən ölkədə bilərəkdən hakimiyyət böhranını dərinləşdirməklə bir neçə rayonun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə dolayısı yolla rəvac vermək nə dərəcədə xəyanət idisə, Ordumuzun şanlı zəfərinin tarixi əhəmiyyətini azaltmaq cəhdləri də o dərəcədə ziyanlı və pozuculuq fəaliyyətidir. Söhbət bilərəkdən, qəsdən xalqımızın qürur və iftixar mənbəyi olan 8 noyabr Zəfər gününün üzərinə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətlislikdən gedir. Möhtəşəm zəfərimizin üzərinə kölgə salmaq, əslində onların qəhrəmanlığına, şücaətinə, şəhidliyinə şübhə toxumu səpmək qədər yolverilməz və bağışlanmaz günahdır. "Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi rolu və əhəmiyyətini azaltmaq üçün sözügedən cütlük yalan və şayiələrlə, hadisələrin mahiyyətini təhrif etməklə postmüharibə reallıqları barədə insanlarda fərqli fikirlər yaratmağa səy göstərir. Onların əsassız iddialarla müharibənin başlıca nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması faktına şübhə yaratmağa çalışmaları, 10 noyabr razılaşmasının şərtlərini bilərəkdən yanlış yöndə şərh etmələri xalqın qələbəyə inamına şübhə toxumu səpmək məqsədi daşıyaraq Kərimli - Həsənli cütlüyününü anti-milli xislətini bir daha sübuta yetirir. Görünən budur ki, 30 illik işğaldan sonra Qarabağın azad edilməsinin xalqımızda yaratdığı ruh yüksəkliyinə, xalq-iqtidar birliyinin daha da güclənməsinə, Prezident İlham Əliyevə əhalinin hörmət və ehtiramının qat-qat yüksəlməsinə Əli Kərimli-Cəmil Həsənli cütlüyü həsəd aparır, çoxdan itirdikləri siyasi perspektivlərinin tamam əridiyini görür və bütün bunların əvəzində möhtəşəm zəfərimizin üzərinə kölgə salmaqla xəstə təxəyüllərinə təsəlli verməyə çalışırlar. Ancaq nə etməli, bu onların seçimidir. Həmişə olduğu kimi, bu seçimləri də nə milli maraqlarımıza uyğundur, nə də insanların zəfər ovqatını əks etdirir. Onlar yenə də mənsub olduğu xalqla eyni cür düşünmək, eyni sevinci yaşamaq yolunu tuta bilmədilər. Bəlkə də heç istəmirlər. Şübhə yoxdur ki, belə təfəkkür və davranış tərzi sözügedən cütlüyün və onların ətrafında toplaşanların siyasi faciəsi, mənəvi iflasıdır". Milli.Az

Hamısını oxu
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

24 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində növbəti tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmassıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın geniş fəaliyyətindən danışmışdır. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bu gün 20 faizdən artıq ərazisi Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab etmişdir. Tədbirdə həmçinin layihə çərçivəsidə hazırlanıb çap olunmuş, beş nəfər Qarabağ və Aprel şəhidinin döyüş və həyat yolundan bəhs edən “Torpağı Vətən edənlər” kitabçasının təqdimatı olmuşdur. Layihə və kitabçanın müzakirəsi çərçivəsində Respublika Veteranlar Təşkilatının şöbə müdirləri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Lətif Babayev (kitabça mətninin müəllifi),Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, fiologiya elmlər doktoru Bədirxan Əhmədov, Qarabağ müharibəsi veteranı, jurnalist Elçin Müseyboğlu, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, veteranlar çıxış edərək yeniyetmə və gənclərin şəhidlərimizin həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Vətən, torpaq yolunda həyatlarını qurban vermiş insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu və onların əbədi həyat qazandıqlarını qeyd etmişlər. Tədbirin sonunda kitabça tədbir iştirakçılarına paylanılmış, veteranlar gənclərlə xatirə şəkli çəkdirmişlər.  

Hamısını oxu
Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, məktubda Dan-Viqqo Berqtun Dünya Veteranlar Federasiyasının oktyabrın 16-19-da Bakıda keçirilmiş tədbirlərdə iştirak edən nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq edir. Dan-Viqqo Berqtun Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyinə həsr olunan tədbirlərin, xüsusilə də Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının onda dərin təəssüratlar yaratdığını bildirir, bunun Dünya Veteranlar Federasiyasının üzvləri üçün yaxşı nümunə olduğunu vurğulayır. “Bu, Azərbaycana ilk səfərim idi və mən bu səfərdən olduqca məmnun qaldım. Bakıda hökm sürən sabit, xoş mühit məndə çox yaxşı təəssürat yaratdı”, - deyə Dan-Viqqo Berqtun məktubunda qeyd edir. Xatırladaq ki, Dünya Veteranlar Federasiyasının nümayəndə heyəti ötən ay Bakıda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə, “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Hamısını oxu