Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Həsən Quliyev: Qələmini süngüyə çevirən jurnalist

“Əməklə ucalar insan” atalarımızın bizə miras qoyduğu bu dərin və hikmətli sözün altında insan həyatında ən böyük dəyərlərin yalnız fiziki və ya maddi mükafatlarla deyil, göstərdiyi zəhmət, fədakarlıq və əzmkarlıqlara dayandığı anlamı yatmaqdadır. Həsən Quliyev kimi şəxsiyyətlər də öz əməkləri ilə ucalmış, öz fədakarlığı və göstərdiyi xidmətlərlə cəmiyyətin yaddaşında silinməz izlər buraxmışdır. Onun müharibə dövründəki cəsarəti və müharibə sonrası jurnalistika sahəsindəki fəaliyyəti təkcə peşəkar işini deyil, həm də insanlığa verdiyi töhfəni nümayiş etdirmişdir. Həsən Quliyev bu yolla əməyi ilə böyük bir qiymət qazandı və əsl qəhrəman kimi tarixə adını yazmış oldu. “Sovet döyüşçüsü” qəzetinin redaktoru, podpolkovnik Həsən Quliyev sözün əsl mənasıda tarixi bir şəxsiyyətdir. O, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fədakarlıq və müharibə sonrası jurnalistika fəaliyyəti ilə yadda qalmışdır. Həsən Quliyev müharibənin dəhşətlərini və qəhrəmanlarını təbliğ edərək cəmiyyətin müharibə və qəhrəmanlıq haqqında məlumatlanmasını təmin etmişdir. Onun "Sovet döyüşçüsü" qəzetindəki redaktorluğu dövründə müharibə veteranlarının, döyüşçülərinin və qəhrəmanlarının fəaliyyətinin təbliği və onların mübarizələrinin əhəmiyyəti ön plana çıxarılmışdır. Həsən Quliyevin redaktorluğu ilə nəşr olunan yazılar həmçinin müharibə və döyüş sahəsindəki böyük fədakarlıqları, igidlikləri və vətənpərvərliyi vurğulayan əsərlər olmuşdur. Onun xidmətləri həmçinin müharibə xatirələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da çox qiymətlidir. Həsən Quliyev həmçinin "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru kimi də tanınıb. Bu qəzetdə sovet ordusunun döyüşçülərinin əzmkarlığını, qəhrəmanlıqlarını və fədakarlıqlarını işıqlandırmışdır. "Sovet Vətəni üçün" qəzetində nəşr olunan məqalələr, döyüş meydanlarında igidlik göstərən hərbçilərin və müharibə iştirakçılarının şücaətini təbliğ etməyə, cəmiyyətin və ordunun ruhunu yüksəltməyə xidmət etmişdir. O, cəmiyyətin hər bir fərdini bu qəhrəmanlıqlara dəyər verməyə dəvət etmişdir. Həsən Quliyev həm döyüşçülərin həyatları və mübarizələrini təbliğ edir, həm də müharibənin insanlara və ailələrə gətirdiyi faciələri diqqətə çatdırmışdır. Qəzet həm də ordunun döyüşçüləri ilə əlaqə qurmaq və onların motivasiyalarını gücləndirmək baxımından da mühüm rol oynamışdır. Həsən Quliyevin döyüşdəki fədakarlığı, həm də jurnalistika sahəsindəki xidmətləri, onun adını Azərbaycanın müharibə qəhrəmanları sırasında əbədi yazmışdır. Azərbaycanın dövlət xadimi, publisist kimi nüfuzu olan Həsən Quliyev 20 may 1904-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Şuşa Müəllimlər Seminariyasını bitirdikdən sonra Ağstafa şəhərində orta məktəb direktoru vəzifəsində çalışmışdır. Bunun ardınca Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1932-ci ildə Bakı şəhəri Elmi-Tədqiqat İnstitunun aspiranturasını və Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. Həmçinin Həsən Quliyev ali siyasi kursları bitirib hərbi təhsil almış, Azərbaycan SSR Maarifləndirmə üzrə Xalq Komissarlığının sistemində rəhbər vəzifələrində fəaliyyət göstərmişdir. O, Naxçıvan SSR Naxçıvan şəhərinin maarifləndirmə üzrə xalq komisarı, Azərbaycan SSR MXK Bakı şəhərinin orta və ibtidai məktəblərinin kadrların idarə olunması, Azərbaycan SSR MXK Siyasi maarifləndirmə idarəsini, Bakı şəhəri İcraçı Komitəsinin Siyasi Maarifləndirmə İdarələrinin rəisi olmuşdur. 1940-1941-ci illərdə Azərbaycan SSR ibtidai və orta məktəblərin mədəniyyət şöbəsinin rəhbərlik etmişdir. 1941-ci ildən Böyük Vətən Müharibəsinin iştirakçısı olan Həsən Quliyev Sevastopolda, Şimali Qafqazda, Ukraynada yerləşən ordularda partiya fəaliyyəti ilə məşğul olmuşdur. 233-cü atıcı diviziyasının (44-cü Ordu) "Sovet Vətəni üçün" diviziya qəzetinin redaktoru olmuş və Sevastopolda batalyon komissarı vəzifəsində işləmişdir. Aldığı güllə yarası nəticəsində ürək və ağ ciyərlərinin hər ikisi xəsarət almışdır və xəstəxanaya yerləşdirilmişdir. Buna baxmayaraq sağalandan sonra orduya qayıtmışdır. 1943–1944-cü illərdə 44-cü Ordunun 223-cü atıcı diviziyasının partiya komissiyasında işləmiş, əvvəlcə partiya komissiyasının üzvü, daha sonra 223-cü atıcı diviziyasının partiya bürosunda katib vəzifəsində çalışmışdır. 1943-cü ildə 3-cü Ukrayna cəbhəsində Azərbaycan dilində "Sovet döyüşçüsü" qəzetinin redaktoru təyin edilmişdir. 1943-cü ildə isə Həsən Quliyev Silahlı Qüvvələrinin Baş Siyasi İdarəsinin SSRİ xalqlarının dillərində Moskva şəhərində çap olunan qəzetlərin şöbə rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1947-ci ildə Sovet ordusundan tərxis olunana kimi çalışmışdır. Bu vəzifədə işləyərkən yeni qəzetlər təsis etmiş, o cümlədən Sovet Ordusunun İranda olduğu müddətdə SSRİ Silahlı Qüvvələrinin siyasi orqanlarına əsgərləri yetişdirməkdə kömək etmişdir. Bu iş Həsən Quliyevin "İkinci Dünya müharibəsi günlərində möhür", "Dostluq Cəbhəsi" və digər broşürlannda ümumiləşdirilmişdir. Bu tarixi xidmətlərinə görə o, siyasi şöbənin təlimatçısı, "siyasi rəhbər", "kapitan” hərbi "mayor” rütbəsindən "podpolkovnok” rütbəsinə yüksəlmişdir. Həsən Quliyev 1946-cı ildə "Qızıl Ordu" qəzetinin fəaliyyətini yoxlamaq üçün Almaniyaya ezam edilmişdir. Almaniyada müharibə sonrası vəziyyətin qiymətləndirilməsi və Sovet ordusunun hərbi əzmkarlığının dünya ictimaiyyətinə doğru təqdim edilməsi məqsədini qarşıya qoymuşdur. Bu ezamiyyət həmçinin onun peşəkar bacarıqlarının və müharibə illərindəki təcrübəsinin genişləndirilməsi, hərbi jurnalistika sahəsindəki nüfuzunun artırılması baxımından mühüm addım olmuşdur. Həsən Quliyevin Almaniyaya ezam olunması həm də onun Azərbaycan və Sovet İttifaqı tarixindəki xidmətlərinin təbliğinə, müharibənin nəticələri və Qələbənin əhəmiyyəti barədə geniş məlumatın yayılmasına böyük töhfə vermişdir. O, 1947-ci ildə Sovet Ordusundan tərxis edilmiş və Bakıya köçmüşdür. 1947-1952-ci illərdə Azərbaycan Ədliyyə Nazirliyinin kadrlar üzrə ədliyyə nazirinin müavini, 1952-ci ildə Birləşmiş Nəşriyyatın və "Azərbaycan KP MIC Aparatın Mətbəəsi"nin direktoru təyin olmuşdur. Birləşmiş Nəşriyyatda Həsən Quliyev 10 ildən artıq işləmişdir. O, respublika qəzetlərində və jurnalarında cəbhə nəşriyatının tarixi barəsində məqalələri ilə çıxış etmişdir. Azərbaycan gənclərinin bayramının keçirilməsində fəal iştirakına görə Həsən Quliyev Azərbaycan MK LGKB fəxri fərmanı ilə təltif olunmuşdur. 1955-ci ildə Şəhər şurasının deputatı, 1961-ci ilin Bakı seçki dairəsinə deputat seçilmişdir. 1963-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan cəbhə qəzetləri 1941–1945-ci illərdə" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Həsən  Quliyevin “Cəbhə dostluğu”, “Unudulmaz günlər”, “SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət”, “Ölməz qəhrəmanlar” kimi məhşur kitabları Böyük Vətən Müharibəsində həlak olanların qəhrəmanlıqları və onların həyat hekayələriylə bağlıdır. Bu əsərlər müharibə zamanı canlarını fəda edən, öz vətənini müdafiə edərək şəhid olan insanların igidliklərini və fədakarlıqlarını gələcək nəsillərə çatdırmaqda mühüm mənbələr kimi bu gün də maraqla oxunur. Həsən  Quliyev 1943-cü ildə "Qırmızı Ulduz" ordeni, 1946-cı ildə sinəsindən aldığı ağır yaraya görə SSRİ Müdafiə Nazirliyi tərəfindən I dərəcəli "Vətən Müharibəsi Orden"i ilə təltif olunmuşdu. 1943-cü ildə SSRİ Ali Şurasının Rəyasət Heyətinin fərmanı ilə komandanlığın tapşırıqlarını nümunəvi icrasına görə "Za oboronu Sevastopola", "Za oboronu Kavkaza", "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur. 4 may 1956-ci ildə Azərbaycan Respublikası Ali Şurasının Rəyasət Heyəti tərəfindən "Bakı fəhləsi" qəzetinin birinci nömrəsinin nəşr olunmasından 50 il ötməsi ilə bağlı mətbəədəki uzunmüddətli və məhsuldar işinə görə Həsən Quliyev fəxri fərmanla  təltif olunmuşdur.  Azərbaycan SSR Nazirlər Şurasının 30 noyabr 1963-cü il qətnaməsinə əsasən Həsən Quliyev respublika səviyyəsində fərdi təqaüd təyin edilmişdir. 27 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən 1940-1945 illərdə Böyük Vətən Müharibəsi Qələbəsinin 60-cı ildönümü ilə əlaqədar olaraq Həsən Quliyev ölümündən sonra “İldönümü medalı” ilə təltif edilib. Bu mükafat onun müharibədə göstərdiyi igidlik və fədakarlığa, həmçinin Vətənə olan xidmətinə yüksək qiymət olaraq verilmişdir. Həsən Quliyev müharibə illərində Azərbaycan xalqının qəhrəmanlıq tarixində öz layiqli yerini tutmuş bir şəxsiyyətdir. Onun göstərdiyi döyüşlərdəki cəsarət və fədakarlığı xalqın vətənə bağlılıq hissinin artırılmasında mühüm rol oynamışdır. Həsən Quliyevin adı müharibə dövründəki fədakarlığı, cəsarəti və müharibə sonrası jurnalistikada göstərdiyi fəaliyyətlə Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır. Onun həm döyüşçü, həm də jurnalist kimi göstərdiyi xidmətlər gənc nəsillər üçün bir örnək olacaqdır. Həsən Quliyevin müharibə qəhrəmanlarının, döyüşçülərin və müharibə veteranlarının həyatını və mübarizələrini təbliğ etməsi gənclərə həm vətənpərvərlik, həm də insanlıq dəyərləri haqqında dərs verir. Faşizm üzərindəki qələbənin 80 illik yubileyinə hazırlaşdığımız bu günlərdə bir daha Həsən Quliyev kimi qələmini süngüyə çevirən tarixi şəxsiyyətlərin qəhrəman vətənpərvər insanların ruhunu ehtiramla anırıq. Gənc nəsil onun kimi şəxsiyyətlərdən ilham alaraq daha çox insanlıq və cəmiyyətə xidmət etmək yolunda irəliləyəcəkdir. Belə şəxsiyyətlərin xatirəsi zaman keçdikcə daha da dəyərli olur və gələcək nəsillərə unudulmaz irs olaraq qalır.

 Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

 

2025-02-28 14:27:45
3524 baxış

Digər xəbərlər

Посольство Российской Федерации в Азербайджанской Республики

Hamısını oxu
Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə bağlı tədbir

23 iyun 2017-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyova həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1918-ci il avqustun 1-də Hərbi Nazirlik təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun, 26 iyunda 100 yaşı tamam olacaq general Hüseyn Rəsulbəyovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Ötən il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində ölkədə həyata keçirilən mühüm tədbirlərdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Tədbirin sonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə fərqlənən zabitlər və gənc əsgərlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından yubiley medalları və fəxri fərmanlarla təltif olunmuşlar.

Hamısını oxu
Muzeydə “Şəhidlər ölməz Vətən bölünməz!” adlı tədbir keçirildi

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr- Anım günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşılıqlı əməkdaşlığı ilə muzeydə “Şəhidlər ölməz Vətən bölünməz ” adlı tədbir keçirildi.   Tədbirdə Komitənin əməkdaşları, müxtəlif təhsil müəsissələrinin şagirdləri və muzey əməkdaşları iştirak etmişlər.   Tədbiri açan muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova ziyarətçiləri salamladı. Tədbir iştirakçıları vətən yolunda şəhid olan fədailərimizi bir dəqiqəlik sükutla ehtiramla yad etdilər. Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verildi. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri “Xudayar təsnifi”ni və Bəstəkarı Üzeyir Hacıbəyovun Ev-Muzeyinin direktoru Sərdar Fərəcov olan “Qarabağ” əsərini ifa etdilər.   Bədii hissədən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət etdilər. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva II Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana təcavüz tarixi haqqında ətraflı məlumat verdi. L.Musayeva öz çıxışında “Vətən müharibəsi cəbhəboyu bölgələrdə yaşayan uşaqların esselərində” layihəsindən bəhs edərək, həmin uşaqların xatirələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs etdi.   Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Suraxanı rayonu 285 saylı tam orta məktəbin VI sinif şagirdi Jalə Muradlı, Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və şəhid Azər Əliyevin yaxın qohumu Polad Əliyev çıxış etdilər.   İştirakçıların təsirli çıxışlarından sonra muzey əməkdaşları tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirdilər  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ADPU-nun professor-müəllim heyətini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir:   “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu