Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliği, tədrisi  istiqamətində də layihələr həyata keçirirlər.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaqdır.

Kurslar Qazi Universitetinin Mərkəzi Kampusunda Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış “Azərbaycan Araşdırmalar Mərkəzi”ndə üz-üzə olaraq keçiriləcək və dərslər  çərçivəsində tələbələr üçün oxu günləri, film nümayişləri və danışıq-müzakirə klubları təşkil ediləcəkdir.  Kursların iştirakçılarının azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və ana dilimizdə Azərbaycan, onun nailiyyətləri, milli mədəniyyətimiz və s. maraqlı mövzulara dair müzakirələr keçiriləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzindən əldə edilən məlumata görə Azərbaycan dili kursları -dərsləri Mərkəzin bu sahədə təcrübəyə malik podaqoqu tərəfindən ödənişsiz olaraq aparılacaqdır. Qazi Universitetində isə dərslər “məcburi olmayan, tələbələrə tövsiyə edilən dərslər”in onlayn siyahısına da daxil ediləcəkdir. Gələcəkdə Azərbaycan dili kurslarının daha da genişləndirilməsi, habelə ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də işlər həyata keçiriləcəkdir.

Qeyd edək ki, tədrisə dair metodiki vəsaitlər, nəşrlər Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq, dərslərdə informasiya texnologiyaları tətbiq olunaraq, audio-video materiallar, dialoq və filmlər nümayiş olunacaq, dərslər fərqli metodika ilə aparılacaqdır.  Kursları uğurla başa vuran müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə rəsmi sertifikatı veriləcəkdir.

Azərbaycan dili kurslarında Qazi Universitetinin tələbələri ilə yanaşı, digər Universitetlər, maraqlı şəxslər, habelə başqa ölkələrin Türkiyədə təhsil alan tələbələri də iştirak edə biləcəklər.

Seymur ƏLİYEV

 

2025-02-07 18:28:19
2904 baxış

Digər xəbərlər

Bu gün şəhid Əhmədov Elmar Elşən oğlunun doğum günüdür

Elmar Əhmədov 2000-ci il iyunun 28-dəTovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda   yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə   iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri  zamanı şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin   15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra  “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin   25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “Füzulunin azad olunmasına görə” medalı  ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidentı İlham Əliyevi 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Şuşanın azad olunmasına görə” medalı  ilə təltif edildi.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zəfərin Qəhrəmanı – İmran Əliyev

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlər boyu igid oğulların qanı, canı və Vətənə sonsuz sevgisi ilə yazılıb. Bu salnamənin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsidir. Bu müqəddəs savaşda Azərbaycan Ordusu öz qüdrətini, gücünü və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfərin arxasında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti dayanırdı. Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması şəhidlərimizin bizə əmanətidir. Onlar təkcə tarix yazmadılar, onlar həm də xalqın ruhunu dirçəldən, 30 illik Qarabağ nisgilinə son qoyan müqəddəs bir yol açdılar. Şəhidlərimiz Azərbaycanın ən şanlı səhifəsinin müəllifləridir. Onların hər biri bir dastan, bir örnək, bir məktəbdir. Belə qəhrəmanlardan biri də Əliyev İmran Əli oğludur. 7 aprel 1993-cü ildə Göyçay şəhərində dünyaya göz açan İmran Əliyev uşaqlıq və gənclik illərini Bakı şəhərində keçirmişdir. O, paytaxtda yerləşən 54 nömrəli məktəbdə təhsil almış, daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olaraq ali təhsilini başa vurmuşdur. Vətənə xidmət amalını həyatının əsas məqsədinə çevirən İmran Əliyev Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmiş, sonra isə təlim-tədris mərkəzində kurs keçərək leytenant rütbəsi ilə Bərdə şəhərində yerləşən hərbi hissədə fəaliyyətə başlamışdır. 2020-ci ilin əvvəlindən etibarən xidmətini davam etdirən İmran, qısa zamanda özünü nizam-intizamlı, məsuliyyətli və cəsur zabit kimi göstərmişdir. Daha sonra Tərtər istiqamətinə ezam olunan İmran Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdır. Suqovuşan uğrunda gedən ağır və şiddətli döyüşlərdə o, misilsiz igidlik nümayiş etdirmiş, son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun həyat yolu Vətənə bağlılığın, şərəfin, qeyrətin və sonsuz vətənpərvərliyin təcəssümüdür. İmran Əliyev sübut etdi ki, Azərbaycan oğulları yenilməzdir, qorxmazdır və Vətən uğrunda canlarını fəda etməyə hər zaman hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun qəhrəmanlığına dövlət tərəfindən verilmiş yüksək qiymətin göstəriciləridir. Bu gün İmran Əliyev təkcə doğmalarının deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Azərbaycan var olduqca onun adı da yaşayacaq, xatirəsi daim ehtiramla anılacaq. Çünki şəhidlər ölmür, onlar Vətənin yaddaşına çevrilir, xalqın ruhunda əbədi yaşayırlar. Ruhun şad olsun, qəhrəman         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
“15 iyun zəfərimizə aparan yol idi”

Bu gün 15 iyun - Milli Qurtuluş Günüdür.  Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə mövzu ilə bağlı bir çox məqamları şərh etməyə çalışdıq: -Səmyar bəy, bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. Bilmək istərdik ki, bu gün Azərbaycan xalqının həyatında nəyi dəyişdi?  -15 iyun tarixi sözün həqiiq mənasında Azərbaycan xalqının xilası günüdür. Məhz bu tarixi gündə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da ölkədəki mövcud qeyri-sabitliyə, özbaşınalığa, anarxiya və xaosa qarşı real mübarizə imkanı yarandı.  Bildiyiniz kimi, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkə daxilində vəziyyət olduqca ağır idi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən hakimiyyət daxilindəki intriqa və qarşıdurmalar, habelə, cəmiyyətdəki qeyri-sabitlik dövlətin idarə edilməsini demək olar ki, mümkünsüz hala salmışdı. Elə bunun nəticəsidir ki, Azərbaycan erməni işğalından müdafiə oluna bilmir, ciddi ərazi itkilərinə məruz qalırdı. Bundan başqa, güclü mərkəzi hakimiyyətin mövcud olmaması ölkədə qarşıdurma meyillərini gücləndirir, vətəndaş müharibəsi təhlükəsini alovlandırırdı. Mövcud situasiya xarici dövlələtlərə Azərbaycana təzyiq üçün də real şərait yaradır, ölkəmizin müstəqilliyini, bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu. Məhz belə bir zamanda Ali Sovetin sədri seçilən Heydər Əliyev bütün bu pərakəndəliyə, qeyri-müəyyənliyə son qoydu. 1993-cü ilin 15 iyun tarixindən sonra Azərbaycanda bütün təxribatçı qruplara, cəmiyyəti bölməyə, dövləti parçalamağa çalışan qüvvələrə qarşı ciddi mübarizəyə start verildi. Xalqın mənafeyini əldə rəhbər tutan Heydər Əliyev, qısa zamanda ölkə daxilindəki qeyri-sabitliyə son qoydu. Mərkəzi hakimiyyət gücləndirildi. Şəxsi maraqlar əsasında fəaliyyət göstərən şəxslər hakimiyyətdən kənarlaşdırıldı və dövlət maraqlarının müdafiəsi ön plana çəkildi. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini faktiki olaraq xilas etdi. Biz nəinki öz müstəqilliyimizi qoruyub saxladıq, həm də bu müstəqilliyi əhəmiyyətli dərəcədə möhkəmləndirməyə nail olduq.  -Heydər Əliyevin hakimiyyətə gəlişi xarici işğalçılara qarşı uğurlu mübarizə baxımından nə ilə nəticələndi?  -Ulu öndərin hakimiyyətə gəlişi ilə ciddi islahatlara start verildi ki, bunlardan da biri ordudakı islahatlarla bağlı idi. Ümummilli liderin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri onun nizami ordu yaratması, bu ordunu peşəkar hərbi kadrlarla təmin etməsi idi. Ulu öndərə qədər Azərbaycan Ordusu faktiki olaraq müxtəlif şəxslərə məxsus silahlı birləşmələrdən, özünümüdafiə batalyonlarından, qeyri-peşəkar birliklərdən ibarət idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra qeyri-qanuni silahlı birləşmələrin hamısını ləğv etdi. Nizami ordu, vahid komandanlıq yaradıldı. Orduya peşəkar kadrlar cəlb edildi. Məhz aparılan bütün bu islahlar nəticəsində Ermənistanın işğalçılıq siyasətinin genişlənməsinin qarşısı alındı. Hətta 1994-cü ildə Azərbaycan Ordusu cəbhənin bir neçə istiqamətində Ermənistana qarşı uğurlu hərbi əməliyyatlar aparmağa nail oldu. Artıq öz işğalçılıq siyasətini genişləndirə bilmədiyini görən Ermənistan atəşkəs sazişini imzalamağa nail oldu.  -Səmyar bəy, Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə gəlişi Azərbaycanın sonrakı uğurlarına necə təsir göstərdi? Xüsusilə də, Azərbaycan dövlətinin həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclənməsinə, 44 günlük Vətən müharibəsində düşmən üzərində həlledici qələbə qazanmasını necə sitimullaşdırdı?  -Əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın bütün sonrakı uğurlarının qarantı, təminatçısı oldu. Azərbaycan xalqı və dövlətçiliyi adına sevindirici məqamlardan biri də bu oldu ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu son dərəcə uğurla davam etdirdi. Heydər Əliyev ideyaları əsasında aparılan islahatlar, yürüdülən daxili və xarici siyasət XXI əsrin əvvəllərində Azərbaycanın güclü bir dövlət kimi formalaşmasını təmin etdi. Azərbaycan iqtisadi-hərbi gücünə görə regionun lider dövlətinə çevrildi. Ümummilli ldier Heydər Əliyev kursunu daha da inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünya miqyasında qabaqcıl ordulardan birinə çevirdi. Bununla da, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri yalnız erməni faşizmini deyil, ona havadarlıq edən qüvvələri də qəti məğlubiyyətə uğratdı. Azərbaycanın erməni işğalındakı tarixi torpqları azad edildi. Prezident İlham Əliyevin təbirincə desək, ölkə başçısı ata vəsiyyətini, Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirdi. Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində ciddi yenidənqurma və abadlıq işləri həyata keçirilir. Ermənistanın işğalçılıq siyasətinin bu ərazilərdəki nəticələri aradan qaldırılır. Qarabağ və ətraf ərazilər sözün həqiqi mənasında cənnətə çevrilir. Bütün bunlar Müzəffər Ali baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğu qədər də, həm də Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bütün bu uğurların arxasında Heydər Əliyev siyasi kursu dayanır. Mən Azərbaycan xalqını bu tarixi gün – Milli Qurtuluş Günü münasibətilə təbrik edir, xalqımıza və dövlətimizə uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan yaxın gələcəkdə dünya dövlətləri arasında öz gücünü və nüfuzunu artırmaqda davam edəcək, bundan sonra da digər ölkələr respublikamızdakı inkişafı heyranlıqla müşahidə edəcəklər. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.  video Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli Sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min manat ayrılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər. Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə  Mərasimdə Baş Nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu