Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı özbək dilində sənədli film hazırlanıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin Özbəkistan ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə özbək dilində sənədli film hazırlanaraq, bu ölkənin ən populyar Kun.uz xəbər portalının “Youtube” kanalında izləyiçilərə təqdim olunub.  

“Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmdə Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildiyi bildirilir.

Bundan başqa, faciənin başvermə səbəbi kimi Ermənistanın tarixən Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızı işğal etmək və soydaşlarımıza qarşı soyqırımı törətmək siyasəti yürütməsi göstərilib.

Qeyd edilir ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Xocalı şəhərində və digər torpaqlarda Azərbaycanın Dövlət bayrağını dalğalandırıb.

Sənədli filmdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiyi, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyü qeyd olunur. Bildirilir ki, 7 min əhalisi olan Xocalı o gecə yerlə yeksan olundu, qocaları, qadınları, uşaqları nəzərə almadan hamını qırdılar. Faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir, vurğulanır ki, bu qırğında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur.

Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə məqsədlərindən biri də şəhərin strateji mövqeyi, tarixi-mədəni və sosial əhəmiyyəti idi. Xocalının məhvi, əhaliyə qarşı soyqırımın törədilməsi əvvəlcədən planlaşdırılan işğalçılıq siyasəti olub.

Qeyd edilir ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında möhtəşəm, genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır.

“Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmlə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=kx62tH1bBgE&rco=1

2025-03-08 07:11:10
3101 baxış

Digər xəbərlər

Nəsimi rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları  şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2023 –ci il tarixində   Bakı şəhəri Nəsimi   rayonunda tədbir təşkil ediblər. Tədbir  Rövşən Nəsirov adına 111 saylı tam orta məktəbdə keçirilib. 20 Yanvar Ümumxalq Hüzn Günününün 33-cü  ildönümünə həsr edilmiş tədbirdə Nəsimi RV-nın sədri  Validə Vəliyeva, 20 yanvar faciəsi zamanı əlil olmuş Aydın Alıyev, məktəbin direktoru Jalə Hacıyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacəyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan RespublikasınınDövlət Himni səslənib, müstəqilliymiz uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Şagirdlərin çıxışlarından sonra soz qonaqlara verilib. Ehtiyyatda olan polkovnik Adil Haqverdiyev bildirib ki, Sovet Ordusunun zabiti kimi Əfqanıstanda xidmətdə olub: “Mən də 20 Yanvar qırğınının canlı şahidiyəm. Xalqımıza qarşı törədilmiş qırğını Əfqanıstanın döyüş bölgələrində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Onlar xalqın qarşısında öz etirazlarını bildirərək inandıqları Komunist Partiyası sıralarından çıxaraq partiya biletlərini yandırdilar. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi. Bu gün müstəqil bir ölkə kimi inamla irəliləyirik. Bizə bu müstəqilliyi yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. Daha sonra 20 Yanvar iştirakçısı Aydın Alıyev və RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış ediblər.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.  

Hamısını oxu
“Nə qədər ki, öz əlimdir yazanım”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi. Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından “Bakı” və “İnşaat”çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan  jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu “Bakı” qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi. Sonrakı illərdə “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında dərc edilən publisitik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərn bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: “Qadası, sən nə məsləhət bilirsən”, deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. “Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat”. Çox sevdiyi Məmməd Araz demişkən: Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədərki öz əlimdir, yazanım. Yazmadı da, çünki “qələmin borcu həqiqəti yazmaqdır” deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən “özünə, sözünə sədaqət”dərsi almışdı. Bir müddət ciddi məşğul olsa da, 1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən “Azərbaycan” qəzetində işə başladı. “Azərbaycan” qəzeti Şərqin ilk müstəqil demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il sentyabr ayının 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad olunduğu gündə ilk sayı çapdan çıxan və Cümhuriyyətinin süqutu gününə qədər nəşr edilmiş eyniadlı rəsmi dövlət qəzetinin varisi idi. Milli mətbuat tariximizdə xüsusi yeri tutan bu qəzetin baş redaktorları Azərbaycanın fədakar aydınları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmli kimi böyük şəxsiyyərlər olmuşdular. İndi belə bir nəşrin əməkdaşları sırasında yer almaq, doğrudan da, şərəfli və məsuliyyətli idi. Ədalət Teymurov üzərinə hansı məsuliyyəti götürdüyünü yaxşı bilirdi və bu böyük şərəfi doğrultmaqda, tarixi ənənədən qaynaqlanan missiyanı layiqincə yerinə yetirməkdə qərarlı idi. Öz dövrünün ən oxunaqlı nəşrlərindən olan “Azərbaycan”-nın səhifələrini vərəqləməklə buna canlı şahidlik etmək mümkündür. Ədalətin həmin qəzetdəki yazıları haqqında “Azərbaycan”-nda ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisit Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir. “Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orjinal qələm adamı idi”. Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan “Ədalət”də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət “Ədalət”in şöhrətinə töhfə verdi, “Ədalət”sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı. Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağrışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, dogma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi.   1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzləcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəklişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televizya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da səndləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, “əlyazmaları yanmır”. Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq. Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da “Təzadlar”, “Bakı Xəbər” qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq. …Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərlməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. “İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik”, demişdi. Bəs, Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. Ilk dəfə vədinə əməl etmədi. Ancaq təssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı... Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram. Lətif ŞÜKÜROĞLU

Hamısını oxu
Nərimanov rayon gəncləri Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyevanı böyük coşqu ilə qarşılayıb

Veteran.gov.az xəbər verir ki, 7 sentyabr 2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılanıb.   Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci olub. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazanıb.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.  

Hamısını oxu
General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Polkovnik Cəlil Xəlilov və bir qrup veteran dəfn mərasimində iştirak edib Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri, eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov iştirak edib. Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib. Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb. Vurğulanıb ki, general-mayor D.Rzayev xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq. Məlumat üçün qeyd edək ki, Dadaş Rzayev həm də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb.  Qeyd: Yazıda AZƏRTAC-ın məlumatlarından istifadə olunub.  

Hamısını oxu