Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanın açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı.

Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin də sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 30 mindən çox insan yaşayır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə də xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürur hissi ilə qeyd edir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

2025-01-20 13:05:47
3549 baxış

Digər xəbərlər

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Prezidentinə müraciət ünvanlayıblar

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar. Milli.Az müraciəti təqdim edir: "Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti Möhtərəm Vladimir Vladimiroviç! Biz Böyük Vətən müharibəsi veteranları sovet ölkəsinin müstəqilliyi uğrunda çiyin-çiyinə vuruşmuşuq. Bu gün biz bütün çoxmillətli Rusiyanın veteranları ilə parçalanmağa deyil, birləşməyə yönəlmiş beynəlmiləl dəyərləri çiyin-çiyinə qorumağa hazırıq. Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan Prezidenti İlham Əliyev və Siz öz xalqlarınıza müraciət edərkən tez-tez deyirsiniz ki, biz birlikdə güclüyük. İndi biz "ayrı-ayrı mənzillərdə" yaşasaq da, qardaşlaşdığımız təkcə cəbhə yoldaşlarına münasibətdə deyil, bütün xoşməramlı insanlara - xeyirxahlıq və sülh, multikulturalizm, tolerantlıq, mənəvi və millətlərarası birlik ideallarını qorumağa həmişə hazır olanlara qardaşcasına münasibətimizi hələ də qoruyub saxlayırıq. Biz yalnız bu halda qüvvə ola və hazırda ən müxtəlif çalarlı liberallar tərəfindən "yenidən baxılmağa" məruz qalan ümumi dəyərlərimizin dağıdılmasına müqavimət göstərə bilərik. Biz Sizə ümumi və etibarlı gələcək naminə, birlikdə qazandığımız və öz nəvə-nəticələrimiz üçün qoruyub saxlamağa borclu olduğumuz sülh üçün əldə etdiklərimizin itirilməsinə yol verə bilməyəcək müdrik siyasi xadim kimi müraciət edirik. İnanırıq ki, Rusiyada doğulmuş etnik azərbaycanlının - 19 yaşlı Vəkil Abdulayevin qətli hadisəsinin bütün iştirakçıları ali ədalət naminə qanunun tam ciddiliyi üzrə cəzalandırılacaqlar. Eynilə qanunlara, ədalət anlayışına etinasızlıq göstərən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin etdiyi kimi cəzasızlığa şərait yaradanlar da. Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı, həmin gəncin gicgahına atəş açmış Aleksandr Qusev Bastrıkinin göstərişi ilə azadlığa buraxılıb. Biz müharibədə olmuşuq və döyüşdə dostlarımızı itirmişik. Lakin biz orada, müharibədə kimin özümüzünkü, kimin yad olduğunu bilirdik. Biz öz cəbhə dostlarımızı heç vaxt milli mənsubiyyətə görə özümüzünkülərə və yadlara bölməmişik. Ona görə ki, biz hamımız birlikdə güc idik. Bu gün "Yedinaya Rossiya" partiyasının nümayəndəsi, üstəlik, RF İctimai Palatasının üzvü və yuxarıda adı çəkilən partiyadan Dövlət Dumasına deputatlığa namizəd olan Mariya Butina kimilər, görünür, yalnız milli mənsubiyyətə görə "özününküləri" dəqiq müəyyən edirlər. Bizim belə düşünməyimizə əsas verən onun bu sözləridir ki, A.Qusevi belə hərəkətlərinə görə nəinki həbs etmək olmaz, hətta onu təltif etmək lazımdır. Belə çıxır ki, 19 yaşlı gəncin qətlə yetirilməsinə görə kimisə təltif etmək lazımdır? Məgər o, tanka minib şəhərə daxil olub və ağına-bozuna baxmadan hamıya atəş açıb? Yox. Onu, silahsız gənci avtomobilin üstünə sıxıb və guya təsadüfən tabel silahının tətiyini basıblar! Bu, nə deməkdir? Butina insanlar arasında ayrı-seçkiliyə, onları milli mənsubiyyətinə görə cəzalandırmağa çağırır? Rusiyada gəlmələrə divan tutmağa çağırır? Məgər onun belə bəyanatlar etməyə haqqı var? Biz belə fərz edə bilərik ki, Butina gəncdir, nəticə çıxarmağa tələsib. Amma hər halda, bu sözlər deyilib! Özü də necə deyilib?!! Arxasında qüvvə dayanan insana xas olan sərt əminliklə. Bu, hansı qüvvədir? Hörmətli Vladimir Vladimiroviç! Biz müharibədə olmuşuq, hər gün ölümün gözünün içinə baxmışıq. Biz mürəkkəb həyat sürmüşük və bu həyat belə deməyə haqq verir ki, həmin insidentə görə narahat olaq... Biz bu həyatda çox şeylər görmüş ahıl insanlarıq. Biz bu dünyadan belə bir fikirlə getmək istəmirik ki, qazandıqlarımız heç olub. Lakin nə qədər ki, biz sağıq, dünyamızı qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu isə bizim hər birimizdən asılıdır. Biz Sizin ədalətliliyinizə, vaxtilə ortaq ölkənin və ortaq idealların bizə bəxş etdiyi bütün dəyərləri qiymətləndirməyi və yadda saxlamağı bacaran Azərbaycan xalqına xeyirxah münasibətinizə inanırıq. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri: 1.Səttarova Fatma Hüseyn qızı 2.Quliyev Məmməd Salman oğlu 3.Abdullayeva Natalya Borisovna 4.Yermakov Yurik Vladimiroviç 5.Ramazanov Nazim Tağı oğlu 6.Xarkovskaya Anna Qordeyevna 7.Belikov Aleksandr Vasilyeviç 8.Abdullayev Səfər İbad olğu 9.Sarıyev Qara Alı oğlu 10.Timçenko İvan İvanoviç 11.Ömərov Qaflan İslam oğlu 12.İsgəndərov Ağababa Qənbərli oğlu 13.Vyuqin Mixail Daniloviç 14.Kravtsova Anna Petrovna 15.Mürsəlov Xasay Bayram oğlu 16.Həsənov Tamleyxa Abbas oğlu 17.Əliyev Əli Hüseyn oğlu 18.Baxışov Seyfulla Abdulla oğlu 19.Nəbiyev Daməd Məcid oğlu 20.Dadaşov Azər Tağı oğlu 21.Qasımova Valentina Mixaylovna 22.Qaziyeva Tacirə Həmid qızı 23.İsababayeva Həcər Müştaq qızı 24.Rəsulova Zinaida İliniçna 25.Frunze Natalya Artyomovna".  

Hamısını oxu
Великая Отечественная война советского народа против немецко-фашистких захватчиков завершена

Hamısını oxu
Son təxribatlar İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”. Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”. Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Hamısını oxu
Terrorçuluqda təqsirləndirilən “Muxtar” Azərbaycana ekstradisiya olundu

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir. Lent.az DTX-nin saytına istinadən xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib. Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub. Hazırda cinayət işi üzrə araşdırma davam edir.

Hamısını oxu