Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)

Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.
İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.

 İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.

REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİ

Rektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.
Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi.

İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.
O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.
Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…
Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.

PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSi

Zaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.
Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...
Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:
“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”
Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi.

O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.
Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.

ELM ADAMI

Hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur.

İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.
O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.
Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.
Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.

DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏT

Akademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.
Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.

SEVGİ İLƏ YAŞANAN ÖMÜR

İbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə.

Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.

YOL DAVAM EDİR

Bu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.
70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.
Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb.

Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.
Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.
Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.
Böyük insanlar həyatın mənasını özlərində tapırlar.
İbrahim Cəfərov da tapdı.
Tapdı və başqalarına da göstərdi.
Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.
Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Xəlil Xəlilov

2026-01-16 23:15:00
2206 baxış

Digər xəbərlər

DTX genefondumuzun keşiyində: Yad torpaqlarda doğma insanların ölümünə son!

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  ictimaiyyətə verdiyi məlumatda deyilir: “Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir. Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”. DTX-nın verdiyi məlumatdan da göründüyü kimi, xeyli sayda azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub, Azərbaycandan uzaqda yad maraqlar uğrunda həyatlarından keçiblər. Bu isə sadəcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının genefondunun təhlükə altında olması deməkdir. Çünki gənc nəslin hər hansı səbəbdən Rusiya-Ukrayna müharibəsində yer alması, bu döyüşlərdə həyatını itirməsi Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də dövlətimizin demoqrafik siaysətinə, onun müdafiə qabiliyyətinə, təhlükəsizlik maraqlarına ziddir.  Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarını məsuliyyətə cəlb etməsi genefondumuzun qorunması, insanlarımızın həyatının xilası baxımınan mühüm əhəmiyyətə malikdir. Onu da unutmaq olmaz ki, müharibələrdə iştirak edən şəxslərin bir çoxu döyüşlərdə ağır psixoloji travma alır, bu travmaların nəticəsi bəzi hallarda özünü mülki həyatda ən ağır formada büruzə verir. Nəticədə, bu şəxslərin bəzisi intihar edir, bəzisi isə digər şəxslərə qarşı ciddi aqressiya sərgiləyirlər. Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşları məsuliyyətə cəlb etməsi ilk növbədə  bu şəxslərin həyatının xilasına, həmçinin, cəmiyyətin təhlükəsizliyinin təmininə xidmət edir. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, DTX-nın proseslərə müdaxiləsi bu tendensiyanı əhəmiyyətli dərəcədə azaldacaq, Azərbaycan insanının yad torpaqlarda ölümünə son qoyacaq. Unutmaq olmaz ki, qanun Azərbaycan vətəndaşlarına qanunsuz silahlı birləşmələrə qatılmağı, digər ölkələrdə gedən müharibələrdə iştirak etməyi qadağan edir. Ümid edirik ki, gənclərimiz heç olmasa bundan sonra başqa ölkələrdə gedən hərbi əməliyaytlara qatılmayacaq, hər zaman hər yerdə yalnız Azərbaycanın maraq və mənafeyi uğrunda mübarizə aparacaq. Həm də qanun çərçivəsində... Seymur ƏLİYEV  

Hamısını oxu
Suraxanı rayonunda veteranlar evlərində ziyarət olunub

Respublika Veteranlar Təşkilatının Suraxanı  Rayon Təşkilatının sədri Eldar Rüstəmov 4 may 2021-ci il tarixində  bir qrup  veteranı ziyarət edib .   Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə reallaşan ziyarət zamanı Eldar Rüstəmov 100 yaşı yaxın günlərdə qeyd olunacaq Qurbanov Fərhad Alı oğlu, Hüseynov Cənnət Əli oğlu, Belikov Aleksandr Vasilyeviçi, arxa cəbhə veteranı Bəşirova Failə Əliyanova  ilə görüşüb, onlara təşkilat adından bayram sovqatları təqdim edib.   Məlumat üçün qeyd edək ki, məhz Eldar Rüstəmovun səyi nəticəsində Suraxanı rayonundakı parkların birində “Veteran evi” yerli icra hakimiyyəti orqanı tərəfindən veteranların ixtiyarına verilib.   Sözügedən məkanda veteranların asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb.

Hamısını oxu
Zabitimizin şeirləri Özbəkistan mətbuatında dərc olundu

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “Azərbaycan-Özbəkistan” və “Şəhərlər şəhəri, gözəl Səmərqənd” şeirləri özbək dilinə tərcümə olunaraq Özbəkistan Müdafiə Nazirliyinin mətbu orqanı olan “Vətənpərvər” qəzetinin 28 fevral 2025-ci il tarixli sayında dərc olunub. Veteran.gov.az xəbər verir ki, müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova və Rahmat Babajanov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri bundan öncə Özbəkistanın “Marifat va Yoşlar” qəzetində, Özbəkistan Yazıçılar Birliyinin saytında və digər internet şəbəkələrində işıqlandırılıb. Məlumat üçün qeyd edək ki, zabitimizin müəllifi olduğu “Azərbaycan-Özbəkistan”, “Şəhərlər şəhəri, gözəl Səmərqənd”, “Özbəkistan tarixi” və “Mən bir gün gedəcəyəm Özbəkistana” şeirləri, həmçinin hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.  

Hamısını oxu
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. APA-nın  məlumatına görə, Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. "Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - Sərəncamda bildirilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.  

Hamısını oxu