Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr oldlmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıq nümunələri, eləcə də Səməd Abdullayev kimi qəhrəman oğulların, onların igidlik salnamələri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Belə böyük şəxsiyyətlərin həyatı və mübarizələri, gənclərə vətənə bağlılıq, milli birlik və həmrəylik dərsləri verir. Onların xatirəsini yaşatmaq, döyüş və igidlik yollarını gənc nəslə təbliğ etmək və bu ruhu onlara aşılamaq, ölkənin gələcəyi üçün çox vacibdir.

Böyük Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Onlardan biri də, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, tibbi xidmət giziri Səməd Abdullayedir. Səməd Abdullayev1920-ci ildə Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuşdur. Pedaqoji Texnikumu bitirdikdən sonra Oğuz rayonunda pedaqoji fəaliyyətə başlayan Səməd 1941-ci ilin iyun ayında Qızıl orduya çağırıldı. Tiflisdə hərbi tibbi məktəbdə sanitar təlimatçısı kursunu uğurla bitirib komandanlıq tərəfindən Bakı və Mahaçqalada formalaşan 318-ci atıcı diviziyaya göndərilir. Öz şərəfli döyüş yolunu diviziyanın 1339-cu alayında tabur sanitariya təlimatçısı vəzifəsində başlayır. 1943-cü ilin aprel ayında diviziya Şimali Qafqaz cəbhəsində 18-ci Ordunun tərkibində Novorossiysk şəhəri ətrafında döyüşlərdə fəal iştirak etmişdir. Bu zaman tibbi təlimatçı Abdullayev atıcı hissələrin ön sıralarında yaralı döyüşçülərə ilk tibbi yardım göstərir və bilavasitə döyüşlərdə iştirak edir. O, tüfəng atəşi və qumbaralarla 19 alman əsgərini məhv edir.

Novorossiysk döyüşlərində göstərdiyi igidliyinə görə 1339-cu atıcı
alayın 07/n saylı əmri ilə 10 iyun 1943-cü ildə Səməd Həmid oğlu Abdullayev “İgidliyinə görə” medalı ilə təltif edilir. 318-ci atıcı diviziya “Novorossiyskaya” fəxri adına layiq görülür. Novorossiysk savaşı zamanı Səməd ÜKP(b)-nin sıralarına daxil olur. Taman yarımadasının almanlardan təmizlənməsindən sonra orduda Kerç-Eltigen əməliyyatına hazırlıq başlayır. Əməliyyatın əsas məqsədi Krım yarımadasına desant çıxarıb körpübaşını ələ keçirmək və sonradan Kerç şəhəri istiqamətində irəliləmək idi. Sovet komandanlığının planında Eltigen burnuna desantın çıxarılması vacib yer tuturdu. Bu əməliyyatda 318-ci diviziyanın hissələri də fəal iştirak etməli idilər.
 1943-cü ilin noyabr ayı desantçılarla dolu zirehli katerlər və özüyeriyən barjalar Eltigenə yollanır.1943-cü il noyabrın 1-də ağır fırtınalı hava şəraitində 1339-cu atıcı alayın 1-ci taburu düşmən əlində olan sahilə çıxdı.Desantçıların ön sıralarında tibbi xidmət giziri Səməd Abdullayev irəliləyirdi. Sovet atıcıları sürətli və amansız
həmlə nəticəsində nasistləri Eltigen qəsəbəsindən çıxarmağa müvəffəq olurlar. Bu andan etibarən desant tərəfindən ələ keçirilən kiçik torpaq parçası uğrunda şiddətli döyüşlər başlayır. Almanlar körpübaşı ərazisini hər tərəfdən daimi atəşə tuturlar. Qara dəniz donanmasının sahil top batareyaları tərəfindən sovet desantçılarına göstərilən yardım, top atəşi çox məhdud idi. Halbuki almanlar desanta qarşı toplardan başqa təyyarələrdən və tanklardan da geniş istifadə edirdilər. Düşmənin əks-hücumlarının ardı-arası kəsilmirdi. Səməd Abdullayev güclü top və minaatanların atəşinə baxmayaraq, döyüş meydanından yaralıları çıxarıb, onlara ilkin tibbi yardım göstərirdi. O, bu işini bitirib yenə də öz mövqeyinə qayıdır, hücuma keçən düşmənə atəş açır. Vaxtaşırı savaş daha da kəskinləşir, ayrı-ayrı yerlərdə əlbəyaxa döyüşə çevrilir. Tək bu döyüşlərin birində Səməd şəxsən beş alman əsgərini öldürür. 1943-cü il noyabrın 5-də tibbi xidmət giziri Abdullayev döyüş meydanında qəhrəmancasına həlak olur. Ağır silahlardan və təchizatın bütün növlərindən məhrum olmuş desantçılar 40 gün ərzində alınan körpübaşını əllərində saxlayırlar və yalnız komandanlığın əmri ilə Eltigeni tərk edirlər. Eltigen əməliyyatının uğursuz olması rəsmi olaraq təsdiqlənir, lakin əməliyyat iştirakçılarının qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir. Təltif olunanlar arasında Azərbaycanın igid oğlu Səməd Abdullayevin də adı var idi. Eltigen döyüşlərində göstərdiyi misilsiz şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1945-ci il tarixli fərmanı ilə tibbi xidmət giziri Səməd Həmid oğlu Abdullayevə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir və o, Lenin ordeni ilə təltif edilir.

Səməd Abdullayev kimi Azərbaycanın böyük qəhrəmanlarının həyat hekayələri, qəhrəmanlıq dastanları yalnız tarixdə qalmamalıdır, gənclərin qəlbindəki milli ruhu canlandırmaq üçün bir vasitə olmalıdır. Onların şərəfli ömür yolu yalnız döyüş meydanlarında deyil, həm də sosial həyatda, cəmiyyətdə, mədəniyyətdə və təhsildə, fərqli sahələrdə də fəaliyyət göstərən gənclərə nümunə olmalıdır. Vətəni qorumaq, ona xidmət etmək və onun adına layiq olmaq gənclərimizin mənəvi borcudur. Bu yolda Azərbaycanın qəhrəman oğullarının təcrübəsi və irsi çox mühüm rol oynayır. Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olan Səməd Abdullayev kimi qəhrəmanların adı xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır.

 

                                           Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

                                            polkovnik  Cəlil Xəlilov

2025-01-28 11:54:57
3388 baxış

Digər xəbərlər

Vətən müharibəsində böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayıb

Tovuz döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcı, xalqımızın şərəf tarixidir. Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı. 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik deyib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birlik və mübarizə əzmini də nümayiş etdirdi. Bu döyüşlər sadəcə ordumuzun düşmən təxribatına qarşı qəhrəmanlıq mübarizəsi ilə məhdudlaşmır. Tovuz döyüşləri həm də Azərbaycan xalqı ilə ordumuz arasındakı birlik və bərabərliyin nümunəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onu qətiyyətlə dəstəkləyir. Qeyd edilib ki, Tovuz döyüşlərindən sonra xeyli sayda vətəndaşımız düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün əlaqədar dövlət qurumlarına müraciət etdi, kütləvi şəkildə cəbhəyə üz tutmağa hazır olduqlarını bildirdi. Tovuz döyüşləri və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı otuz illik işğalla nəinki barışmayıb, bu torpaqları işğaldan azad etmək üçün qanından və canından keçməyə hazırdır. Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla yanaşı, daha 11 hərbçimiz şəhid oldu, o cümlədən bir mülki şəxs həyatını itirdi. Ordumuz, elə Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin qisasını aldı, çoxlu sayda düşmən hərbçisi, o cümlədən onun hərbi texnikası məhv edildi. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, bu döyüşlər Vətən müharibəsi üçün də uğurlu başlanğıc oldu. Tovuz döyüşlərindən qısa müddət sonra - sentyabrın 27-də düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı. “Azərbaycan xalqı bütün şəhidlərini, o cümlədən Tovuz döyüşlərində həlak olan şəhidlərinin xatirəsini hər zaman ehtiramla anır. Bundan sonra da onları böyük ehtiramla xatırlamaqda və xatirəsini sevgi ilə yaşatmada davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
“8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür!”

Cəlil Xəlilov: “Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı”   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü ilə bağlı saytımza açıqlama verib. Açıqlamasında bu tarixi günün önəminə diqqət çəkən polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin bütün regionun gələcəyinə həlledici təsir göstərdiyini vurğulayıb:   “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır.     Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı.   Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir”.   “Müharibə ordumuzun gücü ilə yanaşı, xalqımızın bayraq sevgisini də ortaya qoydu”   Polkovnik qeyd edib ki, müharibə Azərbaycan Silahlı Qüvvələrinin gücünü əyani surətdə bütün dünyaya göstərdi:   “44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi.   Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi”.   “Qələbəni təmin edən ən mühüm faktorlardan biri güclü sərkərdə amili oldu”   Cəlil Xəlilov 8 Noyabr zəfərini şərtləndirən ən mühüm amillərdən birinin məhz bacarıqlı sərkərdə faktoru olduğunu vurğulayıb:   “Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş  Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”.   Sədr müavini Azərbaycanın 44 günlük Vətən müahribəsində dünya hərb sənayesinin ən son yeniliklərini uğula tətbiq etdiyini bildirib:   “Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi. Hansı ki, ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövləti tərəfindən öyrənilməkdədir. Lakin təbii ki, ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizi qarşıda duran əsas məsələlərdən biridir. Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq.   Azərbaycan bu istiqamətdə artıq bəzi əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bildiyiniz kimi, bu bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.   Bildiyiniz kimi, Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən, Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır”.   Polkovnik qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın milli hərb sənayesinin məhsulları da özünü yüksək səviyyədə doğruldub:   “Vətən müharibəsi Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Sevindiricidir ki, məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan ordusunun xarici hərbi məhsullardan asılılğı minimuma endi. Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin etdi. Hansı ki, Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə yeni hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müahribəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan birgə dron və müşahidə sistemlərinin istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq.   Bir sözlə, Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan ordusunun gələcək simasının müəyənləşməsində mühüm rol oynayacaq.   Onu da qeyd edim ki, Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür və bu güc ona ordumuzun inkişaf etdirmək, onun inkişafı üçün gərəkli olan xərcləri qarşılamağa imkan verir”.   “Xüsusi Təyinatlı Qüvvələr xalqımızın qürur mənbəyidir”   Polkovnik 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin böyük qəhrəmanlıqlara imza atdığını bildirib:   “Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunda Xüsusi Təyimatlı Qüvvələr özünməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin aprel döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut etdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxlu sayda düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Onlar düşmənə sadəcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi.   44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr sözün həqiqi mənasında tarix yazdı. Bir tək Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların əldə edilən qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir.   Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salmışdı ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sona qədər müqavimət göstərmədən silahlarını atıb qaçırdı. Onlar bəzi hallarda öz yaralılarını, meyidlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, öz canlarını xilas etməyə çalışırdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vəətn müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanımn xüsusi təyinatlı hərbçilərimizə, onların igidliyinə necə böyük önəm verdiyini göstərir”.   Cəlil Xəlilov 8 Noyabr zəfərinin heç zaman unudulmayağını, hər zaman heyrət və qürurla anılacağını qeyd edib:   “8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür! Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı. Əminəm ki, illər, əsrlər keçsə də 8 Noyabr zəfəri, bizə bu zəfəri yaşadanlar əsla və əsla unudulmayacaq, hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaqlar!”   Seymur ƏLİYEV  

Hamısını oxu
Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 fevral 2026-cı il tarixdə Respublika Veteranlar Təşkilatının iş planına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu 7 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavini Elmira Ibrahimova, tarix müəllimi Sevda Bağırova, Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin baş mütəxəssisi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova, məktəbin müəllim və şagird kollektivi iştirak edibər. Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra nümayiş olunan Xocalı soyqırımına həsr olunmuş videoçarxda, soyqırım hadisələri ilə yanaşı müasir dövrdə Qarabağda dinc quruculuq işlərinin vüsət alması əksini tapıb. Məktəbin şagirdləri dəyirmi masa ətrafında faciənin tarixi haqqında təhlili məlumatlarla çıxış edərək eyni zamanda, tədbir iştirakçılarını Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış ediblər. Tədbir çıxışlarla davam etdirilib. Çıxış edən qonaqlar, Respublika Veteranlar Təşkilatının nümayəndəsi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova xalqımızın milli mübarizə tarixi və Respublikamızın ərazi bötövlüyünün qorunması uğrunda baş verən tarixi hadisələrdən bəhs ediblər. Xocalı faciəsinin tariximizə qan yaddaşı və tariximizin acı  səhifəsi kimi həkk olunduğunu bildiriblər.  Məktəbin direktor müavini Elmira Ibrahimova və tarix müəllimi Sevda Bağırova milli yaddaşımızdakı tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən  danışaraq milli vətənpərvərlik ruhunun qorunmasının vacibliyini diqqətə çatdırıblar. Tədbirdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirən yüksək dəyərimiz olduğu qeyd edilərək, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda xatirə şəkli şəkilib.

Hamısını oxu
Sabirabad rayonunda daha bir şəhid məzarı ziyarət edilib

Veteran.gov.az xəbər verir ki, 28 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən bir qrup Sabirabad rayon fəalı şəhid Ənnağıyev Babək Oqtay oğlunun məzarını ziyarət edib. Şəhid məzarına gül dəstələri və əkil qoyan ziyarətçilər Babək Ənnağıyev və vətən uğrunda müharibədə həlak olan bütün şəhidlərin ruhuna dualar oxuyub, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olacağını bildirib.   Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsi mütəmadi olaraq şəhid məzarlarını, o  cümlədən şəhid ailələrinin ziyarətini həyata keçirir, qazilərlə görüşlər təşkil edir.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu