Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistan sülh istəyirsə, bu şəxsləri Azərbaycana verməlidir”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaq siyasətini tənqid edib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Bakıda erməniəsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesindən narahatdır. Prezidentin köçməkçisi qeyd edib ki, İrəvan “məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.

Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Ermənistanın Hikmət Hacıyevin məlum çağırışından nəticə çıxarmalı olduğunu bildirib:

“Ermənistan hakimiyyəti bəlli bir müddətdir ki, Bakıda erməni cinayətkarları ilə bağlı keçirilən məhkəmə prosesini gözdən salmağa, bu prosesin obyektivliyini şübhə altına almağa çalışır. İrəvan yaxşı bilir ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərin verdiyi hər bir ifadə onların qanlı əməllərini bir daha ifşa edəcək, Paşinyan rejimi üçün hüquqi məsuliyyət yaradacaq. Buna görə də Ermənistan şəffaf və obyektiv keçirilən məhkəmə prosesi haqqında həqiqətdən uzaq fikirlər formalaşdırmağa cəhd edirlər. Bu isə hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycanın daxili işlərinə qarışmaq, ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdidir.

Ermənistan beynəlxalq hüquqla yasaqlanan bu cür müdaxilələrdən əl çəkməli, Bakıdakı məhkəmə prosesi əleyhinə təbliğat aparmağı dayandırmalıdır.

Bununla yanaşı, İrəvan vaxtiylə Azərbaycana qarşı ağır cinayətlərə yol verən şəxsləri də ölkəmizə təhvil verməli, onları himayə etməkdən imtina etməlidir. Söhbət ilk növbədə Sərkisyan, Köçəryan, Ohanyan və s. kimi şəxslərdən gedir.

Xatırladaq ki, onların bir çoxu öz cinayətlərini mediaya verdikləri müsahibələrdə açıq etiraf ediblər. Belə olan halda həmin şəxsləri himayə etmək, bu şəxsləri Azərbaycana verməmək cinayətkarlarla həmrəylik sərgiləmək, onların cinayətinə haqq qazanmaqdan başqa bir şey deyil. Belə bir mövqe isə Ermənistanın beynəlxalq hüquqdan uzaq olduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün də ciddi təhdiddir. Buna görə də İrəvan həqiqətən də sülhə hazır olduğunu göstərmək istəyirsə, ilk növbədə xalqımız qarşısında ağır cinayətlər törədən bu şəxsləri Azərbaycana təhvil verməli, bununla da ədalət və hüquqa hörmət etdiyini isbatlamalıdır”.

Seymur ƏLİYEV

 

2025-03-10 10:24:07
2530 baxış

Digər xəbərlər

AZMİU-da yaddaqalan TƏDBİR: Poladlaşan Azərbaycan qadınlarına “8 Mart” təbriki...

Dünən – 4 mart 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində 8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə olduqca maraqlı tədbir keçirilib.    Tədbir Universitetin Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın təşəbbüsü və Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə xanım Məmmədovanın nəcib dəstəyi ilə təşkil olunub. Görüşdə professor, müəllim heyəti və tələbələr işirak ediblər. Tədbiri yaddaqalan, eləcə də əyləncəli və rəngarəng edən çoxsaylı komponentlər olub.    Görüş öncəsi zalın qarşısındakı dəhlizdə tələbələrin hazırladıqları gözoxşayan rəsm əsərləri nümayiş olunub.    Sərgiyə qatılanlar əsərlərlə yaxından tanış olublar. Əlbəttə, görüşdən öncə belə bir sərginin reallaşması sözün yaxşı mənasında bütün iştirakçıların ürəyini riqqətə gətirdi. Kimi əsərlərlə xatirə fotosu çəkdirir, kimi onları hazırlayan tələblərlə söhbətlər, müzakirələr aparır, kimi də əsərlərin fəlsəfəsini çözməyə çalışırdı.    Bir sözlə, həmin an hər kəsin çöhrəsinə xəfif və həlim təbəssüm qonmuşdu. Xoş ovqat, pozitiv aura yaranmışdı.    Biz də işimiz gərəyi əsərləri kameramızın yaddaşına köçürüb tarixiləşdirdik. Kənardan müşahidələrimizi davam etdirirdik ki, elə bu məqamda professor Gülçöhrə xanım Məmmədova fotosərgiyə təşrif  buyurdu və əsərlərə baxış keçirdi. Hər biri ilə ayrı-ayrılıqda maraqlandı, görülən işləri, tələbələrin bu bacarıqlarını yüksək qiymətləndirdi. Ardınca hər kəs zala daxil oldu və tədbir başladı...   Öncə aparıcılar hər kəsi salamlayıb xoş əyləncə arzuladılar.    Tədbir universitetin tələbəsi Səbuhinin ifası ilə start götürdü. İfa qonaqların ruhunu oxşadı və iştirakçılar tələbəni alqışlarla yola saldılar.    Bundan sonra digər tələbəmiz Mina milli rəqsimiz olan “Tərəkəmə” rəqsini ifa etdi ki, bu da öz növbəsində qonaqları tarixi və mədəni keçmişimizə apararaq onlara nostalji duyğu aşıladı.    Ardınca Azərbaycan xanımlarının ölkə tarixində tutduğu yer və oynadığı rolu əks etdirmək üçün tələbələr: İlkarə, Əli, Ayna, Həsənəli, Rəhim, Nihad və Şövqünün hazırladığı “Tomris xatun” səhnələşdirildi. Böyük zəhmət və yüksək peşəkarlıqla hazırlanmış tamaşa qonaqları yaxşı mənada mütəssir etdi. “Tomris xatun”da Azərbaycan qadının həqiqət və cəsarət üzərində köklənmiş dəyanəti qonaqlara nümayiş olundu.    Daha sonra tələbənin ifasında sazda “Qarabağ şikəstəsi” ifa olundu ki, bu da iştirakçılarda sentimental hisslər yaratdı, bəzi məqamlarda onları kövrək notlara köklədi.    30 illik Qarabağ həsrətini və bu nisgilə, Qarabağsızlığa son qoyan 44 Günlük Vətən Savaşını, bu müharibədə döyüşən qəhrəman bacı və qardaşlarımızı, Poladlaşan analarımızı, gəlinsiz qalan evləri, övladının şəhid xəbərini eşidincə bir gecədə saçları dümağ olan analarımızı yada saldı.  Əslində  8 Martla bağlı gerçəkləşən bu tədbir həm də qəhrəman Şəhid analarımıza bir ərmağan idi. Tədbir sanki riyazi və ya  məntiqi ardıcıllıqla davam edirdi.    Saz ifasından dərhal sonra böyük və dahi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan “İsgəndərnamə” poemasından İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi səhnəsi canlandırıldı.    Tələbələr Əli, Nailə, Nihad, Şövqü, Elturan, Zümrüd və Ayna bu səhnənin də öhdəsindən layiqincə gəldilər.    Heç kimə sirr deyil ki, bu səhnədə də Azərbaycan qadının şücayəti, daim haqq və həqiqət uğrunda mübarizəsi, bioloji olaraq zərif olan xanımların mənəvi və mərdlik cəhətdən heç də zəif olmamasını ortaya qoyur. Tamaşanın sonunda tələbələr gurultulu alqışlarla uğurlandılar.    Bundan əlavə, görkəmli drammaturq Cəfər Cabbarlının “Sevil” pyesi səhnələşdirildi.   Tələbələr: Fərəməz, Gülnar, Nigar və Rəbiyyə öz rollarını mükəmməl şəkildə oynadılar.    “Sevil” tamaşasında Azərbaycan qadınının saf və pak iç dünyası, əyilməz qaməti, hadisələr önündə dik duruşu, çətinliklərə sinə gərməsi inikas olundu.    “Tulla çadranı” şeiri səsləndirildi.    Daha sonra Elturan, Nigar və Nəcəfin ifasında “Sarı Gəlin” mahnısı təqdim olundu. Həm müsiqi, həm ifa qonaqların könül və zövqünü oxşadı.    Ardınca rus ədəbiyyatından estetik klassik misra və görüntülər nümayiş olundu.  Bundan başqa, aparıcılar 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkəmizdə qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində görülən işlərdən söz açdılar.    Ardınca isə rus, alman, ingilis, italyan və yapon dillərində “8 Mart”la bağlı şeirlər səsləndirildi.    Sonra Elturan, Hüseyn və Turalın ifasında “Bayatılar”ı dinlədik.    Azərbaycan ədəbiyyatının incilərindən olan Nəbi Xəzrinin yaradıcılığına müraciət edildi və şairin “Dəniz, göy, məhəbbət” şeiri tələbələrin ifasında səsləndirildi.    Mina və Vüqarın “Vals” rəqsi təqdim olundu ki, bu da qonaqlarda yüksək əhval-ruhiyyə yaratdı.   Səbinə xanımın ifasında “Ana” şeiri təqdim olundu. Əlbəttə, bu şeir qonaqlarımızı təsirləndirməyə  bilməzdi. Şeirdəki  Yükün ağırını seçir analar, Torpağın qoynuna köçür analar  kimi misralar insanın ürəyinə sanki çalın-çarpaz dağ çəkirdi. Eyni zamanda Azərbaycan qadınının öz övladı və ailəsi üçün nə qədər cəfakeş, təəssübkeş olduğunu aydın təzahür etdirir.    Şeirlərin  davamı olaraq Abbasın ifasında “Əziz anam” mahnısı ifa olunur.    Bunun ardınca isə ta qədimdən günümüzə qədər ölkəmizin ictimai, siyasi, tarixi, mədəni, sosial və iqtisadi həyatında mühüm izlər buraxan Azərbaycan qadınları barədə məlumat verildi.  Massaget hökmdarı Tomris Xatun, İlk məşhur şairə, şahmatçı qadın Məshəti Gəncəvi, Şərqdə ilk qadın diplomat Sara Xatun, şairə, xeyriyyəçi Xurşidbanu Natəvan,  ilk şəfqət bacısı, Nigar Şıxlinskaya, Şərqdə ilk azərbaycanlı heykəltaraş qadın Zivər Məmmədova, ilk professional qadın müğənni, Şövkət Ələkbərova, ilk qadın kinorejissor, ssenarist Qəmər Salamzadə, ilk balet rəqqası Qəmər Almaszadə, ilk qadın təyyarəçi Züleyxa Seyidməmmədova, ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova, ilk peşəkar qadın rəssam Vacihə Səmədova, Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova və  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  Birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətlərinə güzgü tutuldu, olduqca səhih məlumatlar verildi.    Nəcəf və Elturanın ifasında “Bir könül sındırmışm” ifa olundu.  İfadan sonra Fərəməz Stalin repressiyasının qurbanı olmuş, dissident şair Mikayıl Müşfiqin qadınlara həsr etdiyi “Rəssam sevgilimin rəsmini çək” şeirini səsləndirdi.    Şeirdən dərhal sonra isə Elturan, Tural və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseyn Vəliyev “Sən Müşfiqin yanında qal” mahnısı ifa etdilər və zal bu ifanı, bu şeiri ayaqda, anşlaqla alqışladı. Sözsüz ki, ifa da gözəl idi, şeir də.  Amma müşahidələrimdən gəldiyim qənaətə görə bu həm də Mikayıl Müşfiqin nakam həyatına, kəm-kəsir ömrünə bir sayğı duruşu idi. Onun “Oxu tar, səni kim unudar” misraları ilə apardığı haqq savaşına, Vətən eşqinə bir VƏFA BORCU idi.    Ardınca aparıcılar bu tədbirin düzənlənməsində əməyi olan müəllim və tələbələri səhnəyə dəvət etdilər.  Görüşün təşəbbüskarı Aygün xanım Məmmədova dəvəti qəbul etdikləri üçün bütün qonaqlara təşəkkürlərini izhar etdi:   “Professor və müəllim heyətinə kafedramız adından ürəkdən minnətdarlığımızı bildiririk. Bu tədbirin ərsəyə gəlməsində hörmətli professor Gülçöhrə xanımın çox böyük dəstəyi olub. Gülçöhrə xanıma ayrıca tətəşəkkür edirəm. Hər zaman onun dəstək, diqqət və qayğısını hiss etmişik, edirik. Bu mənada düşünürəm ki, universitetimizin professor və müəllim heyəti, eləcə də  tələbələrimiz  çox şanslıdırlar.    Daha sonra söz tədbirin təşkilati işlərində aktiv fəaliyyət göstərən müəllimlərə söz verildi: “Mən də Aygün xanımın fikirlərinə qoşuluram. Bayramınızı təbik edirəm. Düşünürəm ki, tədbirimizi bəyəndiniz. Kollektivin adından tələbələrimizin valideynlərinə təşəkkür edirəm ki,  belə savadlı, ağıllı, intellektual övladlar böyüdüblər. Bir daha bayramınız mübarək!”.  Aygün xanım Məmmədova onu da əlavə edib ki, tədbirdə çıxış edən tələbələr üçün sertifikatlar hazırlanıb:   “Onlar universitetimizin elm və ictimai həyatında fəal iştiraklarına görə təltif olunacaqlar. Bu sertifikatların təqdimatına da ayrıca görüş hazırlanb ki, o da martın 9-da baş tutacaq. Hər bir tələbəyə həmin sertifikat təqdim olunacaq.    Aygün xanım Məmmədova diqqətə çatdırıb ki, tədbirdə universitetin bütün fakültələri üzrə tələbələr çıxış ediblər:   “Tələbələrimizə təşəkkür edirik. Bütün tədbir iştirakçılarına, eyni zamanda xalqımıza sağlam həyat, xoş, firavan günlər, dünyamıza isə sülh və əmin-amanlıq arzu edirəm”.     Sonda professor Gülçöhrə xanım Məmmədova ilə birgə xatirə fotosu çəkildi. Bu bayram tədbirini və görülən işləri yüksək qiymətləndirən xanım rektor razılığını ifadə etdi.   Sherg.az  

Hamısını oxu
Özünüz düzəldin hamısını- əsl Əli Kərimli saxtakarlığı

AXCP sədri və son illərdə siyasi fəaliyyətini sosial şəbəkələrdəki bloqerliklə əvəzləmiş Əli Kərimlinin ən yaxın tərəfdaşlarına belə, stabil yanaşma ilə davranış nümunələri sərgiləmədiyi bəlli. Onun özünə uzaq, rəqib və ya artıq maraqsız saydığı insanlara münasibəti isə ikiüzlülük, riyakarlıq və saxtakarlıq həddinə çatır. Ə.Kərimliyə illərlə sədaqətlə çalışan, onun dediklərinə inanan, lakin aldandıqlarını çox gec də olsa, anlayanlarsa avtomatik olaraq "hakimiyyətə işləyən", "iqtidara satılmaş adam" elan olunur. Məsələn, Aydın Əliyev kimi. 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev məhz Ə.Kərimlinin qəzəbinə gəldiyi üçün cəzalandırılıb. O, partiya sədrinin volüntarizmi, saxtakarlığı və yarıtmaz fəaliyyəti ilə bağlı möqeyini izhar edəndə, Ə.Kərimlini tənqid edəndə sıxışdırılıb, sonra isə heç bir məntiqi səbəb və qanuni əsaslar olmadan vəzifəsindən qovulub. Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli əl-ayağa düşüb. Sosial şəbəkədəki trollar və trolcuqlar dəstəsinin lideri dərhal çıxış yolu aramağa başlayıb. O, təcili olaraq AXCP üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb. Təşviş Nəsimi Rayon Məhkəməsində AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası ilə bağlı idi. Məhkəmə prosesi hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutub. İclasda Əli Kərimlinin müdafiə tərəfi iştirak etməyib. Bundan öncəki prosesdə şikayətçi Aydın Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi. Xatırladaq ki, A.Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. NTK sədri Əli Kərimlinin ürəyincə olmayıb. "Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir", - Aydın Əliyev deyirdi. Onun sözlərinə görə, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib". A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı Əli Kərimlinin göstərişi ilə hazırlanmış protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırıb. Belə ki, protokola imza atanlardan biri - Solmaz Hüseynova həmin vaxt ölkə xaricində olub. S.Hüseynova 01. 06. 2019-ci il tarixində Azərbaycan sərhədindən Türkiyə ərazisinə keçib, 13.06.2019-ci ildə geri qayıdıb. A.Əliyevin partiyadan xaric olunduğuna dair sənədin imzalanması zamanı (10.06.2019) S.Hüseynova ölkədə olmayıb. Protokola onun əvəzindən saxta imza atılıb. Faktiki olaraq Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd əsassız idi. Çünki yığıncaqda iştirak edən şəxslərin bəziləri ümumiyyətlə nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıncağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib. Məhkəmə qərarı obyektiv və aydın idi. Belə ki, Aydın Əliyevin AXCP-yə və partiyanın sədri Əli Kərimliyə qarşı qaldırdığı, ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komisiyasının sədri vəzifəsinə bərpa olunması ilə bağlı iddia tələbi təmin olunub. Qərara əsasən, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub. Bundan əlavə, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb. Və Əli Kərimli gerçək həyatda, siyasi fəaliyyətdə və tarixin qarşısında olduğu kimi, məhkəmə çəkişməsində də uduzub. AXCP-ni lümpen davranışı ilə kloşar "fəlsəfəsi"nin daşıyıcılarının isterik çağırtıları, qanunsuz aksiyalar zamanı plakat "mübarizliyi", sosial şəbəkələrdə isə aqressivlik və radikallıq, bəzi hallarda isə tərbiyəsizlik nümayiş etdirənlərin ön plana çıxdıqları təşkilata çevirən Əli Kərimli müxalifət düşərgəsindəki ən toksik, perspektivsiz və isterik siyasi fiqurantlardan biridir. Sənədin saxtalaşdırılması ilə bağlı olay isə onun çoxsaylı maskalarının əslində nimdaş və köhnə olduğunu, o maskaların arxasındakı əsl simanın antipatikliyini göstərdi. video Elçin AlıoğluMilli.Az

Hamısını oxu
Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.

Hamısını oxu
Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu