Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Avrasiya Əməkdaşlıq Fondunun fəaliyyətinin dayandırılmasının vaxtı çatıb”

“Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi xalqımızın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir və məkrli məqsədlərə hesablanıb”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, “no war”çu axtarışına çıxan Avrasiya Əməkdaşlıq Fondu, bu kimi layihələrlə Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salmağa çalışır: “Fondun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi vasitəsilə yürütdüyü siyasət gənclərimiz və gələcəyimizlə bağlı ciddi təhdidlər ehtiva edir. “No war”çu gənclər axtarışına çıxan, müti, mübarizə əzmindən, milli şüurdan məhrum gənclər yetişdirməyə çalışan Avrasiya Əməkdaşlıq Fondu gənclərimizlə xalqımızın mənəvi dəyərləri arasında sədd çəkməyə çalışır. Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, ölkəmizdə qeyri-ənənəvi dəyərlərin təbliğini həyata keçirməyə çalışan bu Fond Ermənistanda tamam fərqli ideyaları təbliğ edir. Erməni revanşizmini dəstəkləyən Fond Ermənistanda həyata keçirdiyi layihələrdə “no war”çu axtarmır, hər hansı təslimiyyət və imtinadan söhbət açmır. Açıq-aşkar görünür ki, Fondun məqsədi Azərbaycanı Ermənistan qarşısında mənəvi-psixoloji baxımdan zəif salmaqdır. Çünki hər kəsə, eləcə də Ermənistan və onun havadarlarına da məlumdur ki, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında əldə etdiyi tarixi qələbənin avanqardı gənclər, onların yüksək mənəvi dəyərlərlə silahlanması olub. Bu gün Avrasiya Əməkdaşlıq Fondu müxtəlif layihələr və adlar altında təxribatla məşğuldur. Onun tabe olduğu Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibinə baxdıqda hər şey məlum olur. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor Hrach Topalyan-dır. Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət edənləri, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq istəyənləri bu xəyanətkar yoldan çəkinməyə dəvət edirik. Hesab edirəm ki, Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda fəaliyyətinin dayandırılmasının vaxtı çatıb. Xəyanət yuvasına çevrilən bu təşkilata sıralarımızda yer olmamalıdır, orada əli bu işlərə bulaşanların fəaliyyəti ciddi təştif olunmalıdır”.

2025-01-23 16:13:05
3854 baxış

Digər xəbərlər

Özbəkistan mətbuatı Samir Abbasovun Ermənistanın törətdiyi ekoloji terrora dair müsahibəsini yayımlayıb

Veteran.gov.az xəbər verir ki, Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması  haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub. Özbəkdilli əhali arasında ən çox oxunan darakchi.uz xəbər portalında gedən “Samir Abbosov: Ozarbayjonlik ekofaollar hududimizdagi ekologik falokatga norozchilik aksiyasi oʻtkazmoqda va hech qanaqa blokada haqida soʻz borishi mumkinmas” (tərc: Azərbaycanlı ekofəallar ərazilərimizdəki ekoloji fəlakətə etiraz aksiyası keçirməkdədir və hər hansı blokadana söz gedə bilməz) adlı müsahibədə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekoloji fəalların artıq 50 gündən çoxdur ki, ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyasına dair fikirlər yer alıb. İlk öncə Samir Abbasov müsahibəsində Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlandığını, bir milyon azərbaycanlının öz yurd yerlərindən qovulduğunu, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, işğal nəticəsində şəhərlərimizin, minlərlə kəndlərimizin, tarix və mədəniyyət abidələrimizin, dini inanc yerlərimizin vəhşicəsinə dağıdıldığını qeyd edib. Diplomat Ermənistanın işğal etdiyi ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, işğalçıların məscidlərimizdə heyvan və donuz saxlayaraq İslam irsini təhqir etdiyini vurğulayıb. Samir Abbasov 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini Ermənistan işğalından azad etdiyini, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyanata əsasən ölkəmizin Qarabağ iqtisadi rayonunda erməni əhalisinin yerləşdiyi ərazidə  müvəqqəti olaraq 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edib. Samir Abbasov müsahibədə bildirir ki, hazırda erməni separatçıları Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə fəal şəkildə fəaliyyət göstərir, Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq bu ərazilərdə Azərbaycana  məxsus qızıl və digər faydalı qazıntı yataqlarını talayır, bölgədə əsl ekoloji fəlakət və terror həyata keçirirlər. O, bu kimi cinayətlərə son qoyulması tələbi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyası keçirirdiyini vurğulayır. Müsahibədə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində mövcud təbii sərvətlər və onların talanmasına dair Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad edilir və Ermənistanın həmişə olduğu kimi, öz cinayətlərini ört-basdır etmək üçün azərbaycanlı ekoloqların dinc etiraz aksiyasını Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində etnik ermənilərin humanitar fəlakətə məruz qalması kimi yalan məlumatlardan istifadə etdiyi və beynəlxalq ictimaiyyəti çaşdırdığı vurğulanır. Samir Abbasov aksiyanın ekoloji terrora son qoyulması və qanunsuz yolla talan edilmiş Azərbaycan sərvətlərinin xaricə çıxarılmasının qarşısının alınması tələbi ilə dinc şəraitdə keçirildiyini müsahibədə bir daha qeyd edib. O, sözügedən ərazidə heç bir blokadanın və humanitar fəlakətin yaşanmadığını və yayılan məlumatların erməni təbliğatının əsassız dezinformasiyası olduğunu vurğulayıb. Diplomat hər gün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və etnik ermənilərin məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə Laçın yolu ilə mülki şəxslərin və xeyli mülki yüklərin, Qızıl Xaç Cəmiyyətinin avtomobillərin maneəsiz hərəkət etdiyini vurğulayıb. Samir Abbasov Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın yolu ilə iki istiqamətdə mülki vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu təhlükəsizlik zəmanəti Laçın yolundan qanunsuz yüklərin, silah-sursatın daşınması baxımından sui-istifadənin qarşısını almaq üçündür. O, Azərbaycan XİN-nin də bəyan etdiyi kimi üçtərəfli bəyanatın əksinə olaraq, Ermənistan öz ərazisində  istehsal olunan yeni minaları Laçın yolu vasitəsi ilə Azərbaycana gətirərməsinə göz yumulduğunu və bu minaların sonradan Azərbaycan ərazilərində yerləşdirilməsi nəticəsində isə son iki ildə 300-ə yaxın dinc azərbaycanlı mina terrorunun qurbanı olduğunu qeyd edib. Diplomat Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı bölgənin olmadığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci ildə  imzaladığı Sərəncama əsasən Azərbaycan ərazisində iqtisadi rayonların bölgüsü həyata keçiridiyini və nəticədə ölkəmizdə yeni iqtisadi rayonların, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun  yaradıldığını bildirib. Müsahibədə qeyd olunur ki,  1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Naxçıvan arasında olan Azərbaycanın tarixi Zəngəzur  mahalı Ermənistana verilmiş və Naxçıvan Muxtar Respublikası anklava çevrilmişdir. Ermənistanın Azərbaycana ərazi iddiaları başlayan 1988-ci ildən sonra Ermənistan öz ərazisindən keçən Naxçıvan yolunu bağlamış və Azərbaycandan ayrı qalmış yarım milyona yaxın Naxçıvan sakini hələ də blokada şəraitində yaşayır. Üçtərəfli bəyanata görə, Ermənistan Azərbaycanın Naxçıvan MR-ə maneəsiz çıxışını təmin etməli olsa da, bu günə qədər öhdəliyini yerinə yetirməmişdir. Müsahibədə qeyd olunur ki, bütün işğal, etnik təmizləmə və cinayətlərə baxmayaraq, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən Ermənistana 5 bəndlik sülh sazişinin imzalanması təklif olunmuş, Ermənistan isə bu günə qədər müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır. Müsahibə ilə geniş şəkildə https://darakchi.uz/oz/160447 linkində tanış olmaq mümkündür.

Hamısını oxu
"2 Fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsi ümummilli lider Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsidir"

"2 Fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsi, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün élan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1996-cı ildən keçirilməyə başlanan Azərbaycan gənclərinin forumu davamlı olaraq keçirilməkdədir. Ümumilikdə Azərbaycan gənclərinin 7 forumu keçirilmişdirki, bunlardan 5-i son 13 ilə təsadüf edir. 2017-ci il 15 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə “ Dövlət Proqramının qəbul edilməsi gənclər üçün yeni perspektivlərin reallaşmasına təkan verdi. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı və bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarını bitirib və bu gün həmin gənclər dövlət siyasətinin həyata keçirilməsində fəal rol oynayırlar Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak ediblər. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır və Azərbaycan gəncliyi Cənab Prezidentin ətrafında sıx birləşərək çalışmağa da davam edəcəkdir. Həmid Nəsirov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu, YAP ərazi partiya təşkilatının sədri  

Hamısını oxu
Polad Həşimovla Şuşada görüş, evimizi nişan verən polis zabiti, paralel dünyaya keçid...

I hissə burada: http://veteran.gov.az/news/1521-%C5%9Eu%C5%9Fa-Seymur%20%C6%8Fliyev    ...Çox keçmir ki, 10 maşından ibarət avtomobil karvanı təbiətin şah əsərlərindən biri olan Cıdır düzündə  cəmləşir. Mən daxili həyəcanımı zahiri soyuqqanlığımın arxasında gizlətməyə çalışaraq Cıdır düzünə - onun sehirli torpağına qədəm qoyuram. Və bu ilk addım uzaq uşaqlıq xatirələrimin dərinliyində gizlənən səhifələri möcüzəvi şəkildə yenidən işıqlandırır.  Cıdır düzü ilə görüşdə yadıma ilk düşən atam və ilk müəllimim Tərlan müəllimə - onlarla bu məkana etdiyim səfərlər olur.   Kəklikotu qoxulu torpaq, 30 il “yol gələn” doğma səs, qəlbimin üfüqlərində qərarlaşan işıqlı təbəssüm...   Cıdır düzü yaddaşımda hər zaman kəklikotu qoxulu torpaq kimi qalmışdı. Uşaq vaxtı atam və bacılarımla birlikdə Cıdır düzünə tez-tez gələr, buradan Topxana meşəsinə, Daşaltı çayına maraqla baxar, qayaların əzəmətini, ətrafımızdakı yaşıllığın nəhayətsizliyini heyrətlə seyr edərdik. Tez-tez gəlməyimimizə baxmayaraq, hər növbəti səfər bizdə eyni həyəcan və sevinci oyadır, bizi eyni dərəcədə məmnun edirdi. Atam uçurumun kənarına həddindən artıq yaxınlaşdığımız zaman bizə səslənər, yıxıla biləcəyimizdən ehtiyat edərək geri çəkilməyimizi istərdi.  Cıdır düzünə orta məktəbdən də də tez-tez səfər edərdik. Oxuduğum 1 nömrəli internat məktəbinin ibtidai sinif müəlliməsi-bütün uşaqların sevimlisi Tərlan müəllimənin rəhbərliyi altında bəzi əlamətdar günlərdə Cıdır düzünə gələr, burada süfrə açaraq evdən gətirdiyimiz yeməkləri bir-birimizlə paylaşar, onları dünyanən ən ləziz yeməkləri kimi iştahla yeyərdik. Açıq təbiət qoynuna kollektiv şəkildə edilən bu səfərlər bizi hədsiz sevindirər, belə günlərin yolunu həsrətlə gözləyərdik. Uşaqlar arasında bu günlər üçün özünəməxsus ad da fikirləşmiş, belə günləri “yeyib-içmək günləri” adlandırmışdıq. Bir-birimizə etiraf etməsək də,  hamımız qəlbimizin dərinliyində bilirdik ki, “yeyib-içmək günləri” ilə bağlı bizi sevindirən sadəcə təbiətə edilən birgə səfər, onun özü ilə birgə gətirdiyi sevinc deyildi. Bu sevincin içində həm də başqa bir sevinc - həmin günün dərs yükündən azad olmağın məmnunluğu, rahatlığı da gizlənirdi. Odur ki, Tərlan müəllimə sabah Cıdır düzünə gedəcəyimizi elan edəndə ikimizdə “ikiqat sevinc” baş qaldırır, bu barədə həmin gün dərsə gəlməyən yoldaşlarımıza telefonla böyük müjdə xəbər verirmiş kimi həyəcanla xəbər verərdik. Biz Cıdır düzündə süfrə salaraq evdən gətirdiyiiz yeməkləri yediyimiz zaman Tərlan müəllimə bizi ana nəvazişinin əks olunduğu işıqlı təbəssümlə seyr edir, nadinclik etməyək, xəsarət almayaq deyə bir an belə olsun bizi nəzarətsiz qoymurdu.  Ona görə də Cıdır düzünə ayaq basanda yadıma düşən ilk şey 30 il içimdə yol gələn atamın doğma səsi və Tərlan müəllmənin işıqlı təbəssümü oldu. Heç zaman ölməyən, hər zaman içimdə öz saflığını və cazibəsini qoruyub saxlayan ata səsi və müəllim təbəssümü...   Cadar-cadar olmuş torpaq, küskün qayalar, bağışlanmaq arzusu...   Cıdır düzünün müqəddəs torpağında dolaşarkən diqqətimi ilk cəlb edən şey ayağım altındakı torpağın cadar-cadar olması oldu. Hər zaman yamyaşıl ot örtüyünə bürünən, qayaları belə canlı təsir bağışlayan Cıdır düzünün bu görünüşü içimdə qəribə, anlaşılmaz hislər doğurdu. Bu torpağın susuzluqdan əziyət çəkən insan dodaqları kimi param-parça olmasına nə səbəb olmuşdu? Olmaya bu çatlar Şuşaya atılan “İsgəndər-M” raketlərinin, bir-birindən qorxunc mərmilərin topağın bağrında yaratdığı çat idi? Yoxsa bu çat doğma Şuşa insanının yolunu illərlə gözləməkdən, onların həsrətini çəkməkdən yaranmışdı? Bilmirəm. Amma həmin gün Cıdır düzünün sadəcə torpağı deyil, məğrurluğundan heç nə itirməyən qayaları da sanki küskün kimi görünmüşdü mənə. Dar məqamda umduğu yerdən kömək görməyən insan kimi incik idilər sanki...  ...Və bu yerdə içimdən günahkarlara məxsus bağışlanmaq arzusu baş qaldırdı. Cıdır düzünün hər qarış torpağı, daşı, qayası, otu, gülü, çiçəyi qarşısında diz çökmək, bu torpağın üzərində ilan kimi sürünmək, 28 il gecikdiyimizə, 28 il onu düşmənlər içində tək qoyduğumuza görə üzr istəmək arzusu keçdi içimdən...  Cıdır düzü, onun daşı-torpağı bu arzumu hiss etdimi? Deyə bilmirəm. Amma inanıram ki, bu gün olmasa da, bir gün Cıdır düzü də bizi anlayacaq, gecikdiyimizə görə bağışlayacaq bizi... Bəlkə o zaman Cıdır düzünün cadar-cadar olmuş torpağı da bütövləşəcək, qayaları da bizə sevgi və məhəbbətlə boylanacaq...   Yolunu unutduğum evimizin axtarışında...   Cıdır düzündən sonra avtomobil karvanı bizi Molla Pənah Vaqifin məqbərəsinə gətirir. Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilən məqbərə öz füsunkar görünüşü ilə göz oxşayır. Məqbərənin səmanın köksünə sancılan hündür divarları sanki böyük şairin söz səltənətinin ucalığından, nəhayətsizliindən xəbər verir. Molla Pənah Vaqifin məqbərəsinin yüzlərlər qızılgüllərlə bəzədilən həyəti də qızıl çəmənliyə bənzəyir. İnsan burada sadəcə qızılgüllərin deyil, həm də böyük Vaqifin ölümsüz şeirlərinin ətrini, rayihəsini hiss edir.  Daha sonra biz Şuşa şəhərinin mərkəzi meydanına yol düşürük. Burada bizi Yuxarı Gövhər ağa məscidi ilə görüş gözləyir. Lakin mən daha çox tapmalı olduğum ata evimiz haqqında düşünürəm. Evimizin Yuxarı Gövhər ağa məscidinə yaxın olduğunu bilsəm də, doğma evimizə aparan yol uşaq yaddaşımdan silindiyi üçün onu qısa vaxtda tapa bilib-bilməyəcəyim haqqından həyəcan və narahatlıqla düşünürəm. Odur ki, Yuxarı Gövhər ağa məscidi ilə ilk görüşdən dərhal sonra bizi gətirən avtobus sürücüsünə yaxınlaşıb burada nə qədər ləngiyəcəyimizi soruşuram. Sürücü bütün avtomobillərin yanacaq dolduracağını və bu səbəbdən də yalnız yarım saatdan sonra hərəkətə başlayacağımızı bildirir. Bu, o demək idi ki, evimizi tapmaq, onunla görüşmək üçün cəmi yarım saat vaxtım var və hər biri qızıldan qiymətli olan bu dəqiqələri maksimum şəkildə səmərəli qiymətləndirməliyəm. Bu səbəbdən də dərhal yolun o tayında dayanan polis zabitinə yaxınlaşıram. Inanmım böyük olmasa da, düşünürəm ki, bəlkə də məhəlləmizdəki insanları nişan verməklə evimizin yerini öyrənə, bununla bağlı bir ipucu əldə edə bilərəm. Əminəm ki, məhəlləmizə aparan yola düşsəm, o zaman nəinki küçəmizi, evimizin də yerini dəqiq müəyyən edə bilərəm. Məhz bu ümid məni polis zabitinə yaxınlaşdırır və mən elə ilk cümlədən sözün həqiqi mənasında şok oluram.   Sizi də, evinizi də, qonşularınızı da tanıyıram: Dəqiq koordinat və qəti xəbərdarlıq!   Polis zabiti ilə söhbətdən məlum olur ki, o, nəinki bizim evimizin yerləşdiyi məkanı, həm də mərhum atamı, qonşularımızı, onların hər birinin evini tanıyır, onların adını əzbər bilir. Bu xoş və demək olar ki, möcüzəvi tanışlıq məni hədsiz sevindirir və həyəcanlandırır. Polis zabiti Yuxarı Gövhər ağa məscidindən təxminən 200 metr qabaqdakı binanı nişan verərək deyir:  “O binanın tinindən sağa dön, orta yolu tutub irəlilə. Bu yol düz sizin küçəyə, sizin evə aparır. Amma bilmədiyin, tanımadığın heç bir əşyaya əl vurma”.  Zabitə köməyinə görə təşəkkür edib yola düzəlirəm. Hər ehtimala qarşı əlaqə nömrəsini də  telefonumda qeyd edir, çətinə düşəcəyim təqdirdə narahat edəcəyimi bildirirəm. Zabit köməyə hazır olduğunu bildirərək məni təbəssümlə yol salır.  Cəmi bir neçə dəqiqədən sonra mənə nişan verilən binanı keçib sağa dönürəm. Qarşıma üç yol ayrıcı çıxır. Orta yolu tutub eniş boyu irəliləyirəm. Dizə qədər ot-ələf basmış torpaq yolla irəlilədikcə zamanın uşaqlıq xatirələrimin üzərinə çökdürdüyü qaranlıq yenidən aydınlaşmağa başlayır. Sanki hansısa gizli keçid vasitəsi ilə paralel dünyaya – 28 il əvvələ, öz uşaqlıq dünyama keçid edirəm. Yadıma məhəlləmizdəki uşaqlarla bu yolla aşağı-yuxarı qaçdığımız, müxtəlif oyunlar oynadığımız vaxtlar düşür. Sanki həmin uşaqların şən sədalarını, qayğısız gülüşlərini, ayaq səslərini eşidirəm.  ...Yaddaşım dar yolun bir neçə dəqiqədən sonra məni küçəmizin yerləşdiyi genişliyə çıxaracağını söyləyir. Və nəhayət mən həmin genişliyə çıxıram. Amma... Gözlərimə inana bilmirəm. Qarşımda heç bir ev yoxdur. Vaxtiylə bir-birinə bitişik iki-üç mərtəbəli mülklərin yerləşdiyi küçə başdan-başa yabanı bitki və ağaclarla örtülüb. Yalnız ayrı-ayrı yerlərdə ağac və kolların arasında qaralan bəzi divarlar nə vaxtsa burada evlərin olduğundan, qaynar həyatın varlığından xəbər verir.  Evimizin yerini müəyən etmək üçün öncə küçəmizdəki məscidi tapmağa çalışıram. Evimiz həmin məscidlə üzbəüz yerləşdiyi üçün düşünürəm ki, məscidi tapmaq evimizin dəqiq yerini müəyyən etməkdə mənə kömək edə bilər. Tezliklə həsrət dolu baxışlarım sağ tərəfdəki məscidin erməni vəhşiliyindən nəsibini alan, yalnız quru divarları qalan xarabalığına dikilir. Mənə elə gəlir ki, erməni faşistlərinin qapı-pəncərəsindən tutmuş damına, döşəməsinə qədər söküb taladığı, viran qoyduğu məscid yaşadığı dəhşətləri, gördüyü vəhşilikləri quru divarları qalmış ürəkdağlayan görünüşü ilə car çəkməyə, bütün insanlığın diqqətinə çatdırmağa çalışır. Sanki quru divarları qalmış məscidin hər bir daşı hayrıraraq insan cildli iblislərin hücumuna məruz qaldığını, onların nifrət və kininə hədəf olduğunu  söyləyir, öz yaralı, param-parça vücudundan geridə qalan hissələri ilə hələ də sağ qaldığını, təslim olmadığını anlatmağa cəhd edir. Və eynən əzaları qoparılan insan kimi başsız- ayaqsız, qolsuz-qanaqdsız buraxılan, şeytani bir şəkildə təhqir edilən məsciddə baxdıqca anlayırsan ki, erməni xisləti ilə insan anlayışı arasında qismən də olsa ümumi nə isə tapmaq mümkün deyil. Eyni zamanda, əmin olursan ki, ermənilərlə müqayisədə antik dövrün insanları – mağara adamları belə kifayət qədər mədəni və humanist olublar. Ən azından ermənilərdən fərqli olaraq, onlar üçün müqəddəs, toxunulmaz nələrsə olub və onlar bu “nələrsə”yə ehtiram göstərməklə yeni dəyərlər, anlayışlar əldə ediblər.   ...Bir neçə dəqiqədən sonra məscidə dikilən ağrılı nəzərlərimi evimizi tapmaq ümidi ilə əks tərəfə yönəldirəm. Qarşımda yenə də sıx ağaclıq və kolluqlardan ibarət “yaşıl səhra” dayanır.  Mən nə qədər çalışsam da məhəlləmizin artıq mövcud olmadığı fikri ilə razılaşa bilmirəm və birdən mənə elə gəlir ki, bura bizim küçə deyil. Evimizlə, uşaqlı xatirələrimlə görüşmək istəyi mənə yolu davam etdirərək eniş boyu irəliləməyə səsləyir və mən bu səsin çağırışını qəbul edirəm...    Polad Həşimovla qəfil qarşılaşma, yaxud ölümsüz sevgi!    Aşağıya doğru uzanan yolu tutub irəliləyirəm. Bir qədər gedəndən sonra ensiz yol məni əvvəlkindən daha böyük genişliyə çıxarır. Bu kəs sağ tərəfimdə viran edilən uçulub-dağılmış məscid, sol tərəfimdən isə erməni faşisminin kor qoyduğu bulaq var. Lakin əvvəlki küçədən fərqli olaraq, burada işğaldan sonra Azərbaycan dövlətinin apardığı ilkin abadlıq işləri daha çox diqqəti cəlb edir. Yol kənarında bir neçə iri zibil qutusu qoyulub ki, bu da səsiszliyə qərq olan küçədə həyatın mövcudluğundan xəbər verir. Divar və səkilərdə Şuşanı azad edən qəhrəman döyüşçülərimizin qələbə əhval-ruhiyəli söz və cümlələri, sevinc nidaları, mesaj və çağırışları yer alır. Və birdən gözlərim yol kənarında ucaldılan lövhəyə - bu lövhə üzərində yazılan yazıya dikilir. Əllə yazılan, sadəcə bir və ya bir neçə döyüşçünün deyil, ümumilikdə xalqın arzusunu ifadə edən sözlər dünyanın ən sehirli kəlməsi kimi məni ovsunlayır: “Bu küçəyə Polad Həşimovun adı verilsin!”  Bu sözlərlə elə anda, elə psixoloji vəziyyətdə qarşılaşıram ki, özümü sanki Polad Həşimovla üzləşmişəm kimi çaşqın və qürurlu hiss edirəm. 2020-ci ilin 14 iyul tarixində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Polad Həşimovun – onun ölümsüz xatirəsinin, ona olan sevgi və ehtiramın bir il sonra Şuşada anidən qarşıma çıxması qəlbimi sözün həqiqi mənasında təlatümə gətirir. Polad Həşimovla bağlı bir cümləlik istək mənə 44 günlük Vətən müharibəsində ordumuzun psixoloji əhval—ruhiyyəsi, mübarizə ruhu, döyüş əzmi haqqında cild-cild kitablardan daha çox söz deyir. Bu fakt sübut edir ki, 2020-ci ilin soyuq noyabr günlərində  Şuşa uğrunda ölüm-dirim savaşına qalxan hərbçilərimiz, həm də bütün şəhidlərimiz kimi Polad Həşimovun intiqamını almaq üçün mübarizə aparıb, ürəklərində Polad Həşimova sonsuz sevgi və ehtiram daşıyıblar. Şuşa erməni işğalından azad ediləndən dərhal sonra yol kənarındakı lövhəyə Polad Həşimovla bağlı məlum xahiş-müraciətin həkk edilməsi də, xalqın öz qəhrəmanına, şəhid generalına olan sonsuz məhəbbətindən, onu Şuşada, Şuşa ucalığında görmək arzusundan xəbər verir.  Mən çiynimdəki fotoaparatı işə salıb bu lövhədəki sözləri kameranın yaddaşına həkk edirəm. Düşünürəm ki, Bakıya qaydandan dərhal sonra döyüşçülərin bu arzusunu ictimaiyyiləşdirərək əlaqədar qurumların diqqətinə çatdıracam, Polad Həşimovun isminin Şuşada- Azərbaycanıln mədəniyyət paytaxtında da əbədiləşdirilməsinə səy göstərəcəm.  Şuşada Polad Həşimovla bu qəfil qarşılaşma bir həqiqəti də yadıma salır: Xalq sevgisi ölümsüzdür. Bu sevgi onu qazanan şəxsi hər yerdə izləyir, ona əsl ölümsüzlük və əbədiyyət qazandırır. Xalqın sevgisini, millətin məhəbbətini qazanan şəxs bu sevginin qanadları altında bütün zirvələri, yüksəklikləri fəth edir, öz adını tarixin yaddaşına qızıl hərflərlə həkk etdirir. Polad Həşimov nümunəsi buna ən böyük nümunədir.  Vaxtın azlığını nəzərə alıb Polad Həşimovla – onun isminin həkk edidiyi lövhə ilə vidalaşıb axtarışıma davam edirəm. Və inanmaq istəyirəm ki, bu gün mən son 28 ildə doğma evimiz, uşaqlıq xatirələrim, şüurumun yada salıb işığına yetişə bilmədiyi keçmişimlə bağlı narahat edən bütün suallara cavab tapa biləcəyəm...   Ardı var.  Seymur ƏLİYEV  P.S.Səfərdə iştirakıma şərait yaratdığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və şəxsən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə dərin təşəkkürümü bildirirəm.        

Hamısını oxu
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb. APA-nın məlumatına görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.  Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb. Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Hamısını oxu